Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:34

“Üçüncü devalvasiya üçün ciddi zəmin var”


Məhəmməd Talıblı
Məhəmməd Talıblı

►“Ölkədə belə bir vəziyyətdir - satmaq istəyənlər sata bilmir, almaq istəyənlər ala bilmir”

Dövlət Statistika Komitəsi deyir, bu ilin yanvarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin uyğun dövrünə nisbətən 8 faiz artaraq 480 manat təşkil edib.

İqtisadçı Məhəmməd Talıblı AzadlıqRadiosuna bu və digər məsələləri şərh edir:

– Muzdla çalışanların əmək haqqında artımlar mümkündür. Çünki hər hansı bir müəssisənin gəlirləri artırsa, təbii ki, bu, muzdla işləyən işçilərin də əməkhaqqına təsir edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, müəyyən bir dar sosial qrupun əməkhaqqının artımı, adətən, ölkədə qiymətlərin artımından həmişə geri qalır. Əməkhaqqı artımı hər zaman, sanki, ölkədəki inflyasiya ilə ayaqlaşa bilmir. Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda işsiz statusunda olan əmək qabiliyyətli əhali 29 min nəfər təşkil edir. Bu cür yanaşsaq, onda məlum olur ki, ölkədə, əsasən, hamı işlə təmin olunur. Ölkədə əməkhaqqılar artırsa, həm dövlət, həm özəl sektorda artımlar varsa, bu o deməkdir ki, əhalinin gəlirləri artmalıdır. Amma hər hansı bir dar sosial qrupun əməkhaqqında artımı, ümumilikdə, ölkədə əməkhaqqı siyasətinin effektiv olmasına, sosial yönümlü siyasətin səmərəli olmasından danışmağa imkan vermir.

– Komitə bildirir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

– Təbii ki, burda əsas gəlirlər mədən sənayesində fəaliyyət göstərən şirkətlərin gəlirlərindən formalaşır. Mədən sənayesi də təbii ehtiyatların istifadəsindən əmələ gələn gəlirlərdir. Bu sahədə də artımların olması başadüşüləndir. Azərbaycan həm neft-qaz, həm də qızıl hasilatı ilə məşğul olan dövlət kimi tanınır. Ona görə də, xüsusilə, rabitə sektorunda şirkətlərin gəlirlilik səviyyəsi kifayət qədər artıqdır. Çünki onlar o gəliri məhz inhisarçılığın yaratdığı inhisar qiymətlərinin diktə olunması hesabına əldə edirlər. Belə bir vəziyyətdə həmin şirkətlərin gəliri artırsa, həm hasilatda, həm rabitədə, həm də digər ona oxşar sahələrdə artımlar varsa, həmin sahədə çalışanların da gəlirləri artmalıdır. Biz axı nəzərə almalıyıq ki, əhalinin əhəmiyyətli bir hissəsi qeyri-neft sektorunda çalışır. Ölkədə əmək qabiliyyətli əhalinin 1,8 – 2 faizi neft sənayesində çalışır. Əhəmiyyətli hissə – 38 faiz kənd təsərrüfatında, tikintidə, rabitədə çalışır. Ona görə də neft-qaz, qızıl hasilatı sahəsində çalışanların əməkhaqqısının artması, ən yaxşı halda, əməkqabiliyyətli əhalinin 2 faizini təşkil edir. Bu, əslində, 4 milyon 500 min əmək qabiliyyətli əhalinin çox cüzi hissəsidir.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Bu ilin ilk 3 ayında iqtisadi göstəricilər necə olub, əhalinin gəlirləri hansı durumdadır?

– Problemli kreditlərin həcmləri 9 milyon manatdan 2,4 milyard manata qədər artıb. Devalvasiyadan sonra ölkədə, demək olar ki, valyuta, maliyyə bazarında qeyri-müəyyənlik hökm sürür. Bunun da təsir etdiyi sahələr var. Xüsusilə, daşınmaz əmlak, avtomobil bazarında böyük bir süstlük əmələ gəlib. Təklif çoxluğu tələbi üstələyib. Nəticədə avtomobillərin, daşınmaz əmlakın qiyməti düşüb, həm də bu təklif imkanları getdikcə artır. Bu onu deməyə əsas verir ki, son 3 ayda ölkə iqtisadiyyatında tamamilə fərqli bir iqtisadi situasiya hökm sürür. Bu vəziyyət, açığı, bazar iştirakçılarının heç birinin maraqlarını bir o qədər də ifadə etmir. Satmaq istəyənlər sata bilmir, almaq istəyənlərin isə xüsusi dövriyyəsi azalıb. Belə bir vəziyyətdə ölkə iqtisadiyyatında qeyri-müəyyənlik hökm sürür. Eyni zamanda Mərkəzi Bankın da pul kütləsi azalır.

– Və bu arada əhalinin üçüncü devalvasiya ilə bağlı narahatlıqları artır...

– Növbəti devalvasiyanı şərtləndirən iki amil xüsusi rol oynayır. Bunlardan biri dünyada neftin qiymətinin düşməsi, ikinci də Mərkəzi Bankın ehtiyatlarının xərclənməsi və həmin rezervlərin azalmasıdır. Belə bir vəziyyətdə Mərkəzi Bank hər hansı addımlar atmalıdır ki, ehtiyatlar əriməsin. Həm də ölkəyə dollarla daxilolmalar artsın. Ölkədə, əslində, dollar çatışmazlığı problemi var. Biznes ehtiyaclarının qarşılanması üçün elə tədbirlər həyata keçirilməlidir ki, dollar tələbi təmin olunsun. Ona görə də, açığı, üçüncü devalvasiya üçün ciddi zəmin var. Buna ciddi hazırlıq da gedir. Bazar iştirakçıları aktiv deyil. Heç kim əlindəki vəsaitini ölkədəki qeyri-müəyyənliyin qurbanına çevirmək istəmir. Eyni zamanda, hökumətin bu sahədə xüsusi preventiv tədbirlərinin olmaması bu riski və ehtimalı bir az da artırır.

Buna da bax: Ağ-qara filmlər rənglənəndə belə olur (Müqayisəli fotolar)

XS
SM
MD
LG