Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Yarmarkada çalışanlar köçürüləcəklərindən narahatdırlar


Binə bazarında 60-dan çox çinli işləyir və onların ayrıca cərgəsi var
Binə bazarında 60-dan çox çinli işləyir və onların ayrıca cərgəsi var

Bakının ən böyük ticarət mərkəzi hesab edilən «Aeroport yarmarkası»nın ümumi sahəsi 30 hektardan çoxdur. Yarmarkaya daxil olan Binə və Sədərək bazarlarında qeyri-rəsmi məlumatlara görə, ümumilikdə 25 mindən çox adam çalışır. Bazarda işləyənlərin dediyinə görə, Sədərək bazarında 3 minə, Binə bazarında isə 10 minə yaxın ticarət obyekti var.


Hər gün yarmarkadan onlarca yük dolu avtobus ölkənin müxtəlif rayon və şəhərlərinə yola düşür. Buradan hətta qonşu ölkələrə - İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya da mal gedir. Yarmarkada Çindən, Pakistandan, Türkiyədən gəlmiş və burada işləyən onlarca əcnəbiyə rast gəlmək mümkündür. Binə bazarının hətta təkcə çinlilər işləyən cərgəsi də var. Onlardan biri Styopa artıq bir ildir ki, Azərbaycandadır və bu yarmarkada ticarətlə məşğuldur. Deyir ki, bu bazarda 60-dan çox çinli işləyir, satdıqları malları isə elə Çindən gətirirlər. Alverləri də yaxşı gedir: «Biz burda öz ticarətimizi inkişaf etdirə bilirik. Mallarımızı Çindən özümüz gətiririk. Bütün mallarımızı yerli satıcılardan 10% ucuz satırıq. Alıcılarımız da çoxdur».



«Son illərdə işlər çox zəifləyib. Mən bunu bazarın böyüklüyü ilə əlaqələndirirəm. Əvvəllər 1 satıcıya 10 alıcı düşürdüsə, indi 2-3 alıcı düşür»

Yerli ticarətçilər isə bazara daha çox Çin, Pakistan, Türkiyə və Dubaydan mal gətirirlər. Onların dediklərinə görə, qazancları da pis deyil. Yarmarkada sıfırdan başlayıb, sonradan əməlli-başlı pul qazanan onlarca adam var. Həmsöhbətim Camal 1996-cı ildə hərbi xidmətdən qayıdıb və dövlət müəssisələrində təklif olunan məvacib onu qane etmədiyindən Binə bazarında ticarətə başlayıb. Özü də çox kiçik kapitalla. Kiçik bir piştaxtanın üstündə məktəbli ləvazimatları satıb: «Sonra profili dəyişdim, başqa mallar satmağa başladım. Əvvəlki illərdə irəliləyiş var idi. Amma, son illərdə işlər çox zəifləyib. Mən bunu bazarın böyüklüyü ilə əlaqələndirirəm. Əvvəllər 1 satıcıya 10 alıcı düşürdüsə, indi 2-3 alıcı düşür».


Bu ticarət mərkəzində indi ticarətin tənəzzül dövrü olmasından təkcə Camal yox, söhbət etdiyim bütün satıcılar şikayətləndilər.


İndi yarmarkada işləyənlər ticarət mərkəzinin başqa ünvana köçürüləcəyi ilə bağlı yayılan xəbərlərdən narahatdırlar. Köçürmə məsələsi ölkə başçısının bu barədə sərəncamından sonra ortaya çıxıb. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binə Hava Limanı ətrafında ekoloji tarazlığın bərpası üçün 2007-2008-ci illərdə yarmarkanın köçürülməsi tapşırılıb. Satıcılar deyirlər ki, bu xəbər çıxanı icarədarlar da icarə haqqını birə-beş artırıblar: «İcarə haqqı qalxdığından çörək pulu da qazana bilmirik. Hər gün o ümidlə işləyirik ki, sabah yaxşı olacaq. Standart icarə haqqı olsa yenə də bir şey qazanarıq. Yer yiyəsinə yalvarırıq ki, sən allah 3000 dollara qaldırma icarə haqqını, qoy 2500-də qalsın».


Ən baha icarə haqqı isə alıcıların daha çox «skladlar» kimi tanıdığı topdansatış anbarlarındadır. Burda hətta ayda 4000-5000 dollar pul verib dükan icarəyə götürənlər də var.

«Hər ay pul köçürürük. Kimə, hansı fonda gedir bu pullar bilmirik. Bircə dəfə də bizə qəbz verilməyib»
Anbar almaq üçünsə ən azı 20-30 min dollar pulun olmalıdır. Anbar, dükan sahibləri ilə danışanda isə başqa bir məsələ ortaya çıxdı. Sən demə, bu qədər pul verib dükan alırsan, amma, heç bir rəsmi sənədə tələb olunmur.



4 ildir ki, Binə bazarında alver edən Ələkbər kişi isə deyir ki, bu dörd il ərzində bircə dəfə də olsun, ona icarə haqqı verdiyinə dair qəbz verilməyib: «Hər ay pul köçürürük. Kimə, hansı fonda gedir bu pullar bilmirik. Bircə dəfə də bizə qəbz verilməyib. Hər ay bir naməlum adam əlində dəftər gəlir pul yığmağa».


Hər hansı rəsmi sənədin olmaması daha çox dükan və anbar sahiblərini narahat edir. Çünki, yarmarka köçürüləndə nə dövlətdən, nə də yarmarka rəhbərliyindən heç bir kompensasiya tələb edə bilməyəcəklərini başa düşürlər. Bakı Şəhər baş planının müəlliflərindən biri Feyzulla Quliyev isə bu köçürmənin labüd olduğunu deyir. Onun sözlərinə görə, şəhərin baş planı tərtib olunarkən təyyarə zolağında belə bir ticarət mərkəzinin salınması nəzərdə tutulmayıb:«Təyyarə zolağında ticarət mərkəzinin olması qətiyyən düzgün deyil. Orada yaşıllıq olmalıdır».


Feyzulla Quliyev deyir ki, bir çox xarici ölkələrdə, o cümlədən İstanbulda Atatürk Hava Limanının yaxınlığında da Ticarət Mərkəzi yerləşir. Amma, bu ölkələrdə yarmarkalar, Bakıda olduğu kimi təyyarənin uçuş zolağının altında yox, uçuş zolağından kənardadır. Memara görə, «Aeroport yarmarkası»nın əvəzinə tikiləcək yeni ticarət mərkəzi şəhərin mərkəzindən kənarda olmalıdır. Məsələn, belə bir yarmarka Sumqayıt və ya Sulutəpədə tikilə bilər. Hazırkı Binə və Sədərək Ticarət Mərkəzlərində çalışanlar da daha çox yeni ünvan kimi Sumqayıt və Sulutəpənin adının hallandığını deyirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG