Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Sinqapur dizaynerləri eşitmə qabiliyyəti qüsurlu olanlar üçün “işıq dilində danışan səyyar qulaq” icad ediblər.

CNN-nin saytında dərc olunmuş məqalədə deyilir ki, yenilikçilərin yaratdığı süni qulaq qapının döyüldüyünü yaşıl işıqdan bilir. Yaxınlıqda qışqıran varsa, işıqlar qırmızıya çevrilir.

Sinqapurda yenicə fəaliyyətə başlamış Embodied Sensing şirkətinin yaratdığı StickEar cihazı “el vəsaiti” və ya ictimaiyyətdən fondtoplama ilə yığılımış pullar hesabına hazırlanır.

İxtiraçılar öz cihazlarını sınaq üçün bir sıra karlar cəmiyyətlərinə veriblər. Cihaz onların rəyi nəzərə alınmaqla təkmilləşdiriləcək.

“Biz kar adamlarla çox söhbət eləmişik, - deyir şirkətin həmtəsisçisi Kian Peen, - Onların əksəriyyətinin ən çox istədiyi şey, qapının döyüldüyünü bilməkdir”.

Cihaz gəmidə kayutun, mehmanxanada isə otağın qapısının döyülməsindən xəbər tutmaq imkanı yaradır

Onun sözlərinə görə, hazırda satışda belə təyinatlı çox sayda cihazlar var, lakin onlar, ya daha uca səsə, ya da vibrasiyaya əsaslanır. StickEar cihazının müəllifləri hesab edirlər ki, onların ixtirası daha münasibdir. O səyyardır, istənilən yerə aparıla bilər, ayrıca quraşdırılmasına ehtiyac yoxdur.

Başqa sözlərlə, eyni cihaz gəmidə kayutun, mehmanxanada isə otağın qapısının döyülməsindən xəbər tutmaq imkanı yaradır.

The StickEar cihazı sensoralara “lumies” və ya “işıqcıqlar” adlanan siqnallar göndərir. Bunları mənzilin müxtəlif yerlərində - yataq, qonaq otaqlarında, mətbəxdə və ya vanna otağında yerləşdirmək olar.

Onlar səsi “eşidən” kimi onu rəngli işığa çevirir.

StickEar cihazının işlənib hazırlandığı yer Sinqapur Texnologiya və Dizayn Universitetidir.

Bu universitetinin nəzdində xüsusi laboratoriyanı yaratmış professor Suranga Nanayakkara deyir ki, onun məqsədi insanların həyatına sakitcə daxil olub onlara kömək edən vasitələrin yaradılmasıdır.

Oxuyan barmaq

Bu ixtiraçılar komandası görmə qabiliyyəti pis və ya ümumiyyətlə olmayanlar üçün FingerReader (oxuyan barmaq) cihazı üzərində işləyir.

Siz şəhadət barmağınızı kitab və ya qəzetin üzərində gəzdirirsiniz və “oxuyan üzük”, necə deyərlər, orada yazılanları sizin üçün uca səslə oxuyur.

Şəhadət barmağı sətirdən kənara çıxanda isə cihaz bunu oxucuya vibratorla bildirir.

Bu cihazdan hələ oxumağı bacarmayan balacalar da sevimli kitablarını oxumaq, daha doğrusu dinləmək üçün faydalana bilərlər

Professor Suranga Nanayakkara deyir ki FingerReader qalın kitabları yox, qısa mətnləri, məsələn açıqçaları, bildiriş və qəbz kimi sənədləri və ya rəfdəki kitabların adlarını oxumaq üçün nəzərdə tutulub.

İxtiraçılar bildirirlər ki, hər bir yaxşı cihaz kimi FingerReader-in əlavə və ya yardımçı funksiyaları da var. Məsələn, xarici turistlər ondan əcnəbi dildə yazılmış restoran menyularını oxuyub tərcüməsini eşitmək üçün istifadə edə bilərlər.

Yaradıcıların fikrincə, bu cihazdan hələ oxumağı bacarmayan balacalar da sevimli kitablarını oxumaq, daha doğrusu dinləmək üçün faydalana bilərlər.

Cihazın başqa bir proqram modifikasiyası olan FingerDraw “şəkil çəkmək” sahəsində ixtisaslaşıb.

Onunla, məsələn iPad-in üzərində rəsm çəkən adamlar şəklini çəkdikləri əşyalara barmaq tuşlamaqla onun həqiqi rənglərini ala bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG