Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

-

“Ana Hindistan” kitabının müəllifi Katherine Mayo belə bir geriçiliyin indiyəcən qalmasının, bu ölkəni bütün suçlarda günahlandıra bilmək üçün əsas verdiyini deyir.

Bertrand Russel

FAHIŞƏLİK

(ixtisarla)

Araz Gündüzün tərcüməsində

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, oçağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir.

Lekkinin bu sözlərini oxuyan əxlaqçılar(moralistlər) quduzlaşıb özlərindən çıxdılar, onu utanmazlıqda suçladılar, ancaq onun bu sözlərini yalana çıxara da bilmədilər.

Moralistlərin deməsinə görə – mənə elə gəlir, onlar bunu düz deyirlər, – insanlar hamılıqla əxlaq normalarına boyun əyməyə başlayan kimi, fahişəlik büsbütün yoxa çıxacaqdır; ancaq onlar insanların hamılıqla əxlaq normalarına boyun əyməyəcəyini də çox yaxşı bilirlər, ona görə də insanların haçansa görməyəcəkləri bir işin, birdən onlar bunu eləyərlərsə hansı sonuclar verə biləcəyini düşünməyin də heç bir anlamı yoxdur.

Düzdür, toplum onların varlığına görə utanır, ancaq onlarsız keçinə də bilmir...

Toplumda fahişəliyin olması onun üçün əskiklikdir, buna söz ola bilməz, ancaq bunun belə olması əxlaqçıların gördükləri işlərin də heç bir dəyərinin, kəsərinin olmamasından soraq verməkdədir.

Freud Museyi. Vyana

Freud Museyi. Vyana

Z.Freydin deməsinə görə, bizim şüurumuz bir sıra düşüncələrimizi sıxışdırır, buna görə də onlar bizim altşüurumuzda özlərinə yer eləyərək qorunub saxlanırlar; eynilə bunun kimi, fahişəlik də toplumun altşüurunda qorunub saxlanmaqdadır.

Ancaq belə bir sürgün ömrü yaşayan fahişəlik, özü də bunu istəmədən, onun varlığını buracan alçaldan toplumdan qisas almağa başlayır.

Fahişəlik heç də həmişə alçaq iş sayılmamış, indi olduğu kimi göz qabağından qovulmamışdır.

Başlanğıcda bizim indi fahişə adlandırdığımız qadınlar çoxtanrılıq məbədlərinin kahinləri olmuş, o çağlardakı toplumda onlara böyük sayğı göstərilmişdir, bu qadınlar tanımadıqları kişilərin cinsi istəklərini ödəməyin tanrılara qulluq eləmək olduğunu sanmışlar. Məbədlərdə yaşayan belə kahin qadınlar toplumda sayılıb seçilən qadınlar olaraq tanınmış, kişilər onlarla cinsi yaxınlıq eləməyi özləri üçün başucalığı sanmışlar.

Bütsevərlərin məbədləri bağlandıqdan sonra, fahişəlik oradan çıxıb topluma ayaq açdı, onu başdan-başa bürüməyə başladı, indi isə onun məqsədi ancaq pul qazanmaqdır.

Bildiyimə görə, bugünkü Hindistanda məbəd fahişəliyindən fahişəlik biznesinə keçid hələ bütünlüklə başa çatmamışdır. “Ana Hindistan” kitabının müəllifi Ketrin Meyo (Katherine Mayo) belə bir geriçiliyin indiyəcən qalmasının, bu ölkəni bütün suçlarda günahlandıra bilmək üçün əsas verdiyini deyir.

Bugün, deyəsən Güney Amerika ölkələrindən başqa, dünyanın hər yerində fahişəlik azalmağa doğru gedir. Bu, bir yandan, indi qadınların fahişəlikdən başqa yollarla da özlərinə iş tapıb dolanışıq qura bilmələri ilə bağlıdır; başqa yandan da, indi toplumların çoxunda evlilikdən qıraqda da qadın-kişi əlaqələrinə yol verilməsinə görədir...

Fahişələrin sayını bacardıqca azaltmaq çox önəmli bir iş sayılmalıdır. Bunun üç başlıca niyəsi vardır: birincisi, fahişəliyin toplumun ümumi sağlamlığına qorxu yaratmasıdır; ikincisi, fahişəliyin qadın psixologiyasını çox korlamasıdır; üçüncüsü, fahişəliyin elə kişilərin də psixologiyasını korlamasıdır.

Fahişəliklə ömür sürən qadının yaşamı doğru-düzgün sayıla bilməz. Burada daima zöhrəvi xəstəliklərə yoluxmaq qorxusu bir yana qalsın, bundan da pisi, bu sayaq yaşamın insan psixologiyasını get-gedə sarsıdıb onu özülünədək dağıtmasıdır.

Fahişəliyə qurşanan qadınlar getdikcə ərincək, tüfeyli bir ömür sürməyə alışır, içki ilə tütün düşkünlərinə çevrilirlər. Toplumun ona aşıladığı: fahişəliyin insani əskiklik olması düşüncəsi, getdikcə onun şüurunda özünə yer eləyir, onun psixologiyasında iz qoyur, o, get-gedə özünün bütün müştərilərinin də onu alçaq saydıqları düşüncəsinə qapılır.

Eynilə rahibələrdə olduğu kimi, fahişələrin də yaşadığı ömür onların sağlam instinktlərini korlayıb sıradan çıxarmağa başlayır.

Eynilə rahibələrdə olduğu kimi, fahişələrin də yaşadığı ömür onların sağlam instinktlərini korlayıb sıradan çıxarmağa başlayır. Bütün bu səbəblər isə, fahişələrin ağrı-acılar içində ömür sürməsinə gətirib çıxarır.

Çox ciddi əxlaqi normaların olduğu toplumlarda fahişələrin günü çox ağır keçir, həm də onlar güclü mənəvi sarsıntılarla üzləşirlər.

Ancaq kişilərin də fahişələrlə ardıcıl münasibətləri varsa, bu, onların da psixikasında dərin izlər qoyur.

Fahişəlik başlıca əxlaqi normalara kökündən ziddir, ona görə də, zöhrəvi xəstəliklərin kökü kəsilsə də, lap elə fahişələrə sayğı bəslənməyə başlansa da, bütün bunlara baxmayaraq, toplumda fahişələyinin kökünün kəsilməsinə çalışmaq insanlığın başlıca məqsədlərindən biri sayılmalııdr.

Havelock Ellis öz əsərlərində fahişəliyin araşdırılmasına böyük yer ayırıb. Ancaq, mənə qalarsa, onun fahişəliyi doğrultmaq üçün gətirdiyi arqumentlər doğru sayıla bilməz.

O, öz sözünə çox uzaqlardan başlayır, hələ sivilizasiyanın yeni yaranmağa başladığı çağlarda kütləvi sekslə bağlı ayinlərin keçirildiyini yazır, o çağlarda adi günlərdə ciddi nəzarət altında olan cinsi istəklərlə bağlı duyğuların bu ayinlərin keçirildiyi günlərdə özbaşına buraxıldığını bildirir. Onun düşüncəsinə görə, fahişəlik öz kökünü bu, əski çağlardakı kütləvi sekslə bağlı ayinlərdən götürmüşdür və fahişəliyin bu gün də yaşaması, elə o keçmiş ənənələrin bugünümüzə gəlib çıxması ilə bağlıdır...

Bir sıra əxlaqi normaların bugünümüz üçün yararsız sayılmağa başlaması fahişəliyin azalmasına gətirib çıxarmağa başlamışdır. Əxlaqçılar belə münasibətləri düzgün saymasa da, mənim düşüncəmə görə, bir-birini süvən gənc oğlanlarla qızlar arasındakı azad münasibətləri bəyənməyə dəyər; belə münasibətlər gənc oğlanlarda qabalıqla amansızlığı, gənc qızlarda isə lovğalıqla vasvasılığı aradan qaldırır.

Belə azad münasibətlərə qarşı çıxanlar isə, kimliyindən asılı olmayaraq, fahişəlyin saxlanması üçün çalışmış olurlar, fahişəlik isə dediyimiz kimi, aşırı əxlaqi normalarının hökm sürdüyü toplumlarda, tarazlığın pozulmaması üçün ortaya çıxmışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG