Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

"Siz bizim yerimizə olsanız, neyləyərdiz, cənab prezident?"


Orxan Bahadırsoy

Orxan Bahadırsoy

-

Dayanacaqda durmuşdum, avtobus gözləyirdim. Bir yaşlı kişi yaxınlaşıb soruşdu ki, burdan Şuşaya necə getmək olar?

Orxan Bahadırsoy

Siz neyləyərdiz, cənab prezident?

Xeyli zamandır ki, bir sual alıb məni öz caynağına. Avtobusa, metroya minəndə, dost-tanışları, qohumları görəndə, xeyir-şər məclislərinə gedəndə, bir sözlə, gündəlik həyatın hər anında doğulur bu sual:

Dərdi-səri başından aşan, problemlər içində çabalayan, baş verən ən xırda hadisədən də bir qurtuluş uman bu zavallı milyonların bircəsinin yerində olsaydınız, siz neyləyərdiz, cənab prezident?

Həmçinin baxın:

O gün atamın ad günü idi. Evdə soruşdum ki, niyə bir tort kəsmədiz? Dedilər ki, bu qədər borcun, kreditin içində atanın hansı gününə yaraşır tort?! Susdum. Cavab verə bilmədim.

Bu ölkədə öz doğum gününə bir tortu qıymayan minlərlə adam var. Söhbət o tortun mahiyyətindən getmir e! Adamın gərək azacıq əylənməyə, gülməyə, sevinməyə həvəsi olsun.

Öz doğum gününüzə bir tortu qıymayacaq qədər dərd içində olsaydınız, siz neyləyərdiz, cənab prezident?

Heyif ki, ictimai nəqliyyatdan istifadə etmirsiz. Bir gün fürsət tapıb istifadə etsəniz, görərsiz ki, bu ölkənin adamları nə hala düşüblər. Bütün yaşantıları qırış-qırış hopub simalarına. Hamısı qaşqabaqlı, qəmgin, yorğun, təlaşlı görünür.

Teatrın qoşa maskasında faciəni simvolizə edən üzgün maskadan fərqlənmirlər. Adam onların mənfi aurasında məhv olur. Avtobus da, metro da bir cəhənnəmə çevrilir. Soruşuram ki, bu kütlənin içinə çıxıb onların üzgün simalarını görsəydiniz, siz neyləyərdiz, cənab prezident?

Teatrın qoşa maskasında faciəni simvolizə edən üzgün maskadan fərqlənmirlər

Yüksək iqtisadi inkişaf dövrünü, çiçəklənmə zamanını yaşayan bu yazıq diyarın kredit-borc əlindən özünü asan cavan adamlarını, onların yetim qalan ailələrini, işsizlikdən məhəllə tinlərində dayanıb siqaret dilənən gəncləri, xəstəsi olanın həkimə vermək üçün pul axtardığını, tələbə valideynlərinin universitet müəllimlərinə vermək üçün pul axtardığını, kiminsə işə düzəlmək üçün pul axtardığını görsəydiniz, siz neyləyərdiz, cənab prezident?

Bir tərəfdə də Qarabağ. Milyonların sinəsində illərdən bəri qərar tutmuş yepyekə, qapqara dağ! Hər dəfə cəbhədən bir atışma səsi eşidən kimi bu yazıq adamlar Şuşaya, Laçına qədər gedib çıxır.

İllərin xəyalını bir anda çin olmuş hesab edib bir güllə səsi ilə bütün Qarabağı aldıqlarını hesab edirlər. Artıq dəli olurlar, dözə bilmirlər. İllərdir ki, ard-arda şəhid verən bu xalqın yoxsul daxmalarda, nəmişıik və üfunət içində yaşayan şəhid atalarını, şəhid analarını görsəydiniz, ya da onların bircəsinin yerində olsaydınız, siz neyləyərdiz, cənab prezident?

O günlərdə dayanacaqda durmuşdum, avtobus gözləyirdim. Bir yaşlı kişi yaxınlaşıb soruşdu ki, burdan Şuşaya necə getmək olar? Məəttəl qaldım. Fikirləşdim ki, düz eşitməmişəm. Sualı yenə təkrarladı. Ciddi idi. Bizim Koroğlu metrosunun yanında durub Şuşaya getməyin yolunu axtarırdı.

Cavab verməyə də qorxdum. Fikirləşdim ki, birdən işğalda olduğunu desəm, hirslənər. Tutub çırpar məni. Dinmədim. Telefonu qulağıma qoyub kiminləsə danışırmış kimi oradan uzaqlaşdım.

Sonra da Sabunçuya gedən avtobusdakı sərnişinlərdən öyrəndim ki, neçə ildir bu kişi Sabunçu, Zabrat, Koroğlu tərəflərdən Şuşaya getməyin yollarını axtarır. Bəs o kişinin yerində olsaydınız, siz neyləyərdiz, cənab prezident?

Hələ ki, bu qalmqallı şəhərin bütün təhlükələrindən, cinayətlərindən, dələduzluqlarından qanuna arxalanıb hüquq-mühafizə orqanlarına sığınmaq var.

O orqanlara ki, 5-10 nəfər bir yerə yığışan kimi, hərəsini bir maddə ilə həbsə atırlar. Qadınları, qocaları sürüyür, əlləri ilə ağızlarını qapayırlar. Bəlkə elə bunları yazdığım üçün məni də bir maddə ilə həbsə atacaqlar. Bəs bu boyda təzadların içində olsaydınız, siz neyləyərdiz, cənab prezident?

Onu da deyim ki, biz heç nə etmirik. Sadəcə, heç nə... Susub dayanmışıq. Gözləyirik. Niyə susuruq, nəyi gözləyirik, bilmirəm. Amma milyonlarla adam birləşib susmuşuq və gözləyirik.

Bəlkə də birləşdiyimiz yeganə şey susmaq və gözləməkdir, cənab prezident!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG