Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

Senator: «O faktiki olaraq öz işinə görə həbs olunub»


Xədicə İsmayıla dəstək aksiyası (arxiv fotosu)

Xədicə İsmayıla dəstək aksiyası (arxiv fotosu)

Çərşənbə günü ABŞ Konqresində insan hüquqları sahəsində layihələrin dəstəklənməsi haqqında dinləmələr keçirilib. Turan xəbər verir ki, müzakirələr zamanı senator Ben Kardin dövlət katibinin köməkçisi Tom Malinovskiyə Azərbaycanda həbsdə jurnalist Xədicə İsmayılın taleyi haqqında sual verib.

«Repressiyaların və hökumətlə razı olmayan şəxslərin təqibinin davam etdiyi Azərbaycanda faciəvi vəziyyətə qayıtmaq istəyirəm. Belə siyasi məhbuslardan biri siyasi motivlərlə 7,5 il müddətinə həbs edilmiş Azadlıq Radiosu-nun icmalçısı Xədicə İsmayıldır. O, korrupsiya haqqında araşdırmalar aparırdı və faktiki olaraq öz işinə görə həbs olunub. Bizim bu məsələni qaldırmaq üçün hansı diplomatik vasitələrimiz var?» - deyə Kardin soruşub.

Tom Malinovski cavabında Xədicə İsmayılın azad etməyə çağırış etdiklərini deyib.

«Onun işi haqqında yaxşı məlumatımız var. Son həftələrdə biz Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri ilə bağlı çox intensiv danışıqlar aparmışıq. Zənnimcə, bunun sayəsində bir sıra siyasi məhbusların, o cümlədən İntiqam Əliyevin, Rəsul Cəfərovun, Anar Məmmədlinin azad edilməsi mümkün olub. Biz Azərbaycan hakimiyyətinin bəzi müsbət addımlarını görürük, amma razıyam ki, bu, kifayət deyil. Xədicə İsmayıl da daxil olmaqla, bir çoxları həbsdə qalır ki, onlar orada olmamalıdır» – T.Malinovski bildirib.

T.Malinovski qalan siyasi məhbus sayılan şəxslərin də azad olunmasının vacibliyini ifadə edib.

«Hesab edirik ki, qalan məhbusların azad edilməsi, Azərbaycanda daha çox mətbuat və ifadə azadlığının təmin edilməsi bu ölkəyə və onun Amerika ilə münasibətlərinə xeyir gətirəcək», deyə Malinovski bildirib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5 də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin Xədicə İsmayıl ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG