Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

- "Müştəri xidmətlərinin qadınları ilə ən axırıncı adam olan kişilər belə ucuz zarafatlar edərək məzələnməyə, başını bişirməyə, tanış olub yatağa salmağa çalışırsa."

Yusif Hansen

Yaxçı qadın işləməz

21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də bəzi şeylər, məsələlər var ki, onlara dair bir qərara gələ bilmirik.

Ən aktual məsələ – qadınlar işləməlidir ya, yox. Buna dair cəmiyyətdə müxtəlif fikrlər var. Biri deyir işləməsin, o biri deyir işləsin. Digər millətlər atomu parçalayıb çoxdan, biz isə hələ durduğumuz yerdən tərpənə bilmirik.

Belə götürəndə qadını işləməyə qoymayan kişilərə əyri baxırıq, söyürük, müxtəlif adlar qoyuruq. Özümüzü müasir sayırıq. Qızlı-oğlanlı şort geyinib çölə çıxmağa üstünlük veririk və belə belə işlər.

Qadın işləməlidir. Faydalı olmalıdır. Pul qazanmalıdır. Maşın sürməlidir. İstirahət etməlidir. Əylənə, spirtli içki içə, siqaret və qəlyan çəkə, seçdiyi kişilərlə yata bilər. Və buna bənzər şeylər. Bla, bla, bla. Bir çoxu belə düşünməyə davam edə bilər.

Xahiş edirəm ki, mənə bir şeyi izah etsinlər. Əvvəlcədən ifadəmə görə bağışlayın.

Amma ictimai nəqliyyatda qadınları əlləməyə çalışan, sonra da bunu qürurla çayxanada danışan kişilər var ikən qadını necə adamların çox vaxtında çölə çıxmağa qoyasan. Xəyalında onu soyunduran, bomba şey kimi adlandıran kişiləri hələ demirəm.

Belə baxanda problem nəqliyyatda deyil. Olsun avtomobil idarə edən qadınlar. Bəyəm onların ardınca düşən, avtomobil idarə edərək tanış olmağa çalışan, iyrənc təkliflər edən, boğaza yığan bizim kişilərimiz deyil?

Bir ölkədə ki, qadın axşam hava qaralandan sonra çöldə rahat gəzə bilmir. İşdən çıxıb yolun kənara ilə başını aşağı salıb gedərkən özünü qeyrətli göstərən kişilərimiz maşını saxlayıb aparmağı təklif edirsə.

İş yoldaşları qadını xatırlayarkən, "necə şey" olması barədə fikrlərini bölüşürsə.

Rəhbər də daxil olmaqla, digər işçilər işləyən qadınla fırlanıb yatmağın yolunu düşünürsə. Kənardan işini görərkən digərləri ona baxıb ağzının suyunu axıdırsa. Ərini iyrənc sözlərlə söyüb bədbəxt hesab edirlərsə.

Hətta mənim sinif yoldaşlarım kimi məktəblilər də qapının arasından gizlincə müəllimənin ayaqlarına baxıb ağzının suyunu axıdaraq bundan zövq alırsa.

İş başında olan qadına adi vətəndaşlar belə, fahişə gözü ilə baxırsa. Müştəri xidmətlərinin qadınları ilə ən axırıncı adam olan kişilər belə, ucuz zarafatlar edərək məzələnməyə, başını bişirməyə, tanış olub yatağa salmağa çalışırsa.

Bundan sonra qadının işləməyinə mən necə razı olum?!

Bizim ölkədə qadın yalnız əşyadır, şeydir. İki cür qadın var. Nəsli davam etdirməyə kömək edən və uşaq doğan aparat. Digəri isə yataqda razı salan.

Bu düşüncə dəyişməyənə qədər fərqli nəsə gözləməyə dəyməz. Yaxçı qadın işləməz deyən yaxçı kişilərin öz qadınlarına evi həbsxana edib küçədən tutmuş işdəki qadınlara qədər yatmaq üçün potensial variant gördüyü müddətdə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Şərhləri göstər

XS
SM
MD
LG