Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

Hakim partiya müxalifəti şahmat taxtasından 'vurur'


İlham Əliyev Şahmat Olimpiadasının açılışında
İlham Əliyev Şahmat Olimpiadasının açılışında

Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası, Milli Şuranın planlaşdırdığı aksiya öncəsi qarşılıqlı ittihamlar və ixracda azalmanın mümkün fəsadları bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN UĞURU

«Azərbaycan» qəzetində «Şahmat Olimpiadasında ilk gedişi Azərbaycan prezidenti etdi» sərlövhəli məqalə dərc edilib.

Müəllif hazırda Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasını Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevirməsi yolunda mühüm addım sayır: «42-ci Ümumdünya Şahmat Olimpiadası bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək. Bakı Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq və ölkələr arasında sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edəcək. Buna olimpiadanın birinci turuna start verilərkən də şahidlik etdik. «Bakı Kristal Zal»da təşkil olunan bu mötəbər tədbirdə dünyanın 175 ölkəsini təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Təbii ki, bu qədər ölkədən olan nümayəndələrin bir arada, Azərbaycanın paytaxtı Bakıda cəmləşməsi dünyaya birlik, bərabərlik, sülh və əmin-amanlıq baxımından bir çağırışdır».

Müəllif yazır ki, prezident İlham Əliyevin sentyabrın 2-də Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarovun mübarizə aparacağı şahmat masası üzərində ilk gedişi etməsi ilə oyunlar başlayıb.

Yazıda prezident İ.Əliyevin bu yarışlarla bağlı fikriləri də yer alır: «Əlbəttə, çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir. Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə həllini tapıb. Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir».

Yazıda qeyd edilir ki, «Kristal Zal»da Mədəniyyət və Turizm Nazirliyinin Olimpiada çərçivəsində «Azərbaycan xalça sənəti» sərgi-aksiyası keçirilir. Nazirlik və Olimpiadanın Əməliyyat Komitəsinin birgə təşkil etdiyi sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələri nümayiş etdirilir. «Ona görə də, bu cür beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulamalıyıq. Bu, həm də ölkəmizin uğuru, beynəlxalq nüfuzu deməkdir»,-deyə müəllif yazır.

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

ŞAHMAT OLİMPİADASI ÖNƏMLİDİR, YOXSA KONSTİTUSİYAYA DƏYİŞİKLİKLƏR?

«Azadlıq» qəzetində «YAP-çı deputatın biabırçı antimitinq arqumenti» başlıqlı məqalə oxumaq olar.

Məqalədə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzovun Milli Şuranın sentyabrın 11-də keçirmək istədiyi mitinqlə bağlı şərhinə cavab verilir. S.Novruzov müsahibələrinin birində bildirib ki, ölkədə şahmat olimpiadası keçirilən bir vaxta mitinq keçirməyi vətəni, xalqı sevməmək kimi dəyərləndirir. «Onlar vətənlərini, xalqlarını sevən insanlar olsaydılar, təbii ki, bu aksiyanı Şahmat Olimpiadasının keçirildiyi dövrə salmazdılar. Lakin aksiyalarını bu tədbirlə eyni vaxta salsalar belə, yenə də heç nəyə nail olmayacaqlar. Çünki onlar xalqın dəstəyindən, xalqın etimadından məhrumdurlar»,- deyə S.Novruzov bildirib.

Müəllif isə vurğulayır ki, mitinqlərə hakimiyyətin münasibəti 23 ildir deyişmir. Bu münasibət də eyni yalanlar üzərində qurulur: «Hər dəfə «müxalifətin mitinqi olmayacaq», «xalq müxalifəti dəstəkləmir», «hakimiyyət-xalq birliyi mövcuddur» tipli şüarlar səsləndirirlər».

Müəllif S.Novruzovun arqumentini isə absurd adlandırır: «Guya, şahmat yarışına görə Milli Şura mitinqdən imtina etməliymiş. Şahmat yarışı Referendumdan, Konstitusiyanın dəyişdirilməsindən mühüm məsələdir? Müxalifət ölkədə mütləq monarxiya qurulmasının əleyhinədir və bunun üçün qanunun imkan verdiyi bütün etiraz formalarından istifadə edir. Ölkənin gələcəyini hansısa şahmat yarışına qurban vermək niyyətimiz yoxdur».

Sonda müəllif S.Novruzovu mitinq əleyhinə daha tutarlı səbəb tapmağa səsləyir: «Yoxsa hər arqumenti ilə özünü «mat» vəziyyətinə salır. Belə biabırçı oynamaqdansa, oyundan imtina etmək yaxşıdır».

Qubad İbadoğlu
Qubad İbadoğlu

İXRACDA NARAHATLIQ DOĞURAN RƏQƏMLƏR

«Yeni Müsavat» qəzetində «İxracat azalır - neft-qaz gəlirlərində və qeyri-neft sektorunda enmə var» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Ekspertlər qəzetə bildiriblər ki, valyuta bazarında gərginliyin artacağı halda vəziyyət bir az da mürəkkəbləşəcək və iqtisadi durum daha da ağırlaşacaq. Yazıda qeyd edilir ki, ixracatla bağlı göstəricilər həyəcan təbili çalır. 2016-cı ilin 7 ayı ərzində ixracat keçən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azalıb.

Ekspert Qubad İbadoğlu vəziyyəti belə anladıb: «Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, bu ilin 7 ayının yekunlarına görə, xam neft ixracatı 1 milyon 304 min ton və ya 9.6 faiz kiçilib. Dövr ərzində azalma tendensiyası neft məhsullarının ixracatında da müşahidə olunub. Belə ki, xam neftin ixracatı bu ilin 7 ayında keçən ilə nisbətən 407 min 412 ton və ya 31.7 azalıb. İxracatda əsas malların struktur təhlili göstərir ki, bu ilin ilk 7 ayında xam neftin satışından əldə edilən valyuta gəliri 3.55 milyard dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.31 milyard dollar və ya 39.5 faiz azdır».

Q.İbadoğlu bildirir ki, bu dövrdə yalnız xam neft satışından gəlirlər deyil, həm də neft məhsullarının ixracatında qazanc 259 milyon dollar və ya 54.3 faiz aşağı düşüb. Onun qeyd etməsinə görə, müqayisə olunan dövrdə təbii qaz ixracatı 20 milyon kubmetr artsa da, satışından əldə edilən gəlir 2.5 milyon dollar az olub. Ekspertə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 7 ayı ərzində ümumilikdə neft-qaz gəlirləri 2.57 milyard dollar aşağı düşüb.

Q.İbadoğlu qeyri-neft sektorunda da geriləməyə diqqət çəkir: ««Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» prezident fərmanından 6 ay, ilk devalvasiyadan 1 il 7 ay ötsə də, bu sahədə nəinki irəliləyiş, hətta geriləmə var. Belə ki, bu ilin 6 ayının gömrük məlumatına görə, qeyri-neft bölməsinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq cəmi 584.5 milyon dollar təşkil edib. Qeyri-neft bölməsinə məxsus olan ixracat məhsullarının struktur təhlili göstərir ki, ötən illə müqayisədə bu ilin ilk 7 ayında ən çox artım meyvə və tərəvəzdə olub. Bu növ məhsulun ixracatından 41.2 milyon dollar çox gəlir əldə edilib».

Q.İbadoğlu vurğulayır ki, qarşıdakı aylarda mövsümlə bağlı meyvə-tərəvəz məhsullarının ixracı azalacaq. Bu isə vəziyyəti daha da acınacaqlı edəcək: «Təbii ki, perspektivdə valyuta bazarında gərginliyin artacağı halda vəziyyəti bir az da mürəkkəbləşdirəcək və iqtisadi durumu ağırlaşdıracaq».

Yazıda bildirilir ki, 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda özəl sektorun ixracı 444 milyon 358 min dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 253 milyon 246 min dollar və ya 36 faiz azdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG