Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:11

-

Son illər Azərbaycanda ev heyvanlarının qorunmasını hədəfləyən müxtəlif addımlar atılıb. Məsələn, heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.

Bundan başqa yarış, satış və digər hallarda heyvanlarının təbii imkanlarını artırıb-azaltmaq üçün onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiqi 200 manat cərimə ilə nəticələnə bilər. Qanunla müəyyənləşdirilən hallar istisna olmaqla, ev heyvanlarının görünüşünü dəyişdirmək və ya müalicə məqsədi güdməyən digər cərrahi əməliyyat aparmaq (qulaqlarını kəsmək, dırnaq və dişlərini çıxarmaq) da 200 manatlıq cərimələnir. Heyvanların səsini batıran və icra hakimiyyətinin müəyyən etdiyi qayğını əsirgəyən şəxslər də 200 manat cərimə ödəməyə hazır olmalıdır.

Heyvanları Azərbaycandan kənara aparmaq və gətirmək qaydalarını pozanlarasa 100 manat çox – 300 manat cərimə kəsilir.

Azərbaycan 2007-ci ilin mayında «Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Qoşulmağına qoşulub, amma bir şərt də qoyub. Bu şərt Konvensiyanın 10-cu bəndinin «a» yarımbəndiylə - «quyruğun kəsilməsi» ilə bağlıdır. Konvensiyanın 10-cu bəndinə görə, cərrahiyyə yolu ilə ev heyvanlarının xarici görkəminin dəyişdirilməsi (quyruğunun, qulağının kəsilməsi, dişinin çıxarılması, səsinin batırılması) yasaqdır. Yalnız heyvanlara faydası danılmaz olanda, istisnalara yol verilə bilər.

Azərbaycan sözügedən Konvensiyanın 21-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, bəyan edir ki, 10-cu maddənin 1-ci bəndinin «a» yarımbəndi, yəni heyvan «quyruğunun kəsilməsi» qadağası Azərbaycanda tətbiq edilməyəcək.

«SAHİBSİZ HEYVANLARIN STATİSTİKASI BÜDCƏ PULLARINI YEMƏK ÜÇÜNDÜR»

«Canlı Aləmin Mühafizəsi Alyansı» İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin fikrincə, cərimələr sərtləşsə, ölkə Avropa konvensiyasına qoşulsa da, Azərbaycanda ev heyvanlarına qarşı zorakılıq artan xətt üzrə davam etməkdədir. Birlik rəhbəri bunun bəzi səbəblərini də sadalayır:

Mənsurə Rəsulzadə

Mənsurə Rəsulzadə

«Heyvanları öldürən qurumların maraqları baxımından desək, öldürülən heyvanların statistikası çox böyükdür. Burda məsələ heç də populyasiyaya nəzarətdə yox, biznesi əldə saxlamaqdadır. Birincisi, bu biznes dövlət büdcəsindən maliyyələşir. İkincisi, bir neçə biznes sahəsi sahibsiz heyvanların qanından bəhrələnir. Bunun biri dəri biznesidir. Bizdə videofaktlar da var. Bu biznesi yaşadanlar heyvanları öldürərkən onlara işgəncə verirlər. O adamlar zavallı heyvanlara sığınacaq vermək istəyənlərə təzyiqlərdən də çəkinmirlər».

BEŞ-ALTI İL ÖNCƏ BAKIDA 135 MİN SAHİBSİZ İT ÖLDÜRÜLÜB?

Mənsurə Rəsulzadənin sözlərinə görə, 2007-ci ildə Azərbaycan «Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulsa da, heyvanların həmin konvensiyaya uyğun qorunması yolunda ciddi addımlar atılmayıb. Birlik rəhbəri deyir ki, bu Konvensiyaya qoşulandan sonra bütün işlər Dövlət Baytarlıq Xidmətinə həvalə olunmalı və bu xidmətin fəaliyyəti gücləndirilməli idi:

«Hələ də bu işləri Bakı şəhər İcra Hakimiyyətinin strukturu həyata keçirir. Onların tək yanaşması var: heyvanlar quduzlaşıbsa, öldürülməlidir. Amma Avropa Konvensiyasına görə, ayrıca laborator təsdiqləmədən sonra bu işi Baytarlıq Xidməti həyata keçirməlidir. Amma indi bu sahəyə baxanlar, sadəcə, dövlət büdcəsini oğurlamaqla məşğuldur. Beləcə, Azərbaycanın sivil ölkə imicinə ciddi zərbə vurulur. Bu qurumlar dövlət pulunu vəhşiliyə xərcləyirlər».

Mənsurə Rəsulzadə iddia edir ki, öldürülən sahibsiz heyvanların statistikası vəsaitlərin mənimsənməsi üçün ildən-ilə şişirdilir. Onun sözlərinə görə, 2008-ci ildə Bakıda 56 min, 2009-cu ildə isə 79 min sahibsiz it öldürülüb:

​«Özü də bu itlərin hamısının quduzluğa görə öldürüldüyü bəyan edilib. Halbuki Dövlət Baytarlıq Xidməti belə bir rəy vermədiyinə dair bizə məktub göndərib... Statistikaya diqqət yetirin: 2008-ci ildə 56 min sahibsiz və həm də quduz itin öldürüldüyü açıqlanır, bir il sonra bu say 79 min olur. Bu, inanılmazdır. Beləcə, sübut olunur ki, büdcədən daha çox pul qoparmaq üçün statistika şişirdilib.

Küçə itləri

Küçə itləri

Tam yalan rəqəmlərdir. Bu, yalnızca büdcədən daha çox pul qoparmaq məsələsidir. Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin Balaxanıda yerləşən ofisinə, xidmət edən insanlara, avtomobillərə, silahlara baxanda bilmək olur ki, bu sahəyə heç də az pul xərclənmir. Əldə etdiyimiz məlumata görə, bir itin öldürülməsi dövlət büdcəsinə 30 manata başa gəlir. Amma, bizim təklif etdiyimiz humanist yanaşma üsulları, tutalım, qısırlama daha az pul tələb edir. İdarənin adına baxın: «Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi» - sanki terrorçularla mübarizədən söhbət gedir. İnsan heyvanla mübarizəmi aparar?».

«MÜRACİƏTDƏN SONRA OVÇULARIMIZ HƏMİN ƏRAZİNİ İTLƏRDƏN TƏMİZLƏYİRLƏR»

Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi səslənən iradlara münasibət bildirməkdən yayınır:

«Bu barədə bir söz deyə bilmərik. Sahibsiz itlərlə bağlı bizə müraciətlər olur, bundan sonra bizim ovçular gedib həmin ərazini itlərdən təmizləyirlər. Bəziləri öldürülür, bəziləri də sığınacaqlara yerləşdirilir».

Hələ 2011-ci ilin dekabrında adıçəkilən idarənin rəisi Əhməd Məmmədov sahibsiz heyvanlara poliqon tikilməsini təklif etmişdi. İdarə rəisi həmin poliqona yığılacaq itlərin dərisinin emal olunması məsələsini də qaldırmışdı. Bu məsələ, hələ ki, reallaşmayıb.

«240 MİN İTƏ QUDUZLUĞA QARŞI PEYVƏND VURULUB»

Dövlət Baytarlıq Xidməti yalnız qeydiyyatda və sahibi olan itlərlə bağlı iş aparır. Xidmətin sözçüsü Yolçu Xanvəlinin dediyinə görə, ilin əvvəlindən bu günədək 242 min itə quduzluğa qarşı peyvənd vurulub:

«İlin sonunadək bu say 250 minə çatacaq. O ki qaldı sahibsiz itlərə, bizim xidmət onlarla məşğul olmur.

Moskvada yiyəsiz itlər üçün sığınacaq

Moskvada yiyəsiz itlər üçün sığınacaq

O itlərlə ancaq Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi və bir də ayrı-ayrı rayonların kommunal təsərrüfat birlikləri məşğul olur».

Xəstə sayılan küçə itlərinin öldürülməsinə gəlincə, Yolçu Xanvəli deyir ki, bu əməliyyat baytarlıq idarələrinə müraciətlərdən sonra həyata keçirilir.

Nazirlər Kabineti 2011-ci ilin martında «Yaşayış yerlərində it, pişik və ya digər heyvanların saxlanması Qaydaları»nı təsdiqləyib. Həmin qaydalara görə, heç kim ev heyvanı ilə qəddar davranmamalı, onlara işgəncə, yaxud zərər verməməli və müvafiq orqanlara xəbər vermədən heyvanları sahibsiz duruma salmamalıdır. Ev heyvanı saxlayan şəxslərin öz heyvanlarını ildə bir dəfə baytarlıq klinikalarında, itçilik klublarında qeydiyyatdan keçirməsi də sözügedən qaydalarda əksini tapıb. Qaydalara görə, «sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir».

Keçmiş Azərbaycan SSR-in Cinayət Məcəlləsində heyvanları öldürməyə görə azadlıqdan məhrumetmə nəzərdə tutulsa da, 2000-ci ildə qəbul edilən yeni qanunvericilikdə ev heyvanları ilə amansız davranma faktı Cinayət Məcəlləsindən çıxarılıb.

2013-cü ilin avqustunda sosial şəbəkələrdə yayılan və bir gəncin iti amansızcasına döyməsini əks etdirən video Azərbaycanda qızğın müzakirə doğurmuşdu. Heyvanların hüquqlarını müdafiə edən bəzi qurumlar bu halın inzibati hal kimi deyil, cinayət məsuliyyəti kimi xarakterizə olunmasını istəmişdi.

Amma o vaxt Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rəfael Cəbrayılov bunun əleyhinə çıxmışdı. İndiki dövrdə heyvanın öldürülməsinə görə insanın azadlığının əlindən alınmasını o qədər də düzgün saymadığını söyləyən deputat heyvanlarla amansız davrananlara cərimə cəzalarının qaldırıldığını və yetərli deyilsə, bu məbləğin daha bir neçə dəfə artırılması məsələsinə baxıla biləcəyini vurğulamışdı.

«BAKI-SUMQAYIT YOLUNUN KƏNARINDA...»

Jurnalist Aytən Fərhadova sovet dövrü ilə müqayisədə indi heyvanlara münasibətin yaxşılaşdığını deyir:

Evsiz insan və it

Evsiz insan və it

«Mən Sumqayıtda tez-tez adamların küçə heyvanlarını yemlədiyini görürəm. Supermarketlərin önündə də pişiklərə yemək və su qoyulur. İnsanlarda heyvanlara mərhəmət hissi var, sadəcə, kütləvi deyil».

Aytən Fərhadovanın fikrincə, Azərbaycanda heyvanlara münasibətin Avropa səviyyəsinə çatdırılması üçün insanları maarifləndirmək və bu işə xeyli zaman sərf etmək lazımdır:

«Hər gün Sumqayıtdan Bakıya işə gəlib-gedirəm. Yol kənarında avtomobillərin vurduğu nə qədər it-pişik cəsədi görürəm. Bir dəfə bir küçüyü maşın vurub yol kənarına atmışdı. Onu götürmək istədim, amma müalicə üçün onu hara aparacaqdım? Bir yer olduğunu desələr də, oranı heç cür tapa bilmədim».

HOVUZLU, ƏMƏLİYYAT OTAQLI HEYVAN SIĞINACAQLARI

Azərbaycanda sahibsiz heyvanlar problemi heç də tam ümidsiz deyil. İndi Bakıda sahibsiz heyvanlar üçün sığınacaq və baytarlıq klinikası fəaliyyət göstərir. Bağı, hovuzu, əməliyyat və xəstə itlərə karantin otaqları olan həmin mərkəzdə sahibsiz heyvanlar əməliyyat edilir, sağaldılır.

Bir necə əcnəbi həkimin çalışdığı sözügedən mərkəzdə ev heyvanlarının müayinə və müalicəsi 15-20 manata başa gəlir. Amma küçələrdən tutulub mərkəzə aparılan heyvanlar müalicədən sonra heyvan saxlamaq istəyən və buna imkanı çatanlara pulsuz verilir.

Yazar Murad Köhnəqala zavallı heyvanları qorumağın orijinal yolunu tapıb. O, üz tutaraq yazır: «Uşaqlar, sahibsiz küçə itlərinə daş atmayın, onların hər biri mağazalara borcu olan insanlardır...».

Şərhləri göstər

XS
SM
MD
LG