Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:16

-

Deputat Qüdrət Həsənquliyev ötən həftə Milli Məclisdə çoxdandır müzakirə edilən məsələni yenidən gündəmə gətirib: «Bəzən 0.1 qr artıq narkotikə görə həmin maddə istifadəçisi həbs olunur. Bu, nəyə lazımdır?!».

Bu sahə üzrə ekspertlərdən biri Zülfiyyə Mustafayeva AzadlıqRadiosuna deyir ki, Azərbaycanda narkotikdən istifadəyə görə həbs cəzası nəzərdə tutulmur. Ancaq bəzən istifadəçi qanunla müəyyən edilmiş normadan artıq narkotik maddəylə saxlanarsa, cinayət məsuliyyətinə cəlb edilir:

«Həmin maddənin istifadəçisində narkotik müəyyən edilmiş miqdardan çoxdursa, bu halda onu daşınmaya, saxlamağa və ya satmağa görə məsuliyyətə cəlb edə bilərlər. Bu, yeni məsələ deyil. Son 10 ildir bu yöndə müzakirələr gedir. Söhbət Cinayət Məcəlləsində şəxsi istifadə üçün nəzərdə tutulan miqdarın artırılmasından gedir. Elə narkotik istifadəçisi var ki, onun alışdığı gündəlik doza Cinayət Məcəlləsində müəyyən olunmuş həddən artıqdır. Məsələn, o adam gündə bir neçə dəfə olmaqla bir qram narkotik qəbul edə bilər. Və bu adam üzərində bir qram narkotiklə saxlanarsa, cinayət məsuliyyətinə cəlb edilməsinə əsas yaranır».

Zülfiyyə Mustafayeva deyir ki, o da qanunvericilikdə müəyyən edilmiş rəqəmin artırılmasının – reallığa uyğun hədd müəyyən edilməsinin tərəfdarıdır: «Bunun həlli çətin məsələ deyil. Parlamentin əlindədir».

Problem açıq qalmaqdadır. Müxtəlif vaxtlarda qeyri-hökumət təşkilatları, rəsmilər, güc strukturları bu məsələni gündəmə gətirsələr də, yekdil rəyə gələ bilmirlər.

«...HƏBSXANALAR NARKOTİKDƏN İSTİFADƏYƏ GÖRƏ DOLDURULUB»

Qüdrət Həsənquliyev hesab edir ki, narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət onların həbsxanada saxlanılmasına böyük xərc çəkir. «O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ancaq narkotik maddə şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır».

Zülfiyyə Mustafayeva

Zülfiyyə Mustafayeva

Zülfiyyə Mustafayeva deputatla razılaşmır. «Mən hesab etmirəm ki, həbsxanalar narkotikdən istifadəyə görə doldurulub. Onlar müxtəlif cinayətlərə görə həbs ediliblər, sadəcə, eyni zamanda da narkotik istifadəçisidirlər. O başqa məsələ ki, orda cəzasını çəkdiyi müddətdə narkotikdən istifadəyə görə müalicə alırmı və ya oradan çıxandan sonra narkotikin təsiri altında təkrar cinayət törədəcəkmi? Narkotikdən istifadə insanı kriminallaşdırır və həbsdəki narkomanların çoxu quldurluq, soyğunçuluq kimi maddələrlə yatırlar».

Bu məqamda ekspert deputata haqq qazandırır: «Həmin şəxslər məcburi qaydada müalicə olunmalıdırlar». Ancaq o da bir məsələdə tərəddüd edir: narkotik istifadəçisi ürəkdən müalicə olunmaq istəmirsə, müalicənin də faydası yoxdur.

HƏKİM: «BU, EFFEKTİV YOL DEYİL»

Respublika Narkoloji Mərkəzinin əməkdaşı, yazıçı Asif Kəngərli deputatın təklifini dəstəkləyir. O hesab edir ki, narkotik istifadəçilərini həbs etmək effektiv yol deyil. «Çünki bu adamlar cinayətkar deyillər. Baxmayaraq ki, bu gün yox, sabah, birisigün cinayət etmək ehtimalı olan insanlardır. Bunlar hələ xəstədirlər. Xəstəliyin xüsusiyyəti belədir: cinayətə meylli olmaq. Maddi ehtiyatı tükədəndən sonra başlayırlar borc almağa, sonra da oğurluğa, cinayətə meyllənməyə. Nəsə əldə edib canlarının ağrısından qurtarmaq istəyirlər. Buna görə də bunlara xəstə kimi yanaşıb müalicələrinə nail olmalıyıq».

Narkoman

Narkoman

«CAVAN ADAMLARI HƏBSƏ ATMAQLA NƏYƏ NAİL OLA BİLƏRİK Kİ?!»

Asif Kəngərli deyir ki, Almaniyada narkotik istifadəçilərinin həbsinə yox, müalicəsinə çalışırlar: «Orda xəstə müalicə üçün müraciət edirsə, dövlət hesabına xəstəxanada yatırılır. Biz cavan adamları həbsə atmaqla nəyə nail ola bilərik ki?! Bizim pasientlərin çoxu cavanlardır. Biz reabilitasiya mərkəzləri açsaq, müalicəni düzgün qursaq, nə qədər insanı normal həyata qaytara bilərik. Amma onlara cinayətkar kimi baxıb 5 il, 10 il cəza verməklə nəyəsə nail ola bilmərik».

Düzdür, narkoloq da müalicədən sonra xəstənin Narkoloji Mərkəzi hansı hiss və istəklərlə tərk etdiyini söyləməyin çətin olduğunu söyləyir. O hesab edir ki, hər şeydən öncə təbliğatı, maarifləndirməni gücləndirmək gərəkdir: «Biz gözləməməliyik ki, gənclərimiz narkoman olsunlar, sonra onları müalicə edək. Bu, böyük xərc, enerji, resurs tələb edir. Ondan qat-qat ucuz başa gələcək yolu seçmək olar: maarifləndirmə».

28 MİN 555 NƏFƏR NARKOMAN VAR

Rəsmi məlumata görə, 2015-ci ildə narkotiklə bağlı 3 min 187 fakt aşkarlanıb. Onlardan 916-sı satış məqsədilə bu maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; 2 min 62-si satış məqsədi güdmədən narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama; 193-ü narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə başqa faktlardır.

İl ərzində cinayət məsuliyyətinə 2 min 587 nəfər cəlb olunub. Onlardan 7-si 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2 min 15-i 30 yaşdan yuxarı olanlardır.

Keçən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2 min 118 nəfər qeydiyyatdan çıxıb, 2 min 17 narkotik istifadəçisi qeydiyyata alınıb. Beləliklə, ölkədə qeydiyyatda olan narkomanların ümumi sayı 101 nəfər azalaraq 28 min 555 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG