Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

- "Hələ səndə yaxşıdır. Mənə yazmışdılar ki, limit 1200 oldu. 3 gün ərzində götürməsəm, 600 edəcəklər. Mən də götürdüm."


Orxan Bahadırsoy

Bank sərgüzəştləri

Aşağıda sizə təqdim etdiyim söhbətlər uydurma deyil. Bəzilərinin şahidi olmuşam, bəzilərini mənə danışıblar. Bu, onların kiçik bir qismidir. Eşitdiklərim və gördüklərim bundan qat-qat çoxdur. Əslində bunları siz də eşitmisiz və görmüsüz. Çoxunuzun isə yaşadıqlarıdır bunlar.

***

Vətəndaşa zəng gəlir:

-Alo!

-Salam. Sizi ... bankdan narahat edirik.

-Buyurun!

-Siz niyə üç aydır ki, ödəniş etmirsiz?

-Yoxdur! Pul yoxdur! Yoxdur, başa düşmürsən?

-Onda niyə kredit götürmüsüz?

-Mən sizdən 2000 manat pul istəmişəm. Siz bu puldan 200 manat komissiya haqqı tutub, mənə 1800 manat pul vermisiz. Üstünə də 500 manat faiz gəlib, 2500 manat pulu dollara çevirmisiz. Bu da edib 3200 dollar.

Amma mən sizdən əlbəəl 1800 manat pul almışam. Siz o kağızlara yalandan 3200 dollar verdiyinizi yazmısız. İndi də dollar qalxıb, məndən tələb edirsiz ki, 3200 manat pul ödəyim. Mən hardan ödəyim, hə? Mən demirəm, siz deyin...

-Konstitusiya məhkəməsinin qərarını gördünüz. Qərar verildi ki, kreditlər yeni məzənnə ilə ödənilməlidir.

-Onda gedin o qərarı verən hakimlərə deyin ki, ödəsinlər yeni məzənnə ilə!

-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib bank işçisi əlaqəni kəsir.

***

İllüstrasiya

İllüstrasiya

Bankdan vətəndaşa zəng gəlir:

-Alo!

-Salam sizi ... bankdan narahat edirik.

-Buyurun.

-Siz dörd aydır ki, kredit ödənişini etmirsiz.

-Qardaş, mən müəllim işləyirəm.

-Bilirik.

-Mən nə qədər maaş alıram, bilirsiz?

-Kredit müqaviləsində 200 manat maaş aldığınız yazılıb.

-Hə. Mən 200 manat maaş alıram. Bu 200 manatı sizə verim, o biri banka verim, o birinə verim, kredit kartlarına verim, üzvlük kartlarına verim, ərzağa verim, paltara verim, toya-yasa verim? Hansına verim?

-Ödəyə bilmirdinizsə, götürməyəydiniz!

-Siz görürdünüz ki, mən 200 manat maaşla bu qədər pulu ödəyə bilməyəcəyəm. Onda mənə niyə verirdiniz bu krediti?

-Siz bankı ələ salmısınız!

-Mən heç kəsi ələ salmamışam. Mən aylıq gəlirimə uyğun kredit götürmüşəm, sən onun iki qatını məndən tələb edirsən. Yoxdur! Ödəyə bilmirəm. Get, kartdan çək pulu. O biri banklarla danış, aranızda bölüşdürün!

-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib, bank işçisi əlaqəni kəsir.

***

Daş bazarında işləyən vətəndaşın iş yerinə bankdan nümayəndə gəlir:

-Salam. Siz üç aydır ki, banka ödəniş etmirsiniz.

-Bilirəm.

-Niyə ödəmirsiz?

-Mən gəldim də banka. Pulu ödəmək istədim, mənə dedilər ki, get pulu dollar elə sonra ödə. Mən çıxdım nə qədər gəzdimsə, dollar tapmadım. Sonra da pulu xərclədim.

-Xərclədiniz? Pulu dollara çevirmək nə çətin işdir ki?

-Bura şəhərin mərkəzi deyil. Balaca qəsəbədir. Tapılmadı dollar. Həm də ki, bura Amerika deyil. Azərbaycandır. Mən niyə dollar üçün gəzməliyəm şəhəri?

Gəlib pul ödəmək istəyirəm, deyirsiz get dollar gətir. İndi də pul yoxdur. O vaxt daş satılmışdı, gətirmişdim.

-Bəs haçan ödəyəcəksiz?

-Bu maşını görürsən? Bax, içi daşla doludur. Bir həftədir satılmır daş. Onu satsam, ödəyəcəyəm.

-Bəlkə bu daş heç satılmadı.

-Sən mənə niyə qarğış edirsən? Sən dua et ki, satım. Sonra ödəyərəm.

-Əgər ödəməsəniz maşını alacağıq.

-Doğrudan? Elə indi apar da. Borclarımı siləcəklərsə, apar. Daş-zad satıb özləri bağlasın kreditlərimi.

-Siz bizə əziyyət edirsiz. Ödəyə bilmirdinizsə, niyə götürürdüz?

-Mən krediti götürəndə iş var idi. Daş satılırdı. Olimpiya oyunları ərəfəsində yük maşınlarının hərəkətinə qadağa qoydular. Ona görə də daş bazarı işləmədi.

Sonra da, bax, bu böhran yarandı. Indi heç kəsdə ev tikmək üçün pul yoxdur. Ev tikmədiklərinə görə də onlara daş lazım deyil. Daş lazım deyilsə, mənim daşım necə satılsın? Mənim daşım satılmırsa, mən sənə pul necə ödəyim?

-Ödəməsəniz, məhkəməyə verəcəyik! – deyib bank işçisi ordan ayrılır.

***

İllüstrasiya

İllüstrasiya

İki vətəndaş bir-biri ilə söhbət edir:

-Bir dəfə evdə otaqların birində təmir işi görürdüm. Bankdan zəng gəldi...

-Təxminən haçan olub bu?

-O bəxtəvər günlərdə. Keçən il bu vaxtlar olardı.

-Hə, mənə də gəlmişdi.

-Mənə dedilər ki, kredit götürmüsüz. Dörd aydır vaxtlı-vaxtında ödəyirsiz. İstəsəniz, indi sizə 1000 manat kredit verə bilərik. Mənim əl borclarım var idi. Dedim, hamısını bağlayıram, təkcə bunu xırda-xırda ödəyərəm.

-Eyni şeyi mənə də dedilər e. Getdim 900 manat pul verdilər, 100 manat komissiya haqqı tutdular. 200 manat da faizi. Sonradan öyrəndim ki, müqaviləyə 1600 dollar pul götürdüyümü yazıblarmış.

-Ay sağ ol. Hə, məndə də elə. İndi də tələb edirlər ki, 1600 manat ödəyim. Ondan əvvəl də həm o bankdan, həm də başqa banklardan götürdüyüm kreditlər var. Hamısını da müqaviləyə dollarla yazıblar.

-Hələ mənə üzvlük kartına görə mesaj gəlmişdi. 300 manatlıq kart götürmüşdüm, yazmışdılar ki, limit 600 oldu, 3 gün ərzində pulu götürməsəm, təzədən 300 edəcəklər. Mən də götürdüm.

-Hələ səndə yaxşıdır. Mənə yazmışdılar ki, limit 1200 oldu. 3 gün ərzində götürməsəm, 600 edəcəklər. Mən də götürdüm.

-Belə çıxır ki, bunlar məzənnənin dəyişəcəyini biliblərmiş.

-Bəs sən neyləyəcəksən?

-Ödəmirəm. Bilsəm ki, məni içəri basıb borcları siləcəklər, lap 10 il də yatmağa razıyam.

-Eyni fikirdəyik! Mən də razıyam! Ödəyə bilmirəm!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG