Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:06

►“Müsavat Partiyası etiraz aksiyaları keçirmək barədə qərar qəbul edib.

Etiraz aksiyası sentyabrın ya 17-də, ya da 24-də Bakı şəhərində mitinq və ya yürüş-mitinq formasında keçirəcəyik. Bundan başqa, imkan daxilində regionlarda da aksiyalar keçirmək istəyirik”.

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın mərkəzi qərargahında avqustun 30-da keçirdiyi mətbuat konfransında belə deyib.

O,Müsavat Partiyasının digər təşkilatlarla birgə referendum zamanı müşahidə aparacağını bildirib.

“Həmçinin referenduma qədər qanun pozuntuları ilə bağlı aralıq hesabatımızı da ictimaiyyətin diqqətinə çatdıracağıq”, deyə o qeyd edib.

“Təşviqat qrupunun qeydə alınmaması siyasi qərar idi”

A. Hacılı Mərkəzi seçki Komissiyasının (MSK) partiyanın təşviqat qrupunu qeydə almamasını tam siyasi qərar adlandırıb.​

“Müsavat Partiyası, D18 Hərəkatı və NİDA Vətəndaş Hərəkatı ilə birgə 88 seçki dairəsidən 41128 seçici imzası toplayıb. Yerlərədə hakimiyyət təmsilçiləri 3 mindən çox seçici imzası olan imza vərəqlərimizi cırıb. Partiya üzvlərinə təzyiqlər olub. MSK imzalarla bağlı problemin olması barədə qabaqcadan bizi xəbərdar etməyib. İmzaları yoxlayan ekspertlərin protokolu, hələ də,bizə təqdim edilməyib. Halbuki, MSK-nın iclasından 24 saat qabaq bu protokol Müsavat Partiyasına təqdim edilməli idi”.

Partiya başqanı əlavə edib ki, Müsavatın təşviqat qrupu qeydə alınmadığı halda iqtidara yaxın siyasi qurumların 3 təşviqat qrupunu MSK qeydə alıb.

Buna da bax: REAL referendumda iştirakdan imtina etdi

“Hakimiyyət diskussiyalardan çəkinir”

Arif Hacılı referendum qabağı müxalif siyasi təşkilatların basqı altında olduğunu deyib. O, REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbs edildiyini, gənc fəalların saxlanıldığını, keçmiş səhiyyə naziri Əli İnsanova 11 illik həbsdən sonra yenidən cinayət işi qaldırıldığını yada salıb:

“Bütün bunlar, həmçinin Müsavatın təşviqat qrupunun qeydə alınmasından imtina hakimiyyətin diskussiyalardan çəkindiyini göstərir”

Arif Hacılı əlavə edib ki, Müsavat Partiyası müqavimət göstərməkdə davam edəcək.

“Biz Konstitusiya dəyişikliyinin xalqa, demokratiyaya deyil, ailə hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etdiyini ictimaiyyətin diqqətinə çatdıracağıq. Məhkəmələrə müraciət edəcəyik. Ötən parlament seçkiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat Partiyası üzvlərinin 29 şikayətini, artıq, icraata götürüb. Zaman gələcək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirərək qanunu pozanlar da cavab verəcəklər”, deyə o qeyd edib.

Buna da bax: Referenduma hansı məsələlər çıxarılacaq? (Küçə sorğusu)

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən (40 min) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG