Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44
Biri gecəyarı küçədə bankın qıfılını mişarla kəsir.
Yoldan keçən soruşur ki, “nə edirsən?”
-Skripka çalıram.
-Bəs səsi niyə çıxmır?
-Səsi sabah çıxacaq.

MAL BAHALANIR YOXSA PUL ÖLÜR?

Avrozonadakı böhranın Azərbaycana dəxli varmı?
Çoxları deyir ki, yoxdur, çünki Azərbaycan dünya iqtisadiyyatına çox inteqrasiya etməyib.

Ancaq bir misal. Niyə məsələn , Bakıda 10-12 il əvvəl 10 minə olan mənzil indi 50 minədir?

Cavab verirlər ki, son 10 ildə Azərbaycana neft pulları gəlib.

Bəs onda niyə başqa ölkələrdə, məsələn, Çexiyada 10-12 il əvvəllə müqayisədə, mənzillər azı 4 dəfə bahadır?.

Niyə Avstraliyada son 20-30 ildə mənzil ildə 5-7 faiz sürətilə bahalanıb?

Mənzili misal kimi götürdüm. Olsun qızıl.

15 il əvvəl qızılın qramı 10 dollar idi, indi 60 dollardır. Əsas malın adı deyil.

Əsas sual odur ki, mənzil və ya qızıl bahalanıb yoxsa
pul dəyərdən düşüb?

Bu fikirlər hardan ağlıma gəldi?

KRUGMAN NƏ YAZIB?

Dünyada bir iqtisadçı, jurnalist var – Paul Krugman. Hamının gördüyünü, ancaq demədiyini ya demək istəmədiyini yazır.
Buna görə ona iqtisadiyyat üzrə Nobel mükafatı verilib.

Paul Krugman

Paul Krugman


Nyu York Times qəzetinin köşə yazarı Krugman yazır ki, ölkənin borcunun ölkə iqtisadiyyatının böyüklüyünə nisbətini götürəndə Britaniyanın borcu İtaliyanın borcundan böyükdür.

Krugman soruşur ki, niyə Britaniyanın borc problemi İtaliyanın borc problemi kimi kəskin deyil? Britaniya borcu 2 faizlə tapır, İtaliyaya 7 faizlə borcu güclə verirlər.

Krugman öz sualına özü cavab verir ki, Britaniya borcu ona görə asan tapır ki, borcu funt sterlinqlə alır.
Funt sterlinqin çap maşını Britaniyanın öz əlindədir.

Eləcə də ABŞ. 14 trilyon borcu olan ABŞ borcu dollarla alır, dollar maşını isə ABŞ-ın əlindədir.

Yunanıstan və ya İtaliya borcu avro ilə alır. Avronun çap maşını isə İtaliyanın və Yunanıstanın əlində deyil.

BƏS AVRONUN ÇAP MAŞINI KİMİN ƏLİNDƏDİR?

Krugmanın məntiqini davam etdirsək, avro maşını İtaliyanın əlində deyil, ancaq əvəzində avrozonanın əlindədir.

Böhrandan çıxmaq üçün yüz milyardlar, trilyonlar taplılmasa, ola bilər, avrozonanın çap maşınını işə salmaqdan başqa yolu qalmaya.

Son 10 ildə əlavə dollar çapı dolları xeyli dəyərdən salıb. İndi buna avro çapı da əlavə olunsa, təkcə avro yox, ümumiyyətlə pul bir az da dəyərdən düşəcək.

Ola bilsin, dünya böhranlardan həmişə pulu dəyərdən salmaqla çıxır. Çünki onda biri üçün çox ağır olan ziyan bu pulu olanların hamısı arasında bölünür.

Ona görə indiki böhranda soruşanda ki, “qara gün” üçün olan pulumuzu nədə saxlayaq? Düzgün cavab o ola bilər ki, indiki böhranda pulu sabaha saxlamayın.

.



Yazıdakı mülahizələr yalnız müəllifin fikirlərini əks etdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG