Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

Gənc yazar: Bir yana gedəndə yolumuzu bağlamayın, cənab prezident!


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-


"Bıçağını nəlbəkilərin arxasında itiləyən, bu bıçaqla öz soğanını, göyərtisini güclə doğraya bilən sadə vətəndaşlar sizə nə edə bilər ki?"

"Əli və ayağı yalın, başı can ağrısına, əl borcuna, kreditə qarışan biçarə adamlar sizə nə edə bilərlər ki?"

Orxan Bahadırsoy

Yolumuzu bağlamayın, cənab prezident!

Bu ölkədə hamı tələsir, cənab prezident! Bir qarın yemək pulunu qazanmağa, bir xəstənin dərmanını, bir uşağın yeməyini almağa tələsir hamı. Bu məsum tələsgənliyin tən ortasında yolumuz bağlanır.

Saldığınız geniş, işıqlı yolların qırağındakı ağaclıqlara salırlar piyadaları. Həmin geniş və işıqlı yolların arxasındakı palçıqlı, lil gölməçəli dar küçələrə doldururlar maşınları.

İlham Əliyev maşın sürür, 14 avqust 2013
İlham Əliyev maşın sürür, 14 avqust 2013

O məzlum piyadalar, o ucuz maşınların içindəki sadə adamlar gecikir bir qarın yemək pulu qazanmağa, bir xəstəyə dərman, bir uşağa yemək almağa.

Bu gecikməyin pəncərəsindən dikir baxışlarını həmin geniş və işıqlı yollara. Dikir ki, tez bitsin bu gözləyiş.

Bu torpaqların adamı safdır, cənab prezident! Yanlışlıqla bir qarışqa əzsə, günahının bağışlanması üçün illərlə dua edər. Bıçağını nəlbəkilərin arxasında itiləyən, bu bıçaqla öz soğanını, göyərtisini güclə doğraya bilən sadə vətəndaşlar sizə nə edə bilər ki? Onlar ən pis halda parkda sevgilisini öpən bir gənci öldürə bilərlər.

Mənim nənəm təndirxanada işləyir. 63 yaşı var. Bu yaxınlarda həmin təndirxananın önündəki yoldan keçmisiz, cənab prezident! Həmişəki kimi bütün piyadaları və maşınları yığışdırıblar yoldan.

Səhər saat 5-də durub təndirxanaya gedən, yol kənarındakı marketlər üçün çörək bişirən yaşlı qadının bütün çörəkləri quruyub geri qayıtmışdı həmin gün. Yoldan maşınların keçməsinə icazə olmadığı üçün satılmamışdı çörəklər.

Mənim nənəm sizin 40 qəpiyinizi belə, mənimsəməyib, amma siz ona 40 manat ziyan vurdunuz.

Həmin qurumuş çörəklərin bütün hesabını da nənəm ödəməli oldu.

Sizin keçdiyiniz yollarda çörəkləri quruyan, çörəyindən olan, işindən olan, bu böhran vaxtında biraz da maddi ziyana düşən tək adam mənim nənəm deyil.

Daş bazarlarında daş sata bilmir daşdan çörək qazanan əli qabarlı, alnı tərli kişilər. Mağazaları müştərisiz qalır kiçik sahibkarların. Qiyməti getdikcə bahalaşan benzininin pulunu da qazana bilmir köhnə maşınını taksiyə çevirən yaşlı təqaüdçülər. Avtobus sürücüləri belə, həmin günün planını öz cibindən ödəyirlər.

Bakı. Prezidentin maşın karvanı
Bakı. Prezidentin maşın karvanı

Bu biçarə xalqı nəzərə alın, cənab prezident! Mənim nənəm sizin 40 qəpiyinizi belə, mənimsəməyib, amma siz ona 40 manat ziyan vurdunuz. Yolumuzu bağlamağa nə gərək var? Bizdən sizə zərər gəlməz, əmin olun.

Özünüzü yanınızdakı hündür kürsülərdə oturan yüksək vəzifə sahiblərindən qoruyun. İraq olsun, amma nə ziyan gəlsə, onlardan gələr.

Əli və ayağı yalın, başı can ağrısına, əl borcuna, kreditə qarışan biçarə adamlar sizə nə edə bilərlər ki? Sizi hardasa görsələr salam verməyə çəkinərlər, qorxarlar. Təzim edib susqun-susqun itərlər gözünüzdən. Susqunluğa və təzimə yaman öyrəncəlidir bu məmləkətin adamları.

Bu, sizə ikinci müraciətimdir. Birinci müraciətim nəticəsiz qalsa da, həya etmədim. Ərkimi bağışlayın, cənab prezident! Hər şey bir yana qalsın, yolumuzu bağlamayın, xahiş edirəm.

Unutmadan deyim ki, siz o yoldan keçəndə nənəm pəncərədən sizin maşınlarınıza baxıb sizin üçün dua edirmiş. Tanrı sizin üçün yetirsin, siz də bu ölkə üçün yetirəsiniz deyə, yalvarırmış öz Tanrısına.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG