Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:44

Demokratik Qüvvələrin Milli Şurası referendum ərəfəsi mitinq keçirmək haqqında qərar verib. İlk mitinq sentyabrın 11-nə təyin edilib. Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot edir.

Təsis etdiyi “Respublika” təşəbbüs qrupu qeydə alınmayan Müsavat partyası da kütləvi aksiyaların keçirilməsi məqsədi ilə Mitinq Komitəsi yaradıb.

Müxalifət sentyabrdan mitinqlərə başlayır. Bu, adi etiraz formasıdır, deməsinlər ki, bir mitinq də eləyə bilmədi yoxsa güc nümayişidir? Mitinqə gələn çoxmu olacaq? Hansı siyasi, iqtisadi, sosial tələblər irəli sürülməlidir?

"NƏ HÖRMƏTİ, NƏ NƏZƏRİYYƏSİ, NƏ BAXIŞI, NƏ PLANI VAR"

Siyasi şərhçi Zərdüşt Əlizadə müxalifətin mitinq qərarını şərh edərkən belə deyib. Onun sözlərinə görə, mitinq müxalifət liderlərinin acizliyini ortaya çıxaracaq:

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

“Birincisi, mitinqə az adam gələcək. Mitinq müxalifətin güc nümayişi yox, müxalifət liderlərinin acizliyinin nümayişi olacaq. Şüarlar hansısa mücərrəd “İstibdada yox deyək!”və sair kimi şüarlar olacaq və xalq buna tam biganə qalacaq. Həmişəki kimi birlik olmayacaq, çəkişmələr olacaq, mənəmlik uğrunda mübarizə olacaq. Qurban bayramında qoyunları düzürlər kəsməyə, buna baxmayaraq qoçular orda kəllələşirlər. Müxalifətin nə hörməti, nə nəzəriyyəsi, nə baxışı, nə planı var. Ona görə heç nə gözləmirəm mitinqlərdən”.

ÖLKƏ ƏHALİSİNİN DEMƏK OLAR Kİ, HEÇ BİR DƏYİŞİKLİYƏ ÜMİDİ YOXDUR

Siyasi şərhçi Ərəstun Oruclu isə düşünür ki, kimliyindən asılı olmayaraq əhali heç bir çağırışa reaksiya verməyəcək:

“Mən düşünmürəm ki, indiki dövrdə cəmiyyət mitinqlərə, müraciətlərə, çağırışlara müsbət reaksiya vermək durumundadır. Ona görə ki, hazırda cəmiyyətdə susqunluq davam etməkdədir. Faktiki olaraq ölkə əhalisinin demək olar ki, heç bir dəyişikliyə ümidi yoxdur. Ümid olmayan yerdə, inam olmayan yerdə nəsə dəyişə bilər? Kimliyindən asılı olmayaraq müxalifət olsun, kim olur olsun, əhali heç bir çağırışa reaksiya verməyəcək.

Söhbət müəyyən fəal kəsimin mitinqlərə qatılmasından getmir. Söhbət əhalinin kütləvi olaraq mitinqlərə maraq göstərməsindən, qatılmasından gedirsə, burda iştirakçı sayının böyük olacağını mən düşünmürəm. Bunun başqa obyektiv səbəbləri də var. Bunlardan biri də müxalifətlə, hakimiyyət opponentləri ilə cəmiyyət arasında ünsiyyət imkanlarının məhdud olmasıdır. Radio, televiziya ilə mümkün deyil, qəzet vasitəsi ilə əhaliyə müraciət etmək asan deyil.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Faktiki olaraq hakimiyyət opponentlərinin əlində qalan yeganə imkan bu gün sosial mediadır. Bunun da daimi bir iştirakçı kəsimi var. Yalnız o kəsim, o kəsimin bir hissəsi ora qatılacaq.”

Ərəstun Oruclu deyir ki, mitinqlərin effektiv olacacağını düşünmür. Əksinə, bu mitinqlərdən hakimiyyətin öz məqsədləri üçün istifadə edəcək.


“Digər tərəfdən isə müxalifətin özündə də durum mürəkkəbdir. Kimdir müxalifət? Müxalifətin özündə bu gün dava gedir. Biri deyir mənəm, digəri deyir mənəm. Hələlik görünən budur ki, nə cəmiyyətdən, nə hakimiyyətin opponent düşərgəsində bu proseslərin effektiv səviyyədə baş tutmasına hazırlıq yoxdur. Ona görə mən düşünmürəm ki, bunun nəsə effekti olacaq. Hakimiyyət isə bundan istifadə edəcək. Növbəti dəfə hakimiyyət həm cəmiyyətə, həm beynəlxalq aləmə göstərəcək ki,Azərbaycanda ona etiraz edən kəsim kifayət qədər kiçikdir. Çalışacaq bunu öz məqsədləri üçün istifadə etsin.”

BU TİP AKSİYALARIN ÜZƏRİNƏ KÖLGƏ SALINMAMALIDIR

Digər siyasi şərhçi Nəsimi Məmmədli isə düşünür ki, müxalifətin resursları zəif olsa da kütləvi aksiyaların keçirilməsi üçün münbit şərait var:

“Cəmiyyətdə yığılıb qalan çox ciddi bir enerji var. Mənfi bir enerji toplanıb. İnsanlar kifayət qədər yoxsul yaşayır, çox çətinliklər içərisindədir. Hökumətin atdığı addımlar demək olar ki, vəziyyəti normallaşdırmaq əvəzinə getdikcə pisləşdirir. İnsanlar kifayət qədər ümidsizləşib, çarəsizləşib, problemlərin girovuna çevrilib. Bu baxımdan ölkənin hər bir tərəfində etirazlar üçün münbit bir şərait var. Bu bir gerçəklikdir. Amma bunun təşkili ilə bağlı müxalif qüvvələrində bu gün resursları çox zəifdir. Faktiki olaraq aksiya ilə bağlı qərar qəbul etmiş Milli Şuranın özünü götürək. Nə ofisi var, nə iclaslarını keçirmək üçün bir yer var. Bütün proses yalnız sosial şəbəkələr üzərindən aparılır.


Təbii ki, belə bir şəraitdə uğurlu, böyük, kütləvi aksiyanın keçirilməsi birqədər çətin görünür. Amma müsbət tərəf ondan ibarətdir ki, cəmiyyətdə hər 5-10 adamdan biri çox ciddi şəkildə narazıdır, hətta etirazlara meyllidir. Bu bir gerçəklikdir. Hətta sosial şəbəkələrin gücü ilə belə kütləvi aksiyaların keçirilməsi mümkün ola bilər. Bu ehtimallar gündəmdədir."

Nəsimi Məmmədli hesab edir ki, bu cür etirazlar təşkil edilməyəcəyi təqdirdə cəmiyyət daha təhlükəli nəticələrlə üz-üzə qala bilər. Bu səbəbdən bu cür aksiyaları əhəmiyyətsiz hesab etmək doğru deyil:

“Müxalifət arasında da bir daxili rəqabət elementləri olub. Bu elə 23 ildir davam edir. Bu elementlər də var. Sanki bir-birinə güc göstərmə, yarışma elementləri də var. Amma cəmiyyətdəki etirazları təşkil etmək istəyi bu gün qabarıq şəkildə görünür. Bu etirazlar təşkil edilməyəcəyi təqdirdə daha təhlükəli nəticələr doğura bilər. Bu baxımdan yaxşı olar ki, bunu elə hansısa bir müxalif qüvvə bunu üzərinə götürsün.

O nöqteyi nəzərdən Milli Şuranın mitinqlər keçirməsi ilə bağlı verdiyi qərarı mövcud siyasi durumda doğru addım hesab edirəm. Həm referenduma etirazlarla bağlı, həm kütlənin sosial etirazlarının təşkil edilməsi ilə bağlı. ə

İlk bir nümunə ortaya qoyulmalıdır. Həm də bununla cəmiyyətin nəbzini yoxlamaq imkanımız olacaq. Biz şəxsi münasibətlərimizdən siyasi baxışlarımızdan asılı olmayaraq heç bir halda bu tip aksiyaların üzərinə kölgə salmaq, onun əhəmiyyətsiz hesab etmək istiqamətində təşəbbüs göstərməməliyik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG