Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:25

Zərdüşt Əlizadə: 'Steinmeier-in də mövqeyi riyakardır'


Elmar Məmmədyarov və Frank-Walter Steinmeier

Elmar Məmmədyarov və Frank-Walter Steinmeier

►Steinmeier-in Bakıda toxunduğu və toxunmadığı mövzular

“Almaniyanın Azərbaycandaki səfirinin üçillik fəaliyyətini izləsək, onun bir dəfə də olsun, insan haqları, söz və mətbuat azadlığı ilə bağlı, Avropanın, o cümlədən Almaniyanın əldə bayraq etdiyi dəyərlərlə bağlı bir kəlmə demədiyini görərik"

"Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdı. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun”.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier iyunun 30-da Dağlıq Qarabağ münaqişəsindən danışarkən belə deyib.

“VACİB OLAN MÖVQENİ SƏSLƏNDİRMƏK DEYİL”

Rasim Musabəyov

Rasim Musabəyov

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov diplomatın Bakıdakı açıqlamasını yüksək qiymətləndirir. Hərçənd bu mövqenin Steinmeier-dən öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçılarının və xarici işlər nazirlərinin dəfələrlə səsləndirdiklərini bildirir.

“Amma ATƏT-ə sədrlik edən ölkənin sədri bunu deyirsə, deməli, ümumi mövqeni çatdırır. Burda əsas vacib məsələ odur ki, bu mövqeni təkcə səsləndirmək lazım deyil, Ermənistanı yola gətirmək lazımdır. İndi Azərbaycan konkret təkliflər və işğal edilmiş ərazilərdən ermənilərin çıxarılmasını gözləyir”, - Musabəyov söyləyir.

“BU MÖVQE AZƏRBAYCAN DİPLOMATİYASINI QANE ETMİR”

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

Başqa bir Azərbaycan politoloqu Zərdüşt Əlizadə Steinmeir-in təklifinin Azərbaycanı qane etmədiyini bildirir. Niyəsini də belə izah edir:

“Qərb Seyid Əhməd əliylə ilan tutur. Erməni amili ilə Yaxın Şərqdə, Qafqazda suyu bulandırır və balığını tutur. Təcavüz qurbanıyla təcavüzçünü tərəzinin eyni gözünə qoyur, bu isə Azərbaycan diplomatiyasını qane etmir”.

Zərdüşt Əlizadənin qənaətincə, Azərbaycanı qane edəcək durum o olardı ki, təcavüzkar Ermənistan Azərbaycanın beynəlxalq hüquqda tanınmış ərazisindən çıxarılsın.

“Bunu açıq şəkildə demək, Azərbaycanı dəstəkləmək əvəzinə, deyirlər ki, “təcavüzkarla dinc yolla dil tapın”. ATƏT-in də, Steinmeier-in də mövqeyi riyakardır”.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

PREZİDENTLƏRİN GÖRÜŞ İMKANI

Frank-Walter Steinmeier münaqişədən danışarkən “prezidentlərin görüş imkanlarından istifadə etməliyik” deyə bildirib.

Bu açıqlamanı şərh edən Rasim Musabəyov deyir ki, məhz prezidentlərin görüşü zamanı ciddi təkliflər ya qəbul edilir, ya da rədd:

“Ancaq o da vacibdir ki, prezidentlərin təklifə “hə”, ya “yox” deməsi üçün o, kifayət qədər işlənilməlidir. Və bir də vacibdir ki, hazırlıq davamlı aparılsın, prezidentlərin görüşlərində də uzun fasilələr yaranmasın”.

“ORTADAKI SƏNƏD” VƏ YA “İLİN SONUNA KİMİ GÖZLƏNƏN DÖNÜŞ”

Yeri gəlmişkən, alman həmkarı ilə görüşdən sonra mətbuatın qarşısına çıxan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov münaqişənin tənzimlənməsi ilə bağlı “ortada sənəd” olduğunu söyləyib. Ancaq Rasim Musabəyov hələlik onun “tam hazır sənəd şəklinə çevrilmədiyini” söyləyir:

“Təkliflər yazılı şəkildə təqdim olunub. Amma imzalanmağa hazır deyil. Mümkün təkliflər süzgəcdən keçirilib, onların kombinasiyası və ilk addımla bağlı razılaşdırılmış mətn üzərində iş gedir ki, proses irəliləsin. Hər halda, ilin sonuna kimi bu məsələdə dönüş yaranmalıdır. Olmasa, çox pis”.

STEİNMEİR-İN TOXUNMADIĞI MÖVZULAR

Ərəstun Oruclu

Ərəstun Oruclu

ATƏT sədri Bakıda Azərbaycanda alman kəndlərinin bərpası mövzusunu da çıxsaq, başqa problemlərə, demək olar ki, toxunmayıb, xüsusən insan haqları ilə bağlı məsələlərə. Əslində, deyəsən, belə gözlənti də olmayıb. Ən azından, vaxtilə bir sıra alman fondları ilə əməkdaşlıq edən, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə deyir:

“Artıq Qərb ölkələri Azərbaycanda bu mövzulara, ümumiyyətlə, toxunmurlar. Almaniyanın Azərbaycandaki səfirinin üçillik fəaliyyətini izləsək, onun bir dəfə də olsun, insan haqları, söz və mətbuat azadlığı ilə bağlı, Avropanın, o cümlədən Almaniyanın əldə bayraq etdiyi dəyərlərlə bağlı bir kəlmə demədiyini görərik”.

Politoloqa görə, Avropanın Azərbaycanda “hədəfləri başqadır”. Və o bu durumu “pozitiv” sayır. “Ən azı, əvvəlki kimi riyakarlıq edilmir. Demokratiyadan danışıb biznes maraqlarını güdmürlər və s. Almaniya xarici işlər nazirini bu mövzular maraqlandırsaydı, ölkədən qovulmuş fondlarının dərdini çəkərdi”, politoloq sonda söyləyir.

ATƏT-ə üzv ölkələr növbə ilə bir il ona sədrlik edirlər. Bu il növbə Almaniyanındır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 30 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 30 iyun

Pivəçi:"Dövlətdən xahiş edirəm, kömək eləsin"

Günün bütün mövzuları

XS
SM
MD
LG