Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

-

"Belə nəvazişli, həssas kişinin qadına qarşı nə pisliyi ola bilər ki?"

Bu, mansplaining'dir, ingilis sözüdür, yəni qadına hər mövzu ilə bağlı məsləhət verən kişilər...


Leyla Nənə

8 Martı “Kişilər Bayramına” çevirərkən

Bəzilərimizin “Dünya Qadınlar Günü”, bəzilərimizin də “Dünya Əməkçi Qadınlar Günü” kimi bildiyimiz, qadınların haqq və azadlıqları uğrunda apardıqları mübarizə gününün tarixi xronologiyasını yazmayacam, - onsuz da maraqlananlar İnternetdə kifayət qədər ciddi qaynaqlar tapa bilərlər.

Əfqan qadınlar Herat şəhərində 8 mart Qadınlar Günü tədbirində

Əfqan qadınlar Herat şəhərində 8 mart Qadınlar Günü tədbirində

Qısası, günün necəsə qadınlarla əlaqəli olduğunu bilirik. Ya da bildiyimizi güman edirik.

Ancaq günümüzdə, xüsusilə Azərbaycanda, bu günün qeyd edilmə tərzi ilkin mənasını çoxdan itirib.

İllüstrasiya

İllüstrasiya

Konsumerizmin də köməkliyi ilə, kapitalizm və patriarxaya qarşı mübarizənin anım günü olaraq başlayan tarix, artıq “Alicənab Kişilər Günü”nə çevrilib.

Elə buna görə də, 8 martda təkcə qadınları yox, patriarxanın ağır vintləri olan kişiləri də təbrik etmək lazımdır.

Onsuz da qadın və bədənini metallaşdıraraq reklamlarda əsas fiqur kimi istifadə edib sərmayəsini daha da böyüdən kapitalizm, bu dəfə (8 mart ərəfəsində) sərmayəsi üçün qadınlardan da özünə dəstək toplayır.

Sosial media birdən-birə qadınların kişilərdən nəsə istəyən statuslarıyla, seksist reklamlarla dolub daşır.

Bu reklamların hamısında birmənalı olaraq, qadının rolu ancaq məişətlə sərhədlənir (ana, evdar qadın, dayə), məişətdən çıxanda isə qadın "seks nəsnəsi"nə çevrilir.

İllüstrasiya

İllüstrasiya

Bununla da qadın hündürdaban ayaqqabısı, iri döşləri, makiyajı ilə seksi görünüşə malik olur və daim baxılan, həzz alınan seks nəsnəsi kimi, patriarxal sistemdə ikinci dərəcəli fiqur olmağa davam edir. Bu reklam və çağırışların heç birində qadına bir fərd kimi baxılmır.

Bu reklamlarda qadınlar onların hər birinin həyatında onu bir qayda olaraq, hansısa çətinlikdən xilas edən güclü bir kişi ilə mövcud olur. Bu kişi də təbii ki, homo demonstrans'dır (göstərən adam).

Üstəlik, həmin "göstərən adamlar" da qarşımıza ingiliscə "mansplaining" (yəni qadına hər mövzu ilə bağlı məsləhət verən kişilər) adlanan tərzdə çıxırlar.

Bu homo demonstrans həmişə qadına nəsə məsləhət verir; “Qabı o şampunla yox, bununla yu”, “Əzizim, yeməyi bu...

​Bu homo demonstrans həmişə qadına nəsə məsləhət verir; “Qabı o şampunla yox, bununla yu”, “Əzizim, yeməyi bu yağla bişir”, “Paltaryuyan maşını elə yox, belə işlədirlər”, “Uşağı o bağçaya yox, bu bağçaya qoymalıyıq” və s.

Kişini avtoritar, qadını isə statusu nə olursa olsun, həmişə istehlakçı rolunda göstərirlər. Çünki sərmayə böyüməli, şirkətlər qazanc əldə etməlidir.

Biz sərmayə üçün daha az maaşla daha çox çalışmalı olduğumuzdan bu dəfə həyat standartlarımızı hədəf götürürlər. Çünki daha çox almalıyıq, almaq üçün çalışmalıyıq və bu çarx daima bu cür fırlanmağa davam etməlidir. İstehlak etmək (satın almaq), çalışmaq, istehlak etmək, çalışmaq...

Bunun üçün də qadını istehlakçı, həmişə xərcləyən kimi qələmə verməlidirlər. Çünki bu reklamların, dolayısı ilə patriarxanın əsas məqsədi kişini qazanan, qadın isə xərcləyən kimi göstərməkdir. Tələb-təklif məsələsi.

Beləcə, bu seksist reklamlar kişidən “ağ atlı şahzadə” yaradır;

“Dəyərli qadınlarımız, siz 8 Martda nə hədiyyə gözləyirsiniz (kişidən)?”,

“Sevgilim, mənə bu üzükdən al”,

“Sevgilim, mənə ətir al”,

“Ah, kişilər mənə bir kitab lütfən”,

hətta bu cür : “8 Mart üçün qadınlara ən yaxşı hədiyyə - pəncərəsiləni bizdən endirimlə ala bilərsiz!”

Bu reklamların içində qadına ünvanlanan fərqli-fərqli hegemon baxış bucaqlarını da görə bilərik. Qadının öz bədəni barədəki qərarı belə, bir başqasının basqısı altındadır:

“Epilyasiya xidmətimizdən istifadə etmək istəməzsiz? Bayram üçün 10% endirim!”. Demək istəyirlər, “Bayramı bədəninizdəki tüklərlə qeyd edəcəksiniz? Necə ola bilər? Axı qadın bədəni tüklü olmaz. Siz bədəninizin tüklərini təmizləməlisiniz. Çünki tüklü bədən kişilərin göz zövqünü pozur”.

Beləcə, 8 Mart, kişilərin alan, sevindirən, bəxş edən, qadınların isə kişiyə möhtac, kişidən istəyən bir gününə çevrilir.

Beləcə, 8 Mart, kişilərin alan, sevindirən, bəxş edən, qadınların isə kişiyə möhtac, kişidən istəyən bir gününə çevrilir.

Sosial şəbəkələr qadınların kişilərdən nəsə istəyən statuslarıyla dolub-daşır.

Ardınca da qadınların gördükləri “kişi diqqəti”ni Facebookda paylaşmaq rəqabəti başlayır:

“Ah! Mən kişi tərəfdən bu diqqətə layiq seçildim! Kişi məni bu hədiyyə ilə mükafatlandırdı!” və s.

Bunları yerinə yetirən kişilər üçünsə ikiqat müjdə var! Bu yolla, onlar həm patriarxiyadakı hakim mövqelərini qorumuş olurlar, həm də 364 gün etdikərinin hamısını 1 gündə təmizə çıxarmış olurlar.

8 mart günü hədiyyələr

8 mart günü hədiyyələr

Belə nəvazişli, həssas kişinin qadına qarşı nə pisliyi ola bilər ki?

Eh, qadın da bu sistemə görə onsuz da “təbiət etibariylə mərhəmətli” olduğu üçün ona edilənlərin bağışlanması və bütün daşların yerinə oturması qaçılmazdır.

Yəni 8 Mart, alicənab kişinin tövbəkar, "ana kimi anlayışlı" qadının isə rahib roluna büründüyü bir gün olur.

Amma bu "tövbə", indiyə kimi baş verən ədalətsizliklərin və bərabərsizliklərin bir daha təkrarlanmayacağına dair bir bitiş, bir son nöqtəsi deyil, əksinə, hər şeyin olduğu kimi davam etməsi üçün bir nəfəs dərmə anı, bir enerji bərpasıdır.

Bu il də hər şey plana uyğun şəkildə baş verdiyinə görə, 9 martdan etibarən yeni bir enerjiylə qaldığımız yerdən davam edə bilərik!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG