Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:56

Günel Treu: Qadın ya şeir yazar, ya da ağlayar


Şairə Günel Treu.
Şairə Günel Treu.

-

"Məktəbdə hansı dəftəri, kitabı vərəqləyirəmsə, hər yerdə nə vaxtsa nəsə yazmışam. Hətta bunu mən yazmışammı deyə təəccübləndiyim də olur".

"Şeirdə şantaj eləmirəm. Mən deyə bilərəm ki, səni heç kim mənim qədər sevə bilməz, amma əlbət də mənim yerimi kimsə tuta bilər, bəlkə məndən də yaxşı tutar".

"Sözü azad olmayan, cəmiyyətdə azadlıq istəyən xanımlar üçün çətindi, xüsusilə də müsəlman cəmiyyətində, Şərqdə. Qərb bu mərhələni çoxdan keçib artıq".

Gənc şairə Günel Treu Azərbaycanın qadın şeiri ənənələrindən, yaradıcı qadınların ədəbi cameədə üzləşdikləri maneələrdən və s. haqda Oxu Zalına danışır.

- Günel xanım, artıq 3-4 ildir ki, şeirləriniz mütəmadi çap olunur...

- Amma çoxdan yazıram. Məktəb vaxtlarından humanitar fənlərə böyük həvəsim vardı, xüsusilə də Azərbaycan dili və ədəbiyyat fənninə. Bəlkə də onun təsiridi. Bəlkə də anamın. Anam heç bir universitet bitirməyib, amma o qədər oxuyur ki... Bəlkə də min ədəbiyyat müəllimini yarı yolda qoyar oxuduqları ilə. Mən uşaq olanda evimiz kitabxana sayılırdı. Gəlirdilər, kitabları götürüb aparırdılar, qaytarmırdılar. İndi hərdən deyirəm ki, gör, nə qədər evlərdə anamın kitabları var.

- Onda çap olunmağa təzə başlamısınız...

- Hə, düzü əvvəllər heç istəmirdim. 2006-cı ildə təsadüfən Sumqayıt Yazıçılar Birliyinə gedib çıxmışdım. Orda şeirlərimi götürdülər, sonra İradə Axundova adlı bir xanımla ortaq kitabımız çıxdı. Heç xəbərim olmadı kim və necə çıxardı. Ona qədər heç fikirləşmirdim ki, kimsə məni tanısın, ya oxusun. Sadəcə narahat olanda yazırdım. Bir dəfə də 14-15 yaşım olanda müəllimim şeirlərimi qəzetə göndərmişdi. 2006-cı ildə isə sənədlərimi Azərbaycan Yazıçılar Birliyinə təqdim elədilər, oranın üzvü oldum. Amma bu on ildə ora dörd, ya beş dəfə getmişəm. Bir-iki dəfə getdim, gördüm ki, mənim yerim deyil. Özümü tapa bilmədim orda. Sağ olsun, bir dəfə Qulu Ağsəs çağırmışdı. “Ulduz” jurnalında bir hekayəmi verdi, sonra şeirlərim çıxdı. Sonra dedilər ki, Elçin Əfəndiyev oxuyub, bəyənib şeirlərimi. Amma soruşub ki, “Treu” nə deməkdi. Dedim ki, nə olardı, “google translate”də yazıb baxaydı ki, Treu nə deməkdi.

- Düzü, heç mən də baxmamışam. Treu sözünün anlamı nədi?

- Alman dilində sadəqətli, vəfalı insan deməkdir.

- Yəni Azərbaycan dilinə çevirəndə Günel Vəfalı olur?

- Hə.

- Qayıdaq necə çap olunmağa başladığınız barədə suala...

- Özüm şeirlərimi heç yerə göndərməmişəm. Facebook səhifəmdə paylaşırdım. O sayt, bu sayt götürdü. Sonra “Ona de ki” adlı bir şeirim vardı:

Ona de ki, xoşbəxtəm,

yalan danış adımdan.

De ki, əsər qalmayıb

sən gördüyün qadından...

Bilmirəm, niyə, amma çox maraqa səbəb oldu bu şeir. Ondan sonra mütəmadi çap olunmağa başladım. Ədəbiyyatda üçüncü şəxsə müraciət azdı. Şeirlərdə həmişə birbaşa müraciət olur - sən, sən, sən. Əksər şeirlər belədi. Amma üçüncü şəxsə müraciət nadir hallarda olur. Yəqin, bu maraq cəlb eləyib.

- Kitab çıxartmaq fikriniz yoxdu?

- Əvvəllər istəyirdim, indi yox. Hamı şeir kitabı çıxardır. Amma təklif eləyirlər.

- Siz həm də alman dili müəlliməsisiniz. Alman ədəbiyyatı ilə münasibətiniz necədi?

- Bilmirəm niyə, amma alman ədəbiyyatı mənə çox yaxın gəlir. Həmişə deyirəm ki, alman ədəbiyyatında kimi sevirəmsə, alt yapısında yəhudi çıxır. Heinrich Heineni hədsiz çox sevirəm. Nə Azərbaycan ədəbiyyatında, nə dünya ədəbiyyatında Heine qədər oxuyub, kövrəldiyim olmayıb. Heinenin həyatını oxuyanda sanki özümə uyğunluq gördüm. Məsələn, cəmiyyətə adaptasiya ola bilməməsində.

Düsseldorfda yəhudi mənşəlli alman şairi Heinrich Heinenin heykəli.
Düsseldorfda yəhudi mənşəlli alman şairi Heinrich Heinenin heykəli.

Bilirsiniz ki, o yəhudi olub, alman cəmiyyətinə qatılmaq üçün xristianlığı qəbul eləyib, amma Almaniyada onu yenə də qəbul eləməyiblər. Belə desək, özünü Avropa mədəniyyətinə inteqrasiya eləmək istəyib, amma alınmayıb. Yəni başı çox bəlalar çəkmiş adamdı. Sonda əsəb xəstəliyinə tutulub, yataqda, xəstə halıyla belə şeirlər yazıb, kitabı dərc olunub.Bir dəfə Goetheni (Höte) oxumaq istədim, mənə çox ağır gəldi. Friedrich Schilleri çox sevirəm. Onu Shakespearelə müqayisə eləyirəm. Dəst-xətləri eynidi, sadəcə dilləri ayrıdı.

Bir dəfə Məshəti GəncəviXurşidbanu Natəvanın həyatını oxumuşdum. Ən çox özümü Natəvanda gördüm. Mən onu o qədər də tanımırdım. İlahi, bir qadın sevgini bu qədər anlaya bilərmi? O qədər gözəl sözlərlə təsvir eləyə bilərmi? Oxuyuram, inanmıram. Natəvan mənə çox təsir eləmişdi.

- Yəni siz Natəvandan təsirlənmisiniz?

- Çox. Ancaq təkcə ondan yox. Anna Axmatova da var. Demirəm ki, onun şeirlərinin içinə düşmüşdüm, amma məni həqiqətən kövrəltmişdi. Çünki səmimi yazıb, yəni şeir yazmaq üçün özünü zorlamayıb. Şeir elə bir şeydi ki, orda axıcılıq, ruh yoxdusa, əlinə niyə qələm alırsan? Təsirləndiklərim ən çox bunlar olub.

Dediklərindən belə çıxırdı ki, mən elə şeirlər yazıramsa, deməli, insanlardan nələrsə umuram, sanki şeir cəlbetmə vasitəsidir. Halbuki şeir ruhi qidadır.

- Natəvan və Axmatova.

Rus şairəsi Anna Axmatova.
Rus şairəsi Anna Axmatova.

- Bəli. Natəvan sevgini çox ağrılı təsvir edir, şeirin təsirində bir müddət qalırsan... Bir qadının qəzəl yazması və sevgini bu qədər gözəl təsvir etməsi hünərdir. Mən Natəvanı çox sevirəm.

- Söhbətə başlayanda dinin çox yayıldığından, hətta ailənizə qədər soxulduğundan danışdınız. Sizin şeirləriniz sevgi etiraflarıdı, açıq-saçıq misralar yazırsınız. Ətrafınızdan buna görə mənfi reaksiya alırsınızmı?

- Olub. Bir dəfə “İlahi, məni də apar...” adlı bir şeir yazmışdım. Orda belə misralar vardı: “Aç, bax ürəyimin için, Od gör, cəhənnəmdən betər!”, “Əmr et, o mələk tayfana, Qandal vursunlar əlimə”... Bu mənim sadəcə Tanrıyla söhbətim idi. Amma Facebookda elə şərhlər yazdılar ki, hətta qorxdum. Çox şey vardı, hətta bir nəfər “sənin başın bədəninə ağırlıq eləyir” yazmışdı. Hiss olunurdu ki, dindardı. Belə hallar olub. Xanımlar yazıblar. “Tanqo” şeirim vardı: “Məni tanqo kimi sev, əzizim, bir az ehtiraslı, bir az həzin”... Təsəvvür edin, baxırsan ki, üzdə çox müasir görünən bir adamdı, cəmiyyətdə müəyyən yeri var. Amma elə cılız düşüncə sərgiləmişdi ki, gözümdə alt-üst oldu. Yazdıqlarından belə çıxırdı ki, mən elə şeirlər yazıramsa, deməli, insanlardan nələrsə umuram, sanki şeir cəlbetmə vasitəsidir. Halbuki şeir ruhi qidadır.

- Sonra şeir yazanda belə reaksiyaları nəzərə alırsınız?

- Əvvəl narahat olurdum, indi qətiyyən eynimə deyil. Həqiqətən. Mən bilərəm, Tanrı bilər. Mehmet Akif Ersoy demiş “Ben ezelden beridir hür yaşadım, hür yaşarım...”. Bir şey də deyim. Xoşbəxtəm ki, anam məni anlayır. Söhbət şeiriyyatdan getmir, ümumiyyətlə. Onunla rahat danışa, anlaşa bilirəm. Elə kitablar oxuyur ki, mən bəlkə oxumamışam. Hərdən soruşur ki, Günel, filan şeiri, filan kitabı oxumusan, deyirəm yox. Deyir, o diplomu sənə kim verib?! Məndən narazılıq eləyir. Bu baxımdan xoşbəxtəm.

- Bu yaxınlarda Azadlıq radiosu ədəbi mühitdə qadınların vəziyyəti ilə bağlı sorğu aparmışdı. Sorğunun nəticələrindən belə məlum olurdu ki, Azərbaycan ədəbiyyatında kişimərkəzçilik hakimdi. Siz bu barədə nə fikirləşirsiz?

- Bir dəfə eşitmişdim, kimsə demişdi ki, qadınlar şeir yaza bilmir. O vaxt öz-özümə düşündüm ki, niyə belə desinlər ki. Məncə qadın yaradıcılığa meyllidirsə, ruhunda ədəbiyyat varsa, iki şey eləyə bilər – ya sənətlə məşğul olar, ya da ağlaya bilər. Mən o qədər istedadlı, lakin cəmiyyətdə boğulub qalan, ömrünü sənətdən, ədəbiyyatdan anlamayan hansısa kobud kişiyə, arzulamadığı ailəyə və yaxud könülsüz işə həsr edən qadın tanıyıram ki... Gözlərinin yaşı ovuclarındadır. Sənət qadını olub, lakin səni anlamayan insanlarla əhatə olunmaq əsl işgəncədir. Hərçənd mən ağlamağı bacarmayan qadın təsəvvür eləmirəm.

Şairə Günel Treu.
Şairə Günel Treu.

Mən də kövrək biriyəm, lakin gördüm ki, ağlamaqla iş düzəlmir, yazmağa başladım. Amma boynumuza almalıyıq ki, kişilər daha yaxşı şeir yazırlar. Mən bir xanım olaraq ürəyimdən keçənlərin hamısını şeirə köçürə bilmirdim. Bir az cəmiyyətdən çəkinirdim, özümə sərhədlər qoyurdum. Deyirdim, ayıbdır, bunu yazmaq olmaz. Sonra fikirləşdim ki, yox, axı, mən də istəyirəm, mən də gəncəm, mənim də ürəyimdən keçən bəzi şeylər var, niyə də yazmayım. Bir iki belə şeir yazdım. Deyim ki, lap əks reaksiyalar aldım, yox. Əksinə, görürəm ki, bəzi xanımların ürəyindəndi. Bir də özümü tərif kimi çıxmasın, məncə, mən qadın kimi yazdım, yəni əsl qadın şeirləri yazdım. Fikir vermisinizsə, bəzi qadınlar şeirlərində “başqasını tapa bilməyəcəksən, mənsiz öləcəksən” kimi misralara üstünlük verirlər. Mən bunun tam əleyhinəyəm. Heç kim əvəzolunmaz deyil, bəlkə də o, başqasına rast gələcək və onu səndən daha çox sevəcək. Amma o başqası sənin sevdiyin insanı sənin qədər sevəcəkmi, bax onda iddiaçı ola bilərsən. Məncə, “məndən olmayacaq” kimi fikirlər şeir adına boş ifadələrdir...

Ədəbiyyatımızda həmişə qadınlara diskriminasiya olub. Yazar xanımların həyatını oxuyun, hamısı əziyyət çəkiblər.

- Yəni siz şantaj eləmirsiniz.

- Şantaj eləmirəm. Mən deyə bilərəm ki, səni heç kim mənim qədər sevə bilməz, amma əlbət də mənim yerimi kimsə tuta bilər, bəlkə məndən də yaxşı tutar. Mən sadəcə öz adıma deyə bilərəm ki, kimsə mənim kimi sevə bilməz səni. Lakin qadın şairlər çox zaman şantaj eləyirlər. Hərdən mən qadın şeirlərini oxuyanda qorxuram.

- Sizcə, Azərbaycan ədəbiyyatında diskriminasiya varmı?

- Var və həmişə olacaq. Nə qədər şairə xanımlar şeir yazdıqlarına görə qınağa rast gəliblər. Bu yaxınlarda həyatını oxudum, Məhsəti Gəncəvi nə qədər əziyyət çəkib sevdiyinə qovuşana qədər. Yazar xanımların həyatını oxuyun, hamısı əziyyət çəkiblər. Yəni sözü azad olmayan, cəmiyyətdə azadlıq istəyən xanımlar üçün çətindi, xüsusilə də müsəlman cəmiyyətində, Şərqdə. Qərb bu mərhələni çoxdan keçib artıq. Almaniyada olanda adətlərimizdən danışırdım, orda bir alman xanım dedi ki, 100 il əvvəl bizdə belə olub, adət-ənənələr daha sərt idi. Dedim ki, əgər sizdə 100 il əvvəl olubsa, deməli, bizdə də 100 sonra olacaq. Ancaq indi baş verənləri görəndə fikirləşirəm ki, 100 ildən sonra bizdə o cəmiyyət qurulacaqmı?

Mən sevib, ağlımı itirdim, çox pis sevdim. Bütün məntiqim, ağlım, şüurum - hamısı getdi və bütün bunlardan da şeir yaranır.

- Təkcə siz yox, şairlərimizin əksəriyyətinin şeirlərində eşq, ayrılıq, həsrət və qovuşma səhnələri tərənnüm olunur. Sizcə, şairin ilhamı onu ancaq belə mövzularda danışdırmalıdır? Cəmiyyətə, təbiətə, sadə insan münasibətlərinə həsr olunmuş şeirlər niyə çox azdır şeiriyyatımızda?

- Məncə, biz başqa mövzuları içimizdə çözə bilirik, cavabını tapa bilirik. Məsələn, mənim "N" qədər problemlərim var. Amma bu problemlərin arxasınca fiziki olaraq düşə bilirəm, özüm özümü yeniləyə, öz üzərimdə işləyə bilirəm. Amma sevəndə belə olmur, axı. Mən sevib, ağlımı itirdim, çox pis sevdim. Bütün məntiqim, ağlım, şüurum - hamısı getdi və bütün bunlardan da şeir yaranır. Yazmasam, özümü daha pis hiss edirəm.

- Günel, özünüzü peşəkar şairə hesab eləyirsiniz, yoxsa həvəskar?

- Yox, şairə nədi. İnanın ki, ürəyim özümə sığmayanda, daha doğrusu, sözümə baxmayanda yazıram. Heç vaxt olmayıb ki, oturum kompyuterin qarşısında və deyim ki, mən bunu yazmalıyam. Özü gəlir. Mənə ən çox zövqü nə verir, bilirsiz? Mən dərs deyirəm, axı. Məktəbdə hansı dəftəri, kitabı vərəqləyirəmsə, hər yerdə nə vaxtsa nəsə yazmışam. Hətta bunu mən yazmışammı deyə təəccübləndiyim də olur. Bircə sinif jurnalında yoxdu, çünki onu yazmaq olmaz.

- Birdən şeirlərinizi avtobuslarda, maşınların arxa şüşələrində görsəniz, nə hiss eləyərsiniz? Məsələn, yolda getdiyiniz yerdə bir maşın keçir, görürsünüz ki, arxa şüşəsində “məni tanqo kimi sev, əzizim, bir az ehtiraslı, bir az həzin” yazılıb...

- Xoşuma gələr, nəyi pisdi ki. İnstagramda o qədər paylaşırlar ki. Heç müəllifini də göstərmirlər. “Ona de ki” şeirimi İranın hansısa saytında fars dilində görmüşəm.

XS
SM
MD
LG