Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Belə böyük suçları olan insanın ölümsüz olmasını niyə diləyirsiniz?!


Bertrand Russel

Bertrand Russel

-

"Baş verən bütün bu iyrənclikləri törədənlər özlərini Tanrının qoyduğu əxlaqi dəyərlərin daşıyıcıları sayırlarsa, doğrudanmı, bu, dünyanı hansısa çox ağıllı bir varlığın yaratmasından soraq verir?!"

Bertran RASSEL

Araz Gündüzün tərcüməsində

ÖLÜMDƏN SONRA DA HƏYAT VARMI?

Bizim ölümdən sonra da var olub-olmayacağımızı araşdırmağa çalışmağımız, haradasa belə bir sualı aydınlaşdırmaq deməkdir: insanın bügünkü kimliyi dünənki kimliyi ilə birdirmi?

Filosofların çoxunun düşüncəsinə görə, insan iki mahiyyətin daşıyıcısıdır, bunlar onun bədəni ilə ruhudur, insan yaşadıqca onlar, arası kəsilmədən, biri-birindən ayrılıqda var olurlar; ancaq ruh yaradıldıqdan sonra, ölümsüz olaraq, sonsuzlara kimi var olur, bədən isə ölüm səbəbiylə, hansısa anda öz ömrünü başa vurur, sonradan haçansa yenidən diriləcəyi zamanı gözləyir.

Bu gün ömür sürdüyümüz yaşamı izlədikcə, bu ideyanın kökündən yanlış olduğu açıq-aydın görünür.

Bertrand Russel

Bertrand Russel

Bədən bir cisim olduğu üçün bizim yediyimiz yeməklərdən, bir də özünün arasıkəsilməz aşınmalarından asılı olaraq, dayanmadan dəyişməkdədir.

Bir anlıq lap elə bu, üzdən görünən dəyişiklikləri qırağa qoysaq, ən azından bütün cisimlərin yarandığı atomların özünün dəyişməz olmadığı, zaman keçdikcə dəyişikliyə uğradığı da bəllidir.

İstənilən bir atomu götürüb: “bu elə bir neçə dəqiqə bundan qabaqkı atomdur” deməyin özü qaba bir yanlışlıq sayılmalıdır.

İnsan bədəninin sürəkli olaraq var olması, onun görkəmi ilə davranışlarından asılıdır, bunları hansısa gözəgörünməz mahiyyətə bağlamaq isə yersizdir.

Bu deyilənlər, bizim şüurumuz üçün də doğrudur. Biz düşünürük, duyuruq, işləyirik; ancaq bizim düşüncələrimizin, duyğularımızın, gördüyümüz işlərin, ayrılıqda götürülmüş, bizdən asılı olmayan hansısa daşıyıcılarının olduğunu— bu özəlliklərimizin, bədənimizdən ayrı, bizdən qıraqda olan hansısa şüurmu, ruhmu deyilən mahiyyətdən doğulduğunu demək yanlışdır.

İnsan şüurunun sürəkliliyi (fasiləsizliyi), onun öyrəncələri və yaddaşının sürəkliliyindən doğur: dünən var olan bir insanın yaşadığı duyğuları xatırlaya bildiyim üçün, o adamı mən özümün dünənki kimliyim sanıram; ancaq düzünə qalsa, “dünənki mən”, onu indi anmağı bacaran bəlli şüurun durumlarından biridir, bu şüurun yiyəsi isə, onun dünənki durumunu xatırlamağı bacaran bu günkü insandır.

Bizim öyrəncəlik(vərdiş) adlandırdığımız: yaddaşla bağlı olan, yaxud da yaddaşın canlandıra bildiyi bütün qavrayışların toplusu, insan kimliyini formalaşdırır.

Ona görə də, insanın ölümdən sonra da yaşadığına inanmaq, onun kimliyini formalaşdıran yaddaşı ilə öyrəncələrinin də ölümdən sonra qalmasına inanmaq demək olardı.

Bunun belə olmayacağını kimsə sübut eləyə bilməz. Ancaq bütün bunların belə olacağı da çox az inandırıcıdır. Çay öz yatağı ilə necə bağlıdırsa, yaddaşımızla, öyrəncələrimiz də, bunun kimi, bizim beynimizin quruluşu ilə bağlıdır. Bundan qabaq axan sular özünə yol açdığı üçün, ondan sonra gələn sular da həmən yataqla, bəlli bir yönə axmalı olur.

Bertrand Russell

Bertrand Russell

Buna oxşar olaraq, düşüncələrimiz—öncəki olayların beynimizdə açdığı arxlara yönəlir, onlarla axmalı olur. Yaddaşla öyrəncələrimizin yaranmasının da səbəbi elə budur.

İnsan öləndə onun beyni özünün bütün strukturları ilə birlikdə dağılıb gedirsə, onda belə çıxır, bu olay baş verəndə yaddaş da dağılıb getməlidir. Yoxsa, bu ona oxaşayardı, zəlzələ dağları uçurub dağıtmış, çayın yatağını doldurmuş, biz isə hələ də çayın öz qabaqkı yatağı ilə axdığını düşünməkdəyik.

İstənilən yaddaş, o sıradan, şüurla bağlı olan bütün başqa olaylar da, yalnız bir sıra özəl maddi quruluşlardan doğula bilir, başqa maddi quruluşlarda isə bu özəllik ya büsbütün olmur, ya da olduqca az olur.

Bu sayaq maddi quruluşların başlıca özəlliyi isə, onların tez-tez, dönə-dönə baş verən olayları öyrəncələrə(vərdişlərə) çevirə bilməsidir. Gəlin, belə bir sınağa baxaq: insanın gözünə parlaq işıq düşəndə o, gözünü qırpır, birdən insanın gözünə dönə-dönə parlaq işıq salıb, elə bu anda da yaxınlıqdakı zəngi çalsanız, sonradan, ışıq salmayıb ancaq elə zəngi çalmaqla, insanın gözünün qırpıldığını görəcəksiniz.

Bu fakt beyin ilə əsəb sisteminin, başqa sözlə, bəlli maddi quruluşun necə işlədiyini göstərir.

Belə sınaqlar aparmaqla biz dilimizin də qarşılaşdığı durumlara necə reaksiya verdiyini araşdıra bilərik, eləcə də, hansı xatirələrimizin bizdə necə duyğular doğurduğunu da öyrənə bilərik, özümüzün əxlaqa uyğun olan və olmayan öyrəncələrimizi də, belə sınaqların yardımı ilə araşdırmaq olar—bir sözlə, kimliyimizdə yer alan irsən aldığımız özəllikləri çıxsaq, bizim kimliyimizi formalaşdıran bütün yerdə qalan özəllikləri belə sınaqlarla arayıb yoxlamaq olar.

Bədənimizdə olan irsi özəlliklər bizə ata-analarımızdan keçir, ancaq bədən öləndən sonra onların da yoxa çıxacağı aydındır.

Beləliklə də, insan kimliyinin: istər irsi, istərsə də sonradan qazanılan özəllikləri, bədənimizdə olan bir sıra bəlli maddi quruluşlardan asılıdır.

Bildiyimiz kimi, hansısa səbəbdən beyinin zədələnməsi ilə insan yaddaşını bütünlüklə itirə bilər, çox ağıllı bir insan beyin iltihabına yoluxub ağlını itirə bilər, olduqca düşüncəli bir uşağa yeməyində yetərincə yod verilməzsə, o qısa bir müddətdə yelbeyinin birinə çevrilər. Sadaladığımız faktları götür-qoy eləyəndə, beyinin çürüyüb, dağılıb getməsindən sonra da, insan şüurunun qala biləcəyi heç cür inandırıcı görünmür.

Ölümdən sonra da həyatın olması düşüncəsi ağıldan yox, emosiyalardan doğan bir inamdır.

Bu emosiyaların içində başlıca yeri insanın ölümdən qorxması tutur, bu isə varlığın özünü qoruması ilə bağlı olan bir instinkt olub, bioloji baxımdan çox gərəklidir. Biz birdən, ölümdən sonra həyatın olacağına ürəkdən inansaydıq, ölümdən azacıq da olsa belə qorxmazdıq.

Bosnia və Herzegovina. B.Rasselin əsəri əsasında "Xoşbəxtliyin fəthi" tamaşası

Bosnia və Herzegovina. B.Rasselin əsəri əsasında "Xoşbəxtliyin fəthi" tamaşası

Bunun sonucu isə çox gözlənilməz olardı, çox ola bilsin, bizim çoxumuz buna görə təəsüflənərdik də.

Bizim ulularımız insan olmamışdan qabaq da, insan olandan sonra da, milyon illər boyunca öz yağıları ilə vuruşmuş, öz qorxmazlıqlarına arxalanaraq onları yenə bilmişdilər; yaşamaq uğrundakı savaşlarda insan üçün təbii olan ölümdən qorxmaq duyğusunu adlaya bilmək, çox vaxt, bunu bacaranların üstünlüyünə çevrilir.

Heyvanlarda, vəhşi durumda olan insanlarda olan instinktiv savaşqanlıq özəlliyi onlara, gərəkən durumlarda ölümdən qorxmaq duyğusunu unutdura bilir, ancaq bəlli tarixi dönəmlərdə insanlar arasında da buna oxşar olaylar baş vermişdir: müsəlmanların cənnətə düşəcəklərinə ürəkdən inanmaları, onlara buna oxşar təbii savaşqanlıq, ölümdən qorxmazlıq kimi duyğular aşılamaqla, çox böyük hərbi uğurlar qazandırmışdır.

Görünür, elə buna görə də, silaha arxalanan dövlətlərin hamısı insanlar arasında yayılmış ölümdən sonra da yaşamın olacağı ilə bağlı inancları qoruyub saxlamağa çalışırlar, ancaq bu durumda onların yeni bir qayğısı da yaranır:

ölümsüzlüyə inanan insanlar üçün bu dünyada baş verən olaylar öz dəyərini itirməyə başlayır, onları vaxtında bundan çəkindirməsən, hər şeyə, o sıradan savaşa da başısoyuq yanaşmağa başlaya bilərlər.

İnsanın böyüklüyünə vurğunluqdan doğan emosiya da, ölümdən sonrakı həyatın olması düşüncəsinin ortaya çıxmasına səbəb olur.

Görün Birmingem yepiskopu, ilahiyat doktoru Barns nə deyir:

“İnsanın ağlı, onun ortaya çıxmasına qədər olmuş bütün başqa alətlərin hamısından üstündür: onun ən başlıca üstünlüyü isə, nəyin düz, nəyin yanlış olduğunu bilməsindədir. O, Vestminster abbatlığını qura bilmək bacarığındadır. O, aeroplan düzəldə bilir. O, Günəşəcən olan yolun uzunluğunu hesablaya bilir... Beləliklə də, insan öləndən sonra yoxluğa gömüləcəkmi? Onun heç nəylə tutuşdurula bilməyən bu aləti olan ağlı, insan öləndən sonra itib batacaqmı?”

Bunun ardınca isə yepiskop belə bir şeyi isbat eləmək istəyir:

“Dünya ağılla yaranıb, ağılla da idarə olunursa, onda ağıl yiyəsi olan insanı yaradıb sonradan onu yoxluğa gömməyin anlamı varmı?”

Onun bu arqumentlərinə bir neçə açıdan (baxımdan -red.) cavab vermək olar. Birincisi, təbiətə əxlaqi, estetik dəyərləri tətbiq eləmək, bir sözlə, onu insaniləşdirməyə çalışmaq, təbiətin elmi baxımdan araşdırılmasını, bu yöndəki tapıntıları əngəlləyir. İnsanın tarix boyunca özünü alışdırdığı bir neçə yanlış düşüncə örnəklərinə baxaq:

“Bütün göy cisimlərinin hamısı çevrə boyunca fırlanır, axı çevrə bütün əyri xətlərin içində ən bitkin olanıdır; bütün növlər dəyişməzdir, axı Tanrı ancaq sonradan yaxşılaşdırılmasına gərək duyulmayan ən bitkin nəsnələr yaradır; yoluxucu xəstəlikləri aradan qaldırmaq üçün çalışmağa gərək yoxdur, onlar biz insanların işlətdikləri böyük suçlara görə göylərdən bizi cəzalandırmaq üçün göndərilmişdir, belə durumlarda bizim işimiz yalnızca tövbə eləmək olmalıdır... habelə bunun kimi düşüncələr”.

Ancaq bizim bugünkü elmi uğurlarımız bunun tərsini deyir: təbiət bizim onun üçün düşündüyümüz, ona bağlamağa çalışdığımız dəyərləri saya salmır, biz təbiəti gərəyincə araşdırıb öyrənmək istəyiriksə, gərək onda bu araşdırmalarımız zamanı yaxşılıqla yamanlıq adlı dəyərlərimizi bir qırağa qoyaraq, bu işə girişək.

Kainatın məqsədəuyğun inkişaf yolu ola bilər, ancaq bu məqsədəuyğunluğun biz insanların məqsədəuyğun saydıqlarımızla uyğun olduğunu demək üçün bizim əlimizdə heç bir arqument yoxdur.

Bu sözlər sizlərə çöçün (miskin -red.) gəlməsin. Doktor Barnsın deməyinə görə, “insan nəyin düz, nəyin yanlış olduğunu bilir”.

Ancaq görün antropologiya elmi nə deyir: insanların nəyin düz, nəyin yanlış olması haqqında baxışları biri-birindən kəskin surətdə seçilib ayrıldığından, onlar özlərinin çoxminillik tarixləri boyunca, indiyə kimi də, çoxlu gərəkən məsələlərlə bağlı ümumi razılığa gələ bilməmişlər.

Belə çıxır, biz insanın nəyin düz, nəyin yanlış olmasını bildiyini söyləyə bilmərik, insanların hamısının yox, yalnız bir sıra insanların bunu: nəyin yaxşı, nəyin pis olduğunu bildiklərini deməyin yeri vardır.

Gəlin baxaq görək, bu insanlar kimlərdir? Nitşe əxlaqla bağlı özünün bir sıra arqumentlərini ortaya atmışdır, bu arqumentlər xristian etikasına kökündən zidd olsa da, dünyanın bir çox güclü dövlətləri onun bu baxışlarını düzgün sayır, öz ölkələrində yayılmasına çalışırlar.

Kimin əlində olan zəhərli qaz daha çox qırğın törədə biləcəksə, gələcəyin əxlaqı da onun istədiyi kimi olacaqdır.

Deməli, nəyin yaxşı, nəyin pis olduğunu bilmək insanın ölümsüzlüyünü göstərən arqumentdirsə, onda öncə biz gərək İsayamı, yoxsa Nitsşeyəmi inanmalı olduğumuzu kəsdirək, ancaq bundan sonra xristianların ölümsüz, Hitlerlə Mussolinin isə ölümlü olduğunu sübut eləyək; ya da tərsinə. Ən acınacaqlısı isə, burada kimin doğru, kimin yanlış olmasının kabinetlərdə yox, savaş meydanlarında həll olunmasıdır.

Burada kimin əlində olan zəhərli qaz daha çox qırğın törədə biləcəksə, gələcəyin əxlaqı da onun istədiyi kimi olacaqdır. Deməli, elə onlar da ölümsüz olacaqlar.

Biz nəyin yaxşılıq, nəyin yamanlıq olması ilə bağlı, eləcə də başqa bu sayağı duyğularımızı, inanclarımızı,–yaşamaq uğrunda döyüşlərimizin gedişində qazanmışıq, bu baxışlarımız ilahi, fövqəladə bir qaynaqdan doğmamışdır.

"Ezop" filmində baş rolun ifaçısı Aleksandr Kalyagin

"Ezop" filmində baş rolun ifaçısı Aleksandr Kalyagin

Ezopun belə bir təmsili vardır: aslanları ovlayan ovçuların şəklini aslana göstərəndə o qayıdıb deyir: bu şəkli mən çəksəydim, tərsinə: insanları ovlayan aslanların şəklini çəkərdim.

Doktor Barns deyir: insan aeroplan düzəldə bildiyi üçün gözəl varlıq sayılmalıdır. Bu yaxınlaradək ağıllı milçəklər haqqında çox sevilən bir mahnı oxuyardılar. Milçəklər otağın tavanında başaşağı dayanaraq gəzişirlər, xor isə bu sözləri oxuyur:

“Lloyd Corc bunu bacarardımı? Mister Bolduin bunu bacarardımı? Ramsey Makdonald bunu bacarardımı? Yox, yox, yox, bacarmazdılar!”

Dünyanın ən mədəni sayılan ölkələri öz dövlət büdcələrinin yarıdan çoxunu hərbi xərclər üçün ayırırlar, yəni başqa ölkələrin vətəndaşlarını öldürə bilmək üçün xərcləyirlər.

Milçəklərin içində ilahiyyat üzrə talantı olan birisi, milçəklərin insanlardan bu üstünlüyünü qabardıb, başqa milçəklərə özlərinin təbətin ən seçkin varlıqları olduğunu aşılamağı bacarsaydı, elə bilirəm, milçəklər arasında da, onun bu dediklərinə inananlar çox olardı.

Bundan başqa da, bizim insana belə yüksək dəyər verməyimiz bir də, abstrakt düşünməyimizə görədir. Özlüyündə isə, insanların çoxu, başqa insanların heç də yaxşı olmadığını düşünür.

Dünyanın ən mədəni sayılan ölkələri öz dövlət büdcələrinin yarıdan çoxunu hərbi xərclər üçün ayırırlar, yəni başqa ölkələrin vətəndaşlarını öldürə bilmək üçün xərcləyirlər.

Bosnia və Herzegovina. Rasselin əsəri əsasında "Xoşbəxtliyin fəthi" tamaşası

Bosnia və Herzegovina. Rasselin əsəri əsasında "Xoşbəxtliyin fəthi" tamaşası

Gəlin, əxlaqın yönətib coşdurduğu bu insan dediyimiz varlığın öz tarixində törətdiyi çoxsaylı yaramazlıqlara göz yetirək:

insanın qurban olaraq kəsilməsi, özləri kimi düşünməyənlərin kafir adlandırılaraq amansızcasına öldürülməsi, çoxlu sayda insanların ifritə adı ilə tonqalda yandırılması, sayıbilinməz talanlar, ən sonuncusu isə, insanların zəhərli qazla kütləvi olaraq məhv edilməsi.

İşə baxın, doktor Barnsın ən yaxın kolleqalarından biri, pasifizmin(sülhsevərliyin) xristianlıqla uyuşmadığını deyir, elə isə, bu onun insanlara qarşı törədilən qırğınları bəyənməsi deyilmidir?

Baş verən bütün bu iyrənclikləri törədənlər özlərini Tanrının qoyduğu əxlaqi dəyərlərin daşıyıcıları sayırlarsa, doğrudanmı bu, dünyanı hansısa çox ağıllı bir varlığın yaratmasından soraq verir?!

Belə böyük suçları olan insanların ölümsüz olmasını diləməyin anlamı varmı?

Bizim yaşadığımız dünyanın, qarmaqarışıqlar ilə gözlənilməzliklərin nəticəsi olaraq ortaya çıxdığı açıq-aydın görünür; yox, birdən, deyilən kimi, bu dünya məqsədyönlü olaraq belə yaradılıbsa, onda bu dünyanı yaradan kimdirsə, o insanlığın ən qatı yağısı sayılmalıdır. Mənə qalırsa, dünyanın yaranmasını gözlənilməzliyə bağlamağı daha uyğun, daha ağlabatan hipotez saymaqdayam.

Günün bütün mövzuları

XS
SM
MD
LG