Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

-

Britaniya Kino İnstitutunun (BFİ) tənqidçisi Nick Wrigley artıq bir neçə ildir ki, Stanley Kubrickin sevdiyi, barəsində fikir söylədiyi filmlər haqqında məlumat toplayır və zaman-zaman bu məlumatları yeniləyir. Oxu Zalı Wrigleynin, bununla bağlı BFİ-nin saytında dərc olunmuş məqaləsindən bir hissəni təqdim edir.

Stanley Kubrick, demək olar ki, yarım əsr boyunca kinoda işləyib: ilk qısametrajlı sənədli filmini 1951-ci ildə, sonuncu tammetrajlı bədii filmini isə 1999-cu ildə çəkib. Kubrick bütün yaradıcılığı boyu tarixə düşmək, unudulmamaq üçün səy göstərib. Hər yeni layihəsində ilk növbədə düzgün əhvalatı tapmağa çalışıb. Bəzlərini çox tez tapıb: məsələn, Terri Sauzern, Entoni Berjessin “Şən portağal” əsərinin surətini ona verəndə Kubrick dərhal “Warners Brothers”i əsərin bütün haqlarını almaq üçün dilə tutub. Lakin zamanla film layihələri gec-gec peyda olmağa başlayıb və təəssüf ki, bir neçə il üzərində işləyəndən sonra müxtəlif səbəblərdən dondurulub. Bununla belə Kubrick hər hansı əhvalatı kinoya çevirmək üçün işləməyə başlayanda unikal film çəkmək üçün əlindən gələni eləyib.

Stanley Kubrick gənclik illərində.

Stanley Kubrick gənclik illərində.

Kubrickin gəncliyində iki sevimli məşğuliyyəti olub: şahmat oynamaq və Müasir İncəsənət Muzeyində təşkil olunan film nümayişlərində iştirak etmək. Rejissorun məktəb yoldaşı və həmmüəllifi Aleks Singer deyir ki, “Aleksandr Nevski” (S.Eisenstein, 1938) filminə baxandan sonra Kubrick Prokofyevin filmdə səslənən musiqiləri toplanmış val almışdı və balaca bacısı bezib valı Stanley-inin başında sındırana qədər onu dinləyirdi.

Buna da bax: "Ən möhtəşəm filmlər - Woody Allen-in 10-luğu"

Kubrick 1987-ci ildə“Washington Post” qəzetinə verdiyi müsahibədə həyatının həmin dövrü haqqında danışarkən “Mənim kino aləmi haqqındakı təsəvvürlərim Müasir İncəsənət Muzeyi sayəsində formalaşıb. Erich von Stroheimin, D. W. Griffithin, Sergei Eisensteinin filmlərinə orda baxmışam və bu möhtəşəm filmlər mənə çox təsir eləyib. O mənada yox ki, mən “Buna bax e, təcili Hollivuda gedəcəm, həftədə beş min qazanacam, gözəl bir evdə yaşayacam, idman maşınları sürəcəm” demişəm. Yox, mən həqiqətən, kinoya aşiq olmuşam. Muzeydə göstərilən bütün filmlərə gedirdim. Yadımdadı ki, kino haqqında heç nə bilmədiyimi fikirləşirdim. O vaxtlar çoxlu pis filmlərə də baxırdım və düşünürdüm ki, hətta kino haqda heç nə bilməsəm belə, əminəm ki, bunlardan pis çəkməyəcəm. Məhz, buna görə çəkməyə, özümü sınamağa başladım” deyib.

Kubrickin sevimli filmlərindən ibarət ilk və yeganə siyahı 1963-cü ildə o vaxtlar Amerikada təzə çıxmağa başlayan “Cinema” jurnalında dərc olunub və siyahıda adı çəkilən filmlər bunlardı:

“Ana uşaqları” (Fellini, 1953)

“Çiyələk talası” (Bergman, 1957)

“Yay gecəsinin təbəssümü” (Bergman 1955)

“Vətəndaş Keyn” (O.Wells, 1941)

“Syerra-Madrenin xəzinəsi” (Huston, 1948)

“Böyük şəhərin işıqları” (C. Chaplin, 1931)

“V Henrix” (Olivier, 1944)

“Gecə” (M.Antonioni, 1961)

“Bank xəfiyyəsi” (Fİlds, 1940)

“Roksi Hart” (Wellman, 1942)

“Cəhənnəm mələkləri” (Howard Hughes, 1930)

Kubrick başqa rejissorlar barədə düşündüklərini nadir hallarda publika ilə bölüşüb. Lakin yaxın dostlarının dediklərindən belə məlum olur ki, rejissor, Fellini, Bergman, François Truffaut, Elia Kazanın yaradıcılığını yaxından izləyib, Josef von Sternbergin “Mavi mələk” (1930), Fritz Langın “Metropolis” (1927), Miloš Formanın “Yanğınsöndürənlərin balı” (1967), Coppolanın “Xaç atası” (1972) filmləri də sevimli filmlərinin siyahısında olub.

Buna da bax: "Məşhur rejissor Martin Scorsese-nin 12 sevimli filmi"

Kubrick Fellini haqqında deyirmiş ki: “Mən Fellinin təkcə “Ana uşaqları” və “Yol” filmlərinə baxmışam. Ancaq onun italyan kinosunun ən maraqlı, poetik şəxsiyyəti olduğunu anlamaqdan ötrü bunlar kifayətdi”...

1957-ci ildə “Cahiers du cinéma” jurnalına verdiyi müsahibədə isə Bergman haqqında “Max Ophülsdan sonra valeh olduğum ikinci rejissor İngmar Bergmandı. Onun bütün filmlərinə baxmışam. “Yay gecəsinin təbəssümü” filmini həddindan artıq çox sevirəm” söyləmişdi.

1960-cı ildə verdiyi müsahibələrinin birində isə “Mən əminəm ki, Bergman, De Sika və Fellini – dünyanın yeganə rejissorlarıdı ki, sadəcə oturub yaxşı bir əhvalatın nə vaxt peyda olacağını gözləmirlər. Onların öz filmlərində təkrar-təkrar ifadə etdikləri mövqeləri var. Bu rejissorlar ssenariləri ya özləri yazırlar, ya da məxsusi olaraq onlar üçün orijinal material yaradılır” - demişdi.

Kubriсkin Сhaplin haqqında orijinal fikirləri olub. Bu dahi kinematoqrafçının daha çox rejissorluğuna toxunan S.Kubrick «əgər ekranda həqiqətən nə isə baş verirsə, onun necə çəkildiyi vacib deyil. Chaplinin son dərəcə sadə kinematoqrafik üslubu vardı. Bu üslub “ Mən Lyüsini sevirəm”ə oxşayırdı. Ekranda baş verənlər tamaşaçını elə ovsunlayırdı ki, o, gördüklərinin kinematoqrafik olmadığını ağlına belə gətirmirdi” deyib.

Yaxın dostlarından birinin dediyinə görə, Stanley Kubrickin dahi adlandırdığı və yaradıcılığını diqqətlə izlədiyi rejisorlardan biri də yapon rejissoru Akira Kurosawa imiş. Ondan “naməlum adaya düşərsə, özüylə hansı filmləri aparmaq istəyərdi” soruşanda rejissor, “Əlcəzair uğrunda döyüş”, “Danton”, “Rasyomon”, “Yeddi samuray” və “Qan içində olan taxt”, - deyə cavab verib.

Yeri gəlmişkən, 1990-cı illərin sonlarında Kurosawa Stanley Kubrickə məktub yazıbmış. Kubrick bu məktubun “Oskar”dan daha qiymətli olduğunu deyir, cavab yazmağa çətinlik çəkirmiş. Dostlarının dediyinə görə, o, bir neçə ay saysız-hesabsız kağızı qaralayıb. Nəhayət, məktubu bitirib göndərməyə hazırlaşanda Kurosawa vəfat edib. Bu hadisə Stanley Kubricki çox kədərləndirib.

Kubrickin qızı Katharina Kubrick-Hobbsun dediyinə görə, atasının “Oz ölkəsinin sehrbazı” filmindən zəhləsi gedirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG