Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:08

Detektiv ədəbiyyatın kraliçası, o necə yazıçı olmuşdu...


İngilis yazıçısı Aqata Kristi

İngilis yazıçısı Aqata Kristi

-

Agatha Christienin dediyinə görə yazıçı süjetləri qab yuyanda fikirləşirmiş: «Qab yumaq o qədər axmaq məşğuliyyətdi ki, istər-istəməz qətl haqqında düşünürsən».

Agatha Christienin həyatı və ədəbiyyata gəlişi

Məşhur ingilis yazıçısı, 70-dən yuxarı detektiv romanın və 17-ə yaxın pyesin müəllifi Agatha Clarissa Miller 15 sentyabr 1890-cı ildə Devon qraflığında – Torkidə anadan olub. Balaca Agatha, hələ erkən yaşlarında dəcəl qardaşı Monti və bacısı Mecdən fərqlənirdi. O, daima utanır, özünü itirir, dili dolaşır, aktiv oyunları xoşlamır, pişiklər və ağaclarla danışmağa üstünlük verirdi. Elə təhsildə də xüsusi uğurları yox idi. Agatha, ömrünün sonuna qədər romanlarında kobud qrammatik səhvlər buraxmışdı.

Uşaqlıqda Agathanın iki böyük ehtirası vardı – koloniyadan gələn qohumlarının danışdığı əhvalatlara qulaq asmaq və mütaliə. Balaca Agatha dörd yaşından kitablarla dostluq eləməyə başlamışdı. «Alisa möcüzələr ölkəsində» onun sevimli kitabı idi. Oxuduğu ilk detektiv isə Arthur Conan Doylun «Mavi karbunkul» əsəri olmuşdu. Gələcək yazıçının uşaqlığı, qəhrəmanı qatil olan mistik yuxunun müşayiəti ilə keçirdi. O, həmin adamı canlı olaraq heç vaxt görməmişdi, amma həmişə onun varlığını hiss edirdi.

Agathanın təxəyyülü həddindən artıq geniş idi. Bir dəfə dayəsi ilə gəzən qızğıcaz təsadüfən qonşu mülkün sərhədlərini pozur. Çağrılmamış qonaqları qorxutmaq istəyən ev sahibi «sizi diri-diri yeyərəm» deyə bağırır. Dəhşətli hədəni çox canlı təsəvvür eləyən Agatha üç gün danışmır.

Aqata Kristinin uşaqlıq illəri.

Aqata Kristinin uşaqlıq illəri.

O, çox tez başa düşmüşdü ki, əsl ledi gerçək hisslərini gizlətməyi bacarmalıdı. Beş yaşında valideynləri ona küçük bağışlamışdılar. Sonra sevincini gizlədə bilməyən balacanı ayaqyolunda tapmışdılar. Qız əllərini yanaqlarına sıxıb «mənim itim var! əsl, canlı it!» deyə təkrar eləyirmiş.

Amma bu qapalılığın yeganə səbəbi əsl ledi olmaq istəyi deyildi. Kiçik miss Miller həm də çox utancaq idi. Bir dəfə fortepiano çalmaq üçün çıxdığı səhnədə huşunu itirir və dərhal qərara gəlir ki, kütləvi çıxışlar onluq deyil.

Agathanın 11 yaşı olanda atası dünyasını dəyişir və Millerlər ailəsi Qahirəyə köçməyə məcbur olur. (Orda həyat daha ucuz idi). Artıq böyüyüb göyçək, savadlı və hərtərəfli gənc xanıma çevrilmiş Agatha, kavalerlər arasında uğur qazanır, lakin heç cür utancaqlığının öhdəsindən gələ bilmir. Kavalerlərindən biri bununla bağlı Agathanın anası Clarissa Millerə: «Qızınız çox gözəl rəqs etmək öyrənib. Yaxşı olardı ki, ona danışmağı da öyrədəydiniz» demişdi.

Agatha isə danışmağı yox, yazmağı sevirdi. Əslində həmin dövrdə bütün gənc xanımlar ədəbiyyatla maraqlanırdılar. Bu, təxminən, əl işi ilə eyni statusda idi. Gələcək «detektiv kraliçası» ilk zamanlar sadəcə böyük bacısı Meci təqlid edir (Mec jurnallarda çap olunurdu), əlyazmalarını Mak Miller və Sidni Uest təxəllüsü ilə jurnallara göndərir, amma dərc olunmurdu.

Elə bu vaxt I Dünya Müharibəsi başlayır və ədəbiyyat müvəqqəti arxa plana keçir.

Müharibənin ilk dövrlərində tibb bacısı işləyən gənc ledilərdən fərqli olaraq Agatha Miller ilk dəfə qan görəndə huşunu itirməmişdi. O, paralel olaraq həm ağır əməliyyatlarda həkimlərə kömək eləyir, həm də əczaçılıq fakultəsində oxuya-oxuya aptekdə işləyirdi. Elə orda da sonralar personajlarını «öldürmək» üçün istifadə elədiyi zəhər növləri ilə yaxından tanış olur.

Aqata Kristinin ilk əri hərbçi Arçibald Kristi.

Aqata Kristinin ilk əri hərbçi Arçibald Kristi.

Müharibə insanları öldürürdü, əylənməklərinə əngəl olmurdu. Bir dəfə şənliklərin birində Kral Hava Qüvvələri korpusunun zabiti Archibald Christie Agathanın diqqətini çəkir. Keçən əsrin başlanğıcında kim pilotdan daha romantik ola bilərdi? Agatha aşiq olur, baxmayaraq ki, sevgilisinin nə incə maneraları, nə də pulu var idi. Əvəzində cazibəsinə və inadkarlığına söz ola bilməzdi –tanışlığın üçüncü günü o, Agathaya elani-eşq və evlənmək təklif eləyir. Başqası ilə (darıxdırıcı viktorian bir gənclə) nişanlı olmasına baxmayaraq Agatha təklifi qəbul edir.

Arçi müharibədə rütbə və medallar alır, Agatha xəstələrin qayğısını çəkirdi. Sevgililər gec-gec görüşürdülər, amma hər görüşdə, ən azı, beş dəfə sözləri çəp gəlirdi. Arçi «hə» deyəndə miss Miller mütləq «yox» cavabı verməli idi. Amma bu, onların, əvvəldən razılaşdıqları kimi iki həftə yox, üç gündən sonra evlənmələrinə mane olmur. Nigah mərasimi hərbi dövrün qaydalarına uyğun şəkildə qısa və sadə keçir. Toydan sonra yeni evlilər yarım il görüşmürlər. Boş vaxtı nə iləsə doldurmaq lazım idi və Agatha yazıçılığı xatırlayır. Missis Christie cinayətlər üçün incə motivlər, kombinasiyalar qura-qura gerçək həyatın dəhşətlərini unudurdu. O ki qaldı süjetlərə.. Öz dediyinə görə yazıçı süjetləri qab yuyanda fikirləşirmiş: «Qab yumaq o qədər axmaq məşğuliyyətdi ki, istər-istəməz qətl haqqında düşünürsən». Gələcək yazıçı, balacaboy belçikalı Erkül Puaronun qəhrəmanı olduğu detektivləri öz adı ilə, romanlarını isə Meri Vestmakkot təxəllüsü ilə yazırdı.

Aqara Kristi əri Ariçibald Kristi ilə birlikdə qonaqlıqda.

Aqara Kristi əri Ariçibald Kristi ilə birlikdə qonaqlıqda.

Archibaldi Christie arvadının ədəbi fəaliyyətinə laqeyd münasibətini heç vaxt gizlətmirdi. Məsələn, qolf onu daha çox maraqlandırırdı. Agatha hərdən zarafatla: «Mən- Qolfun dul qalmış qadınıyam» deyirdi.

İdmanla yanaşı mister Christie katibəsi Nensi Nillə də çox maraqlanırdı. Bax, o, qolfu yaxşı bilirdi. Nəticə: Mister Christie arvadından boşanma tələb eləyir. Təxminən, bir il Agatha boşanmağa razılıq vermir, amma heç nəyə nail olmayacağını anlayanda elə eləyir ki, əri onu ömürlük unutmasın. O vaxtlar artıq məşhur yazıçı olan Agatha Christie yoxa çıxır. Polis düz iki həftə onu axtarır və sonunda kiçik bir sanatoriyada tapır. Ərinin sevgilisinin adı ilə qeydiyyata düşmüş yazıçı rahat istirahət edir və heç kimi xatırlamırdı. Həqiqətən onda amneziya baş vermişdi, yoxsa bu, sadəcə ərinin kefinə soğan doğramağın bir üsulu idimi? Bunu yalnız

Aqata Kristinin itdikdən sonra tapılması haqda qəzet məqaləsi, 1926

Aqata Kristinin itdikdən sonra tapılması haqda qəzet məqaləsi, 1926

Agathanın özü bilirdi. Bu hadisə Agatha Christienin yeni «Rocer Ekroydun qətli» romanının xeyrinə işləyir. Müəllifin yoxa çıxması… Hətta ən hiyləgər naşir də bu cür reklam düşünə bilməzdi.

Boşanmadan sonra Christie səyahətə çıxır və 1930-cu ildə Şumer mədəniyyətinin əsas şəhəri Uranın qazıntılarına gəlir. Məşhur yazıçıya bələdçilik edən gənc alim Max Mallowan özündən 15 yaş böyük olan xanımla adi turist kimi davranırdı, ancaq Agatha tezliklə hazırcavablığı, incə yumoru, arxeologiyaya marağı ilə onu özünə heyran edir: «Mən özümü tamamilə təbii aparırdım, heç ağlıma da gəlmirdi ki, bu cavan oğlan mənimlə maraqlana bilər. Əgər onda Maksa ər namizədi kimi baxsaydım, daha ehtiyatlı, diqqətli olardım».

Qızı Rozalinda xəstələndiyi üçün tezliklə evinə qayıdan Agatha bir müddətdən sonra Mallowanu səhər yeməyinə dəvət edir. Bir neçə belə yeməkdən sonra Mallowan Agathaya evlənmək təklif eləyir. Rozalinda da bu evliliyə qarşı çıxmır. Yeganə şərti o olur ki, Maks ona Selfricdən çoxlu nabat gətirməlidi. Amma katolik kilsəsi onların nigahını təsdiqləmək istəmirdi və qəzəblənmiş Maks dinindən üz çevirir. Yalnız bundan sonra Agatha evlilik təklifini qəbul eləyir, pasportunu təzələyir və yaşını bir az azaldır. Hərçənd Maks ömürboyu hamıya deyirdi ki, «arvadını daim qayğıya ehtiyacı olan balaca qız hesab eləyir». Agatha isə:«arxeoloq arvadı kimi bəxtim yaman gətirib. Yaşım artdıqca bir tarixçi kimi onun üçün daha maraqlı oluram» deyə təkrarlayır.

Aqata Kristi ikinci əri Maks Mallounla arxeoloji qazıntılar zamanı.

Aqata Kristi ikinci əri Maks Mallounla arxeoloji qazıntılar zamanı.

Bu dəfə ər-arvadın maraqları üst-üstə düşmüşdü. Maks, Agathanın kitablarına maraq və hörmətlə yanışırdı. Agatha isə tez bir zamanda qazıntıların şəklini çəkməyi öyrənmişdi və ekspedisiyalarda ərini tək buraxmırdı. Üstəlik gəzdiyi yerlərə qəhrəmanlarını da aparırdı. Beləcə Erkül Puaro Mesopotamiyada, Suriyada, Misirdə olur. Ər-arvad uşaq istəmirdi, maraqlı işləri və özləri bir-birinə kifayət edirdi. Kral Tarixi cəmiyyətində Maks tanınmış alim, Agatha isə onun təvazökar xanımı, Yazıçılar Klubunda isə Agatha məşhur yazıçı, Maks isə onun əri olurdu.

Agatha Christienin sağlığında işıq üzü görən son kitabı «Pərdə» olub. Yazıçı, sanki onun rekviyem olduğunu hiss edir və uzun müddət kitabı çapa vermək istəmirdi. «Pərdə»nin süjetinə görə Erkül Puaro həlak olurdu. Onun ölümündən sonra Agatha Christienin bu dünyada işi qalmadı. O, 1975-cı ildə – 85 yaşında dünyasını dəyişib. Axırıncı

Aqata Kristinin azərbaycanca kitabı

Aqata Kristinin azərbaycanca kitabı

kitabının nəşrindən sonra Agatha deyirdi: «Artıq yaşadığım həyat mənə borc verilir. Çağırışı gözləyirəm. O, mütləq gələcək və başqa bir yerə köçəcəyəm. Ölümlə görüşə hazıram. Həmişə eskimonu çox sevmişəm. Bir gün bu sevimli qarı üçün nəfis soyuq yemək hazırlanacaq. O, buzlu yolla çıxıb gedəcək və bir də qayıtmayacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG