Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 20:52

-

"ATƏT həmişə bilib ki, Qarabağ münaqişəsi təhlükəlidir. Münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb. Buna görə də, biz stabilləşmə ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq".

Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib.

APA-nın xəbərinə görə, V.Ştaynmayer atəşkəs rejiminin möhkəmlənməsindən ötrü lazımı tədbirlərin görüləcəyini qeyd edib.

"Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdı. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanmasından ötrü ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldurlar. Bu məsələdə aktiv olmalıyıq. İstəyirik münaqişənin həlli istiqamətində danışıqlar aparılsın və bu, davamlı olsun. Hazırkı irəliləyişlərdən istifadə etməliyik”, ATƏT sədri bildirib.

O vurğulayıb ki, yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır.

"Status kvo" qəbuledilməzdir, bunu gözardı etməməliyik. ATƏT-in bölgədə rolu yüksəkdir. Aprel əməliyyatları göstərdi ki, ATƏT-in rolu vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq. Çalışacağıq ki, bunun ardınca həllə nail olaq", - deyə Ştaynmayer qeyd edib.

E. Məmmədyarov: “Vaxtı çatıb”

“Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb”. Bunu isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O, qeyd edib ki, münaqişə, artıq, həll olunmalıdır.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

“Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”, nazir vurğulayıb.

E.Məmmədyarov deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.

Ortada sənəd var, iş gedir

Elmar Məmmədyarov və Frank-Walter Steinmeier, 30 iyun, 2016

Elmar Məmmədyarov və Frank-Walter Steinmeier, 30 iyun, 2016

“Amma danışıqlar naminə danışıqlar olmamalıdır. Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu ilə irəliləyiş istəyiriksə, danışıqlar xatirinə danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb.

Sankt-Peterburq danışıqlarına toxunan nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir.

“Rusiyadan ötrü Cənubi Qafqazda sabitlik önəmlidir”.

“Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiyadan ötrü Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.

ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. “Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.

Azərbaycan alman kəndlərini bərpa edir

Nazir mətbuat konfransında Almaniya ilə Azərbaycan arasında münasibətlərin günü-gündən güclənməsinə də toxunub. Elmar Məmmədyarov Azərbaycanın Almaniyanın Cənubi Qafqazdak ən böyük ticarət tərəfdaşı olduğunu deyib.

V.Ştaynmayer də Dağlıq Qarabağ münaqişəsindən başqa müzakirə olunan məsələlər haqda danışıb. O deyib ki, Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpasından ötrü böyük işlər görür.

“Köhnə alman kəndlərinin bərpası barədə Azərbycandan məktub almışıq. Təşəkkür edirəm k, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq", ATƏT sədri deyib.

Frank-Walter Steinmeier bu gün Azərbaycana gəlib. O, Azərbaycandan əvvəl Ermənistanda olub.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan və Qarabağdakı separatçı qüvvələr Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Qarabağ danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Buna da bax: Yanan binanın sakinləri məhkəmədən narazıdırlar

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 30 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 30 iyun

Pivəçi:"Dövlətdən xahiş edirəm, kömək eləsin"

Günün bütün mövzuları

XS
SM
MD
LG