Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:41

Keçmiş narkoman: «Anam dedi ölürüksə, gəl birlikdə ölək»


Narkoman
Narkoman

-

«Narkomaniya mənim üçün diri-diri ölmək idi. Bəlkə çoxları inanmaz, ancaq doğrudan belə idi. Sən ölüsən, ancaq nəfəs alırsan. Sən ananı gözüyaşlı qoyursan, atanın belini bükürsən, bacı-qardaşın səndən üz çevirir, uzaq qaçır. Atan-anan belə bir oğlu olduğuna, bacı-qardaşı belə bir qardaşı olduğuna görə hamıdan utanır».

Şərti adı Adil olan 28 yaşlı gənc özünü narkomaniyanın ağuşuna 10 il əvvəl atıb. Həmin gündən təkcə özünün yox, bütün ailəsinin qara günləri başlayıb:

«Elə olmuşdu ki, hamı məndən üz çevirmişdi. Atam da anamın yalvarışlarına baxmayaraq, axırda məni evdən qovdu. Onda bir anam məni atmadı. Xalamgilə apardı, orda saxladı. Həkimə gedirdi, falçıya gedirdi. Yazıq arvad ora-bura çırpınırdı ki, məni bu çirkabın içindən dartıb çıxartsın. Mən isə narkotik qəbul etməyəndə titrəyirdim, ölüb-olümdən qayıdırdım. Axırda anam dedi ki, «ölürüksə, gəl birlikdə ölək». Əlimdən tutmuşdu, ağlayırdı. Başımı sinəsinə qoyub mən də ağladım. Bir-birimizi qucaqlayıb hönkürürdük, dəli kimi ağlayırdıq. Ağlayıb qurtarandan sonra, elə bil, ikimiz də sakitləşmişdik. Sonra müalicəyə başladım».

Adili anası müalicəyə aparıb. Əvvəl-əvvəl müalicənin təsiri az olub, sonra güclənib. Tamam zəifləmiş, əldən düşmüş gəncin get-gedə bədəni möhkəmlənməyə, itirdiyi çəkisi qayıtmağa başlayıb:

«Narkotik qəbul etməyə başlayanda, 20 yaşım vardı. İndi 28. Müalicəyə 24 yaşımdan başladım. Bu günümə qayıtmağım düz 4 il çəkdi. Bu 4 ildə bir yorulmayan anam oldu. İki aydan sonra ailə quracağam. Məni o bataqlıqdan anam çəkib çıxartdı. Hamı anasına borcludur, mən isə beşqat, on qat borcluyam».

NARKOMANİYA BƏLASI İLDƏN-İLƏ ARTIR

Builki rəsmi rəqəmlərə görə, Azərbaycanda 30 minədək narkoman var. Səhiyyə Nazirliyinin daha dəqiq məlumatına görə, 28 min 656 nəfər. Onlar rəsmi qeydiyyata alınanlardır. 2014-cü il­də qey­diy­ya­ta alı­nan nar­komanla­rın sa­yı 28 min 376 nə­fər olub. Bir il ərzində narkomanların sayı 280 nəfər artıb.

Son 5 ildə isə narkotik istifadəçilərinin sayı 3 mindən çox artıb. Yenə Səhiyyə Nazirliyinin rəsmi rəqəmlərinə baxaq:

201020112012201320142015
25 48926 71627 91028 376*28 37628 656

*2013-cü ildə 1509 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb.

AİLƏLƏR ÖVLADLARI İLƏ BU HAQDA ÇOX DANIŞMALIDIR

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva deyir ki, artımın əsas səbəbi insanların bu bəladan məlumatsız olmasıdır:

Narkotacirlər məktəblilərə, universitet tələbələrinə narkotiki pulsuz verirlər.
Narkotacirlər məktəblilərə, universitet tələbələrinə narkotiki pulsuz verirlər.

«Çünki narkotacirlər məktəblilərə, universitet tələbələrinə narkotik vasitələri pulsuz verir. Onlar da istifadə edirlər, alışqanlıq yaranır. Şagirdlərin, tələbələrin, ya da digər insanların məlumatı olsa, narkotikləri alıb istifadə etməzlər, bu bəlaya da düçar olmazlar. Bilirik ki, bir dəfə narkotikdən istifadə edən şəxs narkomana çevrilmir. Narkomana çevrilmək üçün dəfələrlə istifadə etmək lazımdır. Ona görə ailədə valideynlər öz övladları ilə bu mövzuda danışmalıdır. Hazırda biz Təhsil Nazirliyi ilə birlikdə məktəblilər üçün kurrikulum hazırlamışıq. Burda da əsas məqsəd sırf məktəblilərə narkomaniyanın zərərləri barədə məlumat verməkdən ibarətdir».

Leyla Yolçiyeva deyir ki, gələcəkdə hazırladıqları kitabçalardan məktəblərdə dərslik kimi istifadə olunacaq.

BƏDBƏXT UŞAQLARIN İŞİ...

«Bu nə bəladır, ay Allah. Hər gün bu qədər boş şpris süpürəndə dəhşətə gəlirəm»...

Güllü Nəsibova 10 ildən çoxdur ki, Bakıda mənzil istismar sahəsində təmizlikçi işləyir. Deyir, bu 10 ildə Bakının müxtəlif rayonlarında işləyib. Hər dəfə binaların qarşısından, həyətlərdən iynə şprislərini süpürdükcə, ürəyi ağrıyır:

«Hamı bilir ki, hər binada bu qədər adi xəstə olmaz. Özü də xəstələr iynələri blokun qabağına, həyətə atmırlar. Bu o bədbəxt uşaqların işidir. Hər dəfə bu iynələri süpürəndə elə bilirəm zibiqabına o uşaqların həyatını atıram. Görəsən, niyə bunların qarşısı alınmır?».

Rəsmi rəqəmlərə görə, Azərbaycanda 30 minədək narkoman var.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda 30 minədək narkoman var.

5-10 GÜNLÜK TƏBLİĞAT

Narkomaniyaya qarşı mübarizə ilə bağlı şəhərin küçələrinə bilbordlar, dayanacaqlarda isə reklam çarxları yerləşdirilir. Bu işlə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məşğuldur. Bu təbliğat adətən iyunun əvvəlindən başlayır, təxminən iki həftə davam edir. Sonra yığışdırılır.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva deyir ki, mübarizə pərakəndə şəkildə aparılır. Onun fikrincə, bu sahə ilə bağlı milli konsepsiya işlənib hazırlanmaldır. Könüllülər, QHT-lər və dövlət strukturları birgə işləməlidir. Daha çox yeni texnologiyalardan istifadə olunmalıdır:

«Biz artıq «narkomaniya ağ ölümdür», «zərərli vərdişdir» kimi sözləri arxivləşdirməliyik. Digər metodlara keçməliyik. Yeni metodlar axtarmalıyıq, dünya təcrübəsinə əsaslanmalıyıq. Onda effektli nəticə əldə etmək olar. Biz düşünürük ki, bunu bir qədər də internet üzərindən etməyə çalışaq. Küçələrdəki təbliğat bilbordlarının sayını, elektron KİV-də reklam çarxlarını artıraq».

Rəsmi rəqəmlərə görə, Azərbaycanda 28 min 656 nəfər narkoman var. Mütəxəssislər deyir ki, daha aydın görüntü üçün rəsmi rəqəm 5-ə, 10-a vurulmalıdır. Onda rəqəm daha dəhşətli görünür.

XS
SM
MD
LG