Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Avro zona dağıla bilərmi?


Avro
Avro
Bu günlərdə avro zonada dildən-dilə dolaşan bir fikir varsa, o da budur - Avropanın 17 ölkəsinin üzv olduğu avro zonanın dağılması mümkündür. Amma hələlik bu gözlənilmir.
NƏ ÜÇÜN BU, MÜMKÜN GÖRÜNÜR?
Çünki İtaliya və Yunanıstan kimi zəif avro ölkələrinin hökumətlərinə borclarını və əməliyyat xərclərini ödəmək üçün borc pul tapmaq getdikcə daha baha başa gəlir. Bəs, nə üçün hələlik bu dağılma gözlənilmir? Çünki hətta bu ölkələrin borclanma faizləri dözülməz hesab olunan həddə gəlib çatsa belə, Avropa Birliyi və beynəlxalq maliyyə təşkilatları avro zonanın bütöv qalmasında qərarlı olduqlarını bildirirlər.
Ancaq heç kim indiyə qədər Portuqaliya, İrlandiya və Yunanıstan kimi nisbətən kiçik iqtisadiyyatları iflasdan xilas etmiş varlı ölkələrin İtaliya kimi daha böyük iqtisadiyyatı da iflasdan xilas edə biləcəyinə əmin deyil.
Bu da avro zonanın dağılıb dağılmayacağı sualını aktual edir. Bir çox ekspertlər deyirlər ki, avro zona o vaxt dağılacaq ki, varlı ölkələr kasıb ölkələri xilas etməkdənsə, bu valyuta birliyini tərk etməyi üstün tutacaqlar.
Əslində avro zonanın şimal ölkələri və ya ürəyi adlandırılan varlı ölkələrin artıq bu valyuta birliyini tərk etməyi nəzərdən keçirdikləri ilə bağlı işartılar da var.
«Onlar daha məhdud qrup ölkələr arasında bir müqavilə bağlamağı müzakirə ediblər. Bu müqaviləyə əsasən, həmin ölkələrin maliyyə sistemləri daha çox koordinasiya olunacaq. Onlar hətta mərkəzləşmiş xəzinəyə malik olacaqlar. Bura çox güman ki, Almaniya, Fransa, Hollandiya, ola bilsin ki, Finlandiya və bir neçə başqa ölkə də daxil olsun. Ancaq periferiya ölkələri daxil olmayacaq».
Bu, London İqtisadiyyat Məktəbinin baş müəllimi Peter Boonenin fikirləridir. «Periferiya» termini avro zonanın zəif ölkələrini, xüsusilə cənub ölkələrini ifadə etmək üçün işlədilir.
Ancaq avro zona dağılsa üzv ölkələrdən heç biri kütləvi iqtisadi çaxnaşmadan yan keçə bilməyəcək. Eləcə də avro zona ilə bank və ya ticarət əlaqələri olan dünyanın istənilən digər ölkələri də .
BUNDAN ƏZİYYƏT ÇƏKƏNLƏR İSƏ AVRO ZONANIN ZƏİF ÖLKƏLƏRİ OLACAQ
Yunanıstanda həyat şəraiti xeyli pisləşəcək
Yunanıstanda həyat şəraiti xeyli pisləşəcək
​Məşhur UBC Bankının qiymətləndirmələrinə görə, zəif ölkənin avro zonanı tərk etməsi birinci ildə onun hər bir vətəndaşına 9500 - 11500 avro məbləğində zərərə başa gələcək. Bu isə həmin ölkənin Ümum Daxili Məhsulunun 40-50 faizi deməkdir. Bu zərər də ondan irəli gələcək ki, avro zonadan çıxmış ölkə milli valyutaya qayıdacaq və öz borclarını və dövlət sektorundakı maaşları ödəmək üçün pul çap etməli olacaq. Yeni valyuta təbii ki, keçmiş avroya nisbətən dəyərdən düşəcək. Bu da inflyasiyanın artmasına gətirib çıxaracaq.
Afina İqtisadiyyat və Biznes Universitetinin siyasi iqtisadçısı Panos Tsakloglou deyir ki, Yunanıstan kimi ölkədə əvvəl - əvvəl həyat şəraiti xeyli pisləşəcək.
«Yeganə ümid onda olacaq ki, dəyərdən düşmüş valyuta Yunanıstan məhsullarını digər ölkənin məhsulları ilə müqayisədə daha ucuz və daha ixrac qabiliyyətli edəcək».
Ancaq Panos Tsakloglou ümid edir ki, Yunanıstan bu böhrandan avro zonada qala - qala çıxa biləcək.
Avro zonanın şimal ölkələrinə də avronun iflası nəticəsində yaranmış problemlərdən pay düşəcək. UBC Bankının qiymətləndirmələrinə görə, Almaniya kimi ölkənin avro zonadan çıxması ilk bir ildə bu ölkənin hər bir vətəndaşına 6-8 min avro zərərə başa gələcək. Bu da bu ölkənin Ümum Daxili Məhsulunun 20-25 faizi deməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG