Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:44

Yuxarı Öysüzlü sahibsiz itlərin cəngində


Arxiv fotosu
Arxiv fotosu

Tovuzun bu kəndindən AzadlıqRadiosuna üz tutan sakinlər kəndə daraşan sahibsiz itlərin qorxusundan uşaqlarını da məktəbə göndərə bilmədiklərini deyirlər.

“Bir nəfəri dişləmişdi, gec xəbər tutduq. Həyata qaytarmaq mümkün olmadı…” Tovuzun Yuxarı Öysüzlü kəndinin sakini Hikmət Abbasov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, kənddə sayı günbəgün artan sahibsiz itlərə görə evdən çölə çıxa bilmirlər. Əvvəllər tək-tük gözə dəyən itlər indi kənddə günün günorta çağı sürü halında gəzirlər:

“Xeyli çoxalıblar. Sürü halında dolaşırlar. Üstümüzə hücum çəkirlər, təsərrüfatımıza zərər vururlar. Yol getdiyin yerdə qəfildən kolların dibindən adamın üstünə hoppanırlar. Bu kənddə iki nəfəri it dişləyib. Biri ölüb, o biri də 13-14 yaşlı uşaq idi, yaşamasına ümid qalmamışdı, birtəhər sağaldı...”

Buna da bax: Xudatlılar sahibsiz itlərdən qorxurlar

“GÖZLƏYİRLƏR Kİ, İT KİMİSƏ PARÇALASIN”

Sahibsiz heyvanlar sürü halında həyətlərə doluşur, toyuq-cücəni aparır. Xeyli toyuq-cücəsi, 6 hinduşkası, 2 ördəyi itlərə qismət olmuş Əsli Məmmədova danışır:

“Əsasən kənddəki zibilliklərin ətrafını özlərinə məskən seçiblər. Bir də görürsən, zibil atanlara hücum edirlər. Bu səbəbdən zibilliyə yaxınlaşmağa qorxuruq. Bəzən uşaqlar məktəbə gedib-gəldiyi vaxtlarda məhəllələrə, yollara axışırlar… Yayın əvvəli özümüz evdə ola-ola həyətə hücum elədilər. Qorxumuzdan burnumuzu qapıdan çıxara bilmədik. Hinin qapısı açıq idi, daraşdılar toyuq-cücə, hinduşka – nəyimiz vardısa, hamısını apardılar”.

Hətta kənddə itlərin qorxusundan övladlarını məktəbə buraxmayanlar da var. Məsələn, Adil Mirzəyev kimi:

“Gözləyirlər ki, it kimisə parçalasın, yaxud da hər hansı yoluxucu xəstəliklər yayılsın, sonra əl-ayağa düşsünlər?.. Aidiyyəti qurumlar niyə sahibsiz itlərlə bağlı bir tədbir görmür? Nə Gigiyena və Epidemiologiya Mərkəzi, nə də rayon baytarlıq idarəsi vəziyyətə nəzarət etmir. Sahibsiz itlərin insanlara yaratdığı təhlükə ilə maraqlanan yoxdur”.

Buna da bax: Yandırılan itləri çəkən qadının dedikləri

“YƏQİN SAYLARI ARTIB”

Tovuz rayon İcra Hakimiyyətindən bildiriblər ki, sahibsiz itlərlə bağlı kəndlərdə vaxtaşırı tədbirlər görülür:

"Biz müvafiq təşkilatlara dəfələrlə məktub yollamışıq ki, sahibsiz itlərlə bağlı qanunda nəzərdə tutulmuş tədbirlər görülsün. Düzdür, vaxtaşırı belə tədbirlər görülür. Ancaq görünür ki, sahibsiz heyvanlar yenə artıb. Xəbərdarlıq edərik, tədbir görülər”.

Yuxarı Öysüzlü kəndinin sakinləri kəndin quduz itlərin mühasirəsindən xilas olacaqları günü səbirsizliklə gözləyirlər.

XS
SM
MD
LG