Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

A. Kiarostami onu məşhurlaşdıran filmindən danışır


İranlı rejissor Abbas Kiarostami

İranlı rejissor Abbas Kiarostami

-

"Anlayanda ki filmim özünəqəsdin təbliği deyil, həyatın tərənnümündən bəhs edir, ona qoyduqları qadağanı götürdülər. Ümüd edirik İranda təzə hakimiyyət başına gələn prezident filmdə senzuranı yumşaldacaq".

"İranın öz seks anlayışı var. Qadın “qapalı” olmalıdır. Məsəlçün, qadının ayağını göstərmək olmaz, kamera qarşısında kişiyə toxunmaq olmaz. Bu tələblərə cavab verən xarici film tapmaq az qala mümkünsüzdür.​"

İran filminin 1960-ların sonlarında başlayan yeni İran film dalğasının ən görkəmli nümayəndələrindən olan Abbas Kiarostami bu gün Fransada həyata gözlərini yumub. 1997-ci ildə çəkdiyi "Albalı dadı" filminə görə Kann kinofestivalının "Qızıl palma budağı"na, layiq görülüb. 1999-cu ildə isə Kiorostami Venesiya kinofestivalının birdən-birə 4 mükafatına layiq görülüb. Onun məşhur filmləri arasında "Dostumun evi hardadır", "Afrika əlifbası", "Külək bizi aparacaq", "Geniş plan" və s. var.

Uşaqları filmlərində qəhrəmanlar kimi istifadə etmək, sənədli film tərzində təhkiyə, hadisələrin adətən çöllük bölgələrdə baş verməsi, maşınların içində söhbətlər, fəlsəfi dialoqlar, iran şairlərinin şeirlərindən istifadə etmək Kiarostaminin stilinin xarakterik özəllikləridir. Həmçinin başdan-başa farsca olan filmlərində ara-sıra azərbaycanca kiçik dialoqların dəb halına salınması da Kiarostamidən gəlir.

Oxu Zalı Abbas Kiarostaminin filminin Kann festivalında qalib gəlməsindən sonra verdiyi müsahibəsini təqdim edir. O müsahibəsində İran filmindəki senzuradan, İran film ənənələrindən, qadının, uşağın İran filmlərində təsvir üsulundan danışır.

ABBAS KİAROSTAMİ: ÜMÜD EDİRİK İRANDA TƏZƏ HAKİMİYYƏTƏ GƏLƏN PREZİDENT FİLMDƏ SENZURANI YUMŞALDACAQ.

- Siz “Albalı dadı” filminin final epizodunu necə şərh edərdiniz? Hadisələr gecə, qaranlıqda baş verir və bilmək olmur sizin qəhrəmanınız cənab Baadinin başına nə gəlir: o sağ qalır yoxsa özünə qəsd edir? Bəs niyə filmin son kadrlarında çəkiliş qrupu ortaya çıxır, şəkillərsə videoya keçir?

- Hər şeyi yəqinləşdirmək istəmədim, eyni zamanda tamaşaçıları qaranlıqla, çıxılmazlıq hissi ilə baş-başa buraxmaq istədim. Elə buna görə də film mənimçün mahiyyətcə bitəndə, sonuna süjetlə əlaqəsi olmayan sənədli epizodlar əlavə etdim. Enerji dolu gənc əsgərlər qaçır. Ətrafda ağaclar çiçəkləyib. Qışdan sonra bahar gəlir. Həyat davam edir.

Abbas Kiarostaminin "Albalı dadı" filminin afişası

Abbas Kiarostaminin "Albalı dadı" filminin afişası

- Kino isə davammı edir? Biz səhnədə çəkiliş qrupunu görürük.

- İş kinoda deyil. O kadrları mənim 19 yaşlı oğlum çəkmişdi. O təsadüfən yanımda durub bu kadrları lenta almışdı və kadlar mənim xoşuma gəlmişdi, düşündüm ki, onları elə filmin davamına əlavə etməliyəm.



- Yəqin oğlunuz təsadüfən əlinə kamera almayıb. Oğlunuzun da filmə marağı var?

- Hə, təzə başlayır. O univerisitetdə oxuyur. Onun 8 yaşı olanda özümlə “Dostumun evi hardadır?” filmimin çəkilişinə aparmışdım. Film yenicə zəlzələ baş vermiş bir yerdə çəkilirdi və qismən sənədli idi.Orda oğlum bəzi dialoqları özü yazdı, çünki uşaqların göstərildiyi bir filmi çəkirsənsə, o filmin ssenarisini heç kim uşaqların özündən yaxşı yaza bilməz.


- Maraqlıdır, lütfən bizə izah edin, niyə elə sizin filmlərinizdə də olduğu kimi iran filmlərinin çoxunda tez-tez ilk planda uşaqlar nəzərə çarpır?

Abbas Kiarostami Kann festivalının "Qızıl palma" mükafatını alır.

Abbas Kiarostami Kann festivalının "Qızıl palma" mükafatını alır.

- Çünki, İranda uşaqlardan bəhs edən, ya da uşaqlar üçün çəkilən filmlərə dövlət maliyyə dəstəyi ayırır. Bu isə o deməkdir ki, prokat, kassa yığımı və s. dərdini çəkməyə gərək yoxdur. Ancaq sənin mövzu asılılığın, kommersiya maraqların olmayanda filmdə özünü xeyli azad hiss edirsən, belə film də daha yaxşı alınır.

- Diqqət çəkən ikinci məqam da budur ki, iran filmlərində qadınlar olduqca aktivdir, hətta bu azyaşlı qız da olsa eynidir.

- Xaricdə elə düşünürlər ki, İran qadınları evə qapanır və cəmiyyətə heç bir təsirləri yoxdur. Kino isə başqa, daha doğru səhnəni gözlər önünə sərir – orda qadınların çoxu aktiv sosial həyat yaşayır. Onlar kişilərdən az işləmir, özü də həm evdə həm ofisdə işləyirlər. Bu təkcə inqilabdan sonra İranda iqtisadi problemlərin nəticəsi deyil, həm də İran kinosunda olan 5-6 uğurlu qadın rejissorun qabartdığı problemdir.

Abbas Kiarostaminin "Yaxın plan" filmindən bir kadr.

Abbas Kiarostaminin "Yaxın plan" filmindən bir kadr.

- Nəhayət sonuncu məsələ, sizin və həmkarlarınızın və tələbələrinizin çox istifadə etdiyi – “kino içində kino” üsulundan danışaq. Düşünmürsünüzmü ki, bu üsul olduqca tez-tez istifadə olunmaqdan, özünü tükəndirib?

- Bir vaxtlar mən “Close up” (“Yaxın plan”) filmini çəkmişdim, o uğur qazandı və çoxları bu mövzunu davam etdirmək eşqinə düşdü. Ancaq mən şəxsən söz vermişəm ki, daha həyatımda heç vaxt “kino içində kino” stilind bir şey çəkməyəcəm.


- Bəs, ekranda zorakılığa necə baxırsınız?

- Yəqin özünüz də əla bilirsiniz ki, mən zorakılığı sevmirəm və onun göstərilməsinin tərəfdarı deyiləm. Bu o demək deyil ki, cansıxıcı həyat gerçəkliklərinə arxa çevirirə, əsla, əksinə. Təsəvvür edin, həyat kifayət qədər qaranlıq bir otaqdır, mənsə özümü ora qapatmaq istəmirəm, pəncərəni açıram.

İslam ölkələrində özünəqəsddən danışmaq qadağandır. Di gəl ki, hər gün mənim ölkəm İranda 14 min insan özünü öldürməyə cəhd edir.

- Siz hər bir rejissorun xəyalı olan şeyi əldə etdiniz, Kann festivalının baş mükafatını qazandırınız. Bu həyatınızda nəyi dəyişdi?

- Bu cür özünütəsdiq hər kəs üçün ağciyər dolusu oksigen kimidir. Ancaq indi azadlığımın bir hissəsini itirdiyimi hiss edirəm. Üç ayın cəmi iki həftəsini evimdə keçirmişəm, qalan vaxtım filmimin beynəlxalq prokatını təşkil etmək üçün festivallar və premyerelara sərf olunub. Ancaq könlümdən keçir ki, növbəti filmim üzərində işləməyə başlayım.

- Ancaq vətəniniz İranda film hələ göstərilməyib.

"Albalı dadı" filmində, sujet boyu özünə suiqəsd etməyə çalışan cənab Baadi rolunda gerçək aktyor deyil, memar olan Homayoun Ershadi çəkilib.

"Albalı dadı" filmində, sujet boyu özünə suiqəsd etməyə çalışan cənab Baadi rolunda gerçək aktyor deyil, memar olan Homayoun Ershadi çəkilib.

​- İslam ölkələrində özünəqəsddən danışmaq qadağandır. Di gəl ki, hər il mənim ölkəm İranda 14 min insan özünə qəsd edir. Anlayanda ki, filmim özünəqəsdin təbliği deyil, həyatın tərənnümündən bəhs edir, ona qoyduqları qadağanı götürdülər. Ümüd edirik İranda təzə hakimiyyət başına gələn prezident filmdə senzuranı yumşaldacaq. Bu da var ki, hələlik filmimin rəsmi kadrları senzorlara göndərilməyib. Bizi əmin ediblər, “Albalı dadı” 1998-ci ildə göstəriləcək.

- Dünya üzrə belə möhtəşəm qələbənin fonunda filmi göstərməyi belə ləngitməyin nə mənası var?


- İnqilabdan sonra bizdə az qala bir dənə də yeni kinoteatr tikmədilər. İranda kino göstrəməyə məkanlar bəs eləmir, buna görə də uzun növbələr yaranır.


- İranda ildə cəmi 60 film çəkilir. Növbələr prokatda çoxlu xarici filmlər olduğu üçünmü yaranır.

- Xeyr, mən ancaq iran filmlərini deyirəm. Bizdə xarici filmlər demək olar ki, yoxdur. Amerika filmləri ümumiyyətlə yoxdur. Deyirlər orda çoxlu seks və zorakılıq səhnələri var.

Mohsen Makhmalbafın "Salam sinema" filmindən bir kadr.

Mohsen Makhmalbafın "Salam sinema" filmindən bir kadr.

- Ancaq sizin həmkarınız Mohsen Makhmalbaf “Salam, sinema” filmində filmə çəkilmək istəyən iranlıları göstərir, bu iranlılar arasında özünü Alen Delona, Mel Gibsona və başqa hollywood ulduzlarına bənzədən adamlar var. Deməli, onlar hardansa amerikan filmlərini də görüblər.

- İranda bir az axtarsan qara film bazarından ürəyin nə istəsə tapa bilərsən. Di gəl ki, həmin amerikan filmlərinin ictimai nümayişi qadağandır.


- Yaxşı, amerikan filmlərini bildik, bəs avropa filmlərinin vəziyyəti necədir, məsəlçün misir filmləri ki, dini ənənələrə görə sizə daha yaxın deyilmi?

- Onlar da İranda qəhətdir. İranın öz seks anlayışı var. Qadın “qapalı” olmalıdır. Məsəlçün, qadının ayağını göstərmək olmaz, kamera qarşısında kişiyə toxunmaq olmaz. Bu tələblərə cavab verən xarici film tapmaq az qala mümkünsüzdür.


- Deməli buna görə İranda uşaq filmləri populyardır. Bəs sizdə rus filmləri göstərilirmi heç, məsəlçün Nikita Mixalkovun filmləri?

- Yox, ancaq Tarkovsky istisnadır. Ölkədə kinozallar az olsa da, Tarkovskinin bəzi filmlərini mütəmadi göstərirlər. Hətta bəzi şiə alimləri deyirlər ki, Tarkovskynin fəlsəfəsi islamla zidiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG