Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

Bizim avtobus sürücüləri bir başqa aləmdir


Avtobus. Yazıya illüstrasiya

Avtobus. Yazıya illüstrasiya

-

"Siz belə adrenalini heç atraksion qurğularında da yaşaya bilməzsiniz."

"Bunlardan bəzilərinin qanuni cəzası (cəriməsi) olduğu halda tətbiq edilmir."

Orxan Bahadırsoy

Macəra dolu Bakı avtobusları

Orxan Bahadırsoy

Orxan Bahadırsoy

Əgər siz Bakıda avtobusdan istifadə etmisinizsə, dünyanın çox yerində yaşaya bilməyəcəyiniz macəraları yaşamısız, demək.

Bu macəraların xoş, ya bəd olduğunu deyə bilmərəm, amma hər yerdə yaşanmayan nəsə fərqli, misilsiz bir şey olduğunu bilirəm.

Məsələn, siz tər, tütün, spirt, sarımsaq, soğan, pensilin, ucuz və bahalı ətirlərin qarışımını bu avtobuslarda ciyərinizə çəkə bilərsiz.

Mütləq ki, Bakı avtobuslarında sizi arxadan itələyən yaşlı bir kişi göbəyi, qabaqdan itələyən bir qadın dirsəyi olmuşdur.

Hər an nəfəssizlikdən boğulmağı, qapı arasında qalıb sür-sümüyünüzün sınmağını, kiməsə istəmədən toxunduğunuzda döyüləcəyinizi, qəfil açılan qapıdan asfalta yuvarlanacağınızı düşünmüsüz? Siz belə adrenalini heç atraksion qurğularında da yaşaya bilməzsiz.

Buna da bax: Bakı, hanı sənin avtobusların?

Avtobus qəzası

Avtobus qəzası

Bizim avtobus sürücüləri bir başqa cürdür. Onlar sükan arxasında siqaret çəkməyi, tum çırtlamağı xoşlayırlar.

Onlar sərnişinlərin üstünə bağırmağı, telefonda yüksək səslə danışıb birini söyməyi sevirlər. Bu, onlar üçün hobbidir.

Bu sürücülər, sərnişin götürmək üçün 20 qəpikdən ötrü hər addım başında saxladığı halda, avtobusdan enməyiniz üçün dayancaqda saxlamağa ərinərlər.

Bu sürücülər, onlara azca iri pul uzatdığınız halda sizin üstünüzə qışqırar, sizi danlayarlar.

Bu sürücülər, öz şəxsi avtomobillərini idarə edirmiş kimi bayağı, zövqsüz, sənətdənkənar söz və ritm yığınlarını yüksək səslə dinləyər, sizə də dinlətdirərlər.

Onların könülləri istəyəndə avtobusu ən yüksək sürətlə, istəyəndə də tısbağa sürəti ilə sürərlər. Onlar istədikləri vaxt 50-60 nəfər sərnişinlə yanacaqdoldurma məntəqəsinə girə bilərlər. Onlar heç bir qadağa, heç bir sərhəd tanımazlar.

Bu sürücülər daha nələr etməzlər ki?!

Onların avtobusa sərnişin yığması üçün limit yoxdur. Onlar üçün saman kimi pressləmə prinsipi var. Bir tərəfdən onları da qınamaq olmur. Axı plan ödəməlidirlər. Burda birbaşa sistemi quranlar müqəssirdir.

Onlara sərnişin sayında limit müəyyən olunmalıdır. Bu limiti keçdikləri halda cəzalar tətbiq olunmalıdır. Bu avtobusların içində işləyən kameralar quraşdırılmalıdır. İşləyən sözünü xüsusi ilə vurğuladım ki, görünüş xətrinə asılan yox, işləyən kameralar lazımdır.

Sərnişinlə kobud rəftar, sükan arxasında siqaret çəkmə, təhlükəli sürmə, dayanacaqdan kənar saxlama, limitdən artıq sərnişin yığma, sərnişinlə yanacaqdoldurma məntəqəsinə girmə, ictimai asyişi pozma (yüksək səslə danışıq, söz və ritm yığınları dinləmə və s.), sükan arxasında telefonla danışma – bunlardan bəzilərinin qanuni cəzası (cəriməsi) olduğu halda tətbiq olunmur. Digərləri də heç nəzərə alınmır. Sanki belə də olmalıdır.

Bakının yeni avtobusları

Bakının yeni avtobusları

Bir də var kart sistemi ilə çalışan avtobuslar. Məlumunuzdur, bu avtobuslar Avropa Oyunlarından sonra, nəhayət, Azərbayacana da gəldi. Amma sayca köhnə avtobuslardan azdır.

Bu yaxınlarda kart sistemli avtobusların birində orta yaşlı bir kişi avtobusa minəndə öyrəndi ki, avtobus kartla işləyir. Bir xeyli deyindi. Axır, bir gənc oğlan öz kartı ilə kişini içəri keçirdi. Amma kişinin hirsi yenə soyumadı. Başladı ki, “dədə-babanız kart görmüşdü, bu nə işdi” deyə gileylənməyə.

Buna da bax: Avstriyalı atletlərin Bakıda avtobusla vurulması işi məhkəmədə

Bu kişi özü də bilmədən xalqın üz qarası olan dədə-baba prinsipinin faciəsindən danışdı. Məhz bu dədə-baba prinsipi ilə işləyən avtobuslar illərdir ki, Azərbaycan xalqına qan uddurur.

Hərçənd ki, təzə avtobuslar da azərbaycanlılıq edir. Qanda var axı.

Məsələn, bir başqa təzə avtobusda rast gəldim ki, sürücü ürəyi istədiyi qədər sərnişin doldurur avtobusa. Limit vecinə də deyil. O ki, plan ödəməli deyildi.

Limit dolubsa heç bir dayanacaqda dayanmadan yoluna davam etməli, yalnız sərnişin sayı azaldıqdan sonra yeni sərnişinlər götürməlidir. Amma bu sürücü hələ içəridəkilərə əmr edirdi ki,”sıxlaşın, ortaya keçin”.

Yaşıma görə az-çox ölkə gəzmişəm. Hamısında da ictimai nəqliyyatdan istifadə etmişəm. Mən Bakı avtobuslarında yaşadığım macəralara heç yerdə rast gəlməmişəm. Odur ki, bu macəraların qədrini bilin...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG