Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Üzeyir bəy Niyazini repressiyalardan necə qorumuşdu [Yeni araşdırma]


Maestro Niyazi.
Maestro Niyazi.

Elnur Musayev Bədəl

Bəstəkar və dirijor Niyazi sovet repressiyasından necə qurtulmuşdu

Niyazinin sənəti ən yüksək qiymətə layiqdir. Onun əlləri qeyri-adi, iradəsi böyük və xarakteri güclüdür. (Karlo Sekki, İtaliya)

Əslində o, ilk peşəkar Azərbaycan dirijorudur. Çaykovskinin, Prokofyevin və başqa müəlliflərin əsərləri onun simasında dərin və özünəməxsus şərhçisini tapır. Əksər hallarda bu əsərlər Azərbaycanda ilk dəfə Niyazinin idarəsi ilə ifa olunur. Bu dirijorun istedadı və məharəti Azərbaycan musiqisinin, ilk növbədə simfonik musiqisinin inkişafına çox böyük kömək etmişdir. Doğrudan da, elə bir görkəmli əsər yoxdur ki, yazıldıqdan bir qədər sonra onun repertuarlarına daxil olmasın. Əksər hallarda məhz Q.Qarayevin, C.Hacıyevin, S.Hacıbəyovun və digər görkəmli sənətkarların əsərlərinin ilk təfsirçisi olur. Lakin bu, təkcə simfonik əsərlərə aid deyil. Çünki Niyazinin adı milli musiqi teatrının inkişafı ilə bağlıdır. O, uzun illər M.F.Axundov adına teatrın dirijor pultu arxasında dayanmış, bir çox opera və balet əsərinə səhnə həyatı vermişdir. (Dmitri Şastakoviç )


1912-ci il avqustun 20-də Tiflisdə Zülfüqar Hacıbəyovun oğlu Niyazi anadan oldu.

Zülfüqar bəyin anası Şirin xanım Xurşidbanu Natəvan xanımla süd bacısı idi. Odur ki. Zülfüqar bəy dünyaya yenicə göz açmış oğluna Natəvanın əri knyaz Xasay Usmiyevin (Xasay Usmiyev Dağıstanın Yaxsay kəndindəndir- Elnur) şərəfinə “Knyaz” adı verdi. Xeyli vaxt ötəndən sonar bu ad dönüb oldu “Niyazi”

1926-cı ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Niyazi Moskvaya gedir və orada Qnesinlər adına musiqi pedaqoji texnikumuna gedir, görkəmli musiqiçi və tələbkar müəllim Mixail Fabianoviç Qnesinin sinfinə daxil olur.

1929-1931-ci illərdə Niyazi Leninqrad mərkəzi musiqi texnikumunda Q.Popovun və P. Ryazanovun rəhbərliyi altında bəstəkarlıq məşğələlərini davam etdirir.

Buna da bax: Maestro Niyazi və Rəşid Behbudova abidə

Bunu qeyd etmək yerinə düşər ki, həmin dövrdə Niyazi gənc Azərbaycan bəstəkarı Asəf Zeynallı ilə birlikdə Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkil edilməsi və keçirilməsi üçün böyük iş aparırdı. Həmin konsertlərin proqramlarında Üzeyir Hacıbəyovun "Sovet Azərbaycanının 10 illiyinə həsr olunan himn" əsəri, M. Maqomayevin "Azərbaycan çöllərində" rapsodiyası, A. Zeynallının simfonik orkestr üçün "Fraqmentlər"i səslənmişdir.

Maestro Niyazi sovet hakimiyyəti illərində.
Maestro Niyazi sovet hakimiyyəti illərində.

1931-ci ilin axırlarında Niyazi səhhətinə görə Leninqraddan Yerevana (İrəvan-Ermənistan ensiklopediyasıda verilən xronoloji cədvələ əsasən 1390-cı ildən 1828-ci ilədək 438 il ərzində fasiləsiz türk hakimlər tərəfindən idarə olunmuşdur. - Elnur) gəlir, müvəffəqiyyətlə imtahan verib Yerevan Dövlət Konservatoriyasına, A.Stepanyanın bəstəkarlıq sinfinə qəbul edilir. Lakin tezliklə konservatoriyada dərsləri yarımçıq qoymalı olur; Dağıstan MSSR xalq maarif komissarlığı elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin edilir.

Bütün bu illərdə Niyazi Üzeyir Hacıbəyovla müntəzəm yazışır, yaradıcılıq və təşkilatçılıq məsələləri barəsində onun məsləhətlərinə qulaq asır. Tez-tez Üzeyir Hacıbəyov özü də Niyaziyə öz yaradıcılıq planları haqqında danışır, Azərbaycanın musiqi həyatındakı hadisələr barəsində ona məlumat verir. Bununla əlaqədar olaraq Üzeyir Hacıbəyovun 1932-ci il 23 oktyabr tarixli və 1933-cü il 28 fevral tarixli məktubları çox əlamətdardır. Həmin məktublarda o yazır:

"Əzizim Niyazi!..Sənin birinci məktubuna çoxdan cavab yazmış və öz məruzəmin tezislərini məktubun içinə qoymuşam; lakin məruzə olmamışdır; o bu günlərdə olacaqdır; maraqlananların çoxu, o cümlədən xalq komissarı M.Şahbazov və yol. M.Məmmədov məruzəmdə olacaqlar; yaxşı olardı ki, sən də iştirak edəydin; çünki mənim məruzəm sənin idarənə də aiddir; hələlik məruzənin günü təyin olunmamışdır...

Bu günlərdə mən Moskvadan, "Mejdunarodnaya kniqa"dan məktub almışam. Yazırlar ki, mənim "Arşın mal alan" operettamla xaric maraqlanır. Xahiş edirlər ki, operettanın mətnini və partiturasını göndərim. Mən öz şərtlərimi yazmışam və cavab gözləyirəm. Operamı ("Koroğlu" operas;- Elnur) yazmaqdayam, əsasən gecələr yazıram. Bakıya tez gəl, sənin üçün yaman darıxırıq. Məlikə və anan sənə çoxlu salam göndərirlər. Öpürəm səni, əmin Üzeyir".

"Əzizim Niyazi!.. Başladığın partituranı nə üçün başa çatdırıb mənə göndərməmisən... Sənin partituranla çox maraqlanıram. Çalış ki, başa çatdırıb mənə göndərəsən; Dağıstan mahnılarını yazmaqla sonra məşğul olarsan. İndi mən təcili qaydada "Koroğlu" operasının birinci pərdəsini orkestrləməkdəyəm. Ona görə ki, aprel şənliklərində birinci pərdə göstərilməlidir. Teatr məni çox tələsdirir. Yaxşı olardı ki, gəlib "Koroğlu"nun birinci pərdəsini dinləyəydin...Öyüdlərimi yadda saxla. Öpürəm, əmin Üzeyir"

1933-cü ilin ortalarında Niyazi Bakıya qayıdır. Burada o, Üzeyir Hacıbəyovla sıx ünsiyyət saxlayaraq müəyyən müddət Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında professorlar L.Rudolfun və S.Ştrasserin rəhbərliyi altında məşğul olur.

Niyazinin bəstəkarlıq yaradıcılığının başlanğıcı həmin dövrə düşür. O, müxtəlif janrlarda öz qüvvəsini sınayır; tezliklə ilk əsəri- "Od içində" fortepiano poeması, Talış mövzularında fortepiano pyesləri silsiləsi və Azərbaycan simfonik musiqisinin ilk əsərlərindən biri olan "Zaqatala süitası" meydana gəlir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda simfonik orkestrin yaranması Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır. Ü. Hacıbəyov, Müslüm Maqomayev o illərdə, ilk illərdə Azərbaycanda simfonik orkestrin inkişaf etməsi üçün çox işlər görmüşlər. Birincisi, simfonik orkestr üçün Azərbaycan musiqisi nümunələri yaratmışlar. İkincisi, ümumiyyətlə, dünya musiqisinin, dünyanın böyük bəstəkarlarının əsərlərinin Azərbaycan səhnəsində, Azərbaycan simfonik orkestrinin ifasında səsləməsinə çox işlər görmüşlər. Ancaq tam qətiyyətlə demək olar ki- əgər Niyazi olmasaydı, bizim Azərbaycanın görkəmli bəstəkarlarının yaratdıqları gözəl opera əsərləri , simfoniyalar bu qədər yüksək səviyyəyə çatmazdı. Bunların hamısında Niyazinin xidmətləri var, rolu var və təkcə musiqiçilər yox bütün Azərbaycan xalqı ona minnətar olmalıdır.

Ancaq tam qətiyyətlə onu da demək olar ki- əgər Üzeyir Hacıbəyov olmasaydı, Niyazi bütün bu müvəffəqiyyətlərə nail ola bilməzdi, ən başlıcası isə 1937-ci il repressiyalarından sağ çıxa bilməzdi. Məhz Üzeyir Hacıbəyov Niyazini o çətin günlərdə qoruyub saxlamağa müvəffəq olur.

Oxuculara aydın olsun deyə bu məsələyə toxunmağı məntiqəuyğun hesab edirəm.

1934-cü il iyun ayının 30-da 17 nəfərin Ə.Bədəlbəyli, Z.Hacıbəyov, Niyazi, A.Refatov, Z.Burşteyn, M.Vaynşteyn, S.Paniyev, L.Yablonko, M.Kriştul, V.Çebanenko, O.Konesyan, A.Mailyan, B.Zolotaryev, A.Dobruşkesin iştirakı ilə ümumi yığıncaq keçirilir. Məhz bu gün musiqi tarixində Azərbaycan Bəstəkarlar İttifaqı yarnma günü kimi qəbul edilmişdir.

Bəstəkarlar İttifaqının sədri vəzifəsinə Baxçasarayda doğulmuş, 31 yaşlı, mənşəcə krım tatarı olan Asan Mahmudoviç Refatov seçilir. Bu bəstəkar haqqında məlumat azdı. Refatov Bakıda 1927-ci ildən məskunlaşmışdı. Ali Musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında almış və özünün yazdığı kimi "ali təhsil görmüş iki türk bəstəkarından biri idi" (ikinci türk bəstəkarı Asəf Zeynallını nəzərdə tutur- Elnur). A. Refatov Azərbaycan Radio Komitəsində musiqi redaktoru vəzifəsində çalışmış, çoxlu dram tamaşalarına, radiopyeslərə musiqi bəstələmiş, habelə bir neçə simfonik süita yazmış, Krım mahnılarının (250 mahnı) toplusunu, Azərbaycan dilində "Musiqi nəzəriyyəsi" dərsliyini hazırlamışdı. A. Refatovun Bəstəkarlar İttifaqının ilk sədri seçilməsinin əsas səbəblərindən biri onun, sovet ali təhsil müəssisəsinin yetirməsi olması, yəni bir şəxsiyyət kimi artıq sovet dövründə formalaşması ilə bağlı idi.

İttifaqın ilk sədri Asan Refatov Azərbaycan KP MK-nin birinci katibi M. Bağırova ünvanladığı məktubunda xüsusi vurğulanırdı ki, "sovet bəstəkarlarının qarşısında qoyulan məsələlər o qədər geniş, mürəkkəb və məhsuldur ki, bir sıra səbəblər üzündən onları həll etmək qeyri-mümkündür. Ən elementar şəraitin- mənzilin, alətlərin yoxluğu bir sıra bəstəkarların ( o sırada Refatov, Niyazi) yaradıcılığına böyük əngəllər törədir" (Mənbə. S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. Fond 254, siyahı. Saxlanma vahidi 4.139 s/ Lalə Hüseynova. Azərbaycan Bəstəkarlar İttifaqı. Bakı, 2010. 39 s)

1935-ci il iyunun 23-də ümumi yığıncağın qərarı ilə yeni sədr və onun müavinləri seçilir. A. Refatovun fəaliyyəti passiv iş kimi qiymətləndirilir... A. Refatov elə mənzil probleminin həll olunmaması ucbatından bir müddət sonra Bakını tərk etmişdi. A.Refatovun yerinə yuxarı instansiaların təklifi ilə Əli Kərimov təyin olunur. Ü. Hacıbəyov onun müavini, eyni zamanda "Musiqişünaslıq və tənqid bölməsinin" rəhbəri kimi fəaliyyətini davam etdirir.

Maestro Niyazi nota aldığı "Rast" muğamının ifası zamanı.

Xüsusilə qeyd etmək lazımdır ki, sədr vəzifəsinə nəinki bəstəkar, ümumiyyətlə musiqiçi olmayan şəxsin seçilməsi Bəstəkarlar İttifaqının tarixində yeganə hadisədir. Lakin bu, məhz o dövr üçün çox simptomatik göstəricidir. Əli Kərimov daha çox partiya siyasətini yeridən məmur kimi fəaliyyət göstərirdi. Lakin Ə. Kərimovun da taleyi çox acınacaqlı olub. 1937-ci ildə o, Bəstəkarlar İttifaqının sədri vəzifəsində "təxribatçılıq fəaliyyəti" ilə məşğul olduğuna görə xalq düşməni kimi həbs edilir və güllələnir. 50-ci illərdə isə Stalinin "şəxsiyyətə pərəstiş" rejiminin ifşa kompaniyasında bəraət alanlar sırasına düşür.

Təftiş komissiyasının isə 13 fevral 1937-ci il tarixli iclasında "Niyazinin şəxsiyyəti barədə" məsələ, hətta xüsusi müzakirə obyektinə çevrilmişdi. 6 bənddən ibarət olan ittihamnamədə Niyazinin "xalq düşmənləri"- Əli Kərimov və Ruhulla Axundovla şəxsi dostluğu, Əli Kərimovun hazırladığı və İttifaqın "ziyanına" yönəldilmiş tədbirlərə Niyazinin dəstək verməsi, bu insanlarla dostluğun şəxsi mənafe naminə istifadə olunması və s. bu kimi cəfəng fikirlər söylənmişdi. Lakin nə Niyazi, nə də M.Vaynşteyn 1937-ci ildə repressiya olunanlar siyahısına düşmədi. Refatov və Çobanzadənin əsərlərinin "qarşısının alınması" Vaynşteynin "müsbət əməli" kimi qiymətləndirilmişdi. Niyazi məsələsində isə Bəstəkarlar İttifaqının, onun sədri Ü.Hacıbəyovun rolu az olmamışdır.

Buna da bax: Üzeyir bəy «Knyaz» dedi, amma «Maestro» kimi tanındı…

Həqiqətəndə o dövrlər çox dəhşətli dövrlər olub.

Ü. Hacıbəyov nəinki 37-ci illərdə, habelə sonrakı dövrlərdə də Niyazini qoruyub saxlamışdır. Təkcə bir faktı qeyd etmək kifayət edər. 1944-cü ildən 1947-ci ilə kimi Azərbaycan Bəstəkarlar İttifaqının işi haqqında hesabat toplanmış və Qara Qarayev özünün bir saatdan çox davam edən məruzəsində Niyazinin, C. Hacıyevin, F. Əmirovun, S. Hacıbəyovun, Süleyman Ələsgərovun, Şəfiqə Axundovun "xalqa zidd" musiqisini kəskin tənqid etmişdi. Ən maraqlısı isə odur ki, Qara Qarayev hamıdan çox özünü tənqid etmişdi.

Burada Niyazinin xasiyyəti də nəzərə alınmalıdır. Məsələn, görkəmli, bənzərsiz dirijorumuz tündxasiyyətliyi, ötkəmliyi ucbatından yaradıcılıq təşkilatının az qala yarısıyla aranı pozmuş və onun əleyhdarları respublika bəstəkarlarının V qurultayının son iş günündə, İttifaqın Rəyasət Heyəti üzvləri seçiləndə "hayıflarını çıxmışdılar" - onu Rəyasət Heyətindən kənarda qoymuşdular. Niyazi ilə dostluq münasibətlərində olan jurnalist Svetlana Mirzəyeva xatırlayır ki, İttifaqın Rəyasət Heyətinə az qala təşkilatın yarandığı gündən daxil edilən, ötkəm, eyni zamanda kövrək heysiyyatlı bəstəkar üçün bu hadisə çox sarsıdıcı zərbə olmuşdu.

Eyni zamanda qeyd etmək lazımdır ki, Niyazi özünü çox sevdirən bir adam idi, məzələi insan idi. Sərtliyi də var idi, mülayimliyi də var idi. Bu onun xarakteri idi. O, ömrü boyu öz xarakteri ilə yaşadı və böyük işlər gördü.

Niyazi öz iş otağında arvadı Həcər xanımla birlikdə.
Niyazi öz iş otağında arvadı Həcər xanımla birlikdə.

O, Azərbaycan SSR xalq artisti (1955), SSRİ xalq artisti (1959), Ermənistan SSR xalq artisti (1962), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Dirijorların ümumittifaq baxışının laureatı (1946); SSRİ Dövlət mükafatları laureatı (1968), respublika Lenin komsomolu mükafatının fəxri laureatı (1972), Cəvahirləl Nehru adına beynəlxalq mükafat laureatıdır (1974); Lenin ordeni (1976), Qızmızı Əmək Bayrağı ordeni (1938), Oktyabr İnqilabi ordeni (1971), Şərəf nişanı (1938) ilə və bir çox medallarla təltif edilmişdir. Niyazinin xarici mükafatları arasındq "Kirill və Mefodi" ordenin (BXR), Bela Bartok adına medal (MXR), Karl-Marks-Ştadt şəhərinin medalı (ADR) və başqa mükafatlar vardır.

Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur. O, dalbadl 7 çağırış respublika Ali Sovetinin deputatı seçilmişdir.

Ona görə də tam əminliklə demək lazımdır ki, dirijor və bəstəkar Niyazi peşəkar musiqi mədəniyyətimizin banisi Ü. Hacıbəyovun, sözün həqiqi mənasında, davamçısı olmaqla öz istedadı və gərgin əməyi syəsində Hacıbəyovlar nəslinin şöhrətli nümayəndələrindən birinə çevrilmişdir. O, Azərbaycan musiqi mədəniyyətində birinci maarifçi və təbliğatçı dirijor olmuşdur. Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqimizin təbliğində Niyazinin xidmətləri əvəzsiz olmuşur. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və orateriyalarının ilk ifaçısı olmuşdur. O, bu əsərlərin şərh eilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı. Azərbaycan profesional dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır.

Yuxarıdada qeyd etdiyimiz kimi simfonizmin təşəkkülü və inkişafında da Niyazinin xidmətləri böyükdür. Onun yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodiyası, xüsusilə harmonik dilin əlvanlığı ilə fərqlənir. "Rast" müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrə səslənmiş, Çekoslavakiya "Suprofon", ABŞ-ın "Rikordi" musiqi şirkətləri təəfindən qrammofon vallarına yazılmışdır.

Niyazi ilk Azərbaycan dirijoru idiki, Sovet İttifaqında qağaların çox möhkəm dövründə Azərbaycanla Türkiyə arasında körpü saldı. O, Türkiyəyə qastrola getdi. Bu, təkcə qastrol səfəri deyili, uzun illərin ayrılığından sonra iki qardaş xalqın vüsalı idi. O zaman belə bir iş yalnız Niyazi görə bilərdi. Çünki Niyaziyə hamı inanırdı. Niyazi hara getsəydi, ona yol açıq idi.

Dəmir pərdələr arxasında yaşadığımız illərdə Niyazi qardaş Türkiyədə- Ankarada Opera və Balet Teatrında Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", Verdinin "Aida" operalarına, İstanbul Opera teatrlarında türk bəstəkarı Adnan Sayqunun "Koroğlu" operasının ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmiş, bu ölkədə Azərbaycanın alovlu təbliğatçısı olmuşdur.

Niyazi eyni zamanda simfonik, kamera-instrumental əsərlərinin, mahnı və romansların, Azərbaycan kino-filmlərinə və ritm tamaşalarına yazılan musiqi əsərlərinin müəllifidir. Məhz Niyazinin təşəbbüsü ilə Azərbaycanda kütləvi mahnı bayramları və gənclər festivalları keçirilirdi.

Buna da bax: Avropanın ən böyük incəsənət mərkəzində Niyazinin əsərləri səsləndi

Niyazi ilk Azərbaycan dirijoru idi ki, hələ 1961-ci ildə Leninqrad Opera və Balet teatrına baş dirijor təyin olundu. Bu o dövr üçün fövqəladə bir hadisə idi. Bu, istedada olan hörmət idi. Niyazi orada Pyotr Çaykovskinin "Yatmış gözəl" və Serqey Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand Opera" və Londonun "Kovent-Qarden" teatrlarına qastrol tamaşaları vermişdir.

Niyazi Leninqrad Opera və Balet teatrında gənc Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin ilk tamaşasını qoydu. Tamaşanın ilk quruluşunda baş rolları Maya PlisetskayaMaris Liepa ifa ediblər.

Bu həmin Maya Plisetskayadır ki, ABŞ prezidenti Robert Kennedi sui-qəsd nəticəsində ölən gün səhnəyə çıxaraq can verən qu quşunun rəqsini ifa edir.

Mikayıl Abdullayev xatirələrində yazır: "...Niyazi Çaykovski dühasının ən gözəl interpretaotrlarından biri kimi qiymətləndirilir. Məlumdur ki, Çaykovskinin bu simfoniyaları XX əsrin böyük dirijorları Toskaninin və Stakovskinin repertuarlarında da möhkəm yer tutmuşdur. Lakin Niyazinin ifasında həmin simfoniyalar təkraredilməz bir rəngarəngliklə dinləyiciləri valeh edir. Əgər Toskaninin ifasına xüsusi lirika və füsunkarlıq, Stakovskinin ifasına isə sərtlik və yığcamlıq xasdırsa, Niyazinin ifası sözün tam mənasında özünün müasirliyi ilə ondan fərqlənir"

Fikrət Əmirov xatirələrində yazır: “Bəli, o, bizim musiqi Bisutunumuza böyük sənət eşqi ilə Fərhad kimi külüng çalıb və çalır. Onu qocalmağa qoymayan, ona qol qanad verən də bu eşqdir. Niyazi bu eşqin gücünə musiqimizi uzaq-uzaq üfüqlərə şərəflə aparıb və aparır. Doğrudan da "qanadlarıdır o, musiqimin"

Həqiqətəndə böyük sözlərdir!

Tədqiqatçı Elnur Musayev Bədəl.
Tədqiqatçı Elnur Musayev Bədəl.

Elnur Musayev Bədəl

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG