Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AzVision.az-a deyib ki, Milli Şura mitinqin keçirilməsinə nail ola bilməyəcək: “Çünki onların böyük auditoriyası yoxdur, sosial dayaqları demək olar ki, yox dərəcəsindədir. Biz bir daha şahidi olacağıq ki, Azərbaycan Xalq Cəbhəsinin çətiri altında gizlənən, ona xidmət edən Milli Şura bu mitinqində də xalq tərəfindən boykot olunacaq". O həmçinin deyib ki, "bu, heç kimə sirr deyil ki, 2003-cü ildəki mitinqlərin əsas təşkilatçısı Norveç səfiri idi. Bu, iflasa uğradı "

Bu deyilənlər nə qədər doğrudur? Ümumiyyətlə, müxalifət mitinqlərində xarici dəstəyin rolu nə qədərdir? Doğrudanmı Azərbaycan müxalifəti xarici dayaq olmadan, öz gücünə uğurlu, kütləvi mtinq keçirə bilməz? Sentyabrdan mitinqlərə başlayan müxalifət bu mitinqlərlə nəyə nail olmaq istəyir?

“BU, XALQIN KÜTLƏVİ AKSİYALARA OLAN MARAĞINI AZALTMAQ ÜÇÜN HAKİMİYYƏTİN İSTİFADƏ ETDİYİ METODDUR”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, müxalifətin mitinqlərinə Qərbin dəstək verməsi ilə bağlı fikirlərin əsası yoxdur:
“Mən Azərbaycanda hansı müxalifət qüvvəsinin məhz Qərbin maliyyə dəstəyi ilə mitinq keçirməsi haqqında məlumata malik deyiləm.

Gülağa Aslanlı

Gülağa Aslanlı

Amma onu bilirəm ki, Müsavat Partiyası keçirdiyi kütləvi aksiyalarda heç vaxt xarici ölkələrdən maliyyə dəstəyi almayıb. Çünki bu əvvəla qanuna ziddir. Əgər belə bir hal olmuş olsaydı, onda hakimiyyət qüvvələri başqalarını deyə bilmərəm, amma Müsavat Partiyasına ən sərt cəza tətbiq edərdi. Yəni belə şeylər olmayıb.

Sadəcə bu hakimiyyətin xalqın kütləvi aksiyalara olan marağını azaltmaq, onun dərəcəsini aşağı salmaq üçün istifadə etdiyi bir metoddur. Və onun da heç bir əsası yoxdur. Biz ancaq xalqın inamına, xalqın etimadına, xalqın istəyinə uyğun olaraq kütləvi aksiyalar keçirmişik, keçiririk və bundan sonra da keçirəcəyik”. (Ətraflı audioda...)

“XARİCDƏN MALİYYƏLƏŞMƏYLƏ BAĞLI İDDİALAR ORTAYA ATMAQ HAKİMİYYƏTİN MAHİYYƏTİNƏ UYĞUN YALANLARDIR”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədlinin fikrincə,hakimiyyət ölkənin çökməkdə olan iqtisadiyyatını bərpa etmək əvəzinə müxalifətə böhtan atmaqla məşğuldur:

Nurəddin Məmmədli

Nurəddin Məmmədli

“Ölkədə vəziyyət elədir ki, bu gün kütləvi aksiyaların keçirilməsi üçün kifayət qədər sosial-ictimai əsaslar var. Ölkə idarə olunmur. Devalvasiya artıq manatı tamamilə çökdürüb. Eyni zamanda inflyasiya sürətlə artmaqdadır. Hər gün demək olar ki, əmtəələrin qiyməti artır. Rüsumlar, cərimələr artırılıb. Yəni ölkədə kifayət qədər kütləvi etiraz aksiyalar üçün sosial sifariş var.

Belə bir şəraitdə Azərbaycan hakimiyyəti problemlərin kökünü araşdırıb, tədbirlər görməkdənsə, xüsusilə antiböhran tədbirləri vasitəsilə ölkənin çökməkdə olan iqtisadiyyatını bərpa etmək əvəzinə müxalifətə böhtan atmaqla məşğuldur. Azərbaycanda referendum keçirilir. Bu referendum prinsip etibarı ilə orta əsrlərə qayıdış referendumudur. Yəni monarxiya rejiminin bərpa olunması, eyni zamanda vətəndaşların mülkiyyət hüququnun tamamilə məhdudlaşdırılmasından söhbət gedir. Burda hər hansı başqa səbəb axtarmaq, xaricdən maliyyələşməylə bağlı iddialar ortaya atmaq hakimiyyətin mahiyyətinə uyğun yalanlardır”. (Ətraflı audioda...)

“QƏRB BİRİNCİ NÖVBƏDƏ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ İŞLƏYİR”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirir ki, bu gün mitinqlərin keçirilməsi bir tələbatdır və bunun hansısa dairədən maliyyələşməsi inandırıcı deyil:

Mehman Əliyev

Mehman Əliyev

“Birinci mən onu qeyd etmək istəyirəm ki, mitinqlər referendumla bağlı keçiriləcək. Mən hesab edirəm ki, bu referendum Qərblə razılaşdırılmış formada keçirilir. Bütün amillər onu göstərir ki, bu razılaşdırılıb. Və bu referendum gələcəkdə Azərbaycanda süni şəkildə aparılacaq islahatlarla birbaşa bağlıdır. Azərbaycanda çox ciddi şəkildə islahatlara ehtiyac var.Ona görə ki, sistemli böhrandır. Referendum da birbaşa bununla bağlıdır. İslahatları da biz bilirik ki, beynəlxalq institutlarla bir yerdə işlənilib. Görünən odur ki, bu yaxınlarda ortalığa qoyulacaq.

Ona görə də demək lazımdır ki, Qərb birinci növbədə Azərbaycan hökuməti ilə işləyir. O ki qaldı mitinqlərin keçirilməsinə, mitinqlərə çox böyük ehtiyac var. Çox böyük narazılıq var ölkədə. Hakimiyyət bunu bilir və bundan qorxur. Azərbaycanda referendum əhval-ruhiyyəsi yoxdur. Nə tədbir keçirilir, nə də hansısa toplantı. Həmin referendumun keçirilməsinə Qərb maraqlıdır və razılıq verilib. Hesab etmirəm ki, bu gün mitinqlərin keçirilməsini birbaşa kimsə maliyyələşdirsin ...” (Ətraflı audioda...)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG