Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:17

Nisyə bazarda…kassa aparatı


Ticarətçilər deyirlər ki, onlar daha çox nisyə alver edirlər
Ticarətçilər deyirlər ki, onlar daha çox nisyə alver edirlər

«Vergilər haqqında» qanuna edilən dəyişikliklərə görə, 2007-ci il yanvarın 1-dən bazarlarda pərakəndə ticarətlə məşğul olan bütün satıcılar nəzarət–kassa aparatından istifadə etməlidilər. Yalnız kənd təsərrüfatı məhsulları, qiymətli kağızlar və qəzet satışıyla məşğul olanlar bu öhdəlikdən azaddırlar. Bu dəyişiklik ölkənin ayrı-ayrı yerlərində kiçik ticarətlə məşğul olanların narazılığına səbəb olub, yanvarın 18-də Ağstafada bazar satıcıları Bakı-Tbilisi magistral yolunu bağlayıb, Gəncədə dəmiryolu ətrafında yerləşən bazarın işçiləri isə bir neçə gün əvvəl etiraz aksiyası keçiriblər. Söhbətləşdiyim ticarətçilər nəzarət-kassa aparatlarının onlara əlavə xərc yaradacağından narahatdırlar:


- Mən nə qazanıram ki, hələ bir kassa aparatı da alım.


- Günortaya qədər işləyirəm, heç 200 manatlıq malım yoxdu. Onun nəyini kassaya vurum…


Ticarətçilər deyirlər ki, onlar daha çox nisyə alver edirlər, yəni bəzi alıcılar onlardan malı nisyə götürüb, pulunu sonra verir, hətta malı geri qaytaran da olur. Bu yerdə isə kassa aparatı yox, nisyə dəftərləri dada çatır:


- Nisyə bazara kassa aparatı yaraşmır.


- Mənim nisyə dəftərimdə 300-ə qədər adamın adı var…


Kiçik ticarətlə məşğul olanlar deyirlər ki, onların maliyyə dövriyyəsi o qədər çox deyil ki, vergidən yayınalar. Gəlirlərindən onsuz da, vergi ödəyirlər, amma bəzən alverləri elə zəif olur ki, heç yerpulu da verə bilmirlər.


Avtomobil ehtiyat hissələri satan Fariz deyir ki, malı yerə tökub satırlar, bəs kassa aparatını hara qoyacaqlar? Bəzən bazarda saatlarla işığın yanmadığını deyən həmsöhbətimin sözlərinə görə, onlar açıq havada alver edirlər, yağışlı-küləkli günlərdə kassa aparatını necə qoruyacaqlar?


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevin də fikrincə, hazırkı iqtisadi şəraitdə nəzarət-kassa aparatının tətbiqi bazarlarda kiçik ticarətlə məşğul olanlar üçün müəyyən çətinliklər yaradacaq: «Əlbəttə, çox kiçik dövriyyəsi olan ticarətçilər üçün bunu tətbiq etmək düzgün deyil».


Amma bir iqtisadçı kimi nəzərət-kassa aparatının tətbiqini vacib sayan ekspert hesab edir ki, bununla nağd maliyyə dövriyyəsinə nəzarət güclənəcək. Vergilər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fariz Səmədov isə qanuna dəyişiklikdən kimlərinsə narazı qalmasını təbii sayır. Deyir ki, onlar qanunun icrasıyla məşğuldurlar, əgər nəzarət-kassa aparatından istifadə etməli olan ticarətçilər bundan boyun qaçırarlarsa, müvafiq tədbirlər görüləcək.


Ticarətçilər isə keçirdikləri etiraz aksiyasından sonra hökumətin məsələyə müdaxiləsini gözləyir, əks halda, ölkə başçısına müraciət edəcəklərini deyirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG