Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:59

Qəzasız avtomobillər, qocalara xidmət edən robotlar


Toyota şirkətinin alimi inanır ki, ahıl insanlara zəkalı robotların xidmət göstərəcəyi günlər uzaqda deyil

Məşhur Toyota şirkəti Amerikanın Silicon Vadisində əsasını qoyduğu elmi-tədqiqat müəssisəsinə 1 milyard dollar vəsait yatırır. Bu elmi müəssisə süni zəka və robotika sahəsində araşdırmalar aparacaq.

Toyotanın bu investisiyası, onun özünü idarə edən ultramüasir avtomobillər və gündəlik həyatın müxtəlif sahələrində istifadə olunacaq başqa “ağıllı” maşınların yaradılması sahəsində lider olmaq əzmindən xəbər verir.

Toyota avtomobillərini robot əlləri yığır
Toyota avtomobillərini robot əlləri yığır

Toyota Motor Corp. şirkətinin prezidenti Akio Toyoda cümə günü bəyan edib ki, 200 işçisi olacaq yeni şirkət Silicon Vadisində, Stanford Universitetinə yaxın bir məkanda, 2016-cı ilin yanvarından fəaliyyətə başlayacaq.

İkinci müəssisə Kembricdəki Massaçussets Texnologiya İnstitununun (MTİ) yaxınlığında qurulacaq.

Beş il müddətində istifadə olunacaq bu investisiya vəsaitindən əlavə, Toyota Stansted Universitetinə və MTİ-yə süni zəka sahəsində tədqiqatların aparılması üçün 50 milyon dollar ayırıb.

“Apar-gətir” robotları

Toyota bildirib ki, o özünü idarə edən avtomobillərdən də irəli getmək niyyətindədir. Belə avtomobilləri artıq bəzi şirkətlər istehsal etməyə başlayıblar və bunu az qala bütün şirkətlər vəd edirlər.

Toyota başlıca məqsədinin həyatın bütün sahələrində istifadə olunacaq robotların yaradılması olduğunu bildirib.

Şirkət, məsələn ahıl insanlara dəstək olacaq R2-D2 robotunu nümayiş etdirib. Bu robot əlil arabasında olan qocalar üçün müxtəlif əşyaları “apar-gətir” edə bilir.

Toyota həmçinin insanşəkilli əyləncə robotlarını sərgiyə çıxarıb. Bu robotlar müxtəlif musiqi alətlərində çala bilirlər. Avtomobilqayırma sahəsinin lideri olan Toyota artıq öz avtomobillərinin istehsalında “robot əlləri”ndən və kompüterlərdən istifadə edir. İstehsalat robotları hətta maşınların boyanması və vintlərin bərkidilməsi kimi əməliyyatları da icra edirlər.

Babanı qocalar evinə verməyin acısı

Şirkətin Toyota Araşdırma İnstitutu (Toyota Research Institute) adlanan yeni elmi müəssisəsinə yüksək ixtisaslı robotika eksperti Gill Pratt başçılıq edəcək.

Xidmətçi robotlar artıq çoxdan mövcuddur
Xidmətçi robotlar artıq çoxdan mövcuddur

Pratt əvvəllər ABŞ-ın Təkmil Müdafiə Tədqiqatı Layihələri Agentliyində proqram meneneceri işləyib.

O Toyotaya Stanford və MTİ-dəki araşdırmaların məsləhətçisi kimi qoşulub.

Pratt deyib ki, şirkətin məqsədi yaşlı insanlara onların öz evlərində kömək edən robotların, qəzasız hərəkət edən avtomobillərin yaradılmasıdır. Belə avtomobillərdən sürücülük qabiliyyətindən asılı olmayaraq hamı istifadə edə biləcək.

Pratt həyatında onu son dərəcə təsirləndirmiş üç hadisədən söhbət açıb. O avtomobilin velosiped sürən bir oğlanı vurub öldürdüyünün şahidi olub. 83 yaşlı babasına deyib ki, o daha maşın sürə bilməz və 84 yaşında onu qocalar evinə qoyub. Bütün bu hadisələr eksperti başqalarının da bu acı anları yaşamaması üçün texnologiyalar yaradılmasına sövq edib.

Toyota pullanıb

Yaponiyada robotlar barədə multiplikasiya filmləri ilə böyümüş Pratt bir gün özünün də belə robotlar yarada bilməsini arzu edirmiş. O deyir ki, Toyotanı, bu şirkətin məhz sosial texnologiyalara diqqətinə görə seçib.

Google şirkətinin özünüsürən avtomaşını
Google şirkətinin özünüsürən avtomaşını

Pratt bildirir ki, insanın özü qədər ağıllı robotun yaradlılmasına hələ uzun müddət vaxt lazım gələcək. Bu sahədə iş yenicə başlanıb və rəqabət hələ irəlidədir.

Rəqabət isə olduqca gərgindir. Özünüsürən avtomobillərin yaradılması istiqamətində təkcə General Motors, Tesla və Nissan kimi şirkətlər deyil, həm də Google, Apple və Uber işləyirlər.

İş elə gətirib ki, 2011-ci ildə qüsurlu avtomobillərinin kütləvi qaytarılmasına görə xeyli ziyana düşən Toyota indi yenidən pullanıb və gələcəyə sərmayə qoya bilər.

Son proqnozlara görə 2016-cı ildə şirkətin gəliri 18, 5 milyard dollar olacaq.

XS
SM
MD
LG