Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:11

Siz qadın deyilsiz! Biz sizdən "qadın düzəldərik!"


Leyla Nənə
Leyla Nənə

-

"Televiziyada, podiumlarda min cür proseduralardan keçirib yaratdıqları gözəllik anlayışını sizin arzunuz halına gətirəcəklər. Beləcə, sizə komplekslər, özünə inamsızlıq, özgüvən problemləri aşılanacaq. Sonra siz o arzuya çatmaq üçün çalışacaq, bütün qazancınızı bu patriarxal kapitalist sistemin inkişafı üçün xərcləyəcəksiz."

Leyla Nənə

Gözəllik yarışmaları

Feminist rejissor Chantal Akerman öləndə mənə elə gəlmişdi ki, daha qadınlar bir dəfəlik kartof soymağa məhkum oldu. Kartof, burada qadının görünməz əməyinin simvoludur əslində.

Film rejissoru Chantal Akerman (1950-2015)
Film rejissoru Chantal Akerman (1950-2015)

Yəqin, Chantal Akermanı ilk dəfə "Jeanne Dielman" filmiylə tanımışam deyə, kartof mənim üçün Akerman kinosunda qadının görünməz əməyinin simvoluna çevrilib.

Jeanne`nın (Delphine Seyrig) məhkum edildiyi məişət işləri, qadın kimliyinin yerinə ana və sevgili kimliyinin qoyulmağı, filmin sabit kamerası kimi qadın izləyicilərə onların hər gün həbs olinduğu dünyanı göstərir.

Onun filmlərinə baxanda qadınların məişət problemləri, sistemin dayatdığı rollar və şərtlər içində vurnuxduğunu görürük. Bütün bunlar izləyicini narahat edir.

Elə ki, həmin narahatlıq dilinin ucuna qədər gəlir, ancaq yəqin ki, yenə də sistemin şüuraltımıza işlədiyi basqıdan dolayı geri qayıdır, heç cür o narahatlığı hiss etdiyin kimi ifadə edə bilmirsən.

Akerman filmlərindəki qadın kimliyini narahat edən o diskomfort hiss gözəllik müsabiqələrinə baxanda da özünü göstərir. Axı görürük, bu gözəllik müsabiqələri qadın bədənini necə metalaşdırır, onu necə dəyərsizləşdirir, incidir, öz qəlibinə uyğunlaşdıraraq standartlaşdırır. Axı biz bilirik ki, bunların hamısı domino təsiri kimidir. Gözəllik yarışmaları və buna bağlı bir sürü kapitalist sənayelər durmadan inkişaf edir.

Qadın bədənini bir qəlibdə görmək üçün açılan idman zalları, buna bağlı olan böm-böyük kosmetika industriyası, buna bağlı olan böm-böyük estetik əməlliyyatlar, "gözəlləşmək" üçün bir sürü cərrahi proseduralar, geyim sənayesi, paket şəklində satılan diet proqramları və s.

Qırğızıstanda gözəllik müsaiqəsi
Qırğızıstanda gözəllik müsaiqəsi

Qadını özünə düşmən edən kapitalist patriarxal sistem birinci bu cür bir problem yaradır, sonra da o problemi həll etmək üçün yollar təklif edir.

“Bədəninin ölçüsü 34-36 deyil?” “Biz sizin üçün idman zalları açmışıq!”, “Döşləriniz bu modellərinki kimi deyil?” “Əməlliyyatxanalarımız hazırdır!”, “Üzünüz bu modellər kimi deyil?” “Cərrahlarımız sizi gözləyir!”, “Siz elə bilirsiz ki, bu modellər kimi ola bilmərsiz?” “Bu boyda kosmetika sənayemizi görməzdən gəlirsiz?!”, “Siz idman etmədən arıqlamaq istəyirsiz?” “Biz sizi yorulmağa qoymarıq, dərmanlarımız var!”, “Pulunuz varsa, hamısını bacararsız!”, Bunun üçün işləməli, işləməli, işləməlisiz!

Çünki o modellər kimi olmalısız! Yoxsa, görünməz olacaqsız, heç kim sizi bəyənməyəcək! Siz bunlardan heç birinə pul xərcləməmisinizsə, qadın deyilsiz! Biz sizdən "qadın düzəldərik!".

Əgər yaratdıqları problemlərə görə satdıqları həll yollarını alsanız, siz gözəl olacaqsız, sizdən qadın düzəldə biləcəklər. Əgər satdıqlarını almasanız, o zaman heç vaxt sizə "Gözəl!" deməyəcəklər, dolayısı ilə bu cür gözəllik müsabiqələri ilə sizə sunduqları gözəllik qəliblərinə həmişə arzu kimi baxmalı olacaqsız.

Televiziyada, podiumlarda min cür proseduralardan keçirib yaratdıqları gözəllik anlayışını sizin arzunuz halına gətirəcəklər. Beləcə, sizə komplekslər, özünə inamsızlıq, özgüvən problemləri aşılanacaq. Sonra siz o arzuya çatmaq üçün çalışacaq, bütün qazancınızı bu patriarxal kapitalist sistemin inkişafı üçün xərcləyəcəksiz.

Bizə heç kim bunları demir. Sonra biz də yarışdırılan qadınları görürük. Bir neçə gün əvvəl “Miss Azerbaijan – 2016” Milli Gözəllik müsabiqəsinin ilk seçim turuna qatılan qadınların şəkilləri sosial şəbəkələrdə paylaşıldi və həmin şəkillərin altına çoxlu təhqir xarakterli şərhlər yazıldı:

"Fu! Nə gündədirlər!", "Mən ondan gözələm!", "Zarafat edirlər? Bunların harası gözəldir?", "Buna makiyaj edilib hələ bu gündədir, edilməsə nə gündə olar?", "Özüm gedib çıxardım da ora daha!" və s. (davamı aşağıda)

Görün bu sistem bizə nə edib. Artıq podiuma çıxan qızlardan necəsə özümüzdə olmayan, hər gün görmədiyimiz, çata bilmədiyimiz gözəlliyi görmək istəyirik.

Şuuraltımıza işlənib ki, podiumdaki bu qızların gözəllikləri, görüntüləri, onlarda var olan fiziki xüsusiyətlər heç vaxt sizinki kimi, yaxud görməyə alışdığınız, əldə edə biləcəyiniz gözəllik ola bilməz. Onlar fövqəltəbii gözəlliyə sahibdirlər. Heç vaxt burnu əyri ola bilməz, bədəninin heç bir yerində bir dənə də tük görə bilməzsiz, qarınlarında qırış, ayaqlarında əyrilik ola bilməz.

Şuuraltına işlənən bu qədər özünə inamsızlıqdan sonra modellərdə hər insanda ola biləcək xüsusiyyətləri görüb aqressiv şərh yazıblar. Yəni, normal insan görünüşü ilə heç cür barışıq deyillər, onlara spesifik yox, standart ölçülər, görünüş lazımdır. Spesifikliyi artıq qəbul edə bilmirlər.

Çünki bizə televizordan, internetdən, dəb jurnallarından ötürülən gözəllik axı bu deyil, podiuma çıxan adam da hamımız kimi ola bilər? O, nəsə qeyri-adi olmalıdır, bizim kimi yox! Biz ki, aşağı və orta görünüşə sahib olan ölümlülərik. Onlar isə. Ah!

Bu şərhlər qədər dəhşətli olan başqa bir hadisə isə bir gün sonra oldu. Bir gün sonra müsabiqənin təsisçisi və təşkilatçısı bu cür açıqlama verdi:

"Müsabiqənin rəsmi saytında yerləşdirilən fotolar yarım-finala keçənlərdir. Şəkil elə bir şeydir ki, gözəl qızı eybəcər kimi göstərə bilər. Onlar fotolarda heç bir poza verməyib, makiyajdan istifadə etməyiblər. Bu fotosessiya deyil, bir anda çəkilən fotolardı…

Başa düşmürəm bu qədər hay-küy nəyə lazımdır? Camaatın işi-gücü yoxdur? Hələ kastinqlərimiz davam edir. Biz bir neçə mərhələdən sonra 16 finalçını müəyyənləşdirəcəyik”.

Şərh yazanlar kimi təsisçi də gözlənilən gözəllik (!) ehtiyacını ödəmədikləri üçün aqressivdir, o deyir ki, haqlısız, ancaq qızlarımızı siz bəzənəndən sonra görün!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG