Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Fransada indi yüz dəfə ayağa qalxmışdım, amma burda...


Azərbaycan-fransız aktrisası Elza Furtado

Azərbaycan-fransız aktrisası Elza Furtado

-

"Azərbaycanda elə şeylər var ki, bizim üçün anlaşılmazdı. Məsələn, rüşvət. Ya da elə şeylər ki, öz gözünlə görürsən və inana bilmirsən, ayağa qalxıb etiraz eləmək, buna qarşı çıxmaq istəyirsən".

Elza Furtadonu “Oda”-“ADO” teatrının tamaşaçıları çox yaxşı tanıyırlar. O qısa müddətdə teatrın aparıcı aktrisasına çevrilməyi bacarıb, “ADO”nu onsuz təsəvvür eləmək çətindi. Ancaq təəssüf ki, iş vizasının vaxtı bitdiyindən Elza bir neçə gündən sonra Azərbaycanı tərk eləməlidi. Oxu Zalı fransız əsilli azərbaycan aktrisası Elza Furtado ilə müsahibəni təqdim edir.

- Elza, bir az özünüz haqqında məlumat verin oxucularımıza.

Aktrisa Elza Furtado qrimlənərkən

Aktrisa Elza Furtado qrimlənərkən

- Mən özüm ixtisasca aktrisayam. Parisdə Teatr Məktəbini bitirmişəm. Sonra da üç ay Moskvada oxumuşam- Rusiya Teatr Xadimləri İttifaqının təşkil elədiyi beynəlxalq Yay Teatrı Məktəbində. Bu, kifayət qədər qısa, amma son dərəcə zəngin bir təcrübə oldu mənimçün, bir çox teatr xadimi, usta aktyorlarla tanış olmaq imkanı verdi.

- Ora necə gedib çıxmışdız?

- Bir rəfiqəm o layihədə iştirak etmişdi, mənə də dedi. Mən də namizədliyimi göndərdim. Fransada bu cür imkanlar nadir hallarda ələ düşür. Çünki bizdə, adətən, belə kurslar ödənişli olur, üstəlik mənzil, yemək üçün də pul ödəməlisən. Moskvada isə tamamilə pulsuz idi. Düz üç ay bütün xərcləri dövlət öz üzərinə götürmüşdü.

- Moskvadakı kurs sizi havayı olduğuna görə cəlb eləmişdi, yoxsa rus aktyorluq məktəbinin Fransada xüsusi şöhrəti var?

- Əlbəttə. Digər tərəfdən mən çoxdan rus mədəniyyəti, rus dili ilə maraqlanıram. Sarbonnada yazılı və şifahi şəkildə rus dilinə tərcümə üzrə magistraturanı bitirmişəm. Mən Bordoda doğulub böyümüşəm. Elə orda paralel iki istiqamət seçmişdim - rus dili və aktrisalıq. Bordoda həm rus dilini öyrənməyə başlamışdım, həm də həvəskar kimi teatrla məşğul olurdum – düz on il. Sonra Parisə gəldim, Teatr Məktəbinə, paralel olaraq Şərq Dilləri Milli İnstitutuna daxil oldum, orda rus dilini öyrənməyə davam elədim, ordan da Sarbonnaya getdim.

- Bəs Azərbaycana necə gəldiniz?

Elza Furtado "ADO" teatrda tamaşa zamanı

Elza Furtado "ADO" teatrda tamaşa zamanı

- Bu da başqa bir əhvalatdı. Rəfiqəm burda işləyirdi, səfirliklə müqaviləsi vardı, sonra onu mən əvəz elədim. İki il Fransız İnstitutunda – yəni Fransa Mədəniyyət Mərkəzində işləmişəm. Belə mərkəzlər bütün dünyada var. Mənim şefim həm Fransız İnstitutunun direktoru, həm də Fransa səfirliyində mədəniyyət üzrə müşavirdi. Bizim institut fransız dili üzrə mərkəzdi. Təxminən, British Council kimidi. Mən mədəniyyət şöbəsində mədəniyyət layihələri üzrə koordinator işləyirdim. Bu iki il ərzində mədəni layihələrin, tədbirlərin təşkili ilə məşğul olmuşam.

- Deməli, iki ildi, Azərbaycandasınız?

- Bir az çox. Müqaviləm aprelin ortasında bitib. Artıq iki aydı ki, işsizəm. Vizamın müddəti hələ indi bitir, iyunun 30-dan sonra Azərbaycan ərazisində qalmağım qadağandı. Bu çox mürəkkəb bir məqamdı. Səfirlik bir dəfə müqviləmi uzadıb. Əslində bu cür müqavilələr bir illikdi, bizim Xarici İşlər Nazirliyi (Fransa XİN-red) vasitəsilə bağlanır. Onların qaydaları belədi. Diplomatlar bir ölkədə dörd ildən çox qala bilməzlər, biz bir ildən çox.

- Mən sizi ilk dəfə “Oda” teatrında “Tikanlı məftillər” tamaşasının təqdimatında görmüşdüm. “Oda”yla əməkdaşlığınız necə başladı?

Elsa Furtado, Elmin Bədəlov və Aynur Zərrintac

Elsa Furtado, Elmin Bədəlov və Aynur Zərrintac

- 2014-cü ilin oktyabrında - mən Azərbaycana gələndən bir neçə ay sonra ilk dəfə Aynur Zərrintac - onunla çoxdan tanışıq - dəvət elədi məni “Oda”ya. Undergraund teatr olduğunu bilirdim, sosial şəbəkələrdə şəkillərini görmüşdüm. Ancaq onda işlərim çox olduğundan o qədər də diqqət yetirməmişdim. Sizin Mədəniyyət Nazirliyi hər il böyük teatr konfransı təşkil eləyir, ora bütün dünyadan teatr xadimləri gəlir. Yuğ teatrının direktoru Tərlan Rəsulov Parisdə fəaliyyət göstərən Avropa və Şərq Evi teatrının direktoru Dominique Dolmieunin də konfransa dəvət olunmasını xahiş elədi. Dominique Dolmieu şərq dramaturgiyası ilə maraqlanır, Azərbaycana əvvəllər də gəlib, “Yuğ” teatrını yaxşı tanıyır. O özü də bu konfransda iştirak eləmək istəyirdi və institutun köməyilə onu dəvət eləmək qərarına gəldik. Mən də bu layihədə işlədiyimə görə Dominiquenin burda yeni teatrlarla, onları yaradan insanlarla tanış olmaq istədiyini bilirdim. Dərhal ağlıma barəsində çox eşitdiyim “Oda” teatrı gəldi. Görüş təşkil elədik, Dominique-lə Elmin tanış oldular, söhbət elədilər. Ondan sonra daha çox ünsiyyətdə olmağa başladıq.

- Bəs səhnəyə çıxmağa nə vaxt qərar verdiniz?

Elsa Furtado və Elmin Bədəlov kloun rolunda

Elsa Furtado və Elmin Bədəlov kloun rolunda

- Bir qədər sonra. Elmini “İntihar” tamaşasında görəndə onun klounu çox xoşuma gəldi. Bunu izah eləmək çətindi. Elminin özəl bir vücudu var və məncə, onun klounu çox maraqlıdı. Mən özüm Fransada klounluqla məşğul olmuşam. Çox xoşuma gələn bir sənətdi və uzun müddət öz klounumu axtarmışam. Elmini səhnədə görəndən sonra istədim ki, bizim klounlarımız tanış olsunlar. Ona görə də fikirləşdim ki, Elminlə, məhz, klounada tərzində nəsə hazırlamaq lazımdı. Bu barədə danışmağa başladıq, yavaş-yavaş yeni ideyalar yarandı. Elə bir an gəldi ki, bütün bunları konkretləşdirmək istədik və rejissorumuz İmam Həsənlə“Mim+Oda”nın məşqlərinə başladıq. Amma bu tamaşa tam klounada olmadı, İmam çox şeyi dəyişdi.

- Elza, Azərbaycana təzə gələndə burda nə xoşunuza gəldi, nə gəlmədi? Nə sizi təəccübləndirdi, nə şok elədi?

Elza Furtado

Elza Furtado

- Düzünü desəm, iki ildən sonra, özü də burda qalıb-qalmayacağımı bilmədiyim bir məqamda içimdə o qədər təəssürat var ki... Hamısını danışmaq, izah eləmək üçün xeyli vaxt lazımdı. Yaxşı şeylər çoxdu, lap çox. Konkret desəm, sizin qonaqpərvərliyiniz, mehribançılığınız. Burda bilirsən ki, hansı vəziyyətdə olursan, ol, sənə kömək eləyəcəklər. İstər yaxın dostun, istərsə də,sadəcə tanışın olsun, sizi heç vaxt küçədə qoymayacaq.

Düzünü desəm, bizdə bir az fərqlidi. Mən əmin deyiləm ki, Fransada bu, hər dəfə mümkün olsun. Hətta bununla bağlı bir hadisə də başıma gəlib vətənimdə. Doğma şəhərim Bordoya getmisdik. Gəldiyimi heç kimə deməmişdim. Gecə idi, bir neçə saatımız vardı, yağış yağırdı. Mən, rəfiqəmə zəng vurdum. Dedi ki, niyə xəbər verməmisən, indi qəbul eləyə bilmərəm, dostlarım evdədi və s. Şokda idim. Hərçənd deyə bilmərəm ki, orda hamı özünü belə aparır, amma bizdə individualizm güclüdü. Düzdü, hər şey sadəcə ağ və qaradan ibarət deyil, avropalıların hamısı ancaq özü haqqında fikirləşmir. Azərbaycanlıların xoşuma gələn bir xüsusiyyəti də var: sizdə hər şeyi son ana saxlamaq və son anda həll eləmək mümkündür. Buna bayılıram. Düzdü, böyük stressdi. Çünki düşünürsən ki, iki aydı hazırlaşmalı olduğun tədbir birdən alınmadı, birdən kimsə deyər ki, yox, iştirak eləmək istəmirəm. Belə bir risk həmişə var, amma yenə də son ana saxlayırsınız. Bizdə hər şey administrativdi, daha mürəkkəbdi, konkret zaman limiti, prosedur var. Hətta ən kiçik tədbirlərdə belə əgər kimsə icazə verməsə, hər şey pozula bilər. Burda da vaxt limiti, prosedur var, ancaq bilirsən ki, onların yanından keçmək mümkündü. Hərçənd işdən kənarda vəziyyət bir az mürəkkəbləşir. Məsələn, kiminləsə konkret bir saatda görüş təyin eləmisən, gəlib görürsən ki, heç kim yoxdu. İlk vaxtlar bu, məni narahat eləyirdi, ancaq özüm də çox punktual adam deyiləm, ona görə də mənim üçün artıq ciddi problem deyil, ancaq yenə də kimisə çox gözləyəndə... Bu, prinsip deyil, mən prinsiplərə inanmıram, həyatımda prinsiplər olmağını istəmirəm. Yenə deyirəm: konkret ağ və ya konkret qara yoxdu. Hər şey insandan, şəraitdən, kontekstdən asılıdı.

- Bəs nə sizi şok elədi? Yaxşı və ya pis. Fərq eləmir..

Elza Furtado

Elza Furtado

- Çox şey. Azərbaycanda elə şeylər var ki, bizim üçün anlaşılmazdı. Məsələn, rüşvət. Ya da elə şeylər ki, öz gözünlə görürsən və inana bilmirsən, ayağa qalxıb etiraz eləmək, buna qarşı çıxmaq istəyirsən. Əgər impulsiv adamsansa, özünü saxlamaq çox çətindi. Əgər mən öz evimdə - Fransada olsaydım, yəqin artıq yüz dəfə ayağa qalxmışdım, qalmaqal salmışdım. Amma burda başa düşmüşəm ki, olmaz.

- Niyə olmaz?

- Ona görə ki, bu, təkcə mənə aid deyil. Başqalarına problem yaratmaq istəmirəm. Bir də ona görə ki, bütün hallarda xeyri yoxdu.

- Elza, Fransada kimsə - məsələn, hansısa Eluar Badalou “Oda” kimi teatr yaratmaq istəsəydi, nə baş verərdi? Onun hansı perspektivləri olardı, ya da olmazdı?

Elza Furtado "ADO" teatrın "STOP" tamaşasında

Elza Furtado "ADO" teatrın "STOP" tamaşasında

- Bu barədə həmişə düşünürəm. Əlbəttə, Fransada imkanlar lap çoxdu. Orda bır yığın təşkilatlar var ki, məhz, belə məsələlərlə məşğul olurlar. Təqaüd, maliyyə dəstəyi, yerli və beynəlxalqlayihələrdə iştirak etmək şansı verən strukturlar, təşkilatlar, alternativ layihələr var. Məsələn, bizdə Milli Mərkəz var ki, teatrlara maliyyə dəstəyi verməklə məşğul olur, layihələri seçir və vəsait ayırır. Amma Fransada teatr da çoxdu. Məncə, orda “Oda” kimi teatr çoxluğun arasında itərdi, çünki rəqabət böyükdü. Düşünürəm ki, onun Azərbaycan teatrı olması və Azərbaycanda yaradılması böyük üstünlükdür. Məhz, buna görə böyük dəstək tapmaq mümkündü. Əslində mən bunu Tiflisdən qayıdandan sonra anladım. Azərbaycan truppası - müstəqil bir truppa Tbilisiyə gedir, kifayət qədər böyük bir teatrda çıxış eləyir və ciddi əks-səda doğurur. Doğurmalıydı, çünki birinci, Azərbaycan truppasının gəlməsi qeyri-adi idi, ikinci, belə bir enerjinin, xaricdə çıxış eləmək arzusunun olmağı. Üstəlik onlar bunu öz hesablarına eləyirlər. Ki, bu da lap nadir hadisədi. Mən fikirləşirəm ki, bu teatr Azərbaycanda yarandığına görə lazımi dəstəyi alması üçün hələ vaxt lazımdı. Sadəcə Azərbaycandan dəstək almasını nəzərdə tutmuram. Ümumiyyətlə, xaricdə qastrollar təşkil eləmək üçün dəstək ala bilər. Avropalılara bu, daha maraqlı olardı. Məncə, buna görə və bunun sayəsində daha çox dəstək ala bilərlər, nəinki əgər biz problemsiz fransızlar olsaydıqvə yüzlərlə digər teatrlara bənzəyən bir teatr yaratsaydıq. Yenə də deyirəm, əgər bizim vaxtımız və daha çox pulumuz olsaydı, ya da, ən azı, vaxtımız olsaydı, biz dəstək ala bilərdik.

- Son sualım. Mim+Oda” tamaşası ətrafında yaranan ajiotaj sizi təəccübləndirdi, yoxsa Fransada da eyni situasiya ola bilərdi?

Elza Furtado

Elza Furtado

- Düzünü desəm, o söhbətlər, deyilənlər məni qətiyyən maraqlandırmır. Çünki danışanların hamısı tamaşanı görməyənlər idi. Əgər baxmamısansa, tamaşa haqqında danışmağa da haqqın yoxdu. Gələnlər isə daha çox müsbət fikirlər yazmışdılar. Təşəkkür eləyirdilər, təbrik eləyirdilər. Əslində belə hadisə hər yerdə ola bilər. İnsan “sərhədləri” keçəndə hamı ayağa qalxır. Hərçənd, yəqin, Avropada belə olmazdı. Çünki orda bu mərhələni artıq keçmişik. Avropada belə bir düşüncə var ki, təzə bir şey yaratmaq üçün alternativlər olmalıdı.

- Elsa, getmək istəyirsiniz?

- Vizamın vaxtı bitdiyinə görə getməliyəm. Sonra turist vizası ala bilərəm. Ancaq iş vizası ala bilsəydim, əla olardı. Bu da o halda mümkündü ki, burda müqaviləm olsun. Bilirsiniz, əslində teatrla, aktyorluqla, məhz, burda məşğul olmaq maraqlıdı. Burda anlamı var. Demirəm ki, Fransada mənasızdı, amma burda sadəcə mübarizə deyil... Getmək istəmirəm, amma məcburam. Eyni vaxtda burda müxtəlif işlərə namizədliyimi göndərirəm. Görək, necə olacaq. Əgər getsəm, bu teatrı tərk etməyim demək deyil. Çox istəyərdim ki, fransız truppaları ilə işləyək. Artıq teatrla bağlı bir çox layihələr var. Ümid eləyirəm, hamısı alınacaq. Fransız İnstitutu və Fransız Səfirliyi “ADO” teatrını dəstəkləyir. Çox ümid eləyirəm ki, bundan sonra da dəstəkləməyə davam eləyəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG