Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Seymur Baycan


TOMAS VULF

1877-ci ilin ortalarında Nekrasov ölüm ayağında idi. Peterburqa çağırılmış məşhur Vyana cərrahı Bilrot şairi müayinə etmiş, cərrahiyyə əməliyyatı aparmışdı.

Bu əməliyyat Nekrasovun ömrünü bir neçə ay uzatdı. Lakin, ölümün təxirə salınması uzun çəkmədi. Nekrasov yavaş-yavaş ölürdü. Onun idrak və şüuru zərrə qədər də sönməmişdi.

Şairin dostları ölümün yaxınlaşdığını dərin kədərlə duyurdular. Buna baxmayaraq, Nekrasovun yüksək yaradıcılıq əhval-ruhiyyəsi hamını heyrətləndirirdi.

1877-ci ilin dekabrın əvvəlində, ölümündən iki-üç həftə qabaq Nekrasov özünün son şeirini yazdı:

Ah, ilham pərisi
Mən tabut qarşısındayam!

***


Tomas Vulf haqqında yazmaq qərarına gəldiyim andan bəri Nekrasovun bu misraları beynimdə fırlanır. Niyəsini dəqiq yaza bilməyəcəm. hər halda səbəbsiz deyil.


Bütün bu xidmətlər Vulf tərəfindən cavabsız qalmayıb. Vulf dünya şöhrətli əsərini bu qadına ithaf edib. Məktubalrında, əsərlərində bu qadının göstərdiyi köməyi dəfələrlə vurğulayıb.

Bəlkə də ona görə ki, Tomas Vulf tez, vaxtsız öləcəyini bilən yazıçı idi. Bunu onun məktublarını, esselərini, romanlarını oxuyan hissiyyatlı oxucular hiss edə bilər.

Vulf böyük ailənin yeddinci uşağı idi. Atasının bərk içməyi, evdəki dava-dalaş hələ uşaq vaxtından vulfun hissiyyatlı olmasını şərtləndirmişdi. O, artıq uşaqlıq zamanında yazıçıya lazım olan zədəni öz ailəsində almışdı.

Atasının hədsiz içməyi, dava-dalaş, bitməyən söz-söhbətlər Vulfa ağır təsir edirdi.

Vulf bu dava-dalaşlardan bezərək, öz valideynlərindən küsərək mehrini böyük qardaşı Benaya salmışdı. Vulf qardaşını hədsiz dərəcədə sevirdi. Lakin bu sevgi uzun çəkmədi. 1918-ci ilin oktyabr ayında Vulfun böyük qardaşı öldü.

Vulf bu ölümdən bərk sarsıldı. Qardaşının ölümü ömrünün sonuna qədər Vulfu ağrıtdı. Ümumiyyətlə, oktyabr ayının Vulfun həyatında çox önəmli yeri var. Biz onun həyatını oxuyanda oktyabr ayında baş vermiş hadisələrlə tez-tez rastlaşırıq.

Vulf 1900-cü ildə oktyabr ayında anadan olmuşdu. Dünya şöhrətli əsərini 1926-cı ildə, 26 yaşında, oktyabr ayında yazmağa başlamışdı. Təəssüf ki, onun şah əsəri hələ də Azərbaycan dilinə tərcümə olunmayıb.

O, öz şedevrini yazmağa başlayanda artıq öz qoruyucu və xilaskar mələyini tapmışdı. Yəhudi əsilli qadın, Alina Bernstayn Vulfun həyatında çox önəmli rol oynadı. Bu qadın Vulfun bir yazıçı kimi tanınmasında göstərdiyi xidmətdən əlavə, ən çətin anlarda ona maddi yasrdım göstərirdi.

Bütün bu xidmətlər Vulf tərəfindən cavabsız qalmayıb. Vulf dünya şöhrətli əsərini bu qadına ithaf edib. Məktubalrında, əsərlərində bu qadının göstərdiyi köməyi dəfələrlə vurğulayıb.

İndi ədəbiyyat aləmi belə bir qadının nə vaxtsa mövcud olmasını onun ədəbiyyata göstərdiyi xidmətin sayəsində bilir. əks halda Alina Bernstayn milyonlarla qadın kimi səssizcə, izsiz-tozsuz bu dünyadan köçüb gedərdi.

Tomas Vulf ömrünün sonuna qədər öz nəhəng gövdəsindən, uca boyundan utandı. O, çox vaxt ayaq üstə yazırdı. Yazı masası əvəzinə isə soyuducudan istifadə edirdi.

Qarşısına çıxan, onunla rastlaşan uşaqların çoxu Vulfa nəhəng gövdəsinə görə həmən bir ləqəb yapışdırırdı. Vulf bu ləqəblərdən hədsiz utanırdı. Bu nəhəng adam həm də çox utancaq və çəkingən idi. Tez-tez pərt olurdu.

Onun haqqında yazılmış hər bir tənqidi məqalə, tənqidi söz Vulfa ağır təsir edirdi. Vulfu əsasən hədsiz dərəcədə avtobioqrafik yazıçı olmaqda tənqid edirdilər.

Tənqidçilərin fikrincə, Vulf həyat materiallarını ədəbi nümunəyə çevirə bilmirdi. Bəziləri isə onun əsərlərini adi səfər qeydləri adlandırırdı. Vulf isə deyirdi: “İstənilən ciddi ədəbiyyat nümunəsi avtobioqrafikdir. Mən “Qulliverin səyahəti”ndən daha avtobioqrafik əsər tanımıram”.

Vulf qatarı çox sevirdi. Onun qələmindən çıxan hər şey, danışdığı bütün əhvalatlar ədəbiyyat idi.

Vulf hətta olduğu şəhərlərdə küçə qadınlarının davranışlarındakı fərqi də ədəbiyyata çevirməyi bacarırdı: “Fransız qadınları bu işi pula görə etdiklərini müştəriyə xatırladır. Amerika qadınları üçün vaxt çox önəmlidir. Onlar müştərilərə vaxtın keçdiyini tez-tez xatırladır.

Vena qadınları isə qısa zaman kəsiyində öz müştərilərini sevməyi bacarırlar”. Ümumiyyətlə, Vulf Vena şəhərini çox sevirdi. Venalıları isə “yaşamağı bacaran adamlar” adlandırmışdı.

Müasirləri Vulfu dağınıq, səliqəsiz bir adam kimi xatırlayırlar. Onun dostları Tomas Vulfun yaşadığı məkanları təxminən eyni cür təsvir edirlər. Hər tərəf toz içində. Mətbəx daima kirli qablarla dolu. Hər tərəfdə kağız. Hər tərəf kitab.

Thomas Wolfe

Thomas Wolfe

Xüsusən, Tomas Vulf yazanda özünü lap itirirmiş. O, danışanda hər şeyi unudur, hərəkətlərinə nəzarət edə bilmirdi. Dostlarından biri xatırlayır: “Vulf o qədər həvəslə danışırdı ki, onun siqaretinin külü mənim stəkanımın içinə düşdü. Lakin Vulf bunu hiss etmədi... ”

Vulf vəhşi kimi içir, vəhşi kimi oxuyur, səyahət edirdi. “Mən səyahət edəndə özümü tapıram. Hər bir kəs öz ölkəsini tanımaq istəyirsə, ölkəsinə kənardan baxmalıdır”. O, tez öləcəyini bilirdi. Ona görə gördüyü hər şeyi, xatirələrini yazmaq istəyirdi.

Buna baxmayaraq Vulf cəmisi dörd roman, təxminən qırx hekayə yaza bildi. Bu romanlardan ikisi Vulfun ölümündən sonra dərc olundu. O, çox sürətlə yazırdı. O, hər şeyi yazmağa cəhd edirdi. O deyirdi: “Mənim gördüklərim, yüz il yazmaq üçün mənə bəs edər”.

Vulf ixtisarları ürək ağırısı ilə qarşılayırdı. Dövrünün məşhur naşiri, Vulfun bir yazıçı kimi tanınmasında böyük rol oynamış Perkinslə məhz ixtisarlara görə aralarında tez-tez dava-dalaş, söz-söhbət olurdu.

Perkins rus yazıçılarının yoxdan bir rus ədəbiyyatı yaratmasını, rus xalqının təşəkkül tapmasında rus ədəbiyyatının necə böyük rol oynadığını çox gözəl başa düşürdü. Mənə görə, Perkins Amerikanın ən böyük şəxsiyyətlərindən biridir. O, nə etdiyini gözəl bilirdi.

Perkins öz dövrünün nəbzini tuta bilirdi. Amerika ədəbiyyatını yaratmnağı qarşısına məqsəd qoymuş Perkins üçün Tomas Vulf əsl cəngavər idi. Hərçənd bu iki şəxsin münasibəti hər zaman yaxşı olmayıb. İxtisarlar bu iki şəxsin dil tapmasına əngəl törədirdi.

Vulf çox yazırdı. Perkins ona müəyyən yerləri ixtisar etməyi tövsiyyə edirdi. Vulf bu tövsiyyələri çox çətinliklə yerinə yetirirdi. əvəzində Vulf bir günə yenə də böyük əlyazmalarla nəşriyyata qayıdırdı.

Vulf sürətlə yazırdı. O, vərəqləri nömmrələmirdi. Onun əlyazamlarını ardıcıl düzmək əzablı bir iş idi. Təsadüfi deyil ki, Heminquey Vulf haqqında deyirdi: “Mən Tomas Vulf deyiləm. Mənim üçün hər bir sözün dəyəri, mənası var... ”

Heminqueydən fərqli olaraq Folkner Tomas Vulfu bir yazıçı olaraq çox yüksək qiymətləndirirdi. Folknerin fikrincəı, Vulf mümkün olmayanı ifadə etməyə cəhd göstərirdi.

Gerçəkdən də Vulf öz yaradıcılığında Amerika ədəbiyyatını, özü də Mark Tvenlə, Uolt Uitmenlə başlayan Amerika ədəbiyyatının sərhədlərini genişləndirmək istəyirdi.

O deyirdi: “Fransız, alman yazıçısının işi asandır. Onlar öz bellərini böyük bir ənənəyə söykəyiblər. Biz isə hər şeydən əvvəl hələ Amerikanın necə bir ölkə olduğunu Amerika vətəndaşlarına tanıtdırmalıyıq... ”.

Tomas Mann, Hermann Hesse kimi böyük yazıçılar Vulfun yaradıcılığıan yüksək qiymət veriblər. Vulf isə sağlığında xeyli tənqidlərə tuş gəlmişdi.

Öz ölümünün yaxınlaşmasını duyan Vulf bir nəfəsə bütün həyatını ədəbiyyata çevirmək istəyirdi. O, daha çox yaddaşlarda qalmağa çalışırdı. Əslində yazıçılıq bir ömürdə bir neçə ömür yaşamaq cəhdidir.

Vulf deyirdi: “Mən öz tənbəlliyimlə mübarizə aparıram. Mən yazmaqdan əlavə həm də içməli, çoxlu yeməli, çoxlu oxumalı və gəzməliyəm... ”. Vulf bərk içir, vəhşi kimi oxuyurdu. O, artıq bütün böyük əsərləri oxuya bilməyəcəyini anlamışdı. Buna görə böyük əzab çəkirdi.

Üstəlik, Vulf bəzən doğru yolda olduğuna şübhə edirdi. Bu şübhələrə zaman-zaman qalib gəlmək üsçün Vulf həddən ziyadə enerji sırf etməli olurdu. Vulf yaşamağı, əylənməyi, gəzməyi, içkini çox sevirdi.

Ölümün yaxında olduğunu duyan bir adam üçün əyləncələrdən ayrılıb, ağır

ABŞ - Vulfun doğulduğu ev, Asheville

ABŞ - Vulfun doğulduğu ev, Asheville

yaradıcılıq prosesinə girmək çox çətindir. O, həm yazmalı, həm oxumalı, həm yaşamalı, həm də ona ünvanlanmış tənqidlərdən sarsılmamalı idi.

Vulf bir ömürdə bir neçə ömür yaşamağı bacardı. Bu nəhəng, utancaq, çəkingən adam həm yaratdı, həm yaşadı, özünü təsdiq etdi, Amerika ədəbiyyatının sərhədlərini xeyli genişləndirməyi bacardı. Vulf nə qədər bəşəri yazıçı olsa da, onun yaratdığı sırf Amerika ədəbiyyatı idi. Vulf Amerikanı Amerika vətəndaşlarına tanıda bildi.

Qısa ömürdə bunu yalnız böyük nəfəsə, geniş ürəyə malik olan adam bacarardı. Vulfun ədəbiyyatın sərhədlərini genişləndirmək cəhdləri öz bəhrəsini verdi. Diqqətli oxucular digər Amerika yazıçılarının, məsələn Henri Millerin, Kurt Vonnehurtun, Xanter Tompsonun yaradıcılığında Tomas Vulfun gətirdiyi genişliyi, azadlığı görə bilərlər.

***

Ölüm, uzaq məsafəni qısa edən vasitəlrədən biridir. Başqalarının əlli, altmış ilə dərk etdiyini, ölümün yaxında olduğunu duyan yazıçılar gənc yaşlarında dərk edə biliblər. Elə əsərlər var ki, o əsərləri yalnız ölümün yaxında olduğunu duyan adamlar yaza bilərlər. Məsələn, Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsəri...

Tomas Vulfun əsərləri ölümün yaxında olmasını duyan bir adamın yazdığı əsərlərdi. Onun əsərlərində biz Vulfun ovqatının necə tez-tez dəyişdiyini görürük. Bu cür ovqat dəyişkənliyi ilə yaşayan adam çox ömür sürə bilməzdi.

“İvan İliçin ölümü” yazısında qeyd etmişdim, mütaliənin dördüncü mərhələsində oxucu kitabda yazılmayanları belə oxumnağı bacarmaq kimi ağrılı, həm də zövqlü bir prosesə qədəm qoyur. Məhz bu proses nəticəsində məlum olur ki, nəinki əlyazmalar yanmır, həıtta düşüncələr belə itmir.

Biz bu mərhələdə yazıçıların gələcək ağrılardan necə qorxduqlarını görürük. Və bir daha anlayırıq ki, əslində yazılanlar yazıçıların yazmaq istədiklərinin heç on faizi deyil. Tomas Vulf da gələcək ağrılardan bərk qorxurdu. Vulf yazmaq istədiyinin heç on faizini yaza bilmədi. Yerdə qalan doxsan faizini oxumaq onun dalğasına girənlərin qismətinə düşübdür.

Yalnız bayağı, adi həyat yaşayan adamlar təzədən gənc olmağı arzulayırlar. Tomas Vulf kimi dolu həyat yaşayan adamlar gənclik illərini nə qədər şövqlə, həvəslə xatırlasalar da, təzədən gənc olmağı heç vaxt arzulanmırlar. Yaşadıqlarını təzədən yaşamağa onların həvəsi yoxdur.

Onların gücü yalnız ötənlərdə baş verənləri xatırlamağa, gördüklərini ədəbiyyata çevirməyə cəhd etməyə çatır. Yuxarıda qeyd etdiyim kimi, yazıçılıq əslində, bir ömürdə bir neçə ömür yaşamaq cəhdidir.

15 sentyabr 1938-ci ildə Vulf gözlərini əbədi yumdu. Cəmisi 38 il yaşamasına baxmayaraq, Vulf bir ömrə bir neçə ömür sığışdırmağı çox istedadla bacardı. Onun atası da Vulfun öldüyü hospitalda on altı il əvvəl ölmüşdü.

Şimali Karolina ştatının Eşvill şəhərində doğulan Vulf, doğulduğu şəhərdən kənar hər yeri ecazkar təsəvvür edirdi. Doğuldu. Gəzdi. Yazdı. Özündən 20 yaş böyük bir qadını, öz xilaskar və qoruyucu mələyini, Alina Bernstaynı onun əsərlərini oxuyan hər kəsə tanıtdırdı.

On altı il əvvəl atasının öldüyü hospitalda, əməliyyatdan əvvəl bacısının təskinlik dolu sözlərinə Tomas Vulf belə cavab verdi: “Ümid edirəm... ümid edirəm... ” Bu sözlər otuz səkkiz yaşlı dahinin həyat fəlsəfəsi idi.

"Reytinq" qəzeti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG