Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

-

"Döyüşçü paltarı geyinib müharibəyə getmək istəyən erməni qızlarıyla bağlı sosial şəbəkələrdə paylanmış videoya seksual məzmunlu biabırçı şərhlər yazıldı. Orada belə, düşməni deyil, qadını gördülər."

"Fəlsəfi dünyagörüşə gəldikdə isə, elə uzağa getməyək, "fəlsəfə" sözünün özünə baxaq. Filo-sofiya, müdriklik qadın tanrısı Sofiyaya sevgi deməkdir. Eləcə də Allahı qadınlaşdıran eşq fəlsəfəsi kimi sufizmdə "sufi" sözünün kökü də həmin Sofiyadı."

Almaniyada yaşayan fəlsəfə doktoru Alov İnanna ilə OxuZalında söhbət


- Bu gün Azərbaycanda qadınların vəziyyəti çoxmu narahatlıq doğurmalıdı? Sizi bu mövzuda çox yazmağa nə vadar edir?

- İstənilən bir vəziyyətin narahatlıq doğurması – alternativləri, variantları bilməklə, müqayisələrlə mümkün olur. Məsələn, bu gün canınızda ağrı hiss edirsinizsə, dünən bu ağrının olmadığı ilə müqayisə edib xəstə olduğunuzu düşünürsünüz. İndiyəcən kimsə qanadları olmadığına görə intihar etməyib, çünki heç kəsin qanadları yoxdur.

Azərbaycanda qadınların vəziyyətinin narahatlıq yaradacaq qədər ciddi olmasını bir neçə alternativlə müqayisə edib görmək olar.

Birinci alternativ: dünyanın inkişaf etmiş ölkələrində qadınların vəziyyətinə baxanda bizimkilərin orta əsrlərdə yaşadığını düşünmək olar.

İkinci alternativ: Azərbaycan qadınının, eləcə də bütün türk və əksər dünya xalqlarının uzaq keçmişinə baxanda qadınların bu gün nə qədər miskin günə salındıqlarını görmək olar.

Üçüncü alternativ: Azərbaycan qadınının vəziyyətini kişilərin vəziyyəti ilə müqayisə edəndə nə qədər fərqli olduğu görünəcək və s.

Bağdadda qadın şairlərin yaradıcılığı "İnanna" adlı kitabda

Bağdadda qadın şairlərin yaradıcılığı "İnanna" adlı kitabda

Azərbaycanda qadın haqqında yazarkən daha çox Qərb qadınlarının nailiyyətləri, ya da qadın-kişi arasında uçurum səviyyəsinə salınmış fərqlər göz önünə gətirilir, bəzən də yazılı tarix boyu qadınlara olan haqsızlıqlar sadalanır. Mənim məqsədim isə başqa bir alternativi ortaya qoymaqdır; bilərəkdən, ya da bilməyərəkdən təhrif edilən, dəyişdirilən, sənətdə, dildə, mifologiyada, qədim dinlərdə diqqət yetirilməyən, gizlədilən pozitiv qadın tarixini işıqlandırmaq. Qadının yaradıcı, ilahi, başlanğıc, müqəddəs sayıldığı tarixini. Bununla qadının özünə inamını, sındırılmış qürurunu bərpa etməyi də düşünürəm.

- 8 mart ərəfəsində qonşu ölkələrdə qadınlar maraqlı şüarlarla küçələrə çıxmışdılar. O şüarların bəzilərində kişilərin ünvanına təhqir də vardı. Azərbaycanda çox vaxt radikal feminizmlə feminizmi qarışıq salırlar. Deyirlər ki, feminizmdəki bu qəzəb gender balansının əleyhinədir.

- Feministlik gender balansına necə xələl gətirə bilər ki, o, bu balansı yaratmaq üçün meydana gəlib. Bir zamanlar tarixdə qullar üsyanı nə idisə, mənə görə indi feminist hərəkat da odur.

Qadın patriarxiyaı, reqressiv ənənələri, müharibə lordlarının şlanqbaumunu aşmalıdır

Qadın patriarxiyaı, reqressiv ənənələri, müharibə lordlarının şlanqbaumunu aşmalıdır

“Qadın kastaçılığı” adlı bir yazım vardı. Yazıda Azərbaycan qadınlarını, hindlilərin məşhur kastaçılığına uyğun 4 kasta altında bölmüşdüm: mal qadınlar, qul qadınlar, qulluqçu qadınlar, xanım qadınlar. Yazının canı o idi ki, Azərbaycanda xanım qadınlar yox səviyyəsindədir.

Bu kültürdə qız uşağı doğulandan onu azad insan kimi deyil, mal, qul, qulluqçu kimi böyüdürlər. Qız kimilik, qızbibililk söyüş kimi, təhqir kimi işlədilir.

Hər kəsin bildiyi bu şeyləri niyə deyirəm? 7 il bundan qabaq Azərbaycan Neft Akademiyasında Fərda adlı bir oğlan nə qədər adamın həyatına son qoydu. Həmin terrorla bağlı verilişdə qatilin kəndçisi deyirdi ki, uşaqlıqda onun ayaması “qız” Fərda olub. Qatil telefonla çəkdiyi videoda birazdan hamının ondan qəhrəman kimi danışacağını deyirdi.

Bəli, bir oğlana “qız” damğası vurmaq nə qədər əksiltmə, təhqir sayılmalıdır ki, adam özünü təsdiq etmək üçün, Adlerin ortaya çıxardığı “çatışmazlıq komleksi” ilə qatilə çevrilə bilsin.

Bu fakt psixoloqlar üçün də əla materialdır. İndi “qızkimilik” qaxıncıyla böyüyən qızların aldığı psixoloji travmaları gözünüzün özünə gətirin. Ailədən tutmuş sosial həyatın hər nöqtəsinə qədər, dildən tutmuş folklor ünsürlərinə qədər, adət-ənənələrdən tutmuş əxlaqa, dinə qədər qadın patriarxallığın hökmü altındadır.

Hələ uşaqlıqdan onun yerişi, gülüşü, baxışı, oturuşu, duruşu, səsinin tonu, geyim-kecimi, hisslərini ifadə etməsi, mimikaları, bir sözlə bütün mövcudluğu kişilərin eqosuna uyğun tərbiyə edilir.

Atalar qız uşağının doğulmasını haçansa başaşağılıq gətirə biləcəyinə görə, analar isə onların həyatını təkrar yaşamasınlar deyə istəmirlər. Bu da nəticə: müasir texnologiya və kiflənmiş mentalitet birləşib qızların ana bətnindəcə doğulmasının qabağını alır. XXI əsrdə insanı cinsinə görə doğulmazdan qabaq öldürürlər, doğulandan sonra da öldürürlər, öləndən sonra isə kişilərdən bir qarış dərinə basdırırlar ki, birdən dirilib eləyər. İndi feministlər qəzəblənməsin neyləsin?!

Mən əlbəttə, bu qəzəbi normal sayıram, amma bu qəzəbi necə ifadə etmək məsələsinə gəldikdə daha sivil yol təklif edərdim.

- Alov xanım, qadın beyniylə kişi beyninin çəki fərqi, “qadınların beynində rasionallıq azdı” kimi elmi əsası olmayan söhbətlər niyə hələ də yaşayır?

- Qadın zəkasının kişininkindən aşağı olması mifi patriarxallığın qadınlara qarşı yaratdığı və yaşatdığı miflərdən biridir.

Marilyn Mach Vos Savant, Guinness Rekordlar Kitabına görə dünyanın ən yüksək IQ-sü

Marilyn Mach Vos Savant, Guinness Rekordlar Kitabına görə dünyanın ən yüksək IQ-sü

IQ, yəni zəka səviyyəsinə görə dünyada ilk yerin sahibi hazırda 69 yaşlı amerikalı bir qadındır: Marilyn vos Savant. Müqayisə üçün deyim, Einstein'in IQ-sü 190 idisə, bu qadında IQ 228-dir.

İkinci, IQ araşdırmalarıyla tanınan professor James R.Flynn də son araşdırmalarında qadınların kişilərdən zəka baxımından irəli olduğunu ortaya çıxartdı. Üçüncüsü, Avstriyada Ulm Universitetinin gen mühəndisi H.Hameisterin kəşfi ilə bəlli oldu ki, zəka genləri ancaq X xromosomlarında mövcuddur. Bu, bilirsiniz nə deməkdir? Qadın 2 X xomosomu ilə meydana gəlir. Kişi isə atasından Y, anasından X xromosomu alıb yaranır. Zəka genləri X xromosomundadırsa, deməli, hər zəkalı kişi öz zəkasını anasından aldığı X xromosomuna borcludur! Üstəlik, qadında iki X var!

Kültür tarixində memarlıq da daxil olmaqla ev quruculuğu, heyvanları əhliləşdirmək, yəni heyvandarlıq, bitkiləri mədəniləşdirmək, yəni əkinçilik, ilkin mətbəx avadanlıqlarının düzəlməsi, yəni, dulusçuluq, eləcə də toxuculuq, kulinariya, dil, sənət, din, həmçinin biologiya, astronomiya, tibb və s. daxil olmaqla bütövlükdə elmin ilkin genezisi və s. qadın adıyla bağlıdır!

Hətta ta şumerlərə qədər gəlib çıxan, yalnız qadınların istifadə etdiyi “əməsal” adlanan yalnız qadınlara aid qadın dili varmış, bu dildə müqəddəs-dini mətnlər ifadə olunurmuş.

Qadın zəkasının kişidən əskik olması mifini dağıtmaq üçün dünyagörüş çeşidlərinə də baxaq. Mifik dünyagörüşdə demək olar ki, bütün zəka, yazı, dil, nitq, yaddaş, huquq, alın yazısı, ilham, vəhy, vəcd və s. tanrıları qadın cinsindədir. Şumerdən Misirə, hindlilərdən keltlərə, yunanlardan skandinaviyalılara qədər belə olub.

Misal kimi ağıl tanrısı İştardan, yazı tanrısı Nidabadan tutmuş ta nizam və qayda yaradan qadın-tanrılar Harmoniya və Dissiplinaya qədər, onlarla ad çəkmək olar.

Hypatia. Neoplatinist filosof

Hypatia. Neoplatinist filosof

Fəlsəfi dünyagörüşə gəldikdə isə, elə uzağa getməyək, "fəlsəfə" sözünün özünə baxaq. Filo-sofiya, müdriklik qadın tanrısı Sofiyaya sevgi deməkdir.

Sophia

Sophia

Eləcə də Allahı qadınlaşdıran eşq fəlsəfəsi kimi sufizmdə sufi sözünün kökü də həmin Sofiyadır. Bu haqda araşdırmalarımın nəticələrini sonra ortaya çıxardacağam.

Bəs niyə tarixdə Sofiyanı sevən qadın, yəni filosof qadın yox dərəcəsindədir sualı verə bilərsiniz.

Dünyaya yüksək zəka qabiliyyəti ilə gəlmək şərt deyil, həmin zəkanın üzə çıxmasına maddi, mənəvi şərait gərəkdir. Meşədə heyvanlar tərəfindən böyüdülən uşaqlarda məhz bu üzdən zəkalı davranış nədir, heç nitq qabiliyyəti belə, yaratmaq mümkün olmayıb.

İntellektual işlə məşğul olduğuna görə kişilər tərəfindən öldürülən Hipatyaların, üstünə lesbiyan ləkəsi atılan Safoların taleyi – vəzifəsi kişilərə xidmət etmək və onların nəslini davam etdirmək olan qadınlara dərs idi.

Patriarxallığın möhkəmlənməsində təkallahlı dinlər – iudaizm də, xristianlıq da, islam da – sement rolu oynadı. Bu dinlər artıq maskulinləşmiş

Pakistan dini məktəbi

Pakistan dini məktəbi

paqan dinlərinin ardınca təhsil mərkəzlərini qadınların üzünə bağladı, qadın ağlını şeytani və topuğa yerləşəcək qədər kiçik həcmli saydı.

Nə qədər ki, patriarxal kültür davam edəcək, hətta qadınlar da kişilərin bəhrəsi olan antiqadın əsatirlərə inanacaq və öz ağlını da kişilərin ağlından aşağıda görəcək.

-Təxəllüsünüz də bu baxışlarınızı ifadə edir...

- İnanna təxəllüsünü götürməyimin iki səbəbi var. İnanna – təxminən beş min il əvvəl yazılı tarixi başladan sumerlilərin ən nüfuzlu qadın tanrısı idi. Mənim üçün qadının tanrılaşmasının simvoludur. Ancaq qadının tanrılaşması, daha doğrusu, tanrının qadın kimi təsəvvür edilməsi İnanna ilə başlamır, bunun on min illərllə yaşı var. İlk tanrılar ana kimi düşünülüb, sonralar ana tanrı oğlu ilə, daha sonra sevgilisi, ya da əri ilə birgə təsəvvür edilib və nəhayət, məsələn, qədim Mitra dinində olduğu kimi, qadın tanrıların cinsi dəyişdirilib, yəni kişiləşdirilib və subaylaşdırılıb. Mən buna allahların transseksuallaşdırılması deyirəm.

Təkallahlı dinlərdə də bu yön davam edir, sonuncu monoteist din sayılan islamda allah cinsiyyətsiz sayılsa da, onun linqvistik ifadəsi məsələn, ərəbcə hu, rusca on, almanca Er və s. kişi cinsindədir. İslamın təsiri ilə, qadını alçaldan belə bir atalar sözü, daha doğrusu, kişilər sözü də uydurdular: arvad yaxşı olsaydı, Allah birini də özünə yaradardı. Bu deyimdə Allahın kişi kimi düşünüldüyü açıqca bəlli olur.

Göydə Allahın kişi kimi təsəvvürü, yerdə kişinin allah kimi təsəvvərünə gətirib çıxardır. Belə olanda qadın ikiqat qul olur; həm göydəkinə, həm də yerdəkinə. İnanna təxəllüsü ilə qadının qul deyil, əksinə tanrı olduğunu xatırlatmaq istəyirəm.

Şəxsiyyət vəsiqəsi

Şəxsiyyət vəsiqəsi

İkinci səbəb isə, kişi soyadına qarşı etirazdır. Niyəsini deyim. Uşağın meydana gəlməsində atanın 23 xromosom qədər xidməti var. Amma elə o sayda xromosomu qadın da verir, üstəgəl, qadın həmin xromosomların birliyindən yaranan embrionu öz bətnində bəsləyir, onu aylarla qanıyla, canıyla insana çevirir, ölüm riskiylə, qorxunc ağrılarla o insanı dünyaya gətirir, əlavə olaraq dünyanın ən qiymətli, əvəzsiz qidası – ana südüylə onu yenə aylarla bəsləyir və nəticəyə, yaxud ədalətsizliyə baxın: uşaq atanın sayılır, atanın nəslinin soyadıyla tanınır. Məsələn, Banu Elçin qızı Alıyeva. Daha ədalətli variant belə olmalıdır, məsələn, Banu Humay qızı Gülxanımova.

Ananın adıyla və soy adıyla kimlik vəsiqəsində təqdim olunmaq hələlik mümkün deyil, amma bir qadın adını – İnannanı rəmzi soyad kimi götürməkdə məqsədim həm də bu idi.

- Sovet Azərbaycanında qadın millət vəkiili oldu. Həmin dövrdə qadınların statusunu necə qiymətləndirirsiz?

- Sovetlərdən qabaq Azərbaycanda Respublika qurulan kimi qadınlara kişilərlə bərabər səs vermə haqqı, cəmiyyətin ən üst təbəqəsinə qədər təmsil olunmaq imkanı verilmişdi.

Sevil Qaziyeva

Sevil Qaziyeva

Bu, balaca məsələ deyildi, müqayisə üçün deyim ki, Fransa da daxil olmaqla bəzi Avropa ölkələrində qadınlar bu haqqı, ikinci dünya müharibəsindən sonra əldə etdilər.

Elə burdaca istərdim səs məsələsi ilə qadın arsındakı əlaqədən bir neçə kəlmə deyim. Qədim Yunanıstanda qullar və qadınlar insan sayılmadıqlarına görə onların səsvermə haqları yox idi. Birinin səsini eşitdirməsi özünün varlığını hiss etdirməsi deməkdir, səs şəxsiyyəti ifadə edir.

Bir vaxtlar Yaxın və Orta Şərqdə şahın xidmətçiləri ancaq öz səviyyələrində olan kəslərlə danışmaq haqqına malik idilər, səviyyəcə onlardan üstün olanlarla isə, əl işarələri ilə fikirlərini çatdıra bilərdilər. İslamın gəlişiylə kültürümüzə, qadın səsinin haram sayılması, qadının kişi ilə danışmağının qadın üçün abırsızlıq sayılması, qadının yavaş səslə danışması, ərə gedəndən sonra qaynatasına səsini eşitdirməməsi, məcbur qalarsa əl işarəsiylə danışması gərəkliyi kimi təsəvvürlər ortaya çıxdı. Ərəbzəngilərin nərəsi batırıldı.

Sovet hakimiyyəti dövründə isə ərəb mentallığına bürünmüş Azərbaycan qadınını birdən-birə qaynar sosial həyata atdılar. Kişilərlə birgə səsvermədə iştirak etsə də, onun səsi kişilərin yanında qısıq qaldı. Bu gün də qadın səsinin yüksək tribunalardan az eşidilməsinin bir səbəbi də budur. Hərfi və məcazi mənada qadın səsinin kişi səsindən zəif və aşağı çıxması gərəkliliyinə inam.

Parlamentdə qadının o zaman da, indi də təmsil olunması çox vacib idi və vacibdir.

- Bəs bu gün?

- Azərbaycanda qadına verilən haqlar dünya standartlarına uyğundur, amma belə bir məsəl var, “yağım var, it dərisində”. İndi o haqlardan istifadə elə görüm, necə eləyirsən. Qadının evdən qıraqda işləyə bilməsi “kişi çaydı, arvad göldü”, “kişi çöldə işləyər, arvad evdə” deyimlərinə ancaq əlavə məna qata bildi, bu deyimlər təxminən belə oldu; “kişi çaydı, arvad da çaydı”, “kişi çöldə işləyər, arvad da çöldə işləyər”.

Qadın ikiqat zülmə düşdü, çöl işi də, ev işi də onun çiyinlərinə yükləndi. Qadın kişiyə aid sayılan işləri gördü, amma kişi qadına aid işlərə heç yaxın da gəlmədi. Niyə? Çünki “çöl işi” kişi işi kimi urvatlıdır, qürurvericidir, qadına ünvanlanan “kişi kimi qadın” ifadəsi başucaldan tərifdir. “Ev işi” arvad işi kimi əksik, ayıb, utanılacaq işdir, “arvad kimi kişi” söyüşdür, bir kişini qatil edə biləcək qədər bağışlanılmaz təhqirdir.

Avropada qadınının özünüdərki kişi əməyi ilə qadın əməyi arasındakı qiymətləndirmə fərqini gördükdən sonra başladı və çoxyönlü, dalğa-dalğa, sürəkli hərəkata çevrildi.

Azərbaycanda tək bir dəfə qadınların üç gün çəkən qiyamı olub, 1916-ci ildə. “Babiy bunt” adı ilə tarixə düşən qiyamın bəyannaməsində belə cümlə var idi, “Siz ey rəhmiz qaniçənlər, yaddan çıxarmayın ki, belə bir “qadın tufanı” bir də gələ bilər!” Ancaq qiyamın müəllifləri, təşkilatçıları, icraçıları qadınlar olsa da, qiyamın səbəbi bahalaşmağa etiraz kimi kartof üstündə olmuşdu, qadın haqları ilə bağlı deyildi.

- Alman nasizmiylə eyni vaxtda dünyaya qadın haqda "üç K" baxışı da ixrac olundu. Bu gün də bəzi azərbaycanlı köhnə kişilər qız-gəlinə həmin "Üç K"-ni misal çəkib ona uymağa çağırırlar. "Üç K"nin sonrakı taleyi necə oldu?

- Yaşadığım Almaniyada nasizm dövründə alman qadınlarına ünvanlanan “Hitlerin 3 K”-sı, yəni, “k” hərfi ilə başlayan Kirche (kilsə), Küche (mətbəx) və Kinder (uşaqlar) çoxdan aktuallığını itirib. “3 K” ilə qadına belə bir mesaj verilirdi: qadın dindar olmalı, gününü mətbəxdə keçirməli, uşaq böyütməlidir. Və bu gün alman cəmiyyətinin gəldiyi nöqtəyə baxaq: analıq məzuniyyəti ilə birgə atalıq məzuniyyəti də var.

Bizdə hələ guya qadını ucaldan ateist sovetin gur-gur guruldadığı vaxtda arvad işi görən kişiləri tənqid etmək üçün “Kişilər” adlı televiziya tamaşası çəkmişdilər, evdə qalıb uşaq saxlayan kişilərin ümumiləşdirilmiş obrazı olan “Hüseynağbacı” əsərin qəhrəmanı və əsas gülüş hədəfi idi. İndi görün, qadının yerinin mətbəx olduğunu, qadının vəzifəsinin ərinə qulluq etmək olduğunu deyən İslam təsəvvürlərinin gur-gur guruldadığı indiki dövrdə vəziyyət nə yerdədir.

- Azərbaycan ədəbiyyatında Azərbaycan qadınıyla rus qadının müqayisəsi mövzusu Sabirin vaxtından bugünədək davam edir. Bu müqayisə haqda nə deyə bilərsiz? Deyirlər ki, Azərbaycan qadını kişinin istedadını boğur.

- Azərbaycan və rus qadınının müqayisəsi ilk vaxtlar, yəni sovetlərə qədər Sabirin diliylə desək, Sonya-Tükəzban müqayisəsi kimi başlayıb, burada sonyalar heç də ciddi, intelektual, ərinin silahdaşı kimi bir qadın obrazında deyildi, “məşədilərin”, “neftxudaların” milyonlar xərclədiyi məşuqələri idi. Bu qadınların antitezisi isə başıqapazlı, bozbaş bişirməyə məhkum, ən böyük həzzi hamamlarda bir-birinə təzə pal-paltarını göstərib yandı-qındı vermək olan, pəncərədən boylanmağa belə həsrət qalan, həyata “itbaxandan baxan” (Mirzə Cəlil) “bədbəxt tükəzbanlar” idi. Rus qadını simvolik olaraq Matişkə adlandırılırdı.

Sovetlərdən sonra ruslaşdırma siyasətinin bir tərəfi kimi internasional ailə modeli dəbə mindi, rus qadını obrazı üzərində müxtəlif plastik əməliyyatlar aparıldı. Rus qadınıyla ailə qurmaq prestij, perspektiv gələcək demək oldu.

Hələ də rus qadını əfsanəsini yaşatmaq istəyənlər, zəhmət çəkib biraz öz arxaik maskulin tiplərini və Azərbaycan qadını haqqında onları İşid səviyyəsində danışdıran kulturoloji, psixoloji, mental səbəbləri araşdırsınlar.

İkinci bir tərəfdən, nə üçün ataları, qardaşları, ərləri tərəfindən istedadları boğulan, öz imkanlarını meydana çıxara bilməyən yaradıcı qadınlardan heç danışılmır?

Gündüzlər işləyib gecələr hamını yuxuya verəndən sonra dissertasiya yazan, bədii, ya da elmi əsər yazdığına görə əri tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalan nə qədər qadın tanıyıram. Özünü ifadə etmək üçün yüzlərlə qadın ailəsini dağıtmağa məcbur olub. Belələrinə nə qədər damğalar vurulub.

Əgər qarşı cins tərəfindən istedadı boğulanların statistikası aparılsa, zərərçəkən kimi qadınların daha çoxluqda olacağına varlığım kimi əminəm.

- Azərbaycanda qadın ön cəbhədə döyüşmür. Bəlkə buna görə pasifistlərə “arvad” deyilir?

- Bu gərgin günlərdə leksikonumuzda, döyüşmək istəməyən, ya da ümumiyyətlə döyüşdən çəkinən birinə “arvad kimi qorxaqdır” demək yenidən dəbə minib. Sosial həyatın bütün sahələrində olduğu kimi “arvadkimilik” müharibələrdə də ən qəbuledilməz təhqir sayılır.

Döyüşçü paltarı geyinib müharibəyə getmək istəyən erməni qızlarıyla bağlı sosial şəbəkələrdə paylanmış videoya seksual məzmunlu biabırçı şərhlər yazıldı. Orada belə, düşməni deyil, qadını gördülər.

Döyüşçü qadını seks obyekti saymaq qədim türklərin döyüş mədəniyyətinə əsla uyğun olmayıb! Bu düşüncə təəssüf ki, islamla gəldi, çünki İslam tarixində savaş qənimətlərinə qadınlar da daxil idi.

Müharibəni patriarxal düşüncə yaradıb, qoy dünyada ana ruhu qələbə çalsın, insanlar patriarxal düşüncədən azad olsunlar. Yeri gəlmişkən, qədim sumerdə azadlıq sözünə “ama-gi” deyirdilər, bu sözün bir mənası da anaya geri dönüş deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG