Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:02

Seks işçilərinin hüquqlarını qoruyan assosiasiya yaradılır


Rusiya polisi qeyri-leqal fahişələri maşından düşürərkən
Rusiya polisi qeyri-leqal fahişələri maşından düşürərkən

.

Bu yaxınlarda rəssam Pyotr Pavlenskinin keçirdiyi aksiya ilə bağlı məhkəmə işində sex işçilərinin şahid qismində çıxış etməsi cəmiyyətdə mübahisələrə səbəb olmuşdu: rəssamın tərəfdarlarının fahişələri prosesə cəlb etməsi nə dərəcədə etikdir və ümumiyyətlə cəmiyyətin bu peşənin sahiblərinə münasibəti necə olmalıdır?

Bu yaxınlarda BMT-nin Qadınların hər növ ayrıseçkilikdən qorunması üzrə komitəsi Rusiyaya İnzibati Xətalar Məcəlləsinin 6.11-ci maddəsini («Fahişəliklə məşğul olma») ləğv etməyə çağırıb. Komitə ölkə rəhbərliyinə məsləhət görüb ki, «fahişəliyə cəlb olunmuş qadınlara qarşı polis zorakılığının monitorinqini həyata keçirməyə imkan verən nəzarət mexanizmi təsis etsin». «Gümüş qızılgül» Rusiya seks işçiləri assosiasiyasının adının çəkilməsini istəməyən bir fəalı AzadlıqRadiosu-na müsahibə verib.

Peterburqda seks işçisini öldürmüş bir polis nəfərinin məhkəməsi zamanı müdafiə tərəfinin mövqeyi belə olub ki, o bu şəxs qətl törətməyib, cəmiyyəti «zərərli ünsürdən», fahişədən və narkomandan təmizləyib.

«Gümüş qızılgül» fəalları BMT komitəsinin sözügedən tövsiyələrini 2013-cü ildə yaranmış hərəkatın ən böyük nailiyyəti hesab edirlər. «Qızılgül» seks xidmətləri sahəsində işləyən qadınlara və kişilərə hüquqi, psixoloji və tibbi dəstək verir. O həmçinin dövlətin seks işçiləri ilə bağlı siyasətinin humanizm və dözümlülüyə əsaslanmasına çalışır. Rusiya Federasiyasının Ədliyyə nazirliyi bir neçə dəfə qurumu qeydiyyatdan keçirməkdən imtina edib və bunu onunla əsaslandırıb ki, rəsmi təsnifatda «fahişə» adlı peşə mövcud deyil. Nazirlik bundan başqa «sosial və irqi ədavətin qızışdırılması təhlükəsi»ni də səbəb kimi göstərir.

«Gümüş qızılgül»ün fəalı isə deyir ki, əslində Rusiyada fahişələrin sayı 3-4 milyona çatır və bu, hakim «Vahid Rusiya» partiyasının üzvlərindən çoxdur.

Seks işçilərinin maraqlarını müdafiə edən təşkilatların beynəlxalq konfranslarında iştirak edən, hərəkatın maraqlarını məmurlar və hüquq mühafizə orqanları ilə görüşlərdə təmsil edən bu xanım deyir ki, ölkənin inzibati məcəlləsində qalmaqda olan 6.11-ci maddə onu adını gizli saxlamağa məcbur edir. O, hərəkatın maraqlarını təmsil etdiyi zaman seks xidmətləri sahəsində çalışdığını gizlədir.

O deyir ki, polisin gözündə seks işçiləri ikinci sort adamlardır. «Məsələn, seks işçilərinin zorlanması və döyülməsi barədə ərizələr əksər hallarda qəbul olunmur». Onun sözlərinə görə hətta öldürülmüş həmkarlarının qatillərinin cəzalandırılmasına da çətinliklə nail olurlar. Bu halda cinayət işi açmağa məcbur olsalar da qatilin cəzasını bacardıqca yüngülləşdirirlər. Qətl halların bir çoxu nifrət zəminində baş verir.

Peterburqda seks işçisini öldürmüş bir polis nəfərinin məhkəməsi zamanı müdafiə tərəfinin mövqeyi belə olub ki, o bu şəxs qətl törətməyib, cəmiyyəti «zərərli ünsürdən», fahişədən və narkomandan təmizləyib.

Fəalın sözlərinə görə təmsil etdiyi qurum seks işçilərinə başqa hüquqi məsələlərdə də dəstək verir. Seks işçisi olduğu məlum olduğuna görə rəsmi iş yerindən qovulan insanların iş yerlərinə bərpa olunmasına çalışır.

O deyir ki, hazırda Rusiya fahişəliyin leqallaşdırılmasına hazır deyil. Hərəkat bu vaxta qədər təklif olunmuş qanun layihələrini bəyənmir. Məsələn, «Ədalətli Rusiya» partiyasının təklif etdiyi qanun layihəsi seks işçilərinin yalnız qeydiyyatda olduqları yerdə işləməsini nəzərdə tuturdu. Üstəlik onlar bütün qonşuları öz fəaliyyətləri barədə xəbərdar etməli idilər. Onların mənzilinə müntəzəm olaraq sanitar-epidimioloji stansiyanın işçiləri, yanğınsöndürənlər və ictimai müşahidəçilər gəlməli idi. «Qanun layihələrinin heç birində bizim hüquqlarımız nəzərdə tutulmur, yalnız vəzifələrimiz var. Bizim dövlət sistemimiz o qədər bürokratlaşıb ki, leqallaşma baş verərsə korrupsiyanın bir növü başqa növünə keçəcək».

Yollarda duran fahişə (arxiv fotosu)
Yollarda duran fahişə (arxiv fotosu)

Həmkarlar İttifaqı fəalı deyir ki, hər şeydən əvvəl seks xidmətləri sahəsinin cinayət kimi qəbul edilməsinə son qoyulmalıdır və 6.11-ci maddə ləğv edilməlidir. «Bizə öz hüquqlarımızı müdafiə etmək çox çətindir, çünki biz özümüz qanun pozucusuyuq. İnzibati məsuliyyətə cəlb edilmə barədə məlumat uzun müddət bazada qalır. Bu isə qızların seks biznesindən getməsinə mane olur».

Müsahibin sözlərinə görə işəgötürənlər əvvəllər 6.11-ci maddə ilə məsuliyyətə cəlb olunduğu məlum olan şəxsi hətta yaxşı təhsil almış olsa və xarici dilləri bilsə belə işə götürmürlər. Onlar olsa-olsa xadimə kimi işə düzələ bilirlər.

«Rusiya qadınlara qarşı hər növ diskriminasiyanın ləğvi barədə konvensiyanı çoxdan imzalayıb və deməli bu tövsiyəni yerinə yetirməlidir. Biz anlayırıq ki, indi beynəlxalq hüquq normaları ölkəmizdə prioritet deyil. Mən Rusiyanın BMT-nin tələbinə əməl edəcəyinə çox şübhə edirəm. Ancaq indi biz məmurlar və ...hüquq-mühafizə orqanlarının əməkdaşları ilə diskussiyalarda BMT-yə istinad edə biləcəyik. Biz özümüzü daha əmin hiss etdik, çünki sivil dünya bizim tərəfimizdədir.

...seks işçilərinin çoxu öz işlərinə pul qazanmaq üsulu kimi yanaşan adi qadınlardır...

Müsahib qeyd edir ki, seks işçiləri çox zaman özlərini stiqmalaşdırırlar. Onların bir çoxu əmindirlər ki, özlərinə qarşı yaxşı münasibətə layiq deyillər. «Mənə elə gəlir ki, ümumiyyətlə rus qadınları özlərinə qiymət verməzlər və hörmət etmirlər. Seks işçilərini sutenyorlar alçaldırsa nümunəvi evdar qadınları da ərləri döyür. Bir çox rus qadınları onları təhqir edən və onlardan istifadə edən partnyorları ilə sırf başlarının üstündəki dama görə yaşayırlar. Onların sadəcə olaraq getməyə yeri yoxdur. ...Bir şeyi dəqiq deyə bilərəm ki, düşmənimə də maddi asılılığa görə qəddar, xoşagəlməz, sevmədiyi partnyorun yanında olmağı arzulamıram».

Müsahibin sözlərinə görə yayılmış stereotipə rəğmən seks işçilərinin yalnız çox az hissəsi bu sahəyə narkotik asılılığı, səfalət və ümidsizlik səbəbindən gedir. O deyir ki, seks işçilərinin çoxu öz işlərinə pul qazanmaq üsulu kimi yanaşan adi qadınlardır. «Fahişəlik adi işdir: adam öz xidmətlərini satır və buna görə pul alır. Bəzi seks işçiləri öz işlərini həqiqətən sevirlər, bu işi öyrənirlər, öz bacarıq və qabiliyyətlərini təkmilləşdirirlər. Çox vaxt bu, fahişəliklə artıq yetkin yaşda məşğul olmağa başlamış qadınlardır. Məsələn, mən seks biznesinə otuz yaşım tamam olandan sonra gəlmişəm. Ali təhsilim, başqa sahədə böyük iş təcrübəm var».

«Əgər bizi qadağan etmək istəsəydilər bunu çoxdan edərdilər».

Hərəkatın lideri İrina Maslova deyib ki, deputat Vitaliy Milonov onu tonqalda yandırmaqla hədələyib. Müsahibin sözlərinə görə pravoslav deputat hər bir deputatın iməcilik keçirərək beş fahişəni polisə təhvil verməli olduğu barədə təklif də verib. O bundan başqa təklif edib ki, müştəri ya seks işçisi ilə evlənməli, ya da həbs edilməlidir.

«Prezident onu vicdanlı işə görə medalla təltif edib. ...Bizi cəmiyyətimiz get-gedə daha ikiüzlü və patriarxal olur. Hətta AIDS-i belə sədaqət və sağlam həyat tərzi təbliğatında istifadə etməyə çalışırlar».
Müsahib hələ 1989-cu ildə çəkilmiş «İnterqızlar» filmində Lyubov Poleşukun milis nəfərinə dediyi sözləri xatırladır: «Əgər bizi qadağan etmək istəsəydilər bunu çoxdan edərdilər». «O vaxtdan demək olar heç nə dəyişməyib. Fahişəliyi qadağan etmirlər, çünki biz yağlı tikəyik. Seks biznesinə pul müqavilində FHN-dən başqa bütün güc strukturları «krışalıq» edir. Sutenyorları yalnız o vaxt tuturlar ki, ya onlar gəlirlərindən pay vermək istəmirlər, ya da biznesin yenidən bölünməsi baş verir. Bu sahəni leqallaşdırmaq və cinayətlər siyahısından çıxarmaq da istəmirlər. Bu halda da gəlirlərini itirəcəklər: cərimələr və polislərin qızlardan aldığı rüşvət. Üstəlik bütün bunlar açıq ikiüzlü mənəviyyatçı-pravoslav ritorika ilə ört-basdır edilir». deyə həmkarlar ittifaqı fəalı məsələyə baxışını açıqlayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG