Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

«The Washington Post» yenə Xədicədən yazdı


Xədicə İsmayılova
Xədicə İsmayılova

-

Beynəlxalq Mətbuat Azadlığı günündə «Amnesty» 10 jurnalistdən yazır; «Erdoğan-ın qurbanına necə çevrildim» – 3 may Qərb mediasının icmalı.

«Tez-tez ABŞ-ın yüksəkrütbəli rəsmiləri bəzi rejimlərin kobud insan haqları pozuntularını önə çəkmirlər, yetər ki, həmin rejimlər Amerikanın digər maraqlarına cavab versinlər. Bu anlamda jurnalist Xədicə İsmayılovanın işi özəlliklə narahatlıq yaradır. İsmayılova Bakıda ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiolarına qoşulmamışdan öncə Vaşinqtonda «Amerikanın Səsi» radiostansiyasında təlim keçib. O, Azərbaycanı idarə edən İlham Əliyev və ailəsinə bağlı korrupsiyanı üz çıxaran səs-küylü araşdırmalar hazırlayıb; bu yaxınlarda açıqlanmış «Panama Papers» onun ofşor şirkətlərlə bağlı yazdıqlarını təsdiqlədi. Əliyevlər həmin şirkətlər vasitəsilə qızıl mədənlərində paya yiyələniblər».

Bunu ABŞ-ın nüfuzlu «The Washington Post» qəzetinin redaksiya məqaləsində oxuyuruq.

Yazıda Xədicə İsmayılovanın saxta ittihamlarla 7 il yarım həbsə məhkum edildiyi vurğulanır.

Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənlərdən xəbəriniz olsun

«O, təqibə məruz qalan yeganə jurnalist deyil, ancaq özünü söz azadlığına həsr etmiş ABŞ radiostansiyasının jurnalistidir. Amma Obama administrasiyasının bu işə reaksiyası zəif olub. Jurnalistə hökm oxunanda, Dövlət Departamentinin bəyanatında deyilirdi ki, «Birləşmiş Ştatlar bu işdən dərin narahatlıq keçirir». Departament onun buraxılmasına çağırdı. Ancaq cənab Əliyev bu yaxınlarda Vaşinqtonda Dövlət katibi John Kerry və vitse-prezident Joe Biden-lə görüşəndə, heç biri açıq şəkildə İsmayılovanın adını çəkmədi. Əliyevin səfərindən öncə digər azərbaycanlı siyasi məhbusların bəziləri buraxılmışdı. AzadlıqRadiosunun rəsmisi deyir ki, «Ağ Ev İsmayılovanı prioritet elan etsəydi, onda azadlıqda olardı»».

Qəzet yazır ki, beynəlxalq insan haqları pozuntularına dair qanun layihəsini Konqresin təsdiqləməsi həm də Xədicə məsələsinə görə vacibdir. «Qlobal Magnitsky Aktı» kimi tanınan layihə qəbul olunarsa, hökumət rəsmilərinin qanunsuz fəaliyyətini aşkarlayan insan haqları fəallarına və ya fərdlərə qarşı pozuntu törədən «istənilən xarici şəxsə» ABŞ sanksiyaları tətbiq ediləcək. Bu layihə 2012-ci ildə qəbul olunmuş «Maqnitsky Aktı»nın geniş formasıdır. Kütləvi mənimsəmə mexanizmini üzə çıxaran vəkil Sergei Magnitsky Rusiyada həbsxanada öləndən sonra ABŞ həmin qanunu qəbul edərək, rusiyalı rəsmilərə sanksiya qoymağa başladı:

«Obama administrasiyası bir vaxtlar «Magnitsky Aktı»na qarşı çıxırdı, ancaq o vaxtdan bəri 39 rusiyalıya sanksiya qoyub. Qlobal qanunsa Xədicə İsmayılovanın işi kimi məsələlərdə gələcək administrasiyaların tədbir görməsinə yol açar. Ən önəmlisi odur ki, Konqresin uyğun komitə sədrləri və aparıcı üzvləri icra qurumunun diqqətini spesifik hallara çəkə biləcək. Beləcə, icra qurumlarından cavab istəyəcək».

Yazıda qeyd olunur ki, «Qlobal Magnitsky Aktı»nı Senator Benjamin L.Cardin hazırlayıb və dekabrda senatdan keçirib. Layihə indi Nümayəndələr Palatasındadır. Bəzi Administrasiya üzvlərinin fikrincə, sözügedən qanun ABŞ-ın hərəkətlərini insan haqlarıyla bağlı dar çərçivəyə sala, insan haqları kampaniyaçılarını, informasiya ötürənləri də əhatə edə bilər. Bütün bunlarla yanaşı, «The Washington Post» Nümayəndələr Palatasını həmin qanunu tezliklə qəbul etməyə çağırır..

Amnesty International
Amnesty International

«AMNESTY» 10 JURNALISTDƏN YAZIR

«Jurnalistika cinayət deyil, amma bütün dünyada azad söz və azad mətbuat prinsipləri təhlükədədir». Beynəlxalq Mətbuat Azadlığı günündə «Amnesty International» hüquq-müdafiə təşkilatı işinə görə hücuma məruz qalan 10 jurnalistdən yazır. Həmin jurnalistlər həbsə atılıb, onlara işgəncə verilib, yaxud öldürülüblər.

Misirdə «Shawkan» adıyla tanınan fotoreportyor Mahmoud Abu Zeid 3 ildir həbsdədir. Kamerunda jurnalistlər Baba Wame, Rodrigue Tongue və Félix Ebolé Bola informasiya qaynaqlarını açıqlamaqdan imtina etdiklərindən həbs təhlükəsiylə üzləşiblər. Çində Druklo adlı gənc tibetli yazar «separatçılığı qızışdırdığına görə» 3 illik həbsə məhkum edilib.

Qurum daha sonra Burundidən jurnalist Esdras Ndikumana, Meksikadan Anabel Flores Salazar, Anqoladan Sedrick de Carvalho və Domigos da Cruz, Tailanddan Somyot Prueksakasemsuk, Türkiyədən Can Dündar və Erdem Gül barədə məlumat verir.

Onluğa AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın da adı salınıb. Xədicə hakim ailənin korrupsiya əməllərini üzə çıxaran araşdırmalara görə 7 il 6 aylıq həbsə məhkum edilib. «O, şəxsi təhdidlərə, qısnamaya, şantaja məruz qalıb. Boyun əymədiyindən 2014-cü ilin dekabrında saxlanıb, ədalətsiz şəkildə mühakimə olunaraq 2015-ci ilin sentyabrında saxta ittihamlarla ona hökm oxunub», - qurum vurğulayır.

İstanbulda məhkəmənin önündə aksiya.
İstanbulda məhkəmənin önündə aksiya.

«ERDOĞAN-IN QURBANINA NECƏ ÇEVRİLDİM»

«Foreign Policy» dərgisində David Lepeska bir həftə öncə Türkiyəyə girişinin yasaqlanmasından, xarici jurnalistlərin getdikcə daha artıq təzyiqlə üzləşməsindən yazır. İstanbul aeroportunda 20 saat qalan jurnalistə ölkəyə buraxılmamasının səbəbi açıqlanmayıb, o, Çikaqoya qayıdıb və hələ də Ankaradan izahat gözləyir.

«Türkiyədə ifadə azadlığının sərhədləri günbəgün daralmaqdadır. Veteran jurnalist dostum deyir ki, ölkəsi ona 1980-ci illərdəki İranı xatırladır. O zaman yeni islamçı rejim tənqidçiləri susdurmaqla yerini möhkəmlədirdi. Türkiyə də əndazəni aşır. Daha «Freedom House» təşkilatının illik hesabatını da gözləməyə ehtiyac yoxdur. Qurum ötən il Türkiyədə media azadlığının həyəcan oyadacaq səviyyədə pisləşdiyini bildirir».

Müəllif mediaya təzyiqin PKK-ya qarşı zorakılıqlarla eyni vaxta düşməsinə diqqət çəkir. «Ötən dövrdə, Türkiyə 20 ay içində 4 dəfə səsverməyə gedəndə, bu məhdudiyyətləri seçkilərlə bağlayırdım. İndi isə bir çox müşahidəçilər inanırlar ki, hakim AKP tezliklə Türkiyənin konstitusiyasını dəyişdirmək, fransızsayağı prezident sistemi qurmaqdan ötrü referendum keçirəcək».
Jurnalist qeyd edir ki, PKK ilə münaqişədən yazanlar daha çox təzyiqə məruz qalır, hökumət məsələnin işıqlandırılmasına da terrorçuluqla mübarizəsinin bir hissəsi kim baxır. Türkiyədə hazırda həbsdə olan 30 jurnalistdən 10-u kürdpərəst «Dicle» xəbər agentliyinin əməkdaşlarıdır. Saxlanan, deportasiya olunan, yaxud Ankaranın ittiham etdiyi xarici jurnalistlərin çoxu elə kürd məsələsi üzərində işləyib, yaxud belə bir fikri olub.

XS
SM
MD
LG