Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

-

Azərbaycanda qadınların hüquqları uğrunda hərəkata ilk dəfə kişilər başlayıblar; XIX əsrin sonu XX əsrin əvvəllərində qadınların hüquq və azadlığı uğrunda mübarizə aparan kişilər Qərbin humanist dəyərlərindən tərbiyə görmüşdülər. Azərbaycanda qadın haqları uğrunda hərəkat kişi başlanğıcına malikdir.

Həmin kişilər cəmiyyətin inkişafını qadın inkişafı olmadan təsəvvür etmirdilər.

Həsənbəy Zərdabinin heykəli

Həsənbəy Zərdabinin heykəli

Tarix kitabları deyir ki, 20-ci əsrin əvvəlində burada müsəlman qızlarına oxuma, yazma, elm, fəlsəfə, mədəniyyət öyrətmək üçün “Nicat” qadın maarifçilik cəmiyyəti yaradılıb, onun ilhamverəni bir kişi olub - Həsən bəy Zərdabi.

Cəlil Məmmədquluzadə ilk qadın jurnalı olan “İşıq”-ın işıq üzü görməsi üçün çalışıb, Cəfər Cabbarlı Azərbaycanda feminist klubun yaradılması təşəbbüsü ilə çıxış edib, Əhməd bəy Ağaoğlu isə Azərbaycanda qadın haqları probleminin nəzəri əsasını qoyan şəxs hesab olunur.

Ə.Ağaoğlu Bakıda Tağıyev qız məktəbinin açılışı barədə yazır:

“Bundan sonra müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... onlar gələcək nəsillərə, inkişafa, yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur.”

Oxuma-yazma bilməyən başıaşağı müsəlman qadınların arasında Azərbaycanda o vaxt ilk qadın jurnalı “İşıq”ın meydana çıxması mühüm hadisə idi, jurnalın üz qabığında qara çadralı qadın uşağının əlindən tutaraq ona çıxan günəşi göstərir. Həmin şəkli kişi rəssam çəkmişdi.

O vaxt cəmiyyətdə şokla qarşılanan, redaktoru Xədicə Əlibəyova olan, iki illik bu jurnalın ideyası təkcə qadınların maariflənməsi deyil, hətta bərabər seçki hüquqları uğrunda mübarizə idi. Jurnalın müəllifləri öz qadın oxucularına belə müraciət edirdilər yazılarda: mənim bacılarım.

"İşıq"

"İşıq"

Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Rusiyanın bəzi bölgələrinə də yayılırdı “İşıq” qadın jurnalı və onu yayanlar kişilər idi.

Sovet dövrünün ilk illəri müsəlman Şərq qadınını kişinin ayaqları altından götürüb ona ilk dəfə cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verdi.

Qadın məsələsinin həlli sosializm mütərəqqiliyinin bir hissəsi idi. Sovet dövrünə "məcburi feminizm" dövrü adı vermişdilər.

Lakin əvvəlcə Avropanın humanist ideyalarından tərbiyə almış ADR liderlərinin gender məsələsinə səmimi töhfələrini yada salaq.

Hələ 1907-ci ildə Rusiyanın Dövlət Dumasında müsəlman fraksiyasının rəhbəri X.Xasməmmədov ölkə qadınlarına seçki hüququ verilməsi haqda qanun layihəsi təklif etmiş, müsəlman fraksiyası dəyişikliklə də olsa, bu qanunverici təşəbbüsü dəstəkləmişdi.

Azərbaycan Şərqdə ilk dəfə gender ziddiyyətləri probleminin həllində rəyini bildirmişdi.

ADR-in təsis yığıncağı seçkilərə hazırlıq prosesində qadınlara seçmək və seçilmək hüququ vermişdi.

1917-ci ildə Tiflisdə keçirilən Qafqaz Müsəlmanlarının birinci qurultayında Azərbaycan nümayəndəliyinə Şəfiqə Məmmədova daxil edilmişdi. Lakin qurultayda bu qadının çıxışı çox pis qarşılandı. Onu hörmətsizliklə tribunadan endirdilər. Bu da o dövrdə qadınların siyasi iştirakına münasibətin göstəricisi idi. Əhali qadını parlamentdə, qurultayda yox, mətbəxdə görmək istəyirdi.

Aydınlanmış müsəlmanlar bunun yaramaz iş olduğunu anlayırdılar, məsələn, İran şahının əmrilə xüsusi direktiv feminizm həyata keçirilməyə başlanmışdı, lakin cəmiyyət bütövlükdə patriarxal ənənələrdən kənara çıxa bilmədi.

Azərbaycan gender tarixində XIX əsrin sonu, XX əsrin əvvəli qadın xeyriyyəçiliyi dövrü kimi qalıb.

İlk Azərbaycan qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikovanın təşəbbüsü ilə yaradılıb. Azərbaycanlı zəngin qadınlar xeyriyyə aksiyaları keçirib bir qrup müsəlman qızının təhsili üçün ianə toplayırdılar.

XX əsrin 20-ci illərində Qərb və Rusiyada geniş yayılmış feminist hərəkatdan təsirlənmiş Bakı neft sənayeçilərinin qızları və arvadları Rusiyadakı “bestujevkalar”, “ravnopravkalar”, Amerikanın toxucu qadınlarının xatirəsinə elan edilmiş 8 mart Beynəlxalq Qadınlar Günü haqda xəbərlərdən təsirlənib öz həmcinslərini salındıqları bataqlıqdan çıxarmağa çalışırdılar.

İlk maarifçilərin fədakarlıqla apardıqları işin çətinliyini təsəvvür etmək üçün aşağıdakı məlumata diqqət yetirək.

ilk qadın məktəbinin açılışından 25 il sonra savadlılığın vəziyyəti belə idi: 1926-cı il demoqrafik siyahıyaalma nəticələrinə görə, Azərbaycan əhalisinin 81,5 faizi savadsız idi və qadınını, qızını evdən məktəbə buraxmaq istəmirdi.

Əhalinin əsas hissəsi olan türklərin savadlılıq faizi cəmi 8,6 faiz, türk qadınlarının savadlılıq faizi isə 2,4 faiz idi.

Yazısı olmayan kiçik xalqların savadlılıq səviyyəsi daha aşağı idi: 77323 talışdan yalnız 3 faizi, qadınlarından 0,1 faizi, yəni 37673 qadından ancaq 54-ü savadlıdır. 41193 kürddən cəmi 4,3 faizi, 19014 avardan 3,8 faizi, 8879 avar qadından ancaq 33-ü savadlıdır. (AZSSRİ Xalq Maarifçilik Komissariatın respublika qəzalarında savadsızlığın ləğvi haqqında hesabatı. AR dövlət arxivi F1114, s.3, iş323, v.152.)

1920-ci ildə Bakı və onun kəndlərinin qadınları üçün Əli Bayramov adına qadın klubu açıldı. Bu klub azərbaycanlı qadınlar arasında aparılan işin rəhbəri və nümunəvi mərkəzi oldu.

Clara Zetkin 8 martın bayram elan olunduğu Kopenhagen Konfransında

Clara Zetkin 8 martın bayram elan olunduğu Kopenhagen Konfransında

Hətta 1924-cü ildə 8 martın müəllifi, Almaniya Komunist Partiyasının yaradıcısı Clara Zetkin, Əli Bayramov adına kluba gəldi. Həmin klubda etdiyi çıxışda oranı “inqilabi qüvvələrin toplanış məntəqəsi” adlandırdı.

“Qafqaz od içində” kitabında Clara Zetkin yazır:

“Əli Bayramov adına qadın klubu göstərir ki, müsəlman qadınlarda yüzillər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır.” (Moskva, 1926, s.91-92, Az. milli tarix muzeyinin ən yeni tarix fondu)

Həlimə Axundova “İşıq” jurnalında “Müsəlman qadınların hüquqları” məqaləsində yazır:

“Əgər biz insanıqsa, onda bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım, qətiyyət göstrməyin vaxtıdır. Bizə bilik lazımdır.”

Müqəddəs Nina məktəbini bitirmiş Mədinə xanım Vəkilova-Qiyasbəyli 1906-cı ildə Salahlı kəndində öz evində qadın məktəbi açmışdı.

1906-cı ildə Gövhər Cəfərzadə-Şövqiyyə də öz evində qadın məktəbi açdı, lakin çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub məktəbi bağladılar.

Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun arvadı, qızı evlərində ianə məclisləri, “bəyaz çobanyastığı”, “sinidə lentlər” aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar.

"Ağ çobanyastığı" günlərində Müqəddəs Nina gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə verilirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və qadını Hənifə Məlikzadə, Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, pulsuz məktəb açmışdı, bu məktəb də polis tərəfindən eyni qorxu ilə bağlanıb.

8 martı qadın bayramı elan edən Kopenhagen Konfransı Azərbaycanda qadın xeyriyyəçiliyi dövrünə təsadüf edir. Bizim şərait savadlı, varlı və imkanlı qadınların xeyriyyəçiliyinə möhtac olduğu halda, Qərbdə yayılmış qadın hərəkatının şüarı artıq belə idi:

“Dünyaya xeyriyyəçilik gərək deyil, dünyaya ədalət gərəkdir”.

OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG