Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:54

Avtomobil idxalının azalmasının fəsadları


Bakı, maşın bazarı (arxiv fotosu)
Bakı, maşın bazarı (arxiv fotosu)

Ölkəyə avtomobil idxalının azalması atmosferin daha çox çirklənməsi ilə nəticələnə bilər. İqtisadçı ekspert Qubad İbadoğlu belə düşünür. O, ötən illərin avtomobil idxalına diqqət çəkərək deyir:

«İlk 3 ayda cəmi 1235 minik maşını gətirilib»

«2010-cu ildə ölkəyə 51 min 824; 2011-ci ildə 64 min 916; 2012-ci ildə 89 min 652; 2013-cü ildə 94 min 879; 2014-cü ildə 57 min 615; ötən ilsə 23 min 765 ədəd avtomobil gətirilib. Göründüyü kimi, son 5 ildə ölkəyə ən çox minik avtomobili 2013-cü ildə idxal edilib. Həmin illə müqayisədə 2015-ci ildə minik avtomobili idxalı 4 dəfəyədək azalıb. Bu ilin ilk 3 ayında cəmi 1235 minik maşını gətirilib. Belə getsə, bu il cəmi 5 min civarında avtomobil gətirilməsi gözlənilir. Bu, ötənilki göstəricidən, ən azı, 4 dəfə aşağı olacaq».

«Qeydiyyatda 1990-cı ildəkindən 5 dəfə çox şəxsi minik avtomobili var»

İqtisadçı ekspert Qubad İbadoğlu, 2015
İqtisadçı ekspert Qubad İbadoğlu, 2015

İndi ölkədə 1 milyondan çox şəxsi minik avtomobilinin qeydiyyatda olduğunu söyləyən ekspert bildirir ki, həmin göstərici 1990-cı illə müqayisədə 5 dəfə, 1995-ci illə müqayisədə 4 dəfə, 2005-ci illə müqayisədə 2 dəfədən də çoxdur: «Ötən 10 il ərzində avtomobillərin sayı ilə yanaşı, onun modellərində də xeyli dəyişiklik qeydə alınıb. 10 il əvvəl şəxsi avtomobil parkında Rusiya istehsalı olan «Lada», «Niva» və digər markalı avtomobillər çox idisə, indi Almaniyada istehsal edilən «Mercedes-Benz», «Mercedes-Vito» və digər markalı avtomobillər çoxdur».

«Özəlliklə Bakı və Gəncə şəhərlərində...»

Q. İbadoğlunun fikrincə, avtomobil idxalındakı kəskin azalma maşın-avadanlıq parkının yenilənməsinə mənfi təsir göstərəcək: «İdxalda azalma köhnə maşınların xüsusi çəkisini ildən-ilə artıracaq. Belə olan halda da avtomobillərdən çıxan tullantıların miqdarı çoxalacaq, özəlliklə Bakı və Gəncə şəhərlərində atmosfer daha da çirklənəcək».

XS
SM
MD
LG