Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:26

-

"Mən ondan kişi düzəltdim. Onların hamısı onun həyatı üçün nədir? Ayaqqabısının altındakı palçıqdan başqa heç nə!"

James Joyce

Sadıq Məmmədlinin tərcüməsində

SÜRGÜNLƏR pyesi

Riçard Rouen - yazıçı

Berta Arçi - onların səkkiz yaşlı oğlu

Robert Hend – jurnalist

Bietris Castis - onun kuzeni, musiqi müəlliməsi

Bricid - Rouenlər ailəsinin yaşlı qulluqçusu

Qadın balıqsatan

Dublinin ətraf rayonları - Merrion və Reneloq

1912-ci ilin yayı

ÜÇÜNCÜ PƏRDƏ

Merrionda, Riçard Rouenin evinin salonu. Sağ tərəfdəki qatlama qapılar, həmçinin bağçaya açılan qoşa qapılar örtülüdür. Sol tərəfdəki pəncərənin yaşıl ağır pərdələri çəkilib. Otaq alaqaranlıq, ertəsi gün səhər erkəndən. Berta pəncərənin yanında oturub, pərdələrin arasından bayıra baxır. Əynində zəfəranı boş xalat var. Saçları qulaqlarının arxasına yüngülcə daranıb və boynunun ardında düyünlənib. O, əllərini qucağında birləşdirib, bənizi solğun və fikirlidir.

Bricid, əlində tozalan və əski ilə, sağ tərəfdəki qatlama qapılardan içəri daxil olur. Keçib getmək istəyir, amma Bertanı görüb dayanır və özündən ixtiyarsız, xaç çəkir.

B r i c i d. Pənah-pərvərdiyara, mem. Az qala ürəyim qopdu. Niyə belə erkən qalxmısınız?

B e r t a. Saat neçədir ki?

B r i c i d. Yeddini keçib, mem. Çoxdan durubsunuz?

B e r t a. Bir az var.

B r i c i d. (Ona yaxınlaşaraq.) Pis yuxu görüb ayılmısınız?

B e r t a. Gecəni yata bilmədim. Ona görə də qalxdım ki, günəşin doğuşuna baxım.

B r i c i d. (Qoşa qapıları açır.) Yağışdan sonra nə gözəl səhərdir. (Dönür.) Amma siz, gərək ki, ölü kimi yorğunsunuz, mem. Belə etmənizə müəllim nə deyər? (Kabinetin qapısına yaxınlaşıb, döyür.) Master Riçard!

B e r t a. (Boylanır.) Orada deyil. Bir saat əvvəl çıxıb.

Dublində James Joyce türbə-muzeyi

Dublində James Joyce türbə-muzeyi

B r i c i d. Oraya, sahiləmi?

B e r t a. Hə.

B r i c i d. (Arxadan yaxınlaşıb, stulun üstündən ona sarı yaslanır.) Sizi, mem, narahat edən nəsə var?

B e r t a. Yox, Bricid.

B r i c i d. Olmasın. Həmişə belə, haradasa təkbaşına veyillənən olub. Master Riçard hər şeylə maraqlanandır, həmişə də belə olub. Əlbəttə, onun hər dəyişkənliyini bilirəm. Siz indi bəlkə onun, gecənin yarısını orada (kabinet tərəfə işarə edir) öz kitabları ilə keçirdiyinə görə narahat olmusunuz? Onu tək buraxın. Yenə sizə dönəcək. Əlbəttə o, günəşin, şəfəqini sizin çöhrənizdən saçdığını düşünür, mem.

B e r t a. (Kədərlə.) O vaxtlar getdi.

B r i c i d. (Tərəddüd etmədən.) Yadıma o gözəl əyyam da düşür: sizə pərəstiş etməyə başladığı vaxtlar. (Bertanın yanında əyləşir. Daha alçaq səslə:) Bilirsiniz ki, haqqınızda hər şeyi mənə deyirdi? Anasınasa heç nəyi, Allah ona rəhmət eləsin. Sizin məktublarınız və hər şey barədə.

B e r t a. Nə? Mənim ona yazdığım məktublar?

B r i c i d. (Məmnunluqla.) Hə. Mətbəx masasında oturub, özünü unudub ayaqlarını sallayaraq, sizinlə özü barədə, İrlandiya və hər cürə yaramazlıq barədə mənim kimi cahil, yaşlı qadına danışmağı gözümün qabağındadır. Həmişə elə idi. Amma, əgər yüksək əzəmətli bir şəxslə görüşsəydi, o özü ikiqat əzəmətli olurdu. (Birdən Bertaya baxır.) Ağlayırsınız məgər? Ah, əlbəttə, ağlamayın. Yaxşı günlər hələ yenə olacaq.

B e r t a. Yox, Bricid, o günlər ömürdə yalnız bir dəfə olur. Həyatın yerdə qalanı o günləri xatırlamaqdan savayı heç nəyə yaramır.

B r i c i d. (Bir anlıq səssiz qalır: sonra mehribanlıqla deyir:) Bir fincan çay istəyərdiniz, mem? Sizi yaxşılaşdırardı. B e r t a. Hə, istərdim. Amma südçü hələ gəlməyib.

B r i c i d. Yox. Master Arçi deyib ki, gəlməmişdən öncə onu oyadım. Arabada gəzməyə gedəsidir. Amma məndə gecədən bir fincan süd qalıb. Çaydanı bir göz qırğımında qaynadacağam. Çayın yanında bir dənə dadlı yumurta istəyərdiniz?

B e r t a. Yox, sağ ol.

B r i c i d. Ya da dadlı bir tost dilimi?

B e r t a. Yox, Bricid, sağ ol. Yalnız bir fincan çay.

B r i c i d. (Qaltama qapılar tərəfə keçərək.) Bir an içində qayıdacağam. (Dayanır, geri dönür və sol tərəfdəki qapıya doğru gedir.) Amma öncə master Arçini oyatmalıyam, yoxsa həngamə qopacaq.

(O, sol tərəfdəki qapıdan çıxır. Bir neçə saniyədən sonra Berta qalxır və kabinetə sarı gedir. Qapını geniş açır və içəri baxır. Orada, çoxlu kitab-rəfləri və üstündə kağızlar və üfürülüb söndürülmüş lampa, önündə isə yumşaq stul olan geniş yazımasası olan balaca, dağınıq otaq görmək olar. Bir müddət qapının ağzında dayanır, sonra yenidən, otağa daxil olmadan, qapını örtür. Pəncərənin yanındakı oturacağa qayıdır və əyləşir. Əvvəlki geyinmində olan Arçi sağ tərəfdəki qapıdan içəri girir, arxasınca da Bricid gəlir.)

A r ç i. (Yaxın gəlir və üzünü öpülmək üçün qaldıraraq deyir:) Buon giorno, mamma!

B e r t a. (Öpür.) Buon giorno, Arçi! (Bricidə:) Ona altdan əlavə mayka geyindirmisiniz?

B r i c i d. Qoymaz, mem.

A r ç i. Üşümürəm, mamma.

B e r t a. Sənə demişdim geyin, deməmişdim?

A r ç i. Hava soyuqdu ki?

B e r t a. (Öz başından darağı çıxarıb, onun saçlarını hər iki təfərdən arxaya darayır.) Gözlərin də hələ yuxuludur.

B r i c i d. Gecə siz çıxıb gedən kimi dərhal yatdı, mem.

A r ç i. Bilirsən, o, mənə at sürməyə icazə verəcək, mamma.

B e r t a. (Darağı öz saçına taxaraq, qəfildən onu qucaqlayır.) Ah, at sürən yekə kişi!

B r i c i d. Hə, pis-yaxşı, atların dəlisidir.

A r ç i. (Qucaqdan çıxaraq.) Sürətlə sürəcəyəm. Pəncərədən görəcəksən, mamma. Qamçıyla. (Qamçı vururmuş kimi jest edir və var gücü ilə çığırır.) Hoşşa!

B r i c i d. Yazıq atı vurmaqmı, hə?

B e r t a. Bura gəl, ağzını silim. (Xalatının cibindən yaylığını çıxardır, dili ilə onu isladır və oğlunun ağzını silir.) Ay səni balaca çirkin, üz-gözün bumbulaşıqdır.

A r ç i. (Gülərək təkrarlayır.) Bumbulaşıq! Bumbulaşıq nədir?

(Pəncərənin qabağında barmaqlıq-çəpərə dəyən süd-bidonunun cınqıltısı eşidilir.)

B r i c i d. (Pərdəni qırağa çəkir və bayıra baxır.) Bu da o!

A r ç i. (Cəldliklə.) Gözlə. Mən hazıram. Hələlik, mamma! (Anasını tələsik öpür və getməküçün dönür.) Pappie yuxudan durub?

B r i c i d. (Onun qolundan tutur.) Gəl getdik.

B e r t a. Ehtiyatlı ol, Arçi, gec də qalma, yoxsa bir də qoymaram getməyə.

A r ç i. Yaxşı. Pəncərədən bax, məni görəcəksən. Hələlik.

(Bricid və Arçi sol tərəfdəki qapıdan çıxırlar. Berta ayağa qalxır və pərdəni bir az da qırağa çəkərək pəncərənin ağzında dayanıb bayıra baxır. Giriş qapısının açılması, sonra səslərin və bidonların xəfif səs-küyü eşidilir. Qapı bağlanır. Bir, ya iki dəqiqədən sonra Bertanın əlini nəşəylə yelləməsi görünür. Bricid içəri girir və arxasında dayanaraq onun çiyni üzərindən tamaşa edir.)

B r i c i d. Onun oturuşuna baxın! Xoşladığınız kimi ciddi.

B e r t a. (Durduğu yerdən qəfil aralanaraq.) Pəncərədən qırağa durun. Görünmək istəmirəm.

B r i c i d. Niyə, mem, nə oldu?

B e r t a. (Qatlama qapılara doğru keçərək.) Deyin ki, yuxudan durmamışam, yaxşı deyiləm. Heç kimi görə bilmərəm.

B r i c i d. (Onun arxasınca gedir.) Kimdir ki, mem?

B e r t a. (Dayanaraq.) Bir saniyə gözlə.

(O, qulaq verir. Giriş qapısının dıqqıltısı eşidilir.)

B e r t a. (Bir an qərarsız qalır, sonra:) Yox, içəridə olduğumu deyin.

B r i c i d. (Qərarsız halda.) Burada?

B e r t a. (Tez-tələsik.) Hə. Yuxudan indicə qalxdığımı deyin.

(Bricid sol tərəfdən çıxır. Berta qoşa qapılara doğru gedir və pərdəni narahatlıqla, sanki onu düzəldirmiş kimi, barmaqlayır. Giriş qapısının açılması eşidilir. Sonra, Bietris Castis içəri girir və Bertanın dərhal çönmədiyinə görə, tərəddüd içində sol tərəfdəki qapının yanında dayanır. O, əvvəlki kimi geyinib və əlində qəzet var.)

B i e t r i s. (Cəld irəliləyir.) Missis Rouen, bu saatda gəldiyim üçün bağışlayın. B e r t a. (Çönür.) Sabahınız xeyir, miss Castis. (Ona sarı gəlir.) Buna nəsə səbəb olub?

B i e t r i s. (Narahatlıqla.) Bilmirəm. Mənim sizdən soruşmaq istədiyim də bu idi.

B e r t a. (Ona maraqla baxır.) Təngənəfəssiniz. Oturmaq istəmirsiniz?

B i e t r i s. (Oturaraq.) Sağ olun.

B e r t a. (Üzbəüz oturaraq onun qəzetinə işarə edir.) Qəzetdə nəsə var?

B i e t r i s. (Gərgin halda gülür: qəzeti açır.) Hə.

B e r t a. Dik barədə?

B i e t r i s. Hə. Budur. Kuzenimin yazdığı uzun məqalə - baş məqalə. Onun bütün həyatı buradadır. Baxmaq istəyirsiniz?

B e r t a. (Qəzeti götürür və açır.) Hanı?

B i e t r i s. Ortada. Başlıq belədir: Seçilmiş İrland.

B e r t a. Bu… Dikin lehinə, yoxsa əleyhinədir?

B i e t r i s. (Hərarətlə.) Ah, lehinədir. Onun mister Rouen haqqında dediklərini oxuya bilərsiniz. Həm də bunu yazmaq üçün Robertin dünən gecədən keçənə kimi şəhərdə qaldığını bilirəm.

B e r t a. (Gərginliklə.) Hə. Əminsiniz?

B i e t r i s. Hə. Çox gec idi. Onun evə gəlməsini eşitdim. Saat ikidən xeyli keçmişdi.

B e r t a. (Onu seyr edərək.) Bu, sizi həyəcanlandırdı? Yəni, o saatda oyadıldığınızı nəzərdə tuturam.

B i e t r i s. Mən ayıqyatanam. Amma bildim ki, ofisdən gəlib və onda… mister Rouen haqqında məqalə yazdığından və buna görə də belə gec gəldiyindən şübhələndim.

B e r t a. Bu barədə necə də cəld fikirləşibsiniz!

B i e t r i s. Hə, dünən ikindi vaxtı burda baş verənlərdən, yəni Robert mister Rouenin vəzifəni qəbul etdiyini deyəndən sonra bu, mənim təbii fikirləşməli olduğum tək şey idi...

B e r t a. Ah, bəli. Təbii ki.

B i e t r i s. (Tələsik.) Amma məni həyəcanlandıran bu deyil, dərhal sonra kuzenimin otağından eşitdiyim səs-küy idi.

B e r t a. (Qəzeti əlində təngənəfəs halda əzir.) Allah! Nə olub? Deyin.

B i e t r i s. (Onu müşahidə edərək.) Bu, sizi niyə belə həyəcanlandırdı?

B e r t a. (Zorla gülərək arxaya yayxanır.) Hə, əlbəttə, səfehliyimdir. Əsəblərim tamam korlanıb. Mən də çox pis yatmışam. Buna görə də belə erkən qalxmışam. Amma deyin, sonra nə oldu?

B i e t r i s. Yalnız döşəmə boyu sürütlənən çamadanının səsini, sonrasa onun sakitcə fit çalaraq otağında gəzişdiyini eşitdim. Sonra da çamadanı kilitləməyini və bağlamağını.

B e r t a. O gedir!

B i e t r i s. Məni həyəcanlandıran da bu idi. Onun mister Rouendən küsdüyündən və məqaləsinin hücum həmləsi olduğundan qorxdum.

B e r t a. Niyə küssünlər ki? Aralarında nəsə sezmisiniz?

B i e t r i s. Düşünürdüm ki, hə. Soyuqluq.

B e r t a. Son zamanlar? B i e t r i s. Bir az var.

B e r t a. (Qəzeti dartıb düzləşdirərək.) Səbəbini bilirsiniz?

B i e t r i s. (Tərəddüdlə.) Yox.

B e r t a. (Fasilədən sonra.) Yaxşı, amma əgər bu məqalə, dediyiniz kimi, onun lehinədirsə, deməli küsməyiblər. (Bir anlıq fikirləşir.) Həm də ötən gecə yazılıbsa.

B i e t r i s. Hə. Mən görmək üçün dərhal qəzet aldım. Bəs onda niyə belə qəfildən gedir? Hiss eləyirəm ki, orda nəsə var. Aralarında nəyinsə baş verdiyi qənaətindəyəm.

B e r t a. Təəssüflənərdiniz?

B i e t r i s. Çox. Bilirsiniz, missis Rouen, Robert mənim kuzenimdir və o, mister Rouenlə pis rəftar etsəydi, bu, məni çox dərindən üzərdi. Həm də indi, onun qayıtdığı bir vaxtda. Ya da əgər onlar ciddi küsüşüblərsə, ələlxüsus da o səbəbdən ki...

B e r t a. (Qəzetlə oynayaraq.) Ki?

B i e t r i s. Ki, mister Roueni qayıtmağa təşviq edən kəs mənim kuzenim olub. Bunu öz vicdanımda hiss edirəm.

B e r t a. Bunu öz vicdanında mister Hend hiss eləməlidir, elə deyil?

B i e t r i s. (Əminsizliklə.) Mən özüm də. Çünki, mister Rouen qürbətdə olanda onun barədə kuzenimlə danışırdım və müəyyən dərəcədə o kəs mən idim ki...

B e r t a. (Başını astaca tərpədir.) Bildim. Bu da sizin vicdanınızı tərpədir. Təkcə bu?

B i e t r i s. Elə düşünürəm.

B e r t a. (Demək olar ki, sevincək halda.) Belə görünür ki, miss Castis, ərimi İrlandiyaya qaytaran siz olmusunuz.

B i e t r i s. Mən, missis Rouen?

B e r t a. Hə, siz. Ona yazdığınız məktublarla və sonra, indicə dediyiniz kimi, kuzeninizlə danışmaqla. Sizə elə gəlmir ki, onu qaytaran şəxs sizsiniz?

B i e t r i s. (Qəfildən qızararaq.) Yox. Belə fikirləşə bilməzdim.

B e r t a. (Bir anlıq onu seyr edir; sonra üzünü o yana çevirərək.) Ərimin qayıdandan bəri olduqca çox yazdığını bilirsiniz.

B i e t r i s. Doğrudan? B e r t a. Bilmirdiniz? (Kabinet tərəfə işarə edir.) Gecənin daha çox hissəsini orada, yazmaqla keçirir. Hər gecə.

B i e t r i s. Öz kabinetində? B e r t a. Kabinet və ya yataq otağı. İstədiyiniz kimi adlandıra bilərsiniz. Orada həm də yatır. Divanda. Keçən gecəni orada yatıb. İnanmırsınızsa göstərə bilərəm.

(Kabinetə getmək üçün qalxır. Bietris cəld yarıdikəlir və imtina bildirən jest edir.)

B i e t r i s. Sözünüzə, missis Rouen, əlbəttə inanıram.

B e r t a. (Yenidən oturaraq.) Hə. Yazır. Yazdığı da, gərək ki, həyatına, biz İrlandiyaya qayıdandan sonra yeni girmiş bir nəsnə haqqındadır. Bir dəyişiklik haqqında. Onun həyatında hər hansı dəyişiklik barədə bilirsiniz? (Sualedici nəzərlərlə ona baxır.) Bilir və ya hiss edirsiniz?

B i e t r i s. (Ona tərəddüdsüz baxışlarla cavab verir.) Missis Rouen, bu, mənə veriləsi sual deyil. Qayıdandan sonra onun həyatında hər hansı dəyişiklik baş veribsə, bunu siz bilməli və hiss etməlisiniz.

B e r t a. Siz də elə mənim qədər bilə bilərsiniz. Bu evin çox yaxın adamısınız. B i e t r i s. Bu evə yaxın olan kəs təkcə mən deyiləm.

(İkisi də bir müddət bir-birinə sakitcə soyuq-soyuq baxırlar. Berta qəzeti qırağa qoyur və stulda, Bietrisə daha yaxın oturur.)

B e r t a. (Əlini Bietrisin dizinə qoyaraq.) Deməli, siz də mənə nifrət edirsiniz, miss Castis?

B i e t r i s. (Güclə.) Sizə nifrət? Mən?

B e r t a. (İsrarla, amma sakitcə.) Hə. Bilirsiniz birinə nifrət etmək nə deməkdir? B i e t r i s. Niyə sizə nifrət etməliyəm? Heç vaxt heç kimə nifrət etməmişəm.

B e r t a. Nə vaxtsa kimisə sevmisiniz? (Əlini Bietrisin biləyinə qoyur.) Deyin mənə. Sevibsiniz?

B i e t r i s. (O da sakitcə.) Hə. Keçmişdə.

B e r t a. İndi yox? B i e t r i s. Yox.

B e r t a. Mənə doğrusunu deyə bilərsiniz? Mənə baxın.

B i e t r i s. (Ona baxır.) Hə, bilərəm.

(Qısa fasilə. Berta əlini çəkir və bir az xəcalətlə başını o tərəfə çevirir.)

B e r t a. İndicə dediniz, bu evə yaxın olan başqa biri də var. Kuzeninizi deyirdiniz… Hə?

B i e t r i s. Hə.

B e r t a. Onu unutmamısınız?

B i e t r i s. (Aramla.) Buna çalışmışam.

B e r t a. (Öz əllərini bir-birinə sıxaraq.) Siz mənə nifrət edirsiniz. Xoşbəxt olduğumu düşünürsünüz. Nə qədər səhv olduğunuzu bir bilsəydiniz!

B i e t r i s. (Başını bulayır.) Eləmirəm.

B e r t a. Xoşbəxt! Onun yazdığından heç bir şey anlamayanda, ona heç cürə kömək edə bilməyəndə, hətta onun bəzən mənə dediklərinin yarısını da başa düşməyəndə! Sizsə bacarardınız və bacarırsınız. (Həyəcanla.) Amma mən ona görə qorxuram, onların hər ikisinə görə qorxuram. (Qəfil ayağa qalxır və davenporta tərəf gedir.) O, bu şəkildə getməməlidir. (Siyirmədən dəftərçəni götürür və ora, təlaşlı tələskənliklə bir neçə sətir yazır.) Yox, qeyri-mümkündür! Dəlidir məgər belə şey edir? (Bietrisə sarı çönərək.) Hələ evdədir?

B i e t r i s. (Heyrətlə ona tamaşa edir.) Hə. Ondan bura gəlməsini rica etmək üçün yazıbsınız?

B e r t a. (Qalxır.) Bəli. Bricidlə göndərəcəyəm. Bricid! (Sürətlə sol tərəfdəki qapıdan çıxır.)

B i e t r i s. (Onun arxasınca qeyri-iradi diqqət kəsilərək:) Doğruymuş demək!

(O, Riçardın kabinetinə tərəf ötəri nəzər salır və başını əlləri arasına alır. Sonra, özünə gələrək qəzeti kiçik masadan götürür, açır, əl-çantasından gözlük futlyarını çıxardır və gözlüyü taxaraq əyilib, oxumağa başlayır. Riçard Rouen bağçadan içəri girir. O, əvvəlki geyimindədir, lakin başında yumşaq şapka, əlində isə nazik əsa var.)

R i ç a r d. (Bir müddət onu izləyərək qapının ağzında dayanır.) Orada cinlər var, (sahil tərəfi göstərir) o tərəfdə. Sübhdən bəri onların donqultularını eşitmişəm.

B i e t r i s. (Ayağa durur.) Mister Rouen!

R i ç a r d. Sizi inandırıram. Ada səslərlə doludur. Sizinki də o cümlədən - “əks təqdirdə sizi görə bilməzdim” dedi. Onun səsi də19. Amma, sizi inandırıram, hamısı cindir. Mən baş-ayaq xaç çəkdim və bu, onları susdurdu.

B i e t r i s. (Kəkələyərək.) Bura, mister Rouen, ona görə belə erkəndən gəldim ki… bunu sizə göstərim deyə… Robert yazıb… siz barədə… ötən gecə.

R i ç a r d. (Şapkasını çıxarır.) Əzizim miss Castis, məncə, bura niyə gəldiyinizi dünən dediniz və mən heç vaxt heç nəyi unutmuram. (Əlini uzadaraq ona doğru gəlir.) Sabahınız xeyir.

B i e t r i s. (Qəfildən gözlüyünü çıxardır və qəzeti onun əlinə uzadır.) Buna görə gəldim. Sizin haqqınızda məqalədir. Ötən gecə Robert yazıb. Oxuyacaqsınız?

R i ç a r d. (Başını əyir.) İndi oxuyum? Əlbəttə.

B i e t r i s. (Ümidsizliklə ona baxır.) Ah, mister Rouen, sizə baxmaq mənə zülm verir. R i ç a r d. (Qəzeti açır və oxuyur.) ”Çox möhtərəm rahib Malholun ölümü.” Budur?

(Berta sol tərəfdə, qapının ağzında görünür və qulaq asmaq üçün dayanır.)

R i ç a r d. (Vərəqi çevirir.) Hə, tapdıq! Seçilmiş irland. (Xeyli gur ağır səslə oxumağa başlayır.) Bizim ölkəmizin, üzləşdiyi problemlərdən heç də az həyat-əhəmiyyətli olmayan birisi, onu ehtiyac saatında tərk etdikdən sonra, indi, onun çoxdan-gözlənilən qələbəsi ərəfəsində geri çağrılmış, tənhalıq və sürgündə, axır ki, onu sevməyi öyrənmiş uşaqlarına qarşı olan rəftarıdır. “Sürgündə” dedik, amma burada biz bir seçim aparmalıyıq. Var - iqtisadi sürgün, var - mənəvi sürgün. Elələri var ki, vətəni, insanın yaşaması üçün lazım olan çörəyi axtarmaq üçün tərk ediblər. Digərləri isə, yox, daha doğrusu onun ən çox sevilən uşaqları var ki, onlar onu mənəvi qida - sayəsində bütün insan övladlarının həyatda qaldığı mənəvi qidanı axtarmaq üçün tərk edirlər. Ötən onillikdən bəri Dublinin intellektual həyatını yada salanların mister Rouen haqqında çoxlu xatirələri olacaqdır. Bir az, ürək yaralayan o qəzəbli narazılıqdan...

(O, gözlərini qəzetdən qaldırır və qapının ağzında dayanan Bertanı görür. Sonra qəzeti qırağa qoyur və ona baxır. Uzun bir fasilə.)

B i e t r i s. (Səylə.) Görürsünüz, mister Rouen, sizin zamanınız nəhayət gəlib çıxdı. Hətta burada. Həm də görürsünüz, Robertin simasında səmimi dostunuz var. O dost ki, sizi başa düşür.

R i ç a r d. Başlanğıcdakı kiçik ibarəyə fikir verdiniz? “Onu ehtiyac saatında tərk edənlər”.

(Cavab axtarırmış kimi Bertaya baxır, dönür və öz kabinetinə doğru addımlayır; içəri girib, qapını axrasınca örtür.)

B e r t a. (Öz-özüylə danışırmış kimi.) Ona görə hər şeyi verdim. Dini, ailəni, öz dincliyimi.

(O, ağır-ağır kresloya oturur. Bietris ona doğru gəlir.)

B i e t r i s. (Olduqca zəif şəkildə.) Bəs siz həm də hiss etmirsiniz ki, mister Rouenin ideyaları...

B e r t a. (Məzlum-məzlum.) İdeyalar, ideyalar! Axı dünyadakı insanların başqa ideyaları var, ya da varmış kimi göstərirlər. İdeyalarına rəğmən onunla yola getməyə məcbur qalırlar - çünki o, nəsə eləməyə qadirdir. Mənsə yox. Mən heç nəyəm.

B i e t r i s. Siz onun tərəfində durursunuz.

B e r t a. (Artan məzlumluqla.) Ah, cəfəngiyyatdır, miss Castis! Mən sadəcə olaraq onun ilişib qaldığı bir şeyəm, oğlum isə - belə uşaqlara qəşəng ad qoyurlar. Sizcə mən keyəm? Sizcə bunu, mənimlə təmasda olanda insanların gözlərində və davranışlarında görmürəm?

Dublində James Joyce heykəli

Dublində James Joyce heykəli

B i e t r i s. Sizi alçaltmalarına imkan verməyin, missis Rouen.

B e r t a. (Təkəbbürlə.) Məni alçaltmaq! Mən özümlə çox qürur duyuram, əgər bilmək istəyirsinizsə. Onlar onun üçün haçansa nəsə ediblər? Mən ondan kişi düzəltdim. Onların hamısı onun həyatı üçün nədir? Ayaqqabısının altındakı palçıqdan başqa heç nə! (Ayağa qalxır və həyəcanla irəli-geri addımlayır.) O, indi o birilərinə qarşı elədiyi kimi məni də küçümsəyə bilər. Siz də. Amma siz məni heç vaxt alçaltmayacaqsınız, hər hansı biriniz.

B i e t r i s. Məni niyə təqsirləndirirsiniz?

B e r t a. (Onun üstünə iti addımlarla gedərək.) Elə iztirab çəkirəm ki. Kobud davrandımsa bağışlayın. Mən bizim dost olmağımızı istəyirəm. (Əllərini uzadır.) Olaq?

B i e t r i s. (Onun əllərini tutaraq.) Sevinclə.

B e r t a. (Ona baxaraq.) Necə də şirin uzun kirpikləriniz var! Gözlərinizinsə elə kədərli ifadəsi var ki!

B i e t r i s. (Gülümsəyərək.) Onlarla lap az görürəm. Çox zəifdirlər.

B e r t a. (Hərarətlə.) Amma gözəldirlər.

(Onu sakitcə qucaqlayır və öpür. Sonra bir az utancaqlıqla ondan aralanır. Bricid sol tərəfdən içəri daxil olur.)

B r i c i d. Onun özünə verdim, mem.

B e r t a. Bəs o, bir ismarış göndərdi?

B r i c i d. Çıxhaçıxda idi, mem. Dedi ki, bura məndən sonra çata biləcəyini sizə söyləyim.

B e r t a. Sağ ol.

B r i c i d. (Gedərək.) Çay və tostu indi istəyərsiniz, mem?

B e r t a. İndi yox, Bricid. Bəlkə sonra. Mister Hend gələndə dərhal içəri alın.

B r i c i d. Yaxşı, mem. (Sol tərəfdən çıxır.)

B i e t r i s. İndi mən gedim, missis Rouen. O gəlməmiş.

B e r t a. (Bir az çəkinə-çəkinə.) Demək biz dostuq?

B i e t r i s. (Eyni tonla.) Olmağa çalışacağıq. (Dönərək.) Mənə bağçadan çıxmağa icazə verirsiniz? İndi kuzenimlə görüşmək istəmirəm.

B e r t a. Əlbəttə. (Onun əlini tutur.) Bizim indi belə danışmağımız elə qəribədir ki. Amma həmişə bunu istəmişəm. Bəs siz?

B i e t r i s. Məncə, mən də.

B e r t a. (Gülümsəyərək.) Hətta Romada da. Arçi ilə gəzməyə çıxanda sizin haqqınızda, necə olduğunuz barədə düşünərdim; çünki sizin haqqınızda, Dikə görə, bilirdim. Kilsədən çıxan və ya faytonda gedən müxtəlif adamlara baxardım və onların bəlkə də sizə oxşadığını düşünərdim. Çünki Dik mənə sizin əsmər olduğunuzu demişdi.

B i e t r i s. (Yenidən gərginliklə.) Doğrudan?

B e r t a. (Onun əlini sıxaraq.) Onda, hələ ki, hələlik.

B i e t r i s. (Əlini çəkərək.) Gününüz xeyirli olsun.

B e r t a. Sizi doqqaza qədər ötürüm.

(Berta qoşa qapılardan çıxaraq onu müşayiət edir; bağça ilə üzüaşağı düşürlər. Riçard Rouen kabinetdən çıxır. Qapıların yanında dayanıb bağçaya baxır. Sonra geri dönür, kiçik masanın yanına gəlir, qəzeti qaldırır və oxuyur. Bir neçə saniyədən sonra Berta qapının ağzında görünür və dayanıb, oxuyub qurtarınca ona tamaşa edir. Riçard qəzeti yenidən yerinə qoyur və geri, kabinetə getmək üçün dönür.)

B e r t a. Dik!

R i ç a r d. (Dayanaraq.) Hə?

B e r t a. Mənə heç nə demədin.

R i ç a r d. Deyəsi heç nəyim yoxdur. Sənin var?

B e r t a. Ötən gecə baş verənləri bilmək istəmirsən?

R i ç a r d. Bunu mən heç vaxt bilməyəcəyəm. B e r t a. Əgər istəsən, mən sənə deyəcəyəm.

R i ç a r d. Deyəcəksən. Amma heç vaxt bilməyəcəyəm. Bu dünyada heç vaxt. B e r t a. (Ona doğru hərəkətlənərək.) Sənə həqiqəti deyəcəyəm, Dik, həmişə elədiyim kimi.

R i ç a r d. (Şövqlə, yumruqlarını havada sıxaraq.) Hə hə. Həqiqət! Amma mən heç vaxt bilməyəcəyəm deyirəm.

B e r t a. Niyə, onda, ötən gecə məni tərk etdin?

R i ç a r d. (Məzlum-məzlum.) Sənin ehtiyac saatında.

B e r t a. (Təhdidamizcəsinə.) Məni buna sən təşviq etdin. Sevdiyinə görə yox. Əgər sevsəydin, ya da əgər sevginin nə olduğunu bilsəydin tərk etməzdin. Sən, öz xətrinə, məni təşviq etdin.

R i ç a r d. Özümü mən yaratmamışam. Nəyəmsə oyam.

B e r t a. Bunu həmişə mənim üstümə atmaq üçün. Məni qabağında alçaltmaq üçün - həmişə elədiyin kimi. Özün azad olmağın üçün. (Bağça tərəfi göstərərək.) Onunla! Sənin sevgin də odur! Dediyin hər söz saxtadır.

R i ç a r d. (Özünə nəzarət edərək.) Səndən mənə qulaq asmağını rica etmək faydasızdır. B e r t a. Sənə qulaq asmaq! Qulaq asası adam odur. Vaxtını mənimlə niyə israf edirsən? Onunla danış.

R i ç a r d. (Başını tərpədir.) Aydındır. İndi onu məndən qovdun. Bütün başqalarını, nə zamansa dostum olmuş hər kəsi, nə zamansa mənə yaxınlaşmağa cəhd etmiş hər insanı qovduğun kimi. Ona nifrət edirsən.

B e r t a. (Hərarətlə.) Yox bir! Məncə sən onu bədbəxt eləmisən, necə ki, məni və rəhmətlik ananı bədbəxt elədin və onu öldürdün. Qadın qatili! Budur sənin adın.

R i ç a r d. (Getmək üçün dönür.) Arrivederci!

B e r t a. (Həyəcanla.) Zərif və yüksək xarakterli insandır. Onu bəyənirəm. Məndə olmayan hər şey onda var - dünyaya gəlməkdə də, təhsildə də. Sən onu məhv etməyə çalışdın, ancaq bacarmadın. Çünki o, səninçün yetərincə bacarıqlıdır - o bacarıq ki, məndə yoxdur. Sən də bunu bilirsən. R i ç a r d. (Az qala qışqıraraq.) Lənət şeytana, nə çərənləyirsən onun haqda? B e r t a. (Əllərini bitişdirərək.) Oh, kaş heç rastıma çıxmazdın! O günü necə lənətləyirəm!

105

R i ç a r d. (Məzlum-məzlum.) Yolunun üstündə dayanmışam, hə? Sən indi azad olmaq istəyərdin. Təkcə bir söz deməyin lazımdır.

B e r t a. (Qürurla.) Nə vaxt istəsən hazıram.

R i ç a r d. Sevgilinlə azad şəkildə görüşə biləsən deyə?

B e r t a. Hə.

R i ç a r d. Hər gecə?

B e r t a. (Gözlərini qarşısına dikərək və gərgin ehtirasla danışaraq:) Sevgilimlə görüşmək üçün! (Əllərini qabağa açaraq.) Sevgilim! Hə! Sevgilim!

(O, qəfildən göz yaşlarına qərq olur və üzünü əlləri ilə örtərək stula çökür. Riçard yavaş-yavaş yaxınlaşır və onun çiyninə toxunur.)

R i ç a r d. Berta! (O, cavab vermir.) Berta, sən azadsan. B e r t a. (Onun əlini qırağa itələyir və ayağa durur.) Toxunma! Məndə heç nəyi başa düşmürsən - nə ürəyimdən, nə də qəlbimdən bircə şeyi də. Yad! Mən yad adamla yaşayıram!

(Giriş qapısının dıqqıltısı eşidilir. Berta gözünü özünün əl-yaylığı ilə cəld silir və xalatının önünü düzəldir. Riçard bir an qulaq asır, ona sərt-sərt baxır və geri dönüb öz kabinetinə gedir. Robert Hend sol tərəfdən içəri daxil olur. O, tünd qəhvəyi rəngdə geyinib və əlində qəhvəyi Alp şapkası var.)

R o b e r t. (Arxasınca qapını sakitcə örtərək.) Arxamca adam göndərmişdin.

B e r t a. (Qalxır.) Hə. Dəlisən ki, bu cür çıxıb getməyi düşünürsən? Hətta bura gəlmədən, heç nə demədən.

R o b e r t. (Üzərində qəzet olan masaya doğru irəliləyir, qəzetə ötəri baxır.) Nə deməliyəmsə, burada demişəm.

B e r t a. Bunu nə vaxt yazmısan? Gecə, mən gedəndən sonra?

R o b e r t. (Təmtəraqla.) Tam dəqiqliyi ilə desək, mən onun bir hissəsini sən getməmişdən qabaq, fikrimdə yazmışdım. Qalanını, daha pis hissəsini sonra yazdım. Xeyli sonra.

B e r t a. Dünənki gecədə də yazmağı bacardın!

R o b e r t. (Çiyinlərini çəkir.) Təlim görmüş heyvanam. (Ona daha yaxın gəlir.) Gecədən sonra xeyli müddət tənha dolaşdım… ofisimdə, prorektorun evində, gecə klubunda, küçələrdə, öz otağımda. Əksin hər zaman gözümün önündə, əlin əlimdə idi. Berta, keçən gecəni heç vaxt unutmayacağam. (Şapkasını masanın üstünə qoyur və onun əlindən tutur.) Niyə mənə baxmırsan? Sənə toxunmayım?

B e r t a. (Kabinet tərəfi göstərir.) Dik orada, içəridədir.

R o b e r t. (Onun əlini buraxır.) Belə olan halda, uşaqlar, özünüzü yaxşı aparın. B e r t a. Hara gedirsən?

R o b e r t. Qürbətə. Daha dəqiqi Surrey qraflığına, “ham-ham Castis” ləqəbli kuzenim Cek Castisgilə. Onun orda qəşəng kəndistanı var, havası da mülayimdir.

B e r t a. Niyə gedirsən?

R o b e r t. (Səssizcə ona baxır.) Bir səbəb təxmin edə bilmirsən?

B e r t a. Mənim ucbatımdan?

R o b e r t. Hə. İndiki halda burada qalmaq mənə xoş deyil.

B e r t a. (Aciz halda oturur.) Axı bu, sən tərəfdən qəddarlıqdır, Robert. Mənə, həm də ona qarşı qəddarlıq.

R o b e r t. O, soruşdu ki… nələr olduğunu?

B e r t a. (Çarəsiz halda əllərini birləşdirərək.) Yox. Nəsə soruşmaqdan imtina edir. Deyir, heç vaxt bilməyəcək.

R o b e r t. (Ciddiyyətlə başını tərpədir.) Burada Riçard haqlıdır. O, həmişə haqlıdır.

B e r t a. Amma, Robert, onunla danışmalısan.

R o b e r t. Nə deyəcəyəm ona?

B e r t a. Doğrusunu! Hər şeyi!

R o b e r t. (Fikirləşir.) Yox, Berta. Mən kişi xeylağıyam, kişi ilə danışasıyam. Ona hər şeyi deyə bilmərəm.

B e r t a. Ötən gecədən sonra onunla üz-üzə gəlməkdən qorxduğun üçün çıxıb getdiyini düşünəcək.

R o b e r t. (Fasilədən sonra.) Yaxşı, artıq ondan daha qorxaq deyiləm. Onu görəcəyəm.

B e r t a. (Qalxır.) Çağırım.

R o b e r t. (Onun əllərini tutur.) Berta! Ötən gecə nə baş verdi? Mən hansı doğrunu deyəcəyəm? (Onun gözlərini ciddiciddi nəzərdən keçirir.) Sevginin o müqəddəs gecəsində sən mənim idin? Yoxsa o xəyalı mən uydurmuşdum?

B e r t a. (Soluq təbəssümlə.) Məni gördüyün yuxunu yadına sal. Görmüşdün ki, ötən gecə səninəm.

R o b e r t. Doğru da budur? Yuxu? Deməli olduğum şey budur?

B e r t a. Hə.

R o b e r t. (Onun hər iki əlini öpür.) Berta! (Daha yumşaq səslə.) Bütün həyatımda yalnız bu yuxu gerçəkdir. Yerdə qalanı yadıma gəlmir. (Onun əllərini yenə öpür.) İndi isə ona doğrusunu söyləyə bilərəm. Çağır.

(Berta Riçardın kabinetinə tərəf gedir və qapısını döyür. Cavab gəlmir. O, qapını yenə döyür.)

B e r t a. Dik! (Cavab gəlmir.) Mister Hend buradadır. Səninlə danışmaq, sağollaşmaq istəyir. Buralardan gedir. (Cavab gəlmir. O, əlini bərkdən qapının lövhəsinə vurur və həyəcanlanmış səslə çağırır.) Dik! Cavab ver!

(Riçard Rouen kabinetdən çıxır. Dərhal Robertə tərəf gəlir, amma əlini uzatmır.)

R i ç a r d. (Arxayınlıqla.) Haqqımdakı lütfkar məqalənə görə sənə təşəkkür edirəm. Sağollaşmağa gəldiyin doğrudur?

R o b e r t. Təşəkkür edəsi bir iş yoxdur, Riçard. Həmişə sənin dostunam. İndi, hər zamankından da daha artıq. Mənə inanırsanmı, Riçard?

(Riçard stula əyləşir və əlləri ilə üzünü örtür. Berta və Robert sakitcə bir-birinə nəzər salırlar. Sonra Berta arxaya çönür və aramla sağ tərəfdən çıxıb gedir. Robert Riçarda doğru gedir, əllərini oturacağın söykənəcəyinə qoyub, ona baxa-baxa qalır. Uzun bir fasilə. Bayırdan keçən qadın balıqsatanın qışqırığı eşidilir.)

B a l ı q s a t a n. Təzə Dublin siyənəkləri! Təzə Dublin siyənəkləri! Dublin körfəzinin siyənəkləri!

R o b e r t. (Aramla.) Doğrusunu deyəcəyəm, Riçard. Qulaq asırsan?

R i ç a r d. (Üzünü qaldırır və qulaq asmaq üçün arxaya yaslanır.) Hə.

(Robert onun yanındakı stulda oturur. Balıqsatan qadının çağırışı daha uzaqdan eşidilir.)

B a l ı q s a t a n. Təzə siyənəklər! Dublin körfəzinin siyənəkləri!

R o b e r t. Məndə alınmadı, Riçard. Bu, həqiqətdir. Mənə inanırsanmı?

R i ç a r d. Dinləyirəm.

R o b e r t. Alınmadı. O, doqquz il öncə ilk gördüyündəki kimi, sənindir.

R i ç a r d. Demək istəyirdin ki, onu ilk gördüyümüzdəki kimi.

R o b e r t. Hə. (Bir neçə saniyə aşağı baxır.) Davam edim?

R i ç a r d. Hə.

R o b e r t. O, çıxıb getdi. Mən ikinci dəfə tək buraxıldım. Prorektorun evinə getdim və şam elədim. Sənin xəstələndiyini və başqa bir axşamda gələ biləcəyini dedim. Təzə və köhnə epiqramlar dedim - o heykəllər haqqında olan tayını da o cümlədən. Klaret kap20 içdim. Ofisimə getdim və məqaləmi yazdım. Sonra...

R i ç a r d. Sonra?

R o b e r t. Sonra bir gecə klubuna getdim. Orda kişilər vardı - qadınlar da o cümlədən. Ən azından, qadın kimi görsənirdilər. Biriylə rəqs elədim. Onu evə ötürməyimi rica etdi. Davam edim?

R i ç a r d. Hə.

R o b e r t. Onu evə faytonla ötürdüm. Donibrukda yaşayır. Faytonda lütfkar Dans Skotusun ruhun ölümü adlandırdığı şey baş verdi. Davam edim?

R i ç a r d. Hə.

R o b e r t. O, göz yaşı tökdü. Vəkilin boşanmış arvadı olduğunu dedi. Əliaşağı olduğunu dediyindən, ona bir suvere təklif elədim. Bunu götürməzdi. Çoxlu göz yaşı tökdü. Sonra ridikülündə olan balaca şüşədən bir az cövhərli su içdi. Evinə girənə qədər onu ötürdüm. Sonra gəzə-gəzə öz evimə getdim. Otağıma girəndə pencəyimin cövhərli su ləkələri ilə dolu olduğunu gördüm. Dünən heç pencəklərlə də bəxtim gətirmirdi: bu, ikincisi idi. Onda ağlıma gəldi, əynimi dəyişim və səhər gəmisi ilə çıxıb gedim. Çamadanımı yığdım və uzanıb yatdım. İndi, növbəti qatarla Surreydəki kuzenim Cek Castisgilə getməyə hazırlaşıram. Bəlkə yarımaylıq, bəlkə daha çox. İyrəndin?

R i ç a r d. Gəmiylə niyə getmədin?

R o b e r t. Yatıb qaldım.

R i ç a r d. Sən - bura gəlmədən - sağollaşmadan getmək fikrindəydin?

R o b e r t. Hə.

R i ç a r d. Niyə?

R o b e r t. Mənim hekayəm bəddir, elə deyil?

R i ç a r d. Amma gəldin.

R o b e r t. Berta gəlməyim üçün ismarış göndərdi.

R i ç a r d. Bunu saymasaq..?

R o b e r t. Bunu saymasaq, gəlməyəcəkdim.

R i ç a r d. Ağlına gəlmədi ki, bura gəlmədən getsəydin, bunu öz tövrümlə başa düşə bilərdim?

R o b e r t. Bəli. Gəldi.

R i ç a r d. Onda, nəyə inanmağımı istəyirsən?

R o b e r t. İstəyirəm inanasan ki, mən bacarmadım. Ki, indi Berta, doqquz il öncə olduğu kimi, sənindir. Sən… biz onu ilk gördüyümüzdə olduğu kimi.

R i ç a r d. Mənim nə etdiyimi bilmək istəyirsən?

R o b e r t. Yox.

R i ç a r d. Dərhal evə gəldim.

R o b e r t. Bertanın qayıtmağını eşitdin?

R i ç a r d. Yox. Bütün gecəni yazdım. Fikirləşdim. (Kabinet tərəfə işarə edərək.) Orada. Gün çıxmazdan öncə bayıra çıxdım və sahildə obaş-bubaş gəzməyə başladım.

R o b e r t. (Başını silkələyərək.) İztirab çəkə-çəkə. Özünə işgəncə verə-verə.

R i ç a r d. Özüm haqqında səslər eşidə-eşidə. Məni sevdiklərini deyənlərin səslərini.

R o b e r t. (Sağ tərəfdəki qapıya işarə edir.) Biri o. Bəs mənimki?

R i ç a r d. Başqa biri də.

R o b e r t. (Gülümsəyir və alnına sağ şəhadət barmağı ilə toxunur.) Doğrudan. Mənim maraqlı, amma bir qədər melanxolik kuzenim. Bəs onlar sənə nə dedi?

R i ç a r d. Ümidini üz dedilər.

R o b e r t. Deməliyəm ki, sevgilərini göstərmək üçün əcaib üsuldur! Üzəcəksən bəs? R i ç a r d. (Qalaxaraq.) Yox.

(Pəncərədən səs-küy gəlir. Arçinin, aynaların birinə yapışmış üzü görükür, səslənməyi eşidilir.)

A r ç i. Pəncərəni açın! Pəncərəni açın!

R o b e r t. (Riçarda baxır.) Orada, sahildə başqaları ilə birgə onun da səsini eşidirdin, Riçard? Öz oğlunun səsini. (Gülümsəyərək.) Dinlə! Səs necə də ümidsizlik doludur!

A r ç i. Pəncərəni açın, xahiş edirəm, açın da.

R o b e r t. Olsun ki, Riçard, - sənin bir, mənim başqa yolla - axtardığımız azadlıq oradadır. Bizdə yox, onda. Olsun ki...

R i ç a r d. Olsun ki..?

R o b e r t. Mən “olsun ki” dedim. Mən az qala tam əminliklə deyərdim, əgər...

R i ç a r d. Əgər nə? R o b e r t. (Soluq təbəssümlə.) Əgər o, mənim olsaydı.

(O, pəncərəyə sarı gedib açır. Arçi dırmaşıb içəri girir.)

R o b e r t. Dünənkitəkmi, hə?

A r ç i. Sabahınız xeyir, mister Hend. (O, Riçarda sarı qaçır və onu öpür:) Buon giorno, babbo.

R i ç a r d. Buon giorno, Arçi.

R o b e r t. Hardan belə, mənim gənc centlmenim?

A r ç i. Südçüylə idim. At sürdüm. Buterstauna getdik. (Kepkasını çıxarır və stulun üstünə atır.) Elə acmışam!

R o b e r t. (Şapkasını masadan götürür.) Riçard, hələlik. (Əlini uzadaraq.) Gələn görüşümüzədək!

R i ç a r d. (Qalxır, onun əlinə yüngül toxunur.) Hələlik. (Berta sağ tərəfdəki qapıda görünür.)

R o b e r t. (Onu görür: Arçiyə.) Papağını götür. Gəl mənimlə gedək. Sənə keks alacağam və hekayə danışacağam.

A r ç i. (Bertaya.) Olar, mamma?

B e r t a. Hə. A r ç i. (Kepkasını götürür.) Hazıram.

R o b e r t. (Riçard və Bertaya.) Hələlik, pappa və mamma. Amma qısa müddətlik.

A r ç i. Mənə nağıl danışacaqsınız, mister Hend?

R o b e r t. Nağıl? Niyə də yox? Mən sənin sehirli xaç atanam.

(Birlikdə qoşa qapılardan çıxıb, bağçadan keçərək gedirlər. Onlar gedəndən sonra Berta Riçarda sarı gəlir və öz qolunu onun belinə dolayır.)

B e r t a. Dik, əzizim, indi inanırsan ki, sənə sadiq olmuşam? Ötən gecə və həmişə.

R i ç a r d. (Kədərlə.) Məndən soruşma, Berta.

B e r t a. (Onu daha bərk sıxaraq.) Olmuşam, əzizim. Şübhəsiz, mənə inanırsan. Mən sənə özümü verdim - bütünlüklə. Hər şeyi sənə görə atdım. Sən məni götürdün - və tərk etdin.

R i ç a r d. Səni nə vaxt tərk etdim?

B e r t a. Tərk etdin: mən də sənin mənə qayıtmağını gözlədim. Dik, əzizim, gəl yanıma. Otur. Əlbət, indi necə də yorğunsan!

(Onu divana doğru çəkir. O, oturur: qolunu dayayaraq, demək olar ki, uzanıqlı vəziyyətdə yayxanır. Berta divanın qabağında, onun əlini tutub saxlayaraq, palazın üstündə oturur.)

B e r t a. Hə, əzizim. Mən səni gözlədim. İlahi, onda - biz Romada yaşayanda - nə iztirablar çəkdim! Evimizin terrası yadındadırmı?

R i ç a r d. Hə.

B e r t a. Mən gözləyə-gözləyə orda oturardım - zavallı uşaqla, onun oyuncaqlarıyla. Onun yuxuya getməsinə qədər gözləyərək. Oradan şəhərin bütün damlarını və çayı görə bilirdim. Tevere. Onun adı nə idi?

R i ç a r d. Tiber. B e r t a. (Öz yanağını onun əli ilə oxşayaraq.) Gözəl idi, Dik, ancaq elə kədərliydim ki. Tənhaydım, Dik, sən və hamı tərəfindən unudulmuşdum. Həyatımın bitdiyini hiss eləmişdim.

R i ç a r d. O, hələ başlanmamışdı.

B e r t a. Səmaya baxardım. Necə gözəldi, buludsuzdu. Dediyin o şəhər də necə qədim idi: sonrasa İrlandiya və özümüz barədə düşünərdim.

R i ç a r d. Özümüz?

B e r t a. Hə. Özümüz. Bizi, sənlə məni, ilk görüşdüyümüzdə olduğumuz kimi təsəvvür etmədiyim gün yoxdur. Ömrümün hər günündə bunu gözümün önünə gətirirəm. Bütün o vaxtlar sənə sadiq olmamışammı?

R i ç a r d. (Dərindən köks ötürür) Hə, Berta. Sən mənim sürgündə nişanlım olmusan.

B e r t a. Hara getsən, arxanca gələcəyəm. Buradan indi çıxıb getmək istəsən, səninlə gedəcəyəm.

R i ç a r d. Qalacağam. Ümidsizliyə qapılmaq üçün hələ çox tezdir.

B e r t a. (Yenə onun əlini oxşayaraq.) Hər kəsi səndən uzaqlaşdırmaq istədiyim doğru deyil. Sizi - səni və onu - lap yaxınlaşdırmaq istəyirdim. Danış mənimlə. Bütün ürəyini mənə danış. Nə hiss etdiyini və nə çəkdiyini.

R i ç a r d. Mən yaralanmışam, Betra.

B e r t a. Necə yaralanmısan, əzizim? Nəzərdə tutduğunu mənə izah elə. Dediyin hər şeyi başa düşməyə çalışacağam. Sən nədə yaralanmısan?

R i ç a r d. (Əlini çəkir, onun başını öz əlləri arasına alaraq arxaya əyir və gözlərinə dərin nəzər salır.) Qəlbimdə dərin, dərin şübhə yarası var.

B e r t a. (Tərpənməz halda.) Mənə qarşı şübhə?

R i ç a r d. Hə. B e r t a. Mən səninəm. (Pıçıltlyla.) İndi ölsəm də, səninəm. R i ç a r d. (Gözünü ondan çəkməyərək və sanki qaib bir kəslə danışırmış kimi.) Mən sənə görə qəlbimi yaraladım. Heç vaxt sağaldıla bilməyəcək dərin şübhə yarası. Heç vaxt, bu dünyada heç vaxt bilə bilmərəm. Nəyisə bilmək və ya inanmaq da istəmirəm. Mənə fərq etmir. Mənim səni arzulamağım inam zülmətində deyil, ömür yaralayan şübhə narahatlığındadır. Səni heç bir bağsız - hətta sevgininkisiz - saxlamaq, səninlə tam çılpaqlığı ilə bədən və ruhda birləşmək; bunun həsrətindəydim mən. İndisə, bir müddətlik, yoruldum, Berta. Yaram məni yorur. (O, əzgin-əzgin özünü divana uzadır. Berta, hələ də çox yumşaq danışaraq, onun əlini tutub saxlayır.)

B e r t a. Unut məni, Dik. Məni unut və ilk dəfə sevdiyin kimi yenidən sev. Mən sevgilimi istəyirəm. Onunla görüşmək, onlara getmək, özümü ona təslim etmək. Sənə, Dik. Ah, mənim qəribə vəhşi sevgilim, yenidən mənə geri dön!

(O, gözlərini yumur.)

İKİNCİ PƏRDƏ

Reneloqda, Robert Hendin kottecindəki otaq. Sağ tərəfdə, ön planda: üzərində açıq not dəftəri olan balaca qara piano.

Ondan o tərəfdə: giriş qapısına aparan qapı.

Arxadakı divarda: yataq otağına aparan, üstündən tünd pərdələr asılmış qatlama qapılar.

Pianonun yaxınlığında: üstündə geniş sarı kölgəsi düşən hündür yağ lampası olan böyük masa.

Masanın yanında: yumşaq üzlüklü stullar. Daha irəlidə: kiçik kart-masası.

Arxa divarda: kitab şkafı. Sol divarda, öncə: bağçaya baxan pəncərə; və irəlidə: bağçaya aparan qapı və seyvan. Oradaburada: kreslolar. Seyvanda və pərdələnmiş qatlama qapıların yanında: dibçəklər. Divarlarda, çərçivəyə salınmış çoxlu ağ-qara rəsm var.

Sağ küncdə, arxada: servant; otağın mərkəzində, masadan solda isə: türk qəlyanı, yandırılmamış alçaq yağ sobası və yelləncək-kreslodan ibarət qrup. Həmin günün axşamı.

Robert Hend axşam paltarında pianonun arxasında əyləşib. Şamlar yox, amma masanın üstündəki lampa yandırılıb. O, Teynhauzerin son aktındakı Uolframın nəğməsinin ilk sətirlərini aramla bəmdə çalır. Sonra dayanır və dirsəyini piano dillərinin önündəki çıxıntıya dayayaraq fikrə dalır. Daha sonra qalxır və pianonun arxasından sprey flakonunu çıxarıb havaya ətir çiləyə-çiləyə otaqda ora-bura addımlayır.

O, havanı astadan içinə çəkir və flakonu yerinə, pianonun arxasına qoyur. Masanın yanında, stulda oturur və saçlarına ehtiyatla tumar çəkib, bir, ya iki dəfə köks ötürür. Sonra, əllərini şalvarının ciblərinə salıb arxaya yaslanır, ayaqlarını uzadır və gözləyir. Bayır qapısından dıqqıltı eşidilir. O, cəld qalxır.

R o b e r t. (Hayqırır.) Berta!

(O, sağdakı qapıdan tələsik çıxır. Çaşqın salamlaşma səsi gəlir. Bir neçə saniyə sonra Robert, arxasınca da, əvvəlki kimi boz tvid kostyumunda, ancaq bir əlində tünd keçə şapka, o birində çətir tutmuş Riçard Rouen içəri daxil olur.)

R o b e r t. Hər şeydən öncə, icazə ver bunları qırağa qoyum. (Şapka və çətiri götürür, aparıb holla qoyur və qayıdır.)

R o b e r t. (Stul çəkir.) Buyur. Bəxtin gətirib, məni evdə tapmısan. Gündüz mənə niyə demədin? Səndə həmişə sürprizlərə şeytani bir meyl olub. Güman edirəm, keçmişə çağırışım sənin vəhşi qanın üçün həddən artıq oldu. Gör mən necə sənətsevər olmuşam. (Divarları göstərir.) Piano sənin vaxtında gətiriləndi. Sən gələndə Vaqneri təzə dınqıldadıb qutarmışdım. Öldürür məni. Gördüyün kimi, dalaşmağa hazıram. (Gülür.) Məni maraq bürüyürdü ki, sən və prorektor birlikdə nə edirsiniz. (Şişirdilmiş həyəcanla.) İntəhası sən bu paltarda gedəsisən? Ah yaxşı, bu, güman edirəm, elə də böyük fərq yaratmır. Bəs saatımız neçədir? (Saatını çıxarır.) Bildirirəm ki, artıq doqquza iyirmi dəqiqə işləyib!

R i ç a r d. Görüşün var?

R o b e r t. (Əsəbiliklə gülür.) Son ana qədər şübhəli!

R i ç a r d. Onda otura bilərəm?

R o b e r t. Əlbəttə əlbəttə. (İkisi də oturur.) Ən azından bir neçə dəqiqəlik. Sonra ikimiz birlikdə gedə bilərik. Vaxt bizi sıxmır. Səkkiz-doqquz arası deyib o. Elə deyil? Saat neçədir, maraqlıdır? (Bir də saatına baxmaq istəyir; sonra dayanır.) Doqquza iyirmi dəqiqə işləyib, hə.

R i ç a r d. (Əzgin-əzgin, kefsiz.) Sənin görüşün də eyni saatda idi. Burada.

R o b e r t. Nə görüşü?

R i ç a r d. Bertayla.

R o b e r t. (Gözlərini ona dikir.) Dəlisən?

R i ç a r d. Bəs sən?

R o b e r t. (Uzun sükutdan sonra.) Sənə kim dedi?

R i ç a r d. O.

(Qısa sükut.)

R o b e r t. (Alçaq səslə.) Hə. Gərək ki, dəli olmuşam. (Cəld.) Mənə qulaq as, Riçard. Sənin gəlməyin mənim üçün böyük yüngüllük oldu - ən böyük yüngüllük. Səni inandırıram, ikindidən bəri elə hey bu məsələni axmaq görsənmədən necə bitirməyi düşünürəm. Böyük yüngüllük! Hətta bir ara söz göndərmək fikrinə düşdüm... məktub, bir neçə misra. (Qəfil.) Amma onda çox gec oldu... (Əlini alnına çəkir.) Qoy səninlə açıq danışım; qoy hamısını deyim.

R i ç a r d. Hamısını bilirəm. Bir müddətdir ki, bilirəm.

R o b e r t. Nə vaxtdan?

R i ç a r d. Bu, onunla sənin aranda başlayandan bu yana.

R o b e r t. (Yenə də cəldliklə.) Hə, dəli idim. Amma bu, sadəcə olaraq sərsəmləmə idi. Etiraf edirəm, onu axşama bura çağırmaq səhv idi. Sənə hər şeyi başa sala bilərəm. Başa salacam da. Olduğu kimi.

R i ç a r d. Həsrətini çəkdiyin və deməyə heç vaxt cəsarət etmədiyin sözü mənə başa sal. Əgər bacarırsansa və ya istəyirsənsə.

R o b e r t. (Aşağı baxır, sonra başını qaldırır.) Hə. İstəyirəm. Sənin... e... sənin həyat yoldaşının şəxsiyyətinə olduqca pərəstiş edirəm. Budur o söz. Mən bunu deyə bilərəm. Gizli deyil.

R i ç a r d. Onda bəs ona nail olmağa çalışdığını niyə gizli saxlamaq istəyirdin?

R o b e r t. Nail olmağa çalışmaq?

R i ç a r d. Sənin ona diqqət artırmağın, xırda-xırda, günü-gündən, baxışların, pıçıltıların. (Əllərinin əsəbi hərəkəti ilə.) Insomma, wooing.

R o b e r t. (Çaşıb qalır.) Axı bütün bunları haradan bilirsən?

R i ç a r d. Mənə o danışıb.

R o b e r t. Bu gün?

R i ç a r d. Yox. Zaman-zaman, bunlar baş verdikcə.

R o b e r t. Sən bilirdin? O sənə deyirdi? (Riçard başını tərpədir.) Bütün bu vaxtı sən bizə tamaşa edirdin?

R i ç a r d. (Olduqca soyuq.) Mən sənə tamaşa edirdim.

R o b e r t. (Cəld.) Mən də elə bunu demək istəyirdim. Və heç vaxt heç nə demirdin! Cəmi bir söz desəydin - məni özümdən xilas etmək üçün - bəs olacaqdı. Sən məni yoxlayırdın. (Əlini bir də alnına çəkir.) Qorxunc sınaq olub: elə indi də. (Naəlac.) Yaxşı, olan oldu. Bu mənə bütün həyatım üçün dərs olacaq. İndi mənə nifrət edirsən - elədiklərimə görə və...

R i ç a r d. (Sakitcə, ona baxaraq.) Mən dedimmi ki, sənə nifrət edirəm?

R o b e r t. Eləmirsən ki? Etməlisən.

R i ç a r d. Hətta Berta mənə deməsəydi də biləsiydim. Görmədin ki, bu gün mən gələndə qəfildən bir anlığa kabinetimə keçdim?

R o b e r t. Hə, keçdin. Yadımdadır.

R i ç a r d. Sənə özünü düzəltməyə vaxt vermək üçün. Sənin gözlərini görmək məni qəmləndirdi. O güllər də həmçinin. Deyə bilmərəm niyə. Bir yığın solğun qızılgül.

R o b e r t. Onları verməli olduğumu düşündüm. Qəribə idi? (Riçarda işgəncəli ifadə ilə baxır.) Bəlkə hədsiz çox idi? Yoxsa hədsiz köhnə, ya hədsiz adi?

R i ç a r d. Buna görə də sənə nifrət etmədim. Hər şey bütövlükdə məni birdən qəmləndirdi.

R o b e r t. (Öz-özünə.) Və bu gerçəkdir. Bu - bizimlə - baş verməkdədir.

(Onun qarşısında bir neçə saniyə gözlərini əfəllənmiş kimi dikib qalır; sonra, başını döndərmədən davam edir.)

R o b e r t. O da məni yoxlayırdı; sənin xətrinə, mənim üstümdə eksperiment aparırdı.

R i ç a r d. Qadınları məndən yaxşı tanıyırsan. O, sənə yazığı gəldiyini deyir.

R o b e r t. (Fikirdən qaralaraq.) Mənə yazığı gəldi, çünki mən artıq... ideal sevgili deyiləm. Qızılgüllərim kimi. Adi, köhnə.

R i ç a r d. Bütün kişilər kimi, sənin axmaq-axmaq dolaşan ürəyin var.

R o b e r t. (Asta-asta.) Hə, axır ki, danışdın. Doğru an seçmisən.

R i ç a r d. (İrəli yaslanır.) Robert, belə yox. Bizim ikimiz üçün, yox. İllərlə, bütün ömür boyu olan dostluğumuz. Bir an düşün. Uşaqlıqdan, yeniyetməlikdən... Yox yox. Belə yox - oğrular kimi, gecə vaxtı. (Onun ətrafını gözdən keçirir.) Həm də bu cür yerdə. Yox, Robert, bu, bizim kimi insanlar üçün deyil.

R o b e r t. Dərsə bir bax! Riçard, sənin danışmağının - təhlükənin sovuşmağının - mənə necə bir yüngüllük olduğunu deyə bilmirəm. Hə hə. (Qismən inamsızlıqla.) Çünki... düşünsən, burada sənə də bir az təhlükə vardı. Yox?

R i ç a r d. Hansı təhlükə?

R o b e r t. (Eyni tonla.) Bilmirəm. Yəni əgər danışmasaydın. Əgər tamaşa eləyib gözləsəydin, o vaxta qədər ki...

R i ç a r d. Nə vaxta qədər?

R o b e r t. (Cəsarətlə.) O vaxta qədər ki, ondan daha da çox xoşum gələrdi (zira səni əmin edə bilərəm, bu, yalnız, mənim ağlıma gəlmiş hərdəmxəyal fikirdi), bu hisslərim dərinləşərdi, onu sevərdim. Onda sən mənimlə indi olduğu kimi danışardın? (Riçard sakit durur, Robert qoçaqca davam edir.) Başqa cür olardı, elə deyil? Çünki onda artıq çox gec olardı, halbuki indi çox gec deyil. Onda nə deyə biləcəkdim? Yalnız onu deyə bilərdim ki: sən mənim dostumsan, mənim əziz yaxşı dostum. Çox üzgünəm, amma onu sevirəm. (Qəfil atəşli jest ilə.) Sevirəm və onu səndən alacam - hər nə cür bacarsam, çünki onu sevirəm.

(Bir-birinə bir neçə saniyə səssiz baxırlar.)

R i ç a r d. (Soyuq-soyuq.) Bu, mənim tez-tez eşitdiyim və heç vaxt inanmadığım danışıq tərzidir. Yəni gizli, yoxsa zorakı yolla? Evimdən qaçıra bilməzdin, çünki qapılar açıq olur; müqavimət olmayan yerdə də zorakılıq olmur.

R o b e r t. Yadından çıxarırsan, cənnət səltənəti zorakılıqla alınır: və cənnət səltənəti qadın kimidir.

R i ç a r d. (Gülümsəyir.) Davam elə.

R o b e r t. (İnamsızlıqla, amma cəsarətlə.) Onun üzərində - onun ürəyi üzərində - haqqın olduğunu düşünürsən?

R i ç a r d. Qətiyyən.

R o b e r t. Onun üçün etdiklərinə görə? O qədər! Heç nə tələb etmirsən?

R i ç a r d. Heç nə.

R o b e r t. (Sükutdan sonra əli ilə alnına vurur.) Mən nə danışıram? Yaxud nə düşünürəm? İstəyirdim ki, layiq olduğum kimi, sən mənimlə sərt olasan, məni lənətləyəsən, nifrət edəsən. Sən bu qadını sevirsən. Mənə çoxdandan dediyinin hamsını xatırlayıram. O səninkidir, sənin əsərindir. (Birdən.) Buna görə də mən də ona meyilləndim. Sən o qədər güclüsən ki, hətta onun vasitəsi ilə də məni cəlb edirsən.

R i ç a r d. Mən zəifəm.

R o b e r t. (Vəcdə gələrək.) Sən, Riçard! Sən gücün təcəssümüsən.

R i ç a r d. (Əllərini uzadır.) Bir bu əllərə toxun.

R o b e r t. (Onun əllərindən tutur.) Hə. Mənimkilər daha qüvvətlidir. Amma mən başqa cür gücü deyirdim.

R i ç a r d. (Qaşqabaqla.) Düşünürəm, sən onu zorakılıqla əldə etməyə cəhd edərdin. (Əllərini asta-asta çəkir.)

R o b e r t. (Cəld.) Bu, bir qadına qarşı gərgin ehtiras hiss etdiyimiz zaman yaranan təmiz dəlilik anlarıdır. Biz heç nə görmürük. Heç nə düşünmürük. Yalnız ona sahib olmaq. Buna vəhşilik de, heyvanlıq de, nə istəyirsən de.

R i ç a r d. (Bir az qısılaraq.) Qorxuram ki, o hiss - qadına sahib olma intizarı - sevgi olmasın.

R o b e r t. (Hövsələsizliklə.) Hələ bu yer üzündə elə bir kişi yaşamayıb ki, sevdiyi qadına sahib olmaq - bədəninə sahib olmağı deyirəm - intizarı çəkməsin. Bu, təbiətin qanunudur.

R i ç a r d. (Xor-xor.) Bundan mənə nə? Mən buna səs vermişəm ki?

R o b e r t. Amma əgər sevirsənsə... Başqa necə olsun?

R i ç a r d. (Tərəddüdlə.) Onun yaxşılığını istəmək.

R o b e r t. (Hərarətlə, ürəkdən.) Axı ona sahib olmağın ehtirası bizi gecə-gündüz yandırır. Sən də bunu mənim kimi hiss edirsən. Bu isə indi dediyin şey deyil.

R i ç a r d. Səndə..? (Bir anlıq dayanır.) Səndə aydın bir əminlik varmı ki, təmasdaykən onun düşünməli və anlamalı olduğu beyin məhz sənin beynin, bir də, onun bədəninin təmasdaykən hiss etməli olduğu bədən məhz sənin bədənindir? Sənin özündə bu əminlik var?

R o b e r t. Səndə varmı?

R i ç a r d. (Doluxaraq.) Bir vaxt var idi, Robert, mənim öz mövcudluğum qədər aydın olan bir əminlik - ya da apaydın olan bir illüziya.

R o b e r t. (Ehtiyatla.) Bəs indi?

R i ç a r d. Əgər bu, səndə olmuş olsaydı, mən bunun səndə olduğunu hiss edə bilsəydim - hətta indi...

R o b e r t. Neyləyərdin?

R i ç a r d. (Rahat-rahat.) Çıxıb gedərdim. Ona mən yox, sən vacib olardın. Onu görənə qədər olduğum kimi yalqız qalardım.

R o b e r t. (Əllərini əsəbi halda ovuşdurur.) Vicdanım üçün babat bir yük!

R i ç a r d. (Dalğın-dalğın.) Bu gün bizə gələndə oğlumu gördün. Mənə özü dedi. Nə hiss etdin?

R o b e r t. (Dərhal.) Ləzzət.

R i ç a r d. Başqa heç nə?

R o b e r t. Başqa heç nə. Əgər eyni zamanda iki şey haqqında fikirləşmirəmsə. Mən beləyəm. Əgər ən yaxşı dostum tabutda uzanıbsa və onun üzündə komik ifadə varsa mən gülümsəyəcəyəm. (Kiçik naümid jestlə.) Mən beləyəm. Amma həmçinin də dərin acı çəkəcəyəm.

R i ç a r d. Vicdandan danışdın... O, sənə təkcə uşaq kimi göründü - yoxsa bir mələk kimi?

R o b e r t. (Başını bulayır.) Yox. Nə mələk, nə də anqlosakson kimi. Yeri gəlmişkən, çox az rəğbət bəslədiyim iki şey.

R i ç a r d. Deməli heç vaxt? Hətta... Berta ilə də yox? De. Bilmək istəyirəm.

R o b e r t. Ürəyimdə nəsə başqa bir şey hiss edirəm. Mən buna inanıram ki, axırıncı gündə (əgər o gün haçansa gələcəksə) hamımız bir yerə toplaşanda Hər Şeyə Qadir olan bizimlə bu cür danışacaq. Biz deyəcəyik: biz bir digər məxluqla ismətli ömür sürmüşük…

R i ç a r d. (Acı-acı.) Yalandan?

R o b e r t. Ya da ki, biz buna çalışmışıq. Osa bizə deyəcək: Axmaqlar! Sizə kim dedi ki, özünüzü yalnız bir varlığa həsr etməlisiniz? Siz sərbəstliklə çox adama həsr olunmaq üçün yaradılmışdınız. O qanunu Mən sizin ürəyinizə Barmağımla yazmışam.

R i ç a r d. Qadınların ürəyinə də həmçinin?

R o b e r t. Hə. Biz ürəyimizi dərindən hiss etdiyimiz məhəbbətə qarşı bağlaya bilərikmi? Bağlamalıyıqmı? Berta bağlamalıdırmı?

R i ç a r d. Biz fiziki vəhdətdən danışırıq.

R o b e r t. Kişi və qadın arasındakı məhəbbət gəlib buna çıxmalıdır. Biz bunun haqda hədsiz çox fikirləşirik, ona görə ki, bizlərin ağlı abırsızdır. Bu gün bu, bizim üçün hər hansı başqa formalı təmasdan - deyək ki, öpüşdən - daha mənalı bir şey deyil.

R i ç a r d. Əgər mənasızdırsa, niyə o sonluğa çatmayana qədər qane olmursan? Burada, bu axşamı niyə gözləyirdin?

R o b e r t. Ehtiras bacardığı qədər uzağa getməyə meyl edir; amma, istəyirsən inan, istəmirsən inanma, ağlımda o şey - o sonluğa çatmaq - yox idi.

R i ç a r d. Bacarırsansa çat. Dünyanın mənim əlimə verdiyi silahdan sənə qarşı istifadə etməyəcəyəm. Əgər bizim ürəyimizə Allahın barmağı ilə yazılmış qanun sən deyən qanundursa, mən də Allahın yaratdığıyam.

(O, qalxır və bir müddət sakitcə irəli-geri addımlayır. Sonra seyvana tərəf gedir və qapının tininə yaslanır. Robert ona tamaşa edir.)

R o b e r t. Həmişə bunu hiss etmişəm. Özümdə və başqalarında. R i ç a r d. (Diqqətsiz halda.) Hə?

R o b e r t. (Anlaşılmaz jestlə.) Hamı üçün. Qadının da sevgi tapana qədər çox kişini sınamaq haqqı var. Mənəviyyatsız fikirdir, yox? Bu haqda kitab yazmaq istəyirdim. Başladım...

R i ç a r d. (Əvvəlki kimi.) Hə?

R o b e r t. Çünki, bir qadın tanıyırdım. O, belə edirmiş kimi - bu fikri öz həyatında həyata keçirirmiş kimi - görsənirdi. Məni çox maraqlandırdı.

R i ç a r d. Bu nə vaxt olub?

R o b e r t. Ah, çoxdan deyil. Sən qürbətdə olanda.

(Riçard olduqca qəfil yerindən qopur və yenə irəli-geri addımlayır.)

R o b e r t. Gördüyün kimi, düşündüyündən daha dürüstəm.

R i ç a r d. Kaş indi onu yada salmazdın - o, hər kimiydisə və ya hər kimdirsə.

R o b e r t. (Rahatlıqla.) O, onda da birja-dəllalının arvadı idi, indi də.

R i ç a r d. (Dönərək.) Onu tanıyırsan?

R o b e r t. Yaxından.

(Riçard yenə həmin yerdə oturur və başını əllərinə alıb, irəli yaslanır.)

R o b e r t. (Öz stulunu azca yaxına çəkərək.) Olar bir sual verim?

R i ç a r d. Olar.

R o b e r t. (Bir az tərəddüdlə.) Bu, bu illərdə sənin başına heç gəlməyib? Deyirəm bəlkə ondan uzaqda olanda, ya səyahət edəndə - ona... başqası ilə xəyanət eləmək… Xəyanət, yəni, sevgi mənasında yox. Cismani cəhətdən, yəni... Bu, heç vaxt olmayıb?

R i ç a r d. Olub.

R o b e r t. Bəs sən nə elədin?

R i ç a r d. (Əvvəlki kimi.) İlk dəfəki yadımdadır. Evə gəldim. Gecəydi. Evimdə səssizlikdi. Balaca oğlum öz uşaqçarpayısında yatırdı. O da yuxulayırdı. Oyatdım və danışdım. Çarpayısının yanında ağladım; və onun ürəyini deşdim.

R o b e r t. Ah, Riçard, bunu niyə elədin?

R i ç a r d. Xəyanəti?

R o b e r t. Yox. Ona danışmağı, danışmaq üçün yuxudan oyatmağı. Bu onun ürəyini deşirdi.

R i ç a r d. O, məni olduğum kimi tanımalıdır.

R o b e r t. Amma bu, olduğun sən deyilsən. Zəiflik anıdır.

R i ç a r d. (Dərin fikrə dalır.) Və mən öz qəbahətimi onun günahsızlığının alovuna atdım.

R o b e r t. (Təklifsiz tövrlə.) Oh, qəbahətdəngünahsızlıqdan danışma. Hazırkı onu sən yaratmısan. Qəribə və heyrətamiz bir şəxsiyyət - ən azından mənim gözümdə.

R i ç a r d. (Tutqunluqla.) Ya da onu öldürmüşəm.

R o b e r t. Öldürmüsən?

R i ç a r d. Onun ruhunun bakirəliyini.

R o b e r t. (Hövsələsizliklə.) Babat itkidir! Sənsiz o, nə olardı?

R i ç a r d. Mən ona yeni bir həyat verməyə cəhd elədim.

R o b e r t. Bacardın da. Yeni və zəngin həyat.

R i ç a r d. Bu, ondan aldığıma - onun qızlıq çağı, gülüşü, gənc gözəlliyi, onun gənc ürəyinin ümidlərinə - dəyərdi?

R o b e r t. (Qətiyyətlə.) Hə. Tamamilə. (Bir neçə saniyə Riçarda səssiz baxır.) Əgər sən ona - yabanı həyat sürən ona etinasız olsaydın, onu belə uzağa yalnız acı çəkdirmək üçün aparardın...

(O, dayanır. Riçard başını qaldırır, ona baxır.)

R i ç a r d. Əgər olmuşdumsa?

R o b e r t. (Xəfif karıxır.) Bilirsən, sənin xaricdəki həyatın - yabanı həyatın haqda burada söz-söhbətlər gəzirdi. Romada səni tanıyan və ya görən və ya sənin haqda eşidən bəzi şəxslər… Yalançı söz-söhbətlər.

R i ç a r d. (Soyuq-soyuq.) Davam elə.

R o b e r t. (Bir az qaba tərzdə gülür.) Onun haqda hətta mən də zaman-zaman qurban kimi düşünürdüm. (Səkit səslə.) İntəhası, əlbəttə, Riçard, mən hər zaman hiss etmiş və bilmişəm ki, sən böyük istedad, ya da istedaddan daha artıq olan bir şey yiyəsi olmusan. Bu da sənin bəraətin idi - mənim gözümdə etibarlı olan bəraətin.

R i ç a r d. Düşünmüsənmi ki, yəqin artıq indi - bu anda - mən ona etinasızam? (Barmaqlarını əsəblə bir-birinə keçirir və Robertin qarşısında ona tərəf yaslanır.) Mən yenə də səssiz qala bilərəm. O da nəhayət sənə təslim ola bilər - bütünlüklə, dəfələrlə.

R o b e r t. (Birdən özünü geri çəkir.) Əzizim Riçard, əziz dostum, sənə and içirəm, sənə acı çəkdirə bilməzdim.

R i ç a r d. (Davam edir.) Onda sən qəlbin və bədəninlə, yüz cürə formada və heç dayanmadan, bir qoca teoloqun - deyəsən, Dans Skots - ruhun ölümü adlandırdığı şeyi dərk edə bilərdin.

R o b e r t. (Şövqlə.) Ölüm. Yox; onun təsdiqi! Ölüm! Həyatın uca anı - hansından ki, bütün gələcək həyat törəyir; Təbiətin özünün əbədi qanunu.

R i ç a r d. Və təbiətin o digər qanunu, sənin dediyin kimi: dəyişkənlik. Sənin ondan və məndən zəhlən gedəndə; onun gözəlliyi və ya indi sənə elə gələn şeyi səni bezdirəndə və mənə bağlılığın yanlış və iyrənc görünəndə - necə olacaq?

R o b e r t. Heç vaxt elə olmayacaq. Heç vaxt.

R i ç a r d. Özündən də, məni tanıdığına görə və ya bizim ikimizlə də qanunsuz ünsiyyətdə olduğuna görə zəhlən gedəndə…

R o b e r t. (Ciddiyyətlə.) Bu, heç vaxt elə olmayacaq, Riçard. Əmin ol.

R i ç a r d. (Təkəbbürlə.) Bunun belə olub-olmamağı mənim çox az vecimədir, çünki daha çox qorxduğum bir şey var.

R o b e r t. (Başını bulayır.) Qorxursan? İnanmaram, Riçard. Birgə uşaqlığımızdan bu yana sənin fikirlərini izləmişəm. Sən mənəvi qorxunun nə olduğunu bilmirsən.

R i ç a r d. (Əlini onun qoluna qoyur.) Qulaq as. O ölüb. O, mənim yatağımda uzanıb. Onun - kobudluqla, dəfələrlə - xəyanət etdiyim bədəninə baxıram. Həm də sevirdim və ona görə göz yaşı axıdırdım. Bilirəm də ki, onun bədəni həmişə mənim sadiq köləm olub. Mənə, yalnız mənə o... (Səsi qırılır və danışa bilməyərək üzünü çöndərir.)

R o b e r t. (Yumşaqlıqla.) Qəm yemə, Riçard. Buna ehtiyac yoxdur. O, bədən və qəlbi ilə sənə sadiqdir. Niyə qorxursan?

R i ç a r d. (Az qala hiddətlə ona qarşı dönür.) O qorxu yox. O qorxu ki, ondakı hər şeyi götürdüyümə görə özümü danlayacağam. Çünki onun, onun olan - mənim olmayan - şeyi başqasına verməsinə tab gətirə bilməzdim, çünki onun sadiqliyini qəbul etmiş və onun həyatını sevgi cəhətdən daha yoxsul etmişdim. Budur mənim qorxum. Ki, mən onun və onun olası hər hansı həyat anlarının arasında dayanıram - onun və sənin aranda, onun və hər kiminsə arasında, onun və hər nəyinsə arasında. Bunu etməyəcəyəm. Bacarmıram və etməyəcəyəm. Cəsarət etmirəm.

(O, öz stulunda, işıldayan gözləri ilə, nəfəssiz halda arxaya yaslanır. Robert səssizcə qalxır və onun stulunun başında dayanır.)

R o b e r t. Bura bax, Riçard. Deyiləsi nə vardısa danışdıq. Qoy keçmiş keçmişdə qalsın.

R i ç a r d. (Cəld və qabacasına.) Gözlə. Bir şey daha. Sənin də indi məni olduğum kimi tanımağın üçün.

R o b e r t. Daha bir şey? Dahası da var?

R i ç a r d. Bayaq dedim, bu gün sənin gözlərini görəndə kədərləndim. O anda hiss elədiyim itaət və çaşqınlığın səni mənə qardaş bağı ilə bağladı. (Yerində yarımçevrə çızıb ona qarşı dönür.) O an keçmişdəki bütün birgə həyatımızı hiss elədim və sənin boynunu qucaqlamağın həsrətini çəkdim.

R o b e r t. (Dərindən və qəfildən duyğulanmış halda.) Məni bu cür bağışlamağın, Riçard, sənin nəcibliyindir.

R i ç a r d. (Özüylə mübarizə apara-apara.) Dedim, sənin mənə qarşı, bizim dostluğumuza qarşı, ona qarşı yalan və gizlin bir şey etməyini istəmirəm - ki, sən, Robert, mənim dostum, onu məndən qaranlıqda, gecə, kələklə, gizlincə, ləyaqətsizliklə oğurlamayasan.

R o b e r t. Bilirəm. Bu da sənin nəcibliyin idi.

R i ç a r d. (Gözlərini diqqətli nəzərlə ona dikir.) Yox. Nəciblik yox. Nanəciblik. R o b e r t. (Qeyri-ixtiyari jest edir.) Necə? Niyə?

R i ç a r d. (Yenə qırağa baxır: daha alçaq səslə.) Sənə, həmçinin deməli olduğum şey də budur. Belə ki, nanəcib ürəyimin lap dərinliyində sənin və onun tərəfindən - qaranlıqda, gecə, gizlin, ləyaqətsizliklə, kələklə - aldadılmağımın həsrətindəydim. Sənin - ən yaxşı dostum və onun tərəfindən.

Bunu ehtirasla və nanəcibliklə arzulayırdım; sevgi və şəhvətdə əbədi alçaldılmaq...

R o b e r t. (Əyilib, əlini Riçardın ağzına qoyur.) Yetər. Yetər. (Əllərini çəkir.) Amma yox. Davam elə.

R i ç a r d. Əbədi rüsvayedilmiş məxluq olmaq və öz ruhumu bu utancın xarabalıqlarından kənarda yenidən qurmaq.

R o b e r t. Elə buna görə istəyirdin ki, o...

R i ç a r d. (Soyuqluqla.) O, məni alçaldaraq, həmişə öz günahsızlığından - mən həmişə öz qəbahətindən danışdığım kimi - danışırdı.

R o b e r t. Qürurundanmı?

R i ç a r d. Qürur və nanəcib həsrətdən. Hələ daha dərin bir motiv də var.

R o b e r t. (Qərarlı halda.) Səni başa düşürəm.

(O, yerinə qayıdır, stulunu yaxın çəkərək dərhal danışmağa başlayır.)

R o b e r t. Bəs elə ola bilməz ki, bu mövcud anda bizim burada olmağımız ikimizi də - sənin kimi məni də - mənəviyyat deyilən şeyin son qandallarından azad etsin? Sənə olan dostluğum məni qandallayıbdır.

R i ç a r d. Yüngül qandallardır, görünür.

R o b e r t. Mən qaranlıqda, gizlin hərəkət etmişdim. Bir də etməyəcəyəm. Azad hərəkət etmək üçün mənə icazə verməyə cəsarətin var?

R i ç a r d. Duel - bizim aramızda?

R o b e r t. (Artan həyəcanla.) İkimizin də ruhunun - onlar fərqli olsalar da - onlarda və dünyada olan bütün yalanlara qarşı döyüşü. Sənin ruhunun sədaqət kabusuna qarşı, mənimkininsə dostluq kabusuna qarşı döyüşü. Həyat fəthdir - insan ehtirasının qorxaqlığın ehkamları üzərində qələbəsi. Hə, Riçard? Cəsarətin var? Hətta bu, aramızdakı dostluq atomlarını parçalasa da, hətta bu, sənin öz həyatındakı son illüziyanı əbədilik qırsa da. Biz doğulmazdan qabaq sonsuzluq vardı: daha biri biz öləndən sonra gələcək. Yalnız ehtirasın gözqamaşdırıcı anı - ehtiras, sərbəstlik, utanmazlıq, qarşısıalınmazlıq - kölələrin həyat adlandırdığı şeyin iztirabından qaçmaq üçün yeganə qapıdır. Bu, məgər, hazırda oturduğumuz bu yerdə səndən elə tez-tez eşitdiyim, sənin öz gəncliyinin dili deyilmi? Sən dəyişmisənmi?

R i ç a r d. (Əlini qaşının üstünə çəkir.) Hə. Mənim gəncliyimin dilidir.

R o b e r t. (Həvəslə, gərginliklə.) Riçard, məni bu nöqtəyə sən qaldırmısan. O və mən sənin iradənə yalnız itaət etmişik. Bu sözləri mənim beynimdə sən özün oyandırmısan. Öz sözlərindi. Hə? Sərbəstcə? Birlikdə?

R i ç a r d. (Emosiyasını cilovlayaraq.) Birlikdə yox. Öz payına düşən hissəni özün, tək döyüş. Mən səni azad etməyəcəyəm. Burax, mən də özümünküylə döyüşüm.

R o b e r t. (Qalxır, qərarlı halda.) Onda mənə icazə verirsən?

R i ç a r d. (Həmçinin qalxır, arxayınlıqla.) Özünü azad elə.

(Giriş qapısının dıqqıltısı eşidilir.)

R o b e r t. (Həyəcan içində.) Bu nə deməkdir?

R i ç a r d. (Arxayınlıqla.) Görünür, Bertadır. Ondan gəlməsini istəməmişdin?

R o b e r t. Hə, amma... (Ətrafına baxaraq.) Onda mən gedirəm, Riçard.

R i ç a r d. Yox. Mən gedirəm.

R o b e r t. (Ümidsiz halda.) Riçard, səndən xahiş edirəm. Qoy gedim. Hər şey bitib. O sənindir. Onu götür və ikiniz də məni bağışlayın.

R i ç a r d. Onu mənə buraxacaq qədər səxavətlisən deyə?

R o b e r t. (Qızğınlıqla.) Riçard, bunu desən məni özünə qarşı hirsləndirəcəksən.

R i ç a r d. Hirsli oldun-olmadın, mən sənin səxavətinlə yaşamayacağam. Sən ondan buraya gəlib, səni bu gecə, təklikdə görməsini istəmisən. Sualı öz aranızda həll edin.

R o b e r t. (Dərhal.) Qapını aç. Mən bağçada gözləyim. (Seyvana doğru gedir.) Riçard, bacardığın kimi izah et. İndi onu görə bilmərəm.

R i ç a r d. Mən gedirəm. Dedim axı. İstəyirsən orada gözlə.

(O, sağdakı qapıdan çıxır. Robert tələm-tələsik seyvana keçib çıxır, amma həmin an da geri qayıdır.)

R o b e r t. Çətir! (Qəfil jestlə.) Oh!

(Yenə seyvana keçib, çıxır. Giriş qapısının açılması və bağlanması eşidilir. Riçard içəri daxil olur - arxasınca da, əyninə tünd qəhvəyi kostyum geymiş və başına balaca tünd qırmızı şlyapa qoymuş Berta. Onun nə çətiri, nə də sukeçirməyən geyimi var.)

R i ç a r d. (Şadyana.) Yenidən köhnə İrlandiyaya xoş gəlmisən!

B e r t a. (Gərgin, ciddi halda.) Həmin yer buradır?

R i ç a r d. Hə, buradır. Necə tapdın?

B e r t a. Faytonçuya dedim. Öz yolumu soruşmaq xoşuma gəlmədi. (Ərtafına maraqla baxaraq.) O gözləmirdi? Çıxıb gedib?

R i ç a r d. (Bağça tərəfə işarə edir.) Gözləyir. Orada. Mən gələndə gözləyirdi. B e r t a. (Yenidən özünü ələ alır.) Deməli, gələsi oldun.

R i ç a r d. Düşünürdün gəlmərəm?

B e r t a. Bilirdim, qıraqda dayana bilməyəcəksən. Görürsən, əvvəl-axır sən də bütün kişilər kimisən. Gəlməyə məcbur idin. Sən də digərləri kimi qısqancsan.

R i ç a r d. Mənlə burda rastlaşdığına görə qıcıqlanmış görsənirsən.

B e r t a. Aranızda nə baş verdi?

R i ç a r d. Hər şeyi çoxdandan bildiyimi ona dedim. Soruşdu: hardan. Dedim: səndən.

B e r t a. Mənə nifrət edir?

R i ç a r d. Onun ürəyini oxuya bilmirəm.

B e r t a. (Çarəsiz halda əyləşir.) Hə. Nifrət edir. Onu axmaq yerinə qoyduğumu, aldatdığımı düşünür. Bilirdim.

R i ç a r d. Ona, onunla səmimi olduğunu dedim.

B e r t a. O, buna inanmır. Heç kim inanmaz. Birinci mən deməliydim, sən yox. R i ç a r d. Onun sənə qarşı hətta zorakılığa da hazır ümumi quldur olduğunu düşünürdüm. Səni bundan müdafiə etməliydim.

B e r t a. Özüm də edə bilərdim.

R i ç a r d. Əminsən?

B e r t a. Burada olduğumu sənin bildiyini ona demək yetərdi. İndi isə heç nə fikirləşə bilmirəm. O, mənə nifrət edir. Düz də edir. Onunla pis, rüsvayedici rəftar eləmişəm.

R i ç a r d. (Onun əlini tutur.) Berta, mənə bax.

B e r t a. (Ona qarşı çönür.) Hə.

R i ç a r d. (Onun gözlərinin içinə nəzər salır və sonra əlini buraxır.) Sənin də ürəyini oxuya bilmirəm.

B e r t a. (Hələ də ona baxaraq.) Sən qıraqda dayana bilmədin. Mənə inanmırsanmı? Görürsən, tamamilə sakitəm. Bunun hamısını səndən gizlədə bilərdim.

R i ç a r d. Buna şübhə edirəm.

B e r t a. (Başını yüngülcə arxaya ataraq.) Ah, asanlıqla. Əgər istəsəydim.

R i ç a r d. (Tutqunluqla.) Ola bilsin, bunu eləmədiyinə görə indi heyfislənirsən.

B e r t a. Ola bilsin.

R i ç a r d. (Pis-pis.) Mənə bildirməklə necə də səfeh iş görmüsən! Gizli saxlasaydın nə gözəl olardı.

B e r t a. Sən elədiyin kimi? Yox?

R i ç a r d. Mən elədiyim kimi. Bəli. (Getmək üçün dönür.) Hələlik sağ ol.

B e r t a. (Həyəcanlanıb, qalxır.) Gedirsən?

R i ç a r d. Təbii. Burada mənim payım bitdi.

B e r t a. Yəqin onun yanına?

R i ç a r d. (Heyrətlənərək.) Kimin?

B e r t a. O xanım əfəndi. Zənnimcə bütün bunlar belə planlaşdırılıb ki, sən onu görmək və intellektual söhbətlər etmək üçün yaxşı fürsət əldə edəsən!

R i ç a r d. (Qaba hirs partlaması ilə.) Şeytanın atasını görmək üçün!

B e r t a. (Şlyapasını çıxarır və əyləşir.) Çox gözəl. Gedə bilərsən. Artıq nə edəcəyimi bilirəm.

R i ç a r d. (Qayıdır, ona yaxınlaşır.) Sən, öz dediyin bir sözə də inanmırsan.

B e r t a. (Arxayınlıqla.) Gedə bilərsən. Niyə getmirsən?

R i ç a r d. Deməli bura gəlməyin və ona belə imkan yaratmağın mənim ucbatımdandır. Belə çıxır?

B e r t a. Bu işdə axmaq çıxmayan bir şəxs var. O da sənsən. Mən də çıxmışam, o da.

R i ç a r d. (Davam edərək.) Əgər belədirsə, doğrudan da onunla pis və rüsvayedici rəftar etmisən.

B e r t a. (Onu göstərir.) Hə. Amma sənin təqsirin idi. İndisə bunu bitirəcəyəm. Sənin üçün, sadəcə, bir alətəm. Mənə qarşı hörmətin yoxdu. Heç vaxt da olmayıb - səbəb isə elədiklərimdir.

R i ç a r d. Bəs o, hörmət edir?

B e r t a. Edir. Qayıtdığımdan bəri qarşılaşdığım şəxslər içində o, yeganə kəsdir ki edir. Həm də o, digərlərinin yalnız şübhələndiyi şeyi bilir. Ondan ilk dəfədən və hələ də xoşlanmağımın səbəbi də budur. Qızın mənə böyük hörməti varmış! Niyə doqquz il öncə ondan səninlə birgə getməyini istəmədin?

R i ç a r d. Niyəsini bilirsən, Berta. Özün-özündən soruş.

B e r t a. Hə, niyəsini bilirəm. Sən ala biləcəyin cavabı bilirdin. Budur səbəb.

R i ç a r d. Səbəb bu deyil. Mən səndən də istəməmişdim.

B e r t a. Hə. Xahiş etdin-etmədin, bilirdin ki, gedərdim. Mən hərəkət edənəm. Amma, əgər bir şeyi edirəmsə, ikisini də edə bilərəm. Zira adım var, mənfəətlərim də ola bilər.

R i ç a r d. (Artan həyəcanla.) Berta, mən olmalı olanı qəbul edirəm. Mən sənə inanmışam. Yenə də inanacağam.

B e r t a. Mənə qarşı əlində bir şey olsun deyə. Sonra məni atasan deyə. (Az qala ehtirasla.) Bəs onda niyə məni ondan qorumursan? Niyə indi bir söz demədən məndən uzaqlaşırsan? Dik, Allah, de mənə, nə etməyimi istəyirsən?

R i ç a r d. Deyə bilmərəm, əzizim. (Özüylə mübarizə apararaq.) Sənə sənin öz ürəyin deyəcək. (Onun hər iki əlindən yapışır.) Sənə baxanda, Berta, qəlbimə yabanı məmnunluq dolur. Səni, olduğun kimi görürəm. Onda sənin həyatına birinci, ondan öncə gəlməyim… sənin üçün əhəmiyyətsiz ola bilər. Bəlkə də məndən daha artıq onunsan.

B e r t a. Deyiləm. Amma ona qarşı da hisslərim var.

R i ç a r d. Mənim də həmçinin. Sən onun və mənim ola bilərsən. Sənə etibar edəcəyəm, Berta. Ona da. Bunu etməliyəm. Qolları sənin belinə dolanan zamandan sonra ona nifrət edə bilmərəm. Sən bizi yaxınlaşdırmısan. Sənin ürəyində müdriklikdən müdrik olan nəsnə var. Mən kiməm ki, özümü sənin və ya hər hansı qadının ürəyinin ağası sayım? Berta, onu sev, onun ol; əgər arzu edirsənsə - ya da əgər bacarırsansa - özünü ona ver.

B e r t a. (Hayıl-mayıl.) Mən qalıram.

R i ç a r d. Hələlik.

(O, onun əlini buraxır və sağ tərəfdən tələsik çıxır. Berta oturduğu yerdə qalır. Sonra qalxır və çəkinə-çəkinə seyvana

73

doğru gedir, onun yanında dayanır və kiçik bir tərəddüddən sonra bağça tərəfə səslənir.)

B e r t a. Orda kimsə var?

(Bununla belə, o, otağın ortasına doğru geri çəkilir. Sonra, yenə əvvəlki kimi səslənir.)

B e r t a. Kimsə var?

(Robert bağa aparan artırmada görükür. Onun pencəyi düymələnib, yaxalığı isə qaldırılıb. Qapının ağzında əllərini çərçivəyə yüngülcə dayayır və Bertanın onu görməsini gözləyir.)

B e r t a. (Onu sezib, geriləyir: sonra, tez-tələsik.) Robert!

R o b e r t. Təksən? B e r t a. Hə. R o b e r t. (Sağdakı qapıya sarı baxaraq.) O hardadır? B e r t a. Getdi. (Əsəblə.) Sən məni ürkütdün. Hardan gəldin? R o b e r t. (Başının hərəkəti ilə.) Ordan. Orda olduğumu - gözlədiyimi - sənə demədimi?

B e r t a. (Cəld.) Hə, dedi. Amma mən burda, təklikdə qorxdum. Açıq qapıya baxıb, gözləyə-gözləyə. (Masanın yanına gəlir və əlini onun küncünə qoyur.) Niyə elə dayanmısan?

R o b e r t. Niyə? Mən də qorxuram.

B e r t a. Nədən?

R o b e r t. Səndən.

B e r t a. (Aşağı baxır.) İndi mənə nifrət edirsən?

R o b e r t. Səndən qorxuram. (Əllərini arxasında birləşdirərək, sakitcə, amma bir az da cürətlə.) Yeni işgəncədən - yeni tələdən - qorxuram.

B e r t a. (Əvvəlki kimi.) Məni nəyə görə qınayırsan?

R o b e r t. (Bir neçə addım irəli gəlir, ayaq saxlayır: sonra düşünmədən:) Niyə məni tovladın? Günü gündən, getdikcə daha çox. Niyə məni dayandırmadın? Bunu bacarardın – bircə sözlə. Amma bir söz də demədin! Mən özümü və onu unutdum. Sən bunu gördün. Ki, özümü onun gözündə məhv edirdim, onun dostluğunu itirirdim. Bunu istəyirdin?

B e r t a. (Yuxarı baxaraq.) Sən heç vaxt soruşmadın.

R o b e r t. Nəyi soruşmadım?

B e r t a. Onun şübhələndiyini - ya bildiyini.

R o b e r t. Soruşsaydım deyəcəkdin?

B e r t a. Hə. R o b e r t. (Tərəddüd edərək.) Sən ona... hər şeyi danışmısan?

B e r t a. Danışmışam.

R o b e r t. Yəni... təfərrüatları.

B e r t a. Hər şeyi.

R o b e r t. (Zorla gülümsəyərək.) Aydındır. Onun xətrinə eksperiment aparırdın. Mənim üzərimdə. Yaxşı, niyə də olmasın? Görünür, yaxşı subyekt olmuşam. Amma yenə də, bu, sənin tərəfindən bir balaca qəddarlıq oldu.

B e r t a. Məni anlamağa çalış, Robert. Sən çalışmalısan.

R o b e r t. (Nəzakətli jestlə.) Yaxşı, çalışacağam.

B e r t a. Qapının ağzında elə niyə dayanmısan? Baxanda əsəbləşirəm.

R o b e r t. Anlamağa çalışıram. Sonra da ki, qorxuram.

B e r t a. (Əlini uzadır.) Qorxmağına ehtiyac yoxdur.

R o b e r t. (Cəld ona doğru gəlir və əlini tutur. Əminsizliklə:) Siz - birlikdə - mənə baxıb gülürdünüz? (Əlini çəkərək.) Amma indi ağıllı olmalıyam, yoxsa mənə bu gecə yenə də gülə bilərsiniz.

B e r t a. (Qanı qaralır, əlini onun qoluna qoyur.) Lütfən, Robert, dinlə məni... Sən ki təmiz yaşsan, islanmısan! (Əllərini onun pencəyinə çəkir.) Ah, yazıq bala! Bütün bu vaxt ərzində orda, yağışda! Bunu unutmuşdum.

R o b e r t. (Gülür.) Hə, sən iqlimi unutmusan.

B e r t a. Amma doğrudan islanmısan; pencəyi dəyişmək lazımdır.

R o b e r t. (Onun əllərini əllərinə alır.) Söylə, mənə qarşı duyduğun hiss, onun - Riçardın - dediyi kimi, acımadırmı?

B e r t a. Lütfən pencəyini dəyiş, Robert, xahiş edirəm. Çox pis soyuqlaya bilərsən. Dəyiş, lüftən.

R o b e r t. Artıq nə fərqi var ki?

B e r t a. (Ətrafa baxaraq.) Paltarları harada saxlayırsan?

R o b e r t. (Arxadakı qapını göstərir.) Orda. Burda bir gödəkcəm olmalıdır. (Qəsdən.) Yataq otağımda.

B e r t a. Yaxşı, keç və onu gətir.

R o b e r t. Bəs sən?

B e r t a. Mən səni burada gözləyəcəyəm.

R o b e r t. Bunu mənə əmr edirsən?

B e r t a. (Gülərək.) Hə, əmr edirəm.

R o b e r t. (Dərhal.) Onda edəcəyəm. (Cəld yataq otağının qapısına doğru gedir; Sonra dönür.) Çıxıb getməzsən?

B e r t a. Yox, gözləyəcəyəm. Amma çox çəkməsin.

R o b e r t. Bircə an.

(O, qapını açıq saxlayıb, yataq otağına girir. Berta maraqla ətrafına baxır və sonra, arxadakı qapıya qətiyyətsizlik içində nəzər salır.)

R o b e r t. (Yataq otağından.) Getməmisən?

B e r t a. Yox.

R o b e r t. Bura qaranlıqdır. Gərək lampa yandırım.

(Onun kibriti çaxmağı və şüşəni lampanın üstünə qoyması eşidilir. Qapıdan çəhrayı işıq görükür. Berta öz əl saatına göz salır və sonra, masanın arxasında əyləşir.)

R o b e r t. (Əvvəlki kimi.) İşığın effekti xoşuna gəlir?

B e r t a. Ah, bəli.

R o b e r t. Dayandığın yerdən yaxşı görünür?

B e r t a. Hə, yetərincə.

R o b e r t. Bu, sənin üçün idi. B e r t a. (Şaşqınlıqla.) Mən heç buna da dəymərəm. R o b e r t. (Aydın və kobudcasına.) Eşqin əməyi boşa getdi.17 B e r t a. (Əsəbiliklə qalxır.) Robert!

R o b e r t. Bəli?

B e r t a. Tez bura gəl! Tez gəl görüm!

R o b e r t. Hazıram.

(O, əynində tünd yaşıl velvet gödəkcə, qapının ağzında görünür. Bertanın təlaşını görüb, cəld ona sarı gəlir.)

R o b e r t. Nə olub, Berta?

B e r t a. (Əsə-əsə.) Qorxmuşdum.

R o b e r t. Tək qalmaqdan?

B e r t a. (Onun əllərindən tutur.) Nəyi dediyimi bilirsən. Əsəblərim tamam pozulub.

R o b e r t. Ona görə ki, mən… ?

B e r t a. Mənə söz ver ki, Robert, belə şey barədə düşünməyəcəksən. Heç vaxt. Əgər məni ümumiyyətlə istəyirsənsə. Bir anlıq düşündüm ki...

R o b e r t. Nə düşündün?

B e r t a. Amma, əgər məni istəyirsənsə, söz ver.

R o b e r t. Səni istəyirəmsə, Berta! Söz verirəm. Əlbəttə, söz verirəm. Bütün titrəyirsən ki.

B e r t a. Qoy bir yerdə oturum. İndi keçəcək.

R o b e r t. Zavallı Bertam! Otur. Gəl.

(Onu masanın yanındakı stula tərəf aparır. Berta oturur. Robert onun yanında dayanır.)

R o b e r t. (Qısa fasilədən sonra.) Keçdi?

B e r t a. Hə. Bir anlıq idi. Səfehlik elədim. Qorxmuşdum ki… Səni yanımda görmək istədim.

R o b e r t. Ki… Barəsində düşünməməyi mənə söz verdirdiyin şeydən qorxmuşdun?

B e r t a. Hə.

R o b e r t. (Diqqətlə.) Yoxsa başqa nədənsə?

B e r t a. (Aciz-aciz.) Robert, nədənsə qoxdum. Dəqiq bilmirəm nədən.

R o b e r t. Bəs indi?

B e r t a. İndi sən burdasan. Səni görürəm. Artıq keçdi.

R o b e r t. (Mütiliklə.) Keçdi. Hə. Eşqin əməyi boşa getdi.

B e r t a. (Baxışlarını ona doğru qaldırır.) Qulaq as, Robert. Bunu sənə izah etmək istəyirəm. Mən Diki aldada bilmərəm. Heç vaxt. Heç nədə. Ona hər şeyi dedim - lap başlanğıcdan. Sonra, bu, davam etməyə başladı; sənsə mənimlə heç vaxt nə nəsə danışdın, nə də soruşdun. Mənsə deməyini istəyirdim.

R o b e r t. Bu, həqiqətdir, Berta? B e r t a. Hə, çünki… başqa qadınlar kimi olduğumu - sanıram, bu sayaq işləri bilirsən - düşünə biləcəyin məni qıcıqlandırırdı. Məncə Dik də düz deyir. Ortada sirlər niyə olsun ki?

R o b e r t. (Xəfifcə.) Amma yenə də, sirlər çox şirin ola bilər. Yox?

B e r t a. (Gülümsəyir.) Hə, bilirəm ki, olar. Amma, görürsən, mən Dikdən sirr saxlaya bilmərəm. Həm də, hansı yaxşıdır? Sonda həmişə hər şeyin üstü açılır. Hamının əvvəldən bilməsi daha yaxşı deyil?

R o b e r t. (Xəfifcə və bir az da utancaqlıqla.) Ona, Berta, hər şeyi necə deyə bildin? Dedinmi? Aramızda olmuş hər xırda şeyi də?

B e r t a. Hə. Məndən soruşduğu hər şeyi.

R o b e r t. Bəs o, çox şey soruşub?

B e r t a. Onun necə olduğunu bilirsən. Hər şey barədə soruşur. Cikinə-bikinə kimi.

R o b e r t. Öpüşməyimiz barədə də, həmçinin?

B e r t a. Əlbəttə. Ona hamısını dedim.

R o b e r t. (Başını astaca bulayır.) Fövqəladə balaca adam! Heç utanmadın?

B e r t a. Yox.

R o b e r t. Bir qırıq da?

B e r t a. Yox. Niyə ki? Dəhşətlidir ki?

R o b e r t. Bəs o, bunu necə qəbul etdi? De görüm. Mən də hər şeyi bilmək istəyirəm. B e r t a. (Gülür.) Onu həyəcanlandırdı. Həmişəkindən daha çox.

R o b e r t. Niyə? O, hələ də dəlisovdu?

B e r t a. (Qəmzəylə.) Fəlsəfədə itməyəndə, hə. Çox.

R o b e r t. Məndən çox?

B e r t a. Səndən çox? (Fikrə gedərək.) Buna necə cavab verə bilərəm? Güman ki, ikiniz də...

(Robert o tərəfə çönüb, əlini fikirli-fikirli bir, ya iki dəfə saçlarına çəkərək seyvana nəzər salır.)

B e r t a. (Mülayimliklə.) Mənə yenə hirslənirsən?

R o b e r t. (Bikef-bikef.) Sən mənə hirslənirsən.

B e r t a. Yox, Robert. Niyə hirslənməliyəm ki?

R o b e r t. Bura gəlməyini səndən istədiyim üçün. Otağı da sənin üçün hazırlamağa çalışdım. (Əliylə ora-buranı göstərir.) Dinclik hissi yaratmaq üçün.

B e r t a. (Onun gödəkçəsinə barmağı ilə toxunaraq.) Bunu da həmçinin. Qəşəng velvet gödəkçəni.

R o b e r t. O cümlədən. Səndən sirr saxlamayacağam.

B e r t a. Mənə şəkildə olan bir kimsəni xatırladırsan. Xoşuma gəlirsən bu geyimdə… Amma hirsli deyilsən, yox?

R o b e r t. (Tutqun-tutqun.) Hə. Mənim səhvim idi. Səndən bura gəlməyini istəmək. Bunu, bağdan sənə baxanda və səni - səni, Berta - burada görəndə hiss elədim. (Ümidsiz halda.) Lakin başqa nə eləyə bilərdim ki?

B e r t a. (Sakitcə.) Yəni, burada başqaları olub deyə?

R o b e r t. Hə. (Ondan bir neçə addım kənarlaşır. Ani külək masadakı lampanın işığını titrədir. O, fitili yüngülcə aşağı çəkir.)

B e r t a. (Gözləri ilə onu izləyərək.) Amma mən bunu bura gəlməmişdən də bilirdim. Buna görə sənə hirslənmirəm.

R o b e r t. (Çiyinlərini çəkir.) Bütün olanlardan sonra mənə niyə hirslənməlisən ki? Sən eyni şeyə, ya da daha pisinə görə heç ona da hirslənmirsən.

B e r t a. Bunu sənə o dedi?

R o b e r t. Hə. O dedi. Burada hamımız bir-birimizə iqrar edirik. Növbəylə.

B e r t a. O məsələni unutmağa çalışıram.

R o b e r t. Bəs səni narahat eləmir?

B e r t a. İndi yox. Ancaq bu barədə düşünməyi xoşlamıram.

R o b e r t. Düşünürsən ki, bu, sadəcə, az əhəmiyyəti olan qəddar bir şeydir? B e r t a. Bu, indi məni narahat eləmir.

R o b e r t. (Çiyninin üstündən ona baxaraq.) Amma səni çox narahat edəsi və utunmağa çalışmayacağın bir şey var.

B e r t a. Nə?

R o b e r t. (Ona sarı çönərək.) Əgər bu, kiməsə qarşı nəsə bir kobudluq, ya da ötəri bir şey olmasaydı. Əksinə, bu, yalnız bir nəfərlə, bir qadınla nəsə incə və mənəvi bir şey olsaydı. (Gülümsəyir.) Yəqin ki, həm də kobud. Adətən belə şey gec-tez gəlib buna çıxır. Belə şeyi unutmağa və bağışlamağa çalışardınmı?

B e r t a. (Qolbağısı ilə oynaya-oynaya.) Kimə?

R o b e r t. Hər kimə. Mənə.

B e r t a. (Arxayınlıqla.) Sən Diki deyirsən.

R o b e r t. Mən mənə dedim. Çalışardınmı?

B e r t a. Səncə mən intiqamımı alardım? Dik də azad deyil ki?

R o b e r t. (Barmağını ona tuşlayır.) Bu, sənin ürəyindən gəlmir, Berta.

B e r t a. (Qürurla.) Hə, elədir; qoy o da azad olsun. O da məni azad buraxır.

R o b e r t. (Təkidlə.) Bilirsən, niyə? Başa düşürsən bəs? Bu xoşuna gəlir bəs? Sən özün azad olmaq istəyirsən bəs? Onun sənə - doqquz il öncə - verdiyi bu azadlıq hədiyyəsi... Bəs bu, səni xoşbəxt edir? Bu səni xoşbəxt edib? Həmişə?

B e r t a. (Geniş açılmış gözləri ilə ona nəzər salır.) Axı niyə mənə bu qədər çox sual verirsən, Robert?

R o b e r t. (Hər iki əlini ona uzadır.) Çünki onda mənim sənə təklif etməyə digər hədiyyəm vardı - ümumi, sadə hədiyyə, özüm kimi. İstəsən danışaram.

B e r t a. (Saatına baxaraq.) Keçmiş keçmişdə qaldı, Robert. Həm də məncə indi getməyim gərəkir. Doqquz olur.

R o b e r t. (Coşqunluqla.) Yox yox, hələ yox. Daha bir etiraf; bizim danışmaq haqqımız var.

(O, masanın qabağından cəld keçir və Bertanın yanında əyləşir.)

B e r t a. (Üzü ona dönərək sol əlini onun çininə qoyur.) Hə, Robert. Bilirəm, məni istəyirsən. Deməsən də olar. (Mehribanlıqla.) Bu axşam daha artıq etiraf etməyinə ehtiyac yoxdur.

(Seyvandan otağa, tərpəşən yarpaqların səsi ilə, ani külək dolur. Lampanın işığı sürətlə titrəyir.)

B e r t a. (Onun çiyninin üstündən işarə edərək.) Bax! Çox yuxarıdadır.

(Robert qalxmadan masaya doğru əyilir və fitili aşağı burur. Otaq alaqaranlıq, yataq otağının qapısından gələn işıq daha güclüdür.)

R o b e r t. Külək qalxır. O qapını örtüm.

B e r t a. (Qulaq verərək.) Yox, hələ də yağır. Yalnız ani bir yel idi.

R o b e r t. (Onun çiyninə toxunur.) Sənə çox soyuq olsa de. (Yarımqalxmış vəziyyətdə.) Bağlayım.

B e r t a. (Onu saxlayaraq.) Yox. Soyuq deyil. Həm, gedirəm indi, Robert. Gərək gedim.

R o b e r t. (Möhkəm-möhkəm.) Yox yox. İndi getməyinə heç bir gərək yoxdur. Bizi burada buna görə tək buraxıblar. Sən də ki, səhvsən, Berta. Keçmiş keçməyib, o, indi buradadır. Sənə olan hisslərim onda olduğu kimidir, zira onda sən bu hisslərə məhəl qoymadın.

B e r t a. Yox, Robert. Elə olmayıb.

R o b e r t. (Davam edir.) Elə olub. Mənsə bunu bütün bu illər ərzində qavramadan hiss eləmişəm - ta indiyə kimi. Hətta, bildiyin və barəsində fikirləşməyi xoşlamadığın həyat tərzi - sənin mənə məhkum etdiyin həyat tərzini keçirəndə də.

B e r t a. Mən?

R o b e r t. Bəli, təklif elədiyim ümumi, sadə hədiyyəyə məhəl qoymayıb, əvəzində onun hədiyyəsini götürəndə.

B e r t a. (Ona baxaraq.) Amma sən heç vaxt...

R o b e r t. Yox. Çünki sən onu seçmişdin. Görürdüm. Mən bunu biz, biz üçümüz birlikdə görüşdüyümüz ilk gecədə gördüm. Niyə onu seçdin?

B e r t a. (Başını əyir.) Səbəb sevgi deyil ki?

R o b e r t. (Davam edir.) Və hər gecə biz ikimiz - o və mən - səninlə görüşmək üçün o xəlvət yerimizə gələndə bunu görür və hiss edirdim. Həmin yer yadındadır, Berta?

B e r t a. (Əvvəlki kimi.) Hə.

R o b e r t. Sən onunla aralanıb gəzməyə gedəndə, mənsə küçə boyu yalqız qalıb gəzəndə də hiss edirdim. O, mənimlə danışıb, çıxıb gedəcəyini deyəndə isə - həmişəkindən daha çox.

B e r t a. Niyə onda daha çox?

R o b e r t. Çünki bu, ona qarşı ilk xəyanətimə görə günahkar olduğum zaman olmuşdu. B e r t a. Robert, nə danışırsan? Dikə ilk xəyanətin?

R o b e r t. (Başını tərpədir.) Sonuncu da yox. O, sən və özü haqqında danışırdı. Sizin birgə həyatınızın necə ola biləcəyi haqda - azad və sairə. Azad, bəli! O, hətta, səndən onunla bir getməyini rica etməyəcəkdi. (Məzlum-məzlum.) Etmədi də. Amma sən, yenə də, getdin.

B e r t a. Onunla birlikdə olmaq istədim. Bilirsən... (Başını qaldırır və ona baxır.) Onda bizim - Dik və mənim - necə olduğumuzu bilirsən.

R o b e r t. (Fikir vermədən.) Tək getməyi - səni özüylə götürməməyi - məsləhət gördüm ki, birdən, sənə olan hissləri sənin xoşbəxtliyini və onun karyerasını məhv edən keçici bir şey olar.

B e r t a. Yaxşı, Robert. Bu, sənin tərəfindən mənə qarşı nəzakətsizlik olub. Amma onda onun və mənim xoşbəxtliyimi düşündüyün üçün səni bağışlayıram. R o b e r t. (Ona sarı əyilərək.) Yox, Berta. Düşünmürdüm. Xəyanətim də buydu. Özümü düşünürdüm - gedəndən sonra sən ondan üz döndərə bilərdin, o da səndən. Sonra da sənə öz hədiyyəmi təklif edərdim. Bunun nə olduğunu indi bilirsən. Kişilərin qadınlara təklif etdiyi sadə, bilinən hədiyyə. Hədiyyələrin ən yaxşısı deyil, yəqin. Pis-yaxşı, bu sənin ola bilərdi.

B e r t a. (Üzünü ondan çevirərək.) O, sənin məsləhətinə qulaq asmadı.

R o b e r t. (Əvvəlki kimi.) Yox. Qaçdığınız o gecəysə, ah, mən necə də xoşbəxt idim!

B e r t a. (Onun əllərini sıxaraq.) Sakit ol, Robert. Bilirəm, həmişə məndən xoşun gəlib. Niyə məni unutmadın?

R o b e r t. (Məzlum-məzlum gülümsəyir.) Amma, mən iskələlərdən qayıdanda və qara çayda uzaqlaşan, səni məndən uzaqlaşdıran, işıqları yanan balaca gəmini uzaqdan görəndə özümü necə də xoşbəxt hiss elədim! (Daha sakit tonla.) Bəs sən onu seçmişdinmi? Məndən heç xoşun gəlmirdi?

B e r t a. Hə. Xoşuma gəlirdin, çünki onun dostuydun. Səndən tez-tez danışırdıq. Olduqca tez-tez. Hər dəfə sən Dikə kağız və ya kitab yazanda və ya göndərəndə. Səndən hələ də xoşum gəlir, Robert. (Onun gözlərinə baxaraq.) Səni heç vaxt unutmadım.

R o b e r t. Nə də mən səni. Səni yenə görə biləcəyimi bilirdim. Qayıtmaq istəyəcəyini getdiyin o gecədə bildim. Yazmağımın və çalışmağımın da səbəbi bu idi ki, səni burada yenə görüm.

B e r t a. Bu da mən. Haqlı olmusan.

R o b e r t. (Asta-asta.) Doqquz il. Doqquz dəfə daha gözəl!

B e r t a. (Gülümsəyərək.) Məgər eləyəm? Nə görmüsən məndə?

R o b e r t. (Onu nəzərdən keçirərək.) Əcaib və gözəl ledi.

B e r t a. (Az qala diksinərək.) Ah, lütfən mənə belə şeylər demə!

R o b e r t. (Ciddiyyətlə.) Sən daha artığısan. Gənc və gözəl kraliça.

B e r t a. (Qəfil gülüşlə.) Ah, Robert!

R o b e r t. (Səsini alçaldıb, ona sarı daha yaxın əyilərək.) Gözəl varlıq olduğunu özün bilmirsən ki? Bilmirsən ki, gözəl bədənin var? Gözəl və cavan.

B e r t a. (Ağır ciddiyyətlə.) Bir gün qocalacağam.

R o b e r t. (Başını bulayır.) Bunu təsəvvürümə gətirə bilmirəm. Bu axşam sən cavan və gözəlsən. Bu axşam sən mənə qayıtmısan. (Ehtirasla.) Sabah nə olacağını kim bilir? Ola bilər, səni bir daha görməyim və ya bir daha bugünkü kimi görməyim.

B e r t a. Əzab çəkərdin?

R o b e r t. (Cavab vermədən ətrafa baxır.) Bu otaq və bu saat sənin gəlişin üçün hazırlanıb. Sən gedəndə hər şey gedəcək.

B e r t a. (İntizarla.) Məni yenə görəcəksən də, Robert… əvvəlki kimi.

R o b e r t. (Ona nəzər salır.) Ona - Riçarda - əzab çəkdirmək üçün.

B e r t a. O, əzab çəkmir.

R o b e r t. (Başını əyərək.) Bəli bəli. Çəkir.

B e r t a. O, bizim bir-birimizindən xoşlandığımızı bilir. Burada nəsə bir pislik var ki?

R o b e r t. (Başını qaldıraraq.) Yox, pislik yoxdur. Birbirimizdən niyə də xoşlanmayaq? Mənim nə hiss etdiyimi o, hələ də bilmir. Bizi burada gecə vaxtı, bu saatda tək buraxıb, çünki bilməyin həsrətindədir - o, azad olmağın həsrətindədir.

B e r t a. Nədən?

R o b e r t. (Ona daha da yaxınlaşır və danışdıqda onun qolundan tutur.) Bütün qanunlardan, Berta, bütün bağlardan. Bütün ömrü boyu özünü azad etməyin axtarışında olub. Birindən başqa bütün zəncirləri qırıb və o bir dənəni də biz qırmalıyıq, Berta, sən və mən.

B e r t a. (Az qala eşidilməyəcək səslə.) Əminsənmi?

R o b e r t. (Daha hərarətlə.) Əminəm ki, insan tərəfindən yaradılan heç bir qanun ehtiras təkanının qabağında müqəddəs deyil. (Az qala hiddətlə.) Kim bizi bircə nəfər üçün yaradıb? Əgər belədirsə, bu, bizim varlığımıza qarşı cinayətdir. İstəyin qabağında qanun yoxdur. Qanunlar kölələr üçündür. Berta, adımı çək! Qoy bunu ağzından eşidim. Astadan!

B e r t a. (Astadan.) Robert!

R o b e r t. (Qolunu onun çiyninə dolayır.) Yalnız cavanlıq və gözəlliyə qarşı olan istək ölmür. (Seyvan tərəfə işarə edir.) Dinlə!

B e r t a. (Təlaşla.) Nəyi?

R o b e r t. Yağışın yağmasını. Yerə düşən yay yağışı. Gecə yağışı. Qaranlıq və hərarət və ehtirasın seli. Bu gecə Yer sevilir - sevilir və özünü təslim edir. Sevgilisinin qolları ona dolanıb; o da səssiz dayanıb. Danış, canım-gözüm!

B e r t a. (Qəfildən irəli əyilir və diqqətlə qulaq verir.) Sus!

R o b e r t. (Qulaq asaraq gülümsəyir.) Heç nə. Heç kim. Biz təklikdəyik.

(Əzilən xəzəllərin səsi ilə ani külək seyvandan içəri dolur. Lampanın alovu tullanıb-düşür.)

B e r t a. (Lampanı göstərərək.) Bax!

R o b e r t. Sadəcə küləkdir. O biri otaqdan yetərincə işıq düşür.

(O, əlini masanın üstündən uzadır və lampanı söndürür. Yataq otağının qapısından gələn işıq zolağı onların oturduğu yerə düşür. Otaq tam qaranlıqdır.)

R o b e r t. Xoşbəxtsənmi? Söylə.

B e r t a. Gedirəm, Robert. Çox gecdir. Qane ol.

R o b e r t. (Onun saçını oxşayaraq.) Hələ yox, hələ yox. Söylə, məni azca da olsa sevirsən?

B e r t a. Xoşuma gəlirsən, Robert. Düşünürəm ki, yaxşı insansan. (Yarıdikələrək.) Qane oldun?

R o b e r t. (Onu saxlayaraq saçını öpür.) Getmə, Berta! Hələ vaxt var. Sən də məni sevirsən? Uzun müddət gözləmişəm. Hər ikimizi - həm onu, həm də məni - sevirsənmi? Hə, Berta? Həqiqəti de! Gözlərinlə de. Ya da danış!

(O, cavab vermir. Sakitlikdə yağışın səsi eşidilir.)

BİRİNCİ PƏRDƏ

Dublinin ətraf rayonu Merrionda Riçard Rouenin evinin salonu

Sağ tərəfdə, ön planda: qabağında alçaq arakəsmə olan buxarı, onun da üstündə zər çərçivəli ayna.

Sağ divarla irəlilədikcə: qəbul otağı və mətbəxə açılan qatlama qapılar.

Sağ divarda, arxa planda: kabinetə açılan balaca qapı. Ondan solda: alçaq servant. Servantın yuxarısında, divardan asılmış çərçivədə: karandaşla çizilmiş cavan kişi rəsmi. Ondan solda: bağçaya açılan şüşə panelli qoşa qapılar.

Sol divarda: yola baxan pəncərə. Həmin divarla davam etdikdə: holla və evin üst mərtəbəsinə aparan qapı. Pəncərə və qapının arasında: divara söykədilmiş qadın davenportu. Onun yaxınlığında: həsir oturacaq.

Otağın mərkəzində: dəyirmi masa. Masanın ətrafında: üstünə solğun yaşıl parça çəkilmiş yumşaq stullar.

Daha sağda, irəlidə: üzərində papiros əhtacları olan kiçik masa.

O masanın ətrafında: kreslo və divan. Buxarının, divanın və qapıların önünə - ləkəli taxtalardan döşənmiş döşəmənin üzərində - hindqozu həsirindən ayaqaltılar salınıb.

James Joyce

James Joyce

Arxadakı qoşa və sağdakı qatlama qapılara yarıya qədər çəkilmiş krujevalı pərdələr, aşağı çərçivəsi qaldırılmış pəncərəyə isə yaşıl parçadan ağır pərdələr asılıb.

Jalüz, qaldırılmış aşağı çərçivənin tininə qədər endirilib. İyunun istisi, ikindi çağıdır. Otaq qüruba yaxınlaşan yumşaq şəfəqlərlə dolub.

Bricid və Bietris Castis soldakı qapıdan içəri daxil olurlar. Bricid çuqunu-boz saçlı, balaca və ahıl, Bietris Castis isə iyirmi yeddi yaşlı, şumal, düz və tünd saçlı qadındır. Onun əynində yaxşı biçilmiş tünd göy kostyum, başında sadə lentli eleqant həsir şlyapa, əlində isə portfel-formalı balaca əl çantası var.

B r i c i d. Xanım və master Arçi hovuzdadır, sizin gələcəyinizi heç gözləmirdilər. Qayıtdığınızı xəbər etmişdinizmi, miss Castis?

B i e t r i s. Yox. İndicə çatmışam.

B r i c i d. (Kreslonu göstərir.) Əyləşin, burada olduğunuzu masterə deyərəm. Qatarla yolunuz çoxmu çəkdi?

B i e t r i s. (Əyləşərək.) Səhərdən bəri.

B r i c i d. Master Arçi sizin Yuhel mənzərəli açıqçanızı alıb. Yorulub əldən düşmüsünüz, əminəm.

B i e t r i s. Oh, xeyr. (Yetərincə əsəbi öskürür.) O, mən olmayanda pianino ilə məşğul olub?

B r i c i d. (Səmimiyyətlə gülür.) Məşğul olmaq? Kim, master Arçi? Onun bu saat bir tək südçünün atından ötrü ürəyi gedir. Oralarda hava xoş idi, miss Castis?

B i e t r i s. Rütubətli, məncə.

B r i c i d. (Şəfqətlə.) Görürsünüz də. Elə burada da yağış səpələyir. (Kabinetə doğru keçir.) Burada olduğunuzu ona deyim.

Dublin

Dublin

B i e t r i s. Mister Rouen evdədir ki?

B r i c i d. (İşarə edir.) Kabinetindədir. Nəsə yazısına görə özünü lap əldən salır. Gecəyarıdan keçənə qədər. (Gedə-gedə.) Çağırım.

B i e t r i s. Narahat etməyin, Bricid. Onlar qayıdana kimi burada gözləyə bilərəm, əgər çox çəkəsi deyilsə.

B r i c i d. Həm sizi içəri alanda poçt qutusunda nəsə gördüm. (Kabinetin qapısı tərəfə keçib onu yüngül aralayır və çağırır.) Master Riçard, miss Castis master Arçinin dərsləri üçün gəlib, buradadır.

(Riçard Rouen kabinetdən çıxır və əlini uzadaraq Bietrisə doğru addımlayır. O, hündür, atletik bədənli, amma tənbəl tövrlü cavan kişidir. Açıq-qəhvəyi saçları, bığı və gözlüyü var. Əyninə sərbəst oturan açıq-boz tvid kostyum geyinib.)

R i ç a r d. Xoş gəlmişsiniz.

B i e t r i s. (Qalxır və azca qızararaq əl sıxışır.) Xoş gördük, mister Rouen. Bricidin sizi narahat etməsini istəmirdim.

R i ç a r d. Narahat etmək? Allah Allah!

B r i c i d. Poçt qutusunda nəsə var, ser.

R i ç a r d. (Cibindən kiçik bir açar dəsti çıxardıb ona uzadır.) Buyurun.

(Bricid soldakı qapıdan çıxır və qutunun açılıb bağlanması eşidilir. Qısa sükut. O, əlində iki qəzetlə içəri daxil olur.)

R i ç a r d. Məktublar?

B r i c i d. Xeyr, ser. Yalnız o italyan qəzetləri.

R i ç a r d. Onları mənim masama qoyun, olar?

(Bricid açarları ona qaytarır, qəzetləri kabinetə aparır; yenidən qayıdır və sağdakı qatlama qapılardan çıxır.)

R i ç a r d. Əyləşin, lütfən. Berta indi gələcək.

(Bietris yenidən kresloda, Riçard isə masanın yanında əyləşir.)

R i ç a r d. Bir də geri dönməyəcəyinizi düşünməyə başlamışdım. Sonuncu dəfə burada olmağınızdan on iki gün keçib.

B i e t r i s. Bu barədə mən də fikirləşmişdim. Amma gələsi oldum.

R i ç a r d. Onda sizə söylədiklərim barədə də fikirləşmisiniz?

B i e t r i s. Çox.

R i ç a r d. Bunu əvvəldən bilməliydiniz. Bilirdiniz? (Bietris cavab vermir.) Məni qınayırsınız?

B i e t r i s. Yox.

R i ç a r d. Sizə qarşı… pis davrandığımı düşünürsünüz? Yox? Yaxud başqa bir kimsəyə qarşı?

B i e t r i s. (Kədərli çaşqın ifadə ilə ona baxır.) O sualı özümə vermişəm.

R i ç a r d. Bəs cavab?

B i e t r i s. Cavab tapa bilmədim.

R i ç a r d. Əgər mən rəssam olsaydım və sizə sizin eskizlərinizdən ibarət kitabçam olduğunu desəydim buna qəribə baxmazdınız, deyilmi?

B i e t r i s. Bunlar tamamilə eyni şeydir ki?

R i ç a r d. (Xəfifcə gülümsəyir.) O qədər də yox. O cümlədən, nə yazdığımı sizə, siz istəməyincə göstərmərəm demişdim. Beləliklə?

B i e t r i s. Sizdən rica etməyəcəyəm.

R i ç a r d. (Əllərini birləşdirir, dirsəklərini dizlərinə söykəyir, irəli yaslanır.) Görmək istəyərdiniz?

B i e t r i s. Çox.

R i ç a r d. Özünüz haqda olduğuna görə?

B i e t r i s. Hə. Amma tək buna görə yox.

R i ç a r d. Müəllif mən olduğuma görə? Hə? Hətta orada görə biləcəyiniz şeylər bəzən qəddar olsa belə?

B i e t r i s. (Utana-utana) Onlar da, həmçinin, sizin fikrinizin bir hissəsidi.

R i ç a r d. Fikir məhz mənimkidi deyə sizi cəlb edir? Elədirmi?

B i e t r i s. (Tərəddüd edir, ona bir anlıq nəzər salır.) Sizcə bura niyə gəlmişəm?

R i ç a r d. Niyə? Səbəb çoxdu. Elə Arçiyə dərs deməyiniz. Bir-birimizi neçə ildir - uşaqlıqdan - tanıyırıq; Robert, siz və mən, deyilmi? Sizə həmişə maraqlı olmuşam - mən qürbətə gedənə qədər də, orada olduğum müddətdə də. Hələ mənim kitabım haqqında bir-birimizə yazdığımız məktublar. İndi o, nəşr olunub. Mənsə yenə buradayam. Bəlkə hiss edirsiniz ki, ağlıma yeni fikirlər gəlir; bəlkə də siz hiss edirsiniz ki, bunları bilməlisiniz. Səbəb budur?

B i e t r i s. Yox.

R i ç a r d. Onda bəs niyə?

B i e t r i s. Əks təqdirdə sizi görə bilməzdim.

(Bir anlıq ona baxır, sonra cəld üzünü o yana çevirir.)

R i ç a r d. (sükutdan sonra əminsizliklə təkrar edir.) Əks təqdirdə məni görə bilməzdiniz?

B i e t r i s. (Qəflətən pərtləşib.) Yaxşısı budur mən gedim. Onlar qayıtmır. (Qalxaraq.) Mister Rouen, mən getməliyəm.

R i ç a r d. (Qollarını uzadaraq.) Amma siz qaçırsınız axı. Qalın. Mənə sözlərinizin mənasını deyin. Məndən qorxursunuz?

B i e t r i s. (Yenidən oturur.) Qorxmaq? Yox.

R i ç a r d. Mənə inamınız var? Məni tanıdığınızı hiss edirsiniz?

B i e t r i s. (Yenə utana-utana.) Özündən savayı kimisə tanımaq çətin işdir.

R i ç a r d. Məni tanımaq çətindi? Mən Romadan sizə - yazdıqca - kitabımın fəsillərini göndərirdim; və doqquz uzun ilin məktubları. Yox, səkkiz il.

B i e t r i s. Bəli, ilk məktubunuz gələnə kimi hardasa bir il keçmişdi.

R i ç a r d. Dərhal cavab yazmışdınız. Ondan sonra da mənim mübarizəmi izləyirdiniz. (Əllərini ciddiyyətlə birləşdirir.) Deyin görüm, miss Castis, oxuduğunuzun sizin gözləriniz üçün yazıldığını, ya da mənə ilham verdiyinizi hiss eləyirdiniz?

B i e t r i s. (Başını bulayır.) Bu suala cavab verməyimə ehtiyac yoxdur.

R i ç a r d. Bəs nəyə var?

B i e t r i s. (Bir anlıq səssiz qalır.) Mən bunu deyə bilmərəm. Gərək özünüz soruşasınız, mister Rouen.

R i ç a r d. (Bir az atəşlə.) O fəsillərdə və məktublarda, habelə öz xarakterimdə və həyatımda sizin qəlbinizdəki elə bir şeyi ifadə etmişəm ki, bilmədiniz onlarla qürurlanasınız, yoxsa onlara xor baxasınız?

B i e t r i s. Bilmədim?

R i ç a r d. (Ona sarı əyilir.) Bacarmadınız, çünki cəsarət etmədiniz. Budur səbəb?

B i e t r i s. (Başını əyir.) Hə.

R i ç a r d. Başqalarının ucbatından, yoxsa cəsarət korluğundan - hansı biri?

B i e t r i s. (Astadan.) Cəsarət.

R i ç a r d. (Yavaşca.) Və beləcə, siz ürəyinizdə qürur, həmçinin də aşağılanma hissi ilə məni izlədiniz?

B i e t r i s. Və yalqızlıqla.

(O, başını əlinə dayayıb, üzünü yana əyir. Riçard qalxır və yavaşyavaş soldakı pəncərəyə doğru addımlayır; bir qədər bayıra baxır və sonra ona qarşı dönür, divan tərəfə keçir və onun yanında oturur.)

R i ç a r d. Onu hələ də sevirsiniz?

B i e t r i s. Heç özüm də bilmirəm.

R i ç a r d. O zaman sizinlə münasibətdə məni özümə qapadan da elə bu idi - hətta mənə olan marağınızı, hətta həyatınızda mənim nəsə məna kəsb etdiyimi hiss etsəm də.

B i e t r i s. Elə idi.

R i ç a r d. Sonunda, bu, məni sizdən uzaqlaşdırdı. Özümü üçüncü şəxs kimi hiss edirdim. Adlarınız, xatırladığım qədəriylə, həmişə birgə səslənirdi: Robert və Bietris. Mənə belə gəlirdi, hamıya belə gəlirdi…

B i e t r i s. Biz kuzenlərik. Tez-tez birlikdə olmağımız qəribə şey deyildi.

R i ç a r d. Mənə sizin gizli nişanlanmağınızdan danışmışdı. Onun məndən gizli sirri olmurdu; zənnimcə, bunu bilirsiniz.

B i e t r i s. (Çətinliklə.) Bizim aramızda… o baş verənlər elə çoxdan olub ki. Mən uşaq idim.

R i ç a r d. (Pis-pis gülümsəyir.) Uşaq? Əminsiniz? Bu, onun anasının evinin bağçasında olmuşdu. Yox? (Barmağını bağça tərəfə uzadır.) Orada. Əhd-peymanınızı, necə deyərlər, öpüşlə bağladınız. Və siz ona öz corabbağınızı verdiniz. Bunu xatırlatmağa icazə var?

B i e t r i s. (Bir az ehtiyatla.) Əgər bunun xatırlanmağa layiq olduğunu düşünürsünüzsə.

R i ç a r d. Məncə, siz bunu unutmamısınız. (Barmaqlarını səssizcə bir-birinə keçirir.) Bunu başa düşmürəm. Həm də fikirləşirdim, mən gedəndən sonra… Getməyim sizə əzab verdi?

B i e t r i s. Həmişə bilirdim, bir gün gedə bilərsiniz. Əzab çəkmədim; sadəcə dəyişdim.

R i ç a r d. Ona qarşı?

B i e t r i s. Hər şey dəyişdi. Onun həyatı, hətta düşüncəsi də ondan sonra dəyişmiş kimi görsənirdi.

R i ç a r d. (Dalğın-dalğın.) Hə. Bir ildən sonra ilk məktubunuzu alanda sizin dəyişdiyinizi görürdüm. Həm də xəstəliyinizdən sonra. Bu barədə məktubunuzda da yazmışdınız.

B i e t r i s. Ölümdən dönmüşdüm. Bu, məni həyatı fərqli görməyə vadar etdi.

R i ç a r d. Və beləcə, aranızda soyuqluq xırda-xırda başlandı. Belədir?

B i e t r i s. (Gözlərini yarıqapayır.) Yox, o dəqiqə başlamadı. Onun içində sizin solğun əksinizi görürdüm: sonra o da yoxa çıxdı. İndi bunu danışmağın nə mənası var ki?

R i ç a r d. (Sıxıntı içində.) Bəs ürəyinizi üzürmüş kimi görünən o şey nədir? Bunun özü belə faciəvi ola bilməz.

B i e t r i s. (Soyuqqanlılıqla.) Oh, faciə deyil. Yaşlandıqca, deyirlər, tədricən daha da yaxşılaşacağam. Onda ölmədim deyə, deyirlər, yəqin yaşamalıyammış. Mənə yenidən həyat və sağlamlıq verilib - onları istifadə edə bilmədiyim bir vaxtda. (Soyuqqanlı və acı-acı.) Mən convalescent3-əm.

R i ç a r d. (Mülayimliklə.) Bəs həyatınızda sizə sakitlik verən heç nə yoxdumu? Əlbət, haradasa var.

B i e t r i s. Əgər bizim dinimizdə qadın monastırları olsaydı, bəlkə orada olardı. Ən azından, özüm arabir belə düşünürəm.

R i ç a r d. (Başını bulayır.) Yox, miss Castis, hətta orada da yox. Siz özünüzü sərbəstliklə və tamamilə təslim edə bilməzdiniz.

B i e t r i s. (Ona baxaraq.) Cəhd edərdim.

R i ç a r d. Cəhd edərdiniz, bəli. Özünüz ona, eyni vaxtda ağlınız isə mənə meyillənirdi. Ondan aralandınız. Məndən həmçinin - fərqli bir yolla. Siz özünüzü sərbəst və tamamilə təslim edə bilmirsiniz.

B i e t r i s. (Yavaşca əllərini birləşdirir.) Bunu eləmək dəhşətli dərəcədə çətin şeydir, mister Rouen: özünü sərbəst və tamamilə təslim etmək… və xoşbəxt olmaq.

R i ç a r d. Bəs, xoşbəxtliyin bizim qavraya biləcəyimiz ən yaxşı, ən yüksək şey olduğunu hiss edirsiniz?

B i e t r i s. (Hərarətlə.) Kaş bunu hiss etməyi bacaraydım.

R i ç a r d. (Arxaya yaslanır; əlləri başının arxasında birbirinə keçirilib.) Ah, bir bilsəniz bu an necə əzab çəkirəm! Sizin vəziyyətiniz üçün də həmçinin. Amma əzab, daha çox özümükünə görədir. (Güc-bəla ilə.) Və dua edirəm ki, rəhmətlik anamın daşürəkliliyi mənə veriləydi! Zira yardım - daxilimdən və ya ətrafdan - tapmalıyam. Tapacağam da.

(Bietris qalxır, diqqətlə ona baxır və bağça qapısına sarı gedir. Qərarsızlıqla çönür, bir də ona baxır və qayıdıb, kreslonun üstünə əyilərək söykənir.)

B i e t r i s. (Sakitcə.) O, ölümündən öncə sizi çağırmışdımı, mister Rouen?

R i ç a r d. (Dərin firkə dalmış halda.) Kim?

B i e t r i s. Ananız.

R i ç a r d. (Özünə gələrək, bir anlıq ona diqqətlə baxır.) Deməli, burada dostlarım tərəfindən mənim barədə bu da deyilib… ki, ölümündən öncə o, məni çağırıbmış və mən getməmişəm?

B i e t r i s. Hə.

R i ç a r d. (Soyuq-soyuq.) Çağırmamışdı. O, tənhalıqda öldü - məni bağışlamadan, sadəcə müqəddəs kilsə ayinlərinə sığınaraq.

B i e t r i s. Mister Rouen, mənimlə niyə belə danışırsınız?

R i ç a r d. (Qalxır və gərgin halda irəli-geri addımlayır.) Hazırkı əzabım da, deyəcəksiniz, mənim cəzamdır.

B i e t r i s. O, sizə yazmışdımı? Yəni əvvəl...

R i ç a r d. (Dayanır.) Hə. Keçmişi unutmağı və mənə dediyi son sözləri xatırlamağı nəsihət verən xəbərdarlıq məktubu.

B i e t r i s. (Mülayimliklə.) Bəs ölüm sizi tərpətmədi, mister Rouen? Bu, sondur. Qalan hər şey elə qeyri-müəyyəndir ki.

R i ç a r d. Yaşayarkən o, məndən və mənimkilərdən üz çevirdi. Bu, məlumdur. B i e t r i s. Sizdən və..?

R i ç a r d. Bertadan da, məndən də, bizim uşağımızdan da. Beləliklə də mən, dediyiniz kimi, sonu gözlədim; o da gəldi.

B i e t r i s. (Əlləri ilə üzünü örtür.) Ah, yox. Ola bilməz.

R i ç a r d. (Hiddətlə.) Mənim sözlərim onun məzarda çürüyən miskin bədənini necə incidə bilər? Onun mənə olan çürümüş soyuq sevgisinə acımadığımı düşünürsünüz? O, yaşayanda, ən son ana qədər onun ruhu ilə mübarizə aparmışam. (Əlini alnına sıxır.) O hələ də mənə qarşı mübarizə aparır - burada.

B i e t r i s. (Əvvəlki kimi.) Ah, belə danışmayın.

R i ç a r d. O, məni qovdu. Onun üzündən mən illərlə sürgündə, həmçinin yoxsulluqda və ya buna yaxın şəraitdə yaşadım. Bankla göndərdiyi yardımı heç vaxt qəbul etmədim. Mən təkcə onun ölümünü deyil, həmçinin, özümə, onun öz oğluna, öz qanından-canından olana qarşı bir balaca anlayış gözləyirdim; o da ki, heç vaxt olmadı.

B i e t r i s. Hətta Arçidən sonra da..?

R i ç a r d. (Köntöy-köntöy.) Mənim oğlumu deyirsiniz? Günah və rüsvayçılığın uşağı! Ciddisiniz? (Bietris üzünü qaldırıb ona baxır.) Burada hər şeyi ona deməyə müntəzir olan, onun sönən zehnini mənə, Bertaya və bizim adsız-allahsız uşağımıza qarşı daha da qeyzləndirən dillər vardı. (Əllərini ona tərəf uzadaraq.) Mən danışa-danışa onun məni lağa qoymağını eşidə bilmirsiniz? Onun səsini, əlbət, tanımalısınız - sizə qara protestant, sapığın qızı deyən səsi. (Birdən özünü ələ alaraq.) İstənilən halda, fövqəladə qadındı.

B i e t r i s. (Halsızlıqla.) Ən azından indi azadsınız.

R i ç a r d. (Başını tərpədir.) Hə, o, nə atamın vəsiyyətinin şərtlərini dəyişə, nə də ki, həmişə yaşaya bilərdi.

B i e t r i s. (Əlləri birləşik.) İndi onların ikisi də ölüb, mister Rouen. İkisi də sizi sevirdi, inanın mənə. Onların son fikirləri siz olmusunuz.

R i ç a r d. (Yaxınlaşır, onun çiyninə yüngül toxunur və divardakı, karandaşla çizilmiş rəsmi göstərir.) Onu görürsünüz? Gülümsəyən, yaraşıqlı. Onun son fikirləri! Öldüyü gecəni xatırlayıram. (Bir anlıq dayanır və soyuq-soyuq davam edir.) On dörd yaşlı oğlan idim. Məni yatağının başına çağırdı. “Karmen”ə baxmaq üçün teatra getmək istədiyimi bilirdi. Anama dedi ki, mənə şillinq versin. Onu öpdüm və getdim. Mən evə gələndə, ölmüşdü. Bildiyim qədəriylə onun son fikirləri bunlar olub.

B i e t r i s. Dua etdiyiniz ürəyin daşlığı... (Səsi qırılır.)

R i ç a r d. (Fikir verməyərək.) Onun barəsində son xatirəm budur. Burada nəsə sevimli və nəcib bir şey yoxdurmu?

B i e t r i s. Mister Rouen, ağlınızda, sizi belə danışmağa vadar edən nə isə var. Sizi - üç ay öncə qayıtdığınızdan bu yana - nəsə dəyişib.

R i ç a r d. (Rəsmə bir daha soyuq, demək olar ki, şadyana nəzər salaraq.) Yəqin o, mənə kömək edəcək - mənim gülümsəyən yaraşıqlı atam.

(Sol tərəfdən giriş qapısının tıqqıltısı eşidilir.)

R i ç a r d. (Qəflətən.) Yox, yox. Gülümsər yox, miss Castis, yaşlı ana. Ehtiyacım olan ruh onun ruhudur. Mən gedirəm.

B i e t r i s. Kimsə qapını döydü. Qayıtdılar.

R i ç a r d. Yox, Bertada açar var. Bu, odur. Yenə də gedirəm, kim olur-olsun. (Cəld sol tərəfdən çıxır və o dəqiqə də əlində həsir şapka ilə qayıdır.)

B i e t r i s. O? Kim?

R i ç a r d. Ah, yəqin Robertdir. Mən bağçadan çıxacam. İndi onu görə bilmərəm. Poçta getdiyimi deyin. Hələlik.

B i e t r i s. (Artan həyəcanla.) Görmək istəmədiyiniz kəs Robertdir?

R i ç a r d. (Sakitcə.) Bu an üçün, hə. Bu söhbət qanımı qaraltdı. Ondan gözləməsini rica edin.

B i e t r i s. Qayıdacaqsınız?

R i ç a r d. Allah qoysa.

(O, bağçanı cəld keçib, çıxır. Bietris sanki onun arxasınca getmək istəyir, bir neçə addım atdıqdan sonra isə dayanır. Bricid sağdakı qatlama qapılardan içəri girir və sol tərəfdən çıxır. Giriş qapısının açılması eşidilir. Bir neçə saniyə sonra Bricid Robert Hendlə birgə içəri daxil olur. Robert Hend ortaboylu, yetərincə dolu, otuz-qırx yaş arası kişidir. Təmiz qırxılmış üzünün aydın hərəkətli çizgiləri var. Saçları və gözləri tünd, bənizi solğundur. Hərəkətləri və nitqi yetərincə ləngdir. Əynində tünd göy adi irland kostyumu, əlində incə kağıza bükülmüş böyük qırmızı qızılgül dəstəsi var.)

R o b e r t. (Əlini uzadıb qıza doğru gəlir, qız da onun əlini sıxır.) İstəkli kuzenim, Bricid mənə burada olduğunuzu dedi. Heç ağlıma gəlməmişdi. Anaya teleqram göndərmisiz?

B i e t r i s. (Qızılgüllərə baxa-baxa.) Yox.

R o b e r t. (Onun baxışlarını izləyərək.) Güllərimi bəyənirsiniz? Evin xanımı üçün almışam. (Tənqidli tövrlə.) Qorxuram qəşəng olmayalar.

B r i c i d. Ah, gözəldirlər, ser. Xanım xoşallanacaq.

R o b e r t. (Gülləri stulun üstünə necə gəldi, görsənməyən yerə qoyur.) İçəridə heç kim yoxdur?

B r i c i d. Bəli, ser. Əyləşin, ser. İndilərdə gəlməlidirlər. Master burada idi. (Ətrafına baxır və yüngül reverans edib sağ tərəfdən çıxır.)

R o b e r t. (Qısa sükutdan sonra) Necəsiniz, Bidi? Bəs Yuheldəkilər necədi? Həmişəki kimi darıxdırıcıdırlar?

B i e t r i s. Mən oradan çıxanda yaxşı idilər.

R o b e r t. (Nəzakətlə.) Ah, amma bağışlayın, gəldiyinizi bilmirdim. Qatarınızı qarşılayardım. Niyə belə elədiniz? Bəzən əcaib hərəkətlər edirsiniz, Bidi, deyilmi?

B i e t r i s. (Eyni tonla.) Sağ olun, Robert. Mən bu nisbi təkliyə tam öyrəşmişəm.

R o b e r t. Bəli, amma mən deyirdim ki... Ah, yaxşı, özünüzə xarakterik tərzdə gəlibsiniz. (Pəncərədən səs-küy eşidilir və bir oğlan səsi “Mister Hend!” deyə çağırır. Robert dönür.) By Jove, Arçi də öz tərzində gəlir!

(Arçi çapalaya-çapalaya soldakı pəncərədən içəri soxulur və sonra, qızarmış və təngənəfəs halda ayağa qalxır. Arçi səkkiz yaşlı oğlandır, əynində ağ pantolon və pulover, başında kepka var. Gözlük taxır, davranışı enerjilidir və danışığında xarici ləhcənin cüzi izi hiss edilir.)

B i e t r i s. (Ona doğru gedərək.) Allah-yarəbbi, Arçi! Nə olub?

A r ç i. (Təngənəfəs halda qalxaraq.) Eh! Bütün küçəni qaçmışam.

R o b e r t. (Gülümsəyir və əlini ona uzadır.) Axşamın xeyir, Arçi. Niyə qaçırdın?

A r ç i. (Onun əlini sıxır.) Axşamınız xeyir. Biz tramvayın üstündə sizi gördük və mən çığırdım: Mister Hend! Amma siz məni görmədiz. Amma biz sizi gördük, mamma və mən. O, bir dəqiqəyə burada olacaq. Mənsə qaçdım.

B i e t r i s. (Əlini ona uzadaraq.) Yazıq!

A r ç i. (Bir az utana-utana onun əlini sıxır.) Axşamınız xeyir, miss Castis.

B i e t r i s. Keçən cümə dərs deməyə gəlmədiyim üçün məyus olmuşdun?

A r ç i. (Ona gözucu baxaraq gülümsünür.) Yox.

B i e t r i s. Sevinmişdin?

A r ç i. (Qəflətən.) Axı bu gün artıq çox gecdir.

B i e t r i s. Çox qısa olsa?

A r ç i. (Məmnun qalaraq.) Hə.

B i e t r i s. Axı sən indi məşğul olmalısan, Arçi.

R o b e r t. Hovuzda idiniz?

A r ç i. Bəli.

R o b e r t. Yaxşı üzgüçü olmusan?

A r ç i. (Davenporta söykənir.) Yox. Mamma məni dərin yerə buraxmır. Siz yaxşı üzə bilirsiniz, mister Hend?

R o b e r t. Qiyamət! Daş kimi.

A r ç i. (Gülür.) Daş kimi! (Barmağıyla aşağıya işarə edir.) Dibə?

R o b e r t. (İşarə edərək.) Bəli, düppədüz dibə vururam. Orada, İtaliyada bunu necə deyirsiz?

A r ç i. Bunu? Giù. (Aşağı və yuxarı işarə edərək.) Bu, giù, bu isə sù. Pappie ilə danışmaq istəyirsiniz?

R o b e r t. Bəli. Onu görməyə gəlmişəm.

A r ç i. (Kabinetə doğru gedir) Ona deyim. Oradadır, yazır.

B i e t r i s. (Sakitcə. Robertə baxaraq.) Yox; o, çıxıb. Bir neçə məktubla poçta getdi.

R o b e r t. (Qayğısızlıqla.) Ah, eybi yox. Əgər təkcə poçta gedibsə, gözləyərəm.

A r ç i. Mamma gəlir axı. (Pəncərəyə ani baxır.) Bu da o!

(Arçi soldakı qapıdan bayıra qaçır. Bietris asta-asta davenporta doğru addımlayır. Robert yerində dayanır. Qısa sükut. Arçi və Berta soldakı qapıdan içəri daxil olurlar. Berta zərif bədənli gənc qadındır. Sakit və yumşaq ifadəli tünd boz gözləri var. Davranışı mehriban və müvazinətlidir. Əynində yasəmən rəngli paltar, əlində sapına krem rəngli əlcəklərini düyünlədiyi çətir var.)

B e r t a. (Əl sıxışaraq.) Axşamınız xeyir, miss Castis. Hələ də Yuheldə olduğunuzu fikirləşirdik.

B i e t r i s. (Əl sıxışaraq.) Axşamınız xeyir, missis Rouen.

B e r t a. (Təzim edir.) Axşamınız xeyir, mister Hend.

R o b e r t. (Təzim edərək.) Axşamınız xeyir, sinyora! Təsəvvür edin, onu burada görməyincə qayıtdığını bilmirdim.

B e r t a. (İkisinə də.) Birgə gəlməyibsiniz?

B i e t r i s. Yox. Birinci mən gəlmişəm. Mister Rouen çıxırdı. Dedi, siz hər an gələ bilərsiniz.

B e r t a. Bağışlayın. Səhər qarabaşla kağız, ya da söz göndərsəydiniz...

B i e t r i s. (Gərgin halda gülür.) Mən cəmisi saat yarım əqdəm çatmışam. Teleqram göndərmək barədə fikirləşdim, amma bu həddindən artıq yersiz olardı.

B e r t a. A? İndicə çatmısınız?

R o b e r t. (Nəvazişlə, qollarını açaraq.) Mən ictimai və şəxsi həyatdan uzaqlaşıram. Kuzeni və bir jurnalist olaraq onun hərəkətlərindən heç baş açmıram.

B i e t r i s. (Birbaşa ona yox.) Mənim hərəkətlərim çox da maraqlı deyil.

R o b e r t. (Eyni tonla.) Qadının hərəkətləri həmişə maraqlıdır.

B e r t a. Əyləşin də, bəs. Yəqin çox yorulubsunuz.

B i e t r i s. (Cəld.) Yox, elə də yox. Mən yalnız Arçinin dərsi üçün gəlmişəm.

B e r t a. Uzun səfərinizdən sonra, miss Castis, belə bir şeyi eşitmək istəməzdim.

A r ç i. (Birdən Bietrisə.) Həm də, bundan savayı, siz notları gətirməmisiniz.

B i e t r i s. (Bir az duruxur.) Onu unutdum. Amma bizdə köhnə tayı var.

R o b e r t. (Arçinin qulağından tutaraq.) Ay səni balaca yaramaz. Dərsdən canını qurtarmaq istəyirsən.

B e r t a. Ah, dərsi unudun. Siz indi gərək oturub bir fincan çay içəsiniz. (Sağdakı qapıya doğru gedərək.) Bricidə deyim.

A r ç i. Mən deyəcəyəm, mamma. (Yerindən tərpənir.)

B i e t r i s. Yox, lütfən, missis Rouen. Arçi! Mən, doğrudan, daha çox istərdim...

R o b e r t. (Sakitcə.) Kompromis təklif edirəm. Qoy yarım dərs olsun.

B e r t a. Amma o, çox yəqin, əldən düşüb.

B i e t r i s. (Cəld.) Qətiyyən yox. Qatarda dərs haqqında düşünürdüm.

R o b e r t. (Bertaya.) Görürsünüz də, missis Rouen, vicdanı olmaq belədir.

A r ç i. Mənim dərsim haqda, miss Castis?

B i e t r i s. (Adicə.) On gündür piano səsi eşitmirəm.

B e r t a. Ah, lap yaxşı. Əgər məsələ bundadırsa...

R o b e r t. (Gərgin, şadyana halda.) Qoy bu piano məsələsini tam bilək. Hal-hazırda Bidinin qulağında nə olduğunu mən bilirəm. (Bietrisə.) Deyim?

B i e t r i s. Əgər bilirsinizsə.

R o b e r t. Atasının qonaq otağındakı harmoniyanın vızıltlsı. (Bietrisə.) Etiraf edin.

B i e t r i s. (Gülümsünərək.) Hə. Onu eşidə bilirəm.

R o b e r t. (Qorxunc ciddiyyətlə.) Mən də. Protestantlığın astmatik səsi.

B e r t a. Orada vaxtınız yaxşı keçmədi, miss Castis?

R o b e r t. (Müdaxilə edir.) Xeyr, missis Rouen. Protestant gərginliyi ona üstün gələndə, gedib oraya çəkilir. Qaşqabaq, ciddilik, əməlisalehlik.

B i e t r i s. Mən atamı görməyə gedirəm.

R o b e r t. (Davam edərək.) Amma, görürsünüz, o, yenə bura, anamın yanına qayıdır. Piano məhəbbəti biz tərəfdəndir.

B e r t a. (Tərəddüdlə.) Yaxşı, miss Castis, nəsə ifa etmək istəyirsinizsə... Amma lütfən özünüzü Arçi ilə yormayın.

R o b e r t. (Yaltaq nəzakətlə.) Get, Bidi. Sənin istədiyin də budur.

B i e t r i s. Əgər Arçi də gələcəksə…

A r ç i. (Çiynini çəkərək.) Dinləməyə.

B i e t r i s. (Onun əlindən tutur.) Kiçik bir dərs də həmçinin. Çox qısa.

B e r t a. Yaxşı, ondan sonra çay içməyə qalmalısınız.

B i e t r i s. (Arçiyə.) Gəl.

(Bietris və Arçi soldakı qapıdan birlikdə çıxırlar. Berta davenporta doğru gedir, şlyapasını çıxarır və onu çətiri ilə birlikdə masanın üstünə qoyur. Sonra balaca güldandan açar götürüb, davenportun siyirməsini açır, oradan bir kağız parçası götürür və siyirməni yenidən bağlayır. Robert dayanıb ona tamaşa edir.)

B e r t a. (Əlində kağız, ona doğru gələrək.) Siz bunu dünən gecə əlimin içinə qoydunuz. Bu nə deməkdir?

R o b e r t. Bilmirsiniz ki?

B e r t a. (Oxuyur.) “Bir söz var ki, onu sizə deməyə heç vaxt cəsarət etməmişəm.” Nə sözdür o?

R o b e r t. Odur ki, sizə qarşı ülvi hisslərim var.

(Qısa sükut. Üst otaqdan xəfif piano səsi eşidilir.)

R o b e r t. (Qızılgül buketini stuldan götürür.) Bunları sizə almışam. Qəbul edərsiniz?

B e r t a. (Götürərək.) Sağ olun. (Masaya qoyur və kağızı yenə açır.) Niyə ötən gecə deməyə cəsarət etmədiniz?

R o b e r t. Sizinlə danışa və ya arxanızca gələ bilməzdim. Çəmənlikdə hədsiz çox adam vardı. Bu barədə düşünmənizi istədim, buna görə də siz gedəndə kağızı əlinizə basdım.

B e r t a. İndisə deməyə cəsarət etdiniz.

R o b e r t. (Əlini asta-asta gözünün önündən keçirir.) Keçib getdiniz. Tutqun işıqların altında küçə solmuşdu. Tünd yaşıl ağacları sezirdim. Siz də onların arxasına keçdiniz. Sanki ay idiniz.

B e r t a. (Gülür.) Niyə ay?

R o b e r t. O paltarda, incə bədəninizlə, üstəlik də qısa addımlarla gedirdiniz. Siz gözümdən itənə qədər mən toranlıqda itən ay görürdüm.

B e r t a. Keçən gecə məni düşünmüsünüz?

R o b e r t. (Yaxın gəlir.) Sizi həmişə düşünürəm, gözəl və uzaq olan bir şey kimi - ay, ya da dərin musiqi kimi.

B e r t a. (Gülümsəyərək.) Bəs dünən gecə hansı idim?

R o b e r t. Gecənin yarısını oyaq qaldım. Səsinizi eşidə bilirdim. Qaranlıqda sizin üzünüzü görə bilirdim. Gözləriniz... Sizinlə danışmaq istəyirəm. Məni dinləyəcəksiniz? Danışa bilərəm?

B e r t a. (Oturaraq.) Bilərsiniz.

R o b e r t. (Onun yanında oturur.) Mənə görə narahat olursunuz?

B e r t a. Yox.

R o b e r t. Elə bilirdim olursunuz. Yazıq güllərimi elə cəld kənara qoydunuz ki.

B e r t a. (Gülləri masadan götürür və üzünə yaxınlaşdırır.) Belə etməyimi istəyirsiniz?

R o b e r t. (Ona tamaşa edərək.) Sizin üzünüz də güldür, amma daha gözəlindən. Sarmaşıqlar arasından boylanıb yellənən bir çiçək. (Stulunu ona yaxınlaşdırır.) Niyə gülümsəyirsiniz? Mənim sözlərimə?

B e r t a. (Gülləri ətəyinə qoyur.) Mənə maraqlıdır, bu sözlər, başqalarına dediklərinizdəndirmi...

R o b e r t. (Təəccüblə.) Hansı başqalarına?

B e r t a. Başqa qadınlara. Eşitmişəm, elə çox pərəstişkarınız var ki.

R o b e r t. (Bilaixtiyar.) Sizin də olmanızın səbəbi budur..?

B e r t a. Varınızdır axı, elə deyil?

R o b e r t. Dostlar - bəli.

B e r t a. Onlarla da belə danışırsınız?

R o b e r t. (İncik tonla.) Bu cür sualı mənə necə verə bilirsiniz? Məni necə adam hesab edirsiniz? Ya da, mənə niyə qulaq asırsınız? Sizinlə belə danışmağım xoşunuza gəlmir?

B e r t a. Dedikləriniz çox mehriban səslənirdi. (Bir anlıq ona baxır.) Bunu dediyinizə görə çox sağ olun, fikirləşdiyinizə görə də.

R o b e r t. (İrəli əyilərək.) Berta!

B e r t a. Bəli?

R o b e r t. Mənim haqqım var ki, sizi adınızla çağırım. Doqquz il əvvəlki köhnə zamanlardan. Onda biz Berta və Robert idik. İndi də elə ola bilmərik ki?

B e r t a. (Cavabı hazırmış kimi.) Ah, bəli. Niyə də yox?

R o b e r t. Berta, sən bilirdin. Siz Kinqstaun iskələsinə yan aldığınız o gecədən bəri bilirdin. Mənə olan onda oldu. Sən də bunu bildin. Gördün.

B e r t a. Yox. O gecə yox.

R o b e r t. Haçan bəs?

B e r t a. Çatdığımız gecə özümü çox yorğun və pinti hiss edirdim. (Başını bulayaraq.) Bunu o gecə görmədim.

R o b e r t. (Gülümsəyir.) O gecə nə gördüyünü mənə danış - ən birinci təəssüratını.

B e r t a. (Qaşlarını çataraq.) Sən, arxan göyərtə keçidinə doğru dayanmışdın, iki xanımla söhbət edirdin.

R o b e r t. İki ortayaşlı adi xanımla, bəli.

B e r t a. Səni dərhal tanıdım. Gördüm ki, kökəlibsən.

R o b e r t. (Onun əlindən tutur.) Onda da bu yazıq kök Robertdən çox zəhlən getdi? Onun dediklərinə inanmırsan?

B e r t a. Məncə, kişilər xoşladıqları və ya pərəstiş etdikləri bütün qadınlarla belə danışırlar. Nəyə inanmağımı istəyirsən?

R o b e r t. Bütün kişilər, Berta?

B e r t a. (Qəfil kədərlə.) Belə düşünürəm.

R o b e r t. Mən də?

B e r t a. Hə, Robert. Məncə, sən də.

R o b e r t. Deməli, hamısı, istisnasız? Yoxsa bir istisna ilə? (Səsini azaldaraq.) Yoxsa o da - Riçard da - ən azından bu məsələdə… bizim hamımız kimidir? Yoxsa fərqli?

B e r t a. (Onun gözlərinə baxır.) Fərqli.

R o b e r t. Tam əminsən, Berta?

B e r t a. (Bir az karıxır, əlini çəkməyə çalışır.) Mən cavab verdim.

R o b e r t. (Qəflətən.) Berta, əlini öpə bilərəm? İcazə ver. Olar?

B e r t a. Əgər istəyirsənsə.

(Robert onun əlini asta-asta dodaqlarına sarı gətirir. Berta qəfil qalxır və qulaq verir.)

B e r t a. Eşik qapısından səs eşitdin?

R o b e r t. (Həmçinin qalxır.) Yox.

(Qısa sükut. Üst otaqdan piano səsi güclə eşidilir.)

R o b e r t. (Yalvara-yalvara.) Getmə. Gərək bir daha getməyəsən. Sənin həyatın buradadır. Bu gün həm də buna görə gəlmişəm: onunla danışmağa, təklifi qəbul etməsi üçün onu dilə tutmağa. O, qəbul etməlidir. Sən də yola gətirməlisən. Onun üzərində böyük təsirin var.

B e r t a. Onun burada qalmasını istəyirsən.

R o b e r t. Hə.

B e r t a. Niyə?

R o b e r t. Sənin xətrinə, çünki sən elə uzaqda özünü bədbəxt hiss edirsən. Həmçinin də onun xətrinə, çünki o, gələcəyini düşünməlidir.

B e r t a. (Gülərək.) Yadındadır, dünən gecə sən onunla danışanda nə dedi? R o b e r t. Nə barədə..? (Fikrə dalaraq.) Hə. O, Bizim Atamızdan, gündəlik çörək barədə sitat gətirdi. Dedi, gələcəyin qayğısına qalmaq dünyada ümid və sevgini dağıtmaqdır.

B e r t a. Onun qəribə olduğunu düşünmürsən?

R o b e r t. Bu barədə, hə.

B e r t a. Bir az... dəlidir?

R o b e r t. (Yaxın gəlir.) Yox. Deyil. Olsun ki, bizik dəli. Niyə sən..?

B e r t a. (Gülür.) Ona görə səndən soruşuram ki, inteligentsən.

R o b e r t. Sən getməməlisən. Qoymayacağam.

B e r t a. (Onu gözdən keçirir.) Sən?

R o b e r t. Bu gözlər uzağa getməməlidir. (Onun əllərini tutur.) Olar gözlərini öpüm?

B e r t a. Öp. (Robert onun gözlərini öpür və sonra saçlarına sığal çəkir.)

R o b e r t. Balaca Berta!

B e r t a. (Gülümsəyir.) Amma elə də balaca deyiləm. Niyə məni belə çağırdın?

R o b e r t. Balaca Berta! Qucaqlayım? (Qolunu onun belinə dolayır) Gözümə bir də bax.

B e r t a. (Baxır.) Mən balaca qızılı çillər görürəm. Elə çoxdurlar ki.

R o b e r t. (Feyzyab.) Sənin səsin! Mənə bir öpüş ver, dodaqlarından.

B e r t a. Al.

R o b e r t. Qorxuram. (Onu dodaqlarından öpür və əlini dəfələrlə saçlarına çəkir.) Axır ki, qollarımdasan!

B e r t a. Bəs qane oldun?

R o b e r t. Qoy dodaqlarının mənə toxunuşunu hiss edim.

B e r t a. Və onda qane olacaqsan?

R o b e r t. (Mırtıldayır.) Dodaqların, Berta!

B e r t a. (Gözlərini yumur və onu cəld öpür.) Al. (Əllərini onun çiyinlərinə qoyur.) Niyə çox sağ ol demirsən?

R o b e r t. (Ah çəkir.) Mənim həyatım bitib - qurtarıb.

B e r t a. Eh, belə danışma, Robert.

R o b e r t. Bitib, bitib. Mən onunla işimi qurtarmaq, onu bitirmək istəyirəm.

B e r t a. (Əndişəli, amma yüngüllüklə.) Dəli!

R o b e r t. (Onu özünə sıxır.) Tamamilə bitirmək - ölüm. Hündür sıldırımdan üzüaşağı düz dənizə yıxılmaq.

B e r t a. Lütfən, Robert...

R o b e r t. Sevdiyim qadının qollarında musiqi dinləmək - dəniz, musiqi və ölüm.

B e r t a. (Bir anlıq ona baxır.) Sevdiyin qadın?

R o b e r t. (Tələsik.) Səninlə danışmaq istəyirəm, Berta, təklikdə, burada yox. Gələrsən?

B e r t a. (Gözlərini hüznlə aşağı dikir.) Mən də səninlə danışmaq istəyirəm. R o b e r t. (İncə-incə.) Hə, əzizim, bilirəm. (Onu bir də öpür.) Sən gələndə danışacağam; hər şeyi deyəcəyəm. Sonra səni öpəcəyəm, dayanmadan öpəcəyəm - uzun-uzadı dadlı öpüşlər.

B e r t a. Hara?

R o b e r t. (Ehtiraslı tonla.) Gözlərinə. Dodaqlarına. Sənin bütün ilahi bədəninə.

B e r t a. (Karıxıb, onun qucağından atılaraq.) Demək istəyirdim, hara gəlməyimi istəyirsən?

R o b e r t. Mənim evimə, anamın o yandakı evinə yox. Sənin üçün ünvanı yazacağam. Gələcəksən?

B e r t a. Haçan?

R o b e r t. Bu axşam. Səkkiz doqquz arası. Gəl. Bu axşam səni gözləyəcəyəm. Hər axşam gözləyəcəyəm. Gələcəksən?

(Robert onun başını əlləri arasına alaraq ehtirasla öpür. Bir neçə andan sonra Berta ondan qopur. Robert oturur.)

B e r t a. (Qulaq verərək.) Qapı açıldı.

R o b e r t. (Gərginliklə.) Səni gözləyəcəyəm.

(O, kağızı masanın üstündən götürür. Berta asta-asta qırağa çəkilir. Riçard bağçadan içəri daxil olur.)

R i ç a r d. (Gələ-gələ şapkasını çıxarır.) Xoş gördük.

R o b e r t. (Əsəbi dostcanlılıqla qalxır.) Xoş gördük, Riçard.

B e r t a. (Masanın yanında, qızılgülləri götürərək.) Bax, gör mister Hend mənə nə qəşəng güllər alıb.

R o b e r t. Qorxuram ki, onlar sola.

R i ç a r d. (Qəfildən.) Məni bir dəqiqə bağışlayın, yaxşı?

(O, dönür və cəld gedib öz kabinetinə girir. Robert cibindən qələm çıxarır və kağıza bir neçə söz yazır; sonra cəld onu Bertanın əlinə ötürür.)

R o b e r t. (Tələsik.) Ünvan. Lensdeun Roudda tramvaya min və buranın yaxınlığında səni düşürmələrini rica et.

B e r t a. (Götürür.) Heç nə söz vermirəm.

R o b e r t. Gözləyəcəyəm.

(Riçard kabinetdən çıxıb gəlir.)

B e r t a. (Gedərək.) Gülləri suya qoymalıyam.

R i ç a r d. (Şapkasını ona uzadaraq.) Hə, qoy. Lütfən, şapkamı da rəfə qoy. B e r t a. (Götürür.) Hə, mən sizi tərk edim ki, söhbət edə biləsiniz. (Ətrafa baxır.) Nəsə istəyirsiniz? Siqaret?

R i ç a r d. Sağ ol. Burda var.

B e r t a. Onda, gedə bilərəm?

(O, Riçardın şapkası əlində, sol tərəfdən çıxır, onu hollda qoyur və o dəqiqə qayıdır; bir anlıq davenportun yanında dayanır, kağızı siyirməyə qoyub onu bağlayır, açarı çıxarır və qızılgülləri götürüb sağ tərəfə gedir. Robert qapını açmaq üçün onu qabaqlayır. Berta təzim edir və çıxır.)

R i ç a r d. (Kiçik masanın yanındakı oturacağı göstərir.) Sənin fəxri yerin.

R o b e r t. (Oturur.) Sağ ol. (Əlini alnına çəkərək.) Tanrım, bu gün necə istidi! Gün gözlərimi ağrıdır - gözümü qıymaqdan.

R i ç a r d. Məncə otaq yetərincə torandı, jalüzlər salınıb, amma istəyirsənsə...

R o b e r t. (Cəld.) Yox yox. Bilirəm nədəndir, gecə işləməyin nəticəsidir.

R i ç a r d. (Divanda əyləşir.) Məcbursan?

R o b e r t. (Köks ötürür.) Eh, bəli. Qəzetin bir hissəsinə hər gecə baxmalıyam. Sonra da baş məqalələrim. Vəziyyət ağırlaşır. Həm də təkcə burada yox.

R i ç a r d. (Cüzi bir fasilədən sonra.) Təzə xəbərlərin var?

R o b e r t. (Dəyişilmiş səslə.) Hə. Səninlə ciddi danışmaq istəyirəm. Bu gün sənin üçün vacib gün ola bilər, daha doğrusu bu axşam. Səhər prorektoru gördüm. Sənin haqqında ən yüksək fikirdədir, Riçard. Kitabını oxuduğunu deyir.

R i ç a r d. Alıb, yoxsa kimdənsə götürüb?

R o b e r t. Ümid edirəm, alıb.

R i ç a r d. Bir siqaret çəkim. Dublində artıq otuz yeddi nüsxə satılıb. (Masadakı qutudan siqaret götürür və yandırır.)

R o b e r t. (Ümidsiz yaltaqlıqla.) Hə, söhbət bağlandı. Bu gün yenə öz dəmir maskanı taxmısan.

R i ç a r d. (Qullab vuraraq.) İcazə ver, ardına da qulaq asım.

R o b e r t. (Yenə ciddi-ciddi.) Riçard, sən həddən artıq şəkk eləyirsən. Bu, sənin qüsurundur. O məni əmin etdi ki, sənin haqqında mümkün olan ən yüksək fikirdədir - hamı kimi. Deyir, sən o vəzifəyə lazım olan adamsan. Hətta mənə dedi ki, əgər sənin namizədliyin irəli sürülsə, o, senatı əmin etmək üçün əlindən gələni edəcək. Mən də... əlbəttə, öz üzərimə düşəni edəcəyəm - mətbuatda da, belə də. Bunu ictimai vəzifəm sayıram. Romans ədəbiyyatı kafedrasına sənin tam hüququn var - alim kimi də, ədəbiyyat adamı kimi də.

R i ç a r d. Şərtlər?

R o b e r t. Şərtlər? Gələcək barədə deyirsən?

R i ç a r d. Keçmiş barədə deyirəm.

R o b e r t. (Rahatlıqla.) Sənin keçmişindəki o epizod unudulub. Coşqun əməl idi. Hamımız coşğunuq.

R i ç a r d. (Dəyişməz halda ona baxır.) O vaxt buna səfeh əməl adı qoymuşdun - doqquz il əvvəl. Mənə demişdin ki, boynuma yük asıram.

R o b e r t. Səhv idim. (Yaltaqlıqla.) Məsələ belədir, Riçard. Hamı bilir, sən illər öncə gənc qızla qaçıb getmisən... necə deyim... sənə elə də uyğun olmayan gənc qızla. (Nəvazişlə.) Bağışla, Riçard, mənim nə fikrim elədi, nə də dilim. Sadəcə olaraq baxışlarını bölüşmədiyim insanların dili ilə danışıram.

R i ç a r d. Birnöv baş məqalələrindən birini yazırsan.

R o b e r t. Olsun elə. Hə, öz vaxtında bu, böyük sensasiya yaratmışdı. Sirli qeybolma. O məşhur olayda mənim də adım, belə deyək, sağdış kimi hallanırdı. Əlbəttə, onlar mənim hərəkətlərimi dostluğun yalnış hisslərindən dolayı olduğunu düşünür. Hə, bunları hamı bilir. (Bir az tərəddüdlə.) Amma ondan sonra nə baş verdi, bilinmir.

R i ç a r d. Yox?

R o b e r t. Əlbəttə, bu, sənin məsələndir, Riçard. İntəhası sən indi, onda olduğun kimi gənc deyilsən. Təbir tamamən mənim baş məqalələrim stilindədir, deyilmi?

R i ç a r d. Keçmiş həyatım barəsində yalan satmağımı istəyirsən? Ya yox?

R o b e r t. Mən sənin gələcək həyatın barəsində düşünürəm… burada. Qürurunu və azadlıq hissini anlayıram. O cümlədən, onların da nöqteyi-nəzərini başa düşürəm. İntəhası çıxış yolu var; sadəcə, sən gedəndən sonra baş verənlərlə - və ya baş verməyənlərlə - bağlı eşidə biləcəyin hər-hansı dediqodu barədə çəkişmələrdən saqın. Gerisini mənə burax.

R i ç a r d. Dedi-qoduları səngidəcəksən?

R o b e r t. Allahın köməyi ilə.

R i ç a r d. (Onu müşahidə edərək.) İctimaiyyət xatirinə?

R o b e r t. Həmçinin, başqa bir şeyin - bizim dostluğumuzun, bizim ömürlük dostluğumuzun xatirinə.

R i ç a r d. Sağ ol.

R o b e r t. (Xəfif iztirabla.) Sənə bütün gerçəyi deyəcəyəm.

R i ç a r d. (Gülümsəyir və başını əyir.) Hə. De, lütfən.

R o b e r t. Təkcə sənin yox, həm də... sənin indiki ömürgün yoldaşının xatirinə.

R i ç a r d. Aydındır.

(O, siqaretini yüngülcə külqabıya basır və sonra əllərini astaasta ovuşduraraq irəli əyilir.)

R i ç a r d. Niyə onun xatirinə?

R o b e r t. (O da, sakitcə, irəli əyilir) Riçard, sən ona qarşı tam ədalətli olmusanmı? Bu onun öz seçimi olub deyəcəksən. Amma o, seçim etmək üçün doğrudan da azad idimi? Sadəcə bir qız idi. Sənin irəli sürdüyün təkliflərin hamısını o, qəbul etdi.

R i ç a r d. (Gülümsəyir.) Bu, mənim qəbul etməyəcəyim təklifi onun irəli sürməsinə sənin yanaşma tərzindir.

R o b e r t. (Başını tərpədir.) Yadımdadır. Və o, səninlə getdi; bəs bu onun öz azad seçimindən dolayıydımı? Mənə açıq de.

R i ç a r d. (Sakitcə ona qarşı çönür.) Bütün bu dediklərinin və ya deyə bildiklərinin müqabilində, mən oyunumu ona hesabladım; və uddum.

R o b e r t. (Başını bir də tərpədərək.) Hə, uddun.

R i ç a r d. (Qalxır.) Unutduğuma görə bağışla. Viski içirsən?

R o b e r t. Hər şey, gözləyənlərə qismət olur.

(Riçard servanta tərəf gedir və üstündə qrafin və qədəhlər olan balaca bir podnosu gətirib masaya qoyur.)

R i ç a r d. (Yenidən oturub, divana yayxanaraq.) Özün özünə qulluq et, zəhmət olmasa.

R o b e r t. (Elə də edir.) Bəs sən? Möhkəmsən? (Riçard başını bulayır.) Yarəbb, bizim çoxdankı çılğın gecələrimizi fikirləşəndə… saatlarla söhbətlər, planlar... lül-qəmbər vaxtlar...

R i ç a r d. Bizim evimizdə.

R o b e r t. İndi o, mənimkidir. Tez-tez getməməyimə baxmayaraq, onu o vaxtdan bəri saxlamışam. Nə vaxt gəlmək istəsən mənə xəbər elə. Bir gecə mütləq gəlməlisən. Hər şey köhnə vaxtlarımızdakı kimi olacaq. (Qədəhini qaldırır və içir.) Prosit!

R i ç a r d. Ora təkcə əyyaşlıq evi deyildi; ora yeni həyatın qəlbi olmalı idi. (Fikrə dalaraq.) Bu adla da bizim günahlarımız törədilirdi.

R o b e r t. Günahlar! İçki və küfr (Barmağıyla işarə edir) - mənim tərəfimdən. İçki və imansızlıq, daha pisi (Bir də işarə edir) - sənin tərəfindən... bu günahları deyirsən?

R i ç a r d. Və bəzi başqaları.

R o b e r t. (Yüngül-yüngül, narahatlıqla.) Qadınları deyirsən. Mən vicdan əzabı çəkmirəm. Bəlkə sən çəkirsən. O hallarda bizim iki açarımız olurdu. (Qıcıqlandıran tövrlə.) Çəkirsən?

R i ç a r d. (Qıcıqlanıb.) Sənin üçün bütün bunlar tam təbii idi?

R o b e r t. Mənim üçün xoşladığım qadını öpmək tam təbiidir. Niyə də yox? O, mənimçün gözəldir.

R i ç a r d. (Divan yastığı ilə oynayaraq.) Səninçün gözəl olan hər şeyi öpürsənmi?

R o b e r t. Hər şeyi - əgər həmin şeyin öpülməsi mümkündürsə. (Masanın üstündə olan yastı daşı götürür.) Məsələn, bu daş. Bu elə sərin, elə cilalı, elə zərifdir ki - qadın əndamı kimi. O, sakitdir, o bizim ehtirasımıza məruz qalır; və o, gözəldir. (Onu dodaqları qarşısına gətirir.) Gözəl olduğuna görə də onu öpürəm. Bəs qadın nədir? O da həmçinin, təbiətin əsəridir - daş, ya gül, ya da quş kimi. Öpüş - bir ehtiram aktıdır.

R i ç a r d. Öpüş - kişi və qadın arasında qovuşma aktıdır. Hətta bizim istəyimizə yol açan vasitə çox vaxt gözəllik hissi olsa da, sən deyə bilərsənmi ki, gözəl olan şey, bizim ürəyimizin istədiyi şeydir?

R o b e r t. (Daşı alnına sıxaraq.) Əgər bu gün düşünməyə məcbur etsən, mənə başağrısı verəcəksən. Bu gün düşünə bilmərəm. Özümü lap təbii, lap adi hiss edirəm. Hər şey öz yerində, hətta ən gözəl qadında da ən cazibədar olan şey nədir?

R i ç a r d. Nədir?

R o b e r t. Onda olan, başqa qadınlarda isə olmayan keyfiyyətləri deyil, onlarla olan ümumi keyfiyyətləri. Yəni... ümumilik. (Daşı çevirib, o biri tərəfini alnına sıxır.) Yəni, onun bədənini sıxanda necə isinməsi - qanının hərəkəti; yediyinin həzmi ilə onun necə də cəld dəyişib elə şeyə dönməsi ki - buna ad qoymasaq yaxşıdı. (Gülür.) Bu gün çox adiyəm. Bəs sənin ağlına belə fikir heç gəlməyib?

R i ç a r d. (Quru-quru.) Doqquz il qadınla yaşamış kişinin ağlına çox fikir gəlir.

R o b e r t. Hə. Məncə də... Bu gözəl sərin daş məni yaxşılaşdırdı. Bu, press-papyedir, yoxsa başağrı dərmanı?

R i ç a r d. Onu evə bir gün Berta sahildən gətirib. O da bunun gözəl olduğunu deyir.

R o b e r t. (Daşı sakitcə yerinə qoyur.) Düz deyir. (Badəsini qaldırır və içir.)

(Sükut.)

R i ç a r d. Mənə demək istədiyinin hamısı bu idi?

R o b e r t. (Cəld.) Daha bir şey var. Prorektor sənə, mənim vasitəmlə, bu axşama - onun evində nahara - dəvət göndərir. Onun harada yaşadığını bilirsən? (Riçard başını tərpədir.) Unuda biləcəyini düşündüm. Əlbəttə, tamamilə qeyrirəsmi. Səni yenə görmək istəyir və çox səmimi bir dəvət göndərir.

R i ç a r d. Saat neçə üçün?

R o b e r t. Səkkiz. Amma, sənin kimi, o da vaxt cəhətdən azad və rahatdır. İndi, Riçard, sən ora getməlisən. Vəssalam. Hiss edirəm, bu axşam sənin həyatının dönüş nöqtəsi olacaq. Sən burada yaşayacaq və burada işləyəcəksən, burada düşünəcək və burada qiymətləndiriləcəksən - öz insanlarımızın arasında.

R i ç a r d. (Gülümsəyərək.) Artıq yüz ildən sonra mənim heykəlimə vəsait toplamaq üçün üzü Birləşmiş Ştatlara gedən iki elçini, demək olar ki, görürəm.

R o b e r t. (Razılaşaraq.) Bir dəfə mən heykəllər barədə kiçik bir epiqram yazmışdım. Bütün heykəllər iki yerə bölünür. (Qollarını sinəsində çarpazlayır.) “Aşağıya necə düşüm?” - deyən heykəllər və (Qollarını açır və sağ qolunu uzadıb, başını çöndərir.) “Mənim vaxtımda peyin qalağı bu hündürlükdə idi.” - deyən o biri növ heykəllər.

R i ç a r d. Mənim üçün ikincisindən, lütfən.

R o b e r t. (Tənbəl-tənbəl.) O uzun siqarlarından birini mənə verərsən?

(Riçard masanın üstündəki qutudan bir Virciniya siqarı seçir və həsir haşiyəli ucunu ona uzadır.)

R o b e r t. (Yandıraraq.) Bu siqarlar məni avropalaşdırır. Əgər İrlandiya dəyişib yeni İrlandiya olasıdırsa, o, birinci növbədə avropalı olmalıdır. Sənin burada olmağına da səbəb budur, Riçard. Bir gün biz İngiltərə və Avropa arasında seçim etməli olacağıq. Mən tünd əcnəbilərin övladıyam: burada olmaqdan xoşlanmağımın səbəbi budur. Uşaqlıq edə bilərəm. Amma Dublinin başqa harasında mən belə bandit siqarı və ya bir fincan qara qəhvə əldə edə bilərəm? Qara qəhvə içən adam İrlandiyanı fəth edəcək. İndi isə mən yarımca stəkan o viskidən içəcəm, Riçard. Heç bir qanqaraçılığın olmadığını sənə göstərmək üçün.

R i ç a r d. (Göstərir.) Özünə qulluq elə.

R o b e r t. (Elə də edir.) Sağ ol. (İçir və əvvəlki kimi davam edir.) Sonra da ki, sən özün, sənin o divana yayılma tərzin; sonra, sənin oğlunun səsi və o cümlədən... Berta özü. Onu elə çağırmağıma icazə verirsənmi, Riçard? Yəni ikinizin də köhnə dostu kimi.

R i ç a r d. Oh, niyə də yox?

R o b e r t. (Həvəslə.) Səndə Sviftin ürəyini dələn amansız qəzəb var. Sən bura, Riçard, yüksək aləmdən düşmüsən və həyatı qorxaq və nanəcib görəndə amansız qəzəblə dolursan. Halbuki mən... deyim?

R i ç a r d. Mütləq.

R o b e r t. (Qəmzəylə.) Mən bura aşağı aləmdən qalxmışam və insanlarda, ümumiyyətlə, hər hansı nicatverici mənəviyyat görəndə içim heyrətlə dolur.

R i ç a r d. (Qəfildən özünü dikəldir və dirsəklərini masaya dayayır.) Demək, sən mənim dostumsan?

R o b e r t. (Ciddiyyətlə.) Sən burada olmayanda hər zaman sənə görə mübarizə aparmışam. Səni geri qaytarmaq üçün mübarizə aparmışam. Sənin yerini sənə saxlamaq üçün mübarizə aparmışam. Sənə görə yenə mübarizə aparacağam, çünki sənə inamım var - şagirdin öz ustasına olan inamı kimi. Bundan artıq nəsə deyə bilmərəm. Bu, sənə qəribə gələ bilər... Kibrit ver.

R i ç a r d. (Kibriti çaxıb ona uzadır.) Burada şagirdin ustasına olan inamından daha qəribə olan bir inam var.

R o b e r t. Necə ki?

R i ç a r d. Ustanın, gələcəkdə ona xəyanət edəcək şagirdə olan inamı.

R o b e r t. Kilsə sənin timsalında bir teoloq itirib, Riçard. Amma məncə sən həyatın hədsiz dərinliyinə baxırsan. (Riçardın qolunu yüngülcə sıxıb ayağa qalxır.) Şən ol. Həyat buna dəyməz.

R i ç a r d. (Qalxmadan.) Gedirsən?

R o b e r t. Məcbur. (Dönür və dostcanlı tonda deyir.) Deməli, hamısı danışıldı. Bu axşam prorektorgildə görüşürük. Hardasa, saat on üçün gəlib dəyəcəm. Beləliklə, öncə öz aranızda danışmaq üçün də aşağı-yuxarı bir saatınız olacaq. Mən gələnə kimi gözləyəcəksən?

R i ç a r d. Yaxşı.

R o b e r t. Bir kibrit də ver, tam razı qalım.

(Riçard bir kibrit də çaxıb alışdırır, ona uzadır, eyni zamanda da ayağa qalxır. Arçi, arxasınca da Bietris soldakı qapıdan içəri daxil olur.)

R o b e r t. Məni təbrik elə, Bidi. Riçarda qalib gəldim.

A r ç i. (Sağdakı qapının yanına keçir, çağırır.) Mamma, miss Castis gedir.

B i e t r i s. Səni nəyə görə təbrik etmək lazımdır?

R o b e r t. Qələbəyə görə, əlbəttə. (Əlini yüngülcə Riçardın çiyninə qoyur.) Arçibold Hemilton Rouenin övladı evinə döndü.

R i ç a r d. Mən Hemilton Rouenin övladı deyiləm.

R o b e r t. Nə təfavütü var? (Berta, əlində qızılgül dolu vaza, sağ tərəfdən içəri daxil olur.)

B i e t r i s. Deməli mister Rouen..?

R o b e r t. (Bertaya sarı çönür.) Riçard bu axşam prorektorgilə nahara gəlir. Yeməyə kökəldilmiş dana olacaq: ümid edirəm qızardılmışı. Növbəti sessiyada da biz filankəsin, filankəsin adaşının övladını universitetin kafedrasında görəcəyik. (Əlini uzadır.) Salamat qal, Riçard. Bu axşam görüşərik.

R i ç a r d. (Onun əlini tutur.) Filippidə.

B i e t r i s. (O da əl sıxışır.) Ən xoş sözlərimi qəbul edin, mister Rouen.

R i ç a r d. Sağ olun. Amma ona inanmayın.

R o b e r t. (Şövqlə.) İnanın inanın. (Bertaya.) Salamat qalın, missis Rouen.

B e r t a. (Onun əlini səmimiyyətlə sıxaraq.) Mən də sizə təşəkkür edirəm. (Bietrisə.) Çay içməyə qalmayacaqsınız, miss Castis?

B i e t r i s. Yox, sağ olun. (Onunla sağollaşır.) Getməliyəm. Salamat qalın. Hələlik, Arçi (gedir).

R o b e r t. Addio, Arçibold.

A r ç i. Addio.

R o b e r t. Gözlə, Bidi, sənə yoldaşlıq edim.

B i e t r i s. (Berta ilə sağ tərəfə keçərək.) Ah, zəhmət çəkməyin.

R o b e r t. (Onun ardınca gedərək.) Amma mən israr edirəm… kuzen kimi.

(Berta, Bietris və Robert soldakı qapıdan çıxırlar. Riçard qərarsız halda masanın yanında dayanıb qalır. Arçi holla açılan qapını bağlayır və onun önünə gəlib, qolundan tutub dartır.)

A r ç i. Ay pappie!

R i ç a r d. (Dalğınlıqla.) Nədi?

A r ç i. Səndən bir şey xahiş etmək istəyirəm.

R i ç a r d. (Gözünü qarşısına dikib, divanın küncündə oturaraq.) Nə?

A r ç i. Mammadan xahiş edərsənmi, səhər mənə südçü ilə gedib gəzməyə icazə versin?

R i ç a r d. Südçüylə?

A r ç i. Hə. Süd-arabasında. Biz adamlar olmayan yollara çıxanda mənə atları sürməyə icazə verəcəyini deyir. At çox yaxşı heyvandır. Olar gedim?

R i ç a r d. Hə.

A r ç i. İndi mammadan soruş, olar gedim? Yaxşı?

R i ç a r d. (Qapıya nəzər salır.) Yaxşı.

A r ç i. O demişdi, tarladakı inəklərini mənə göstərəcək. Bilirsən onun nə qədər inəyi var?

R i ç a r d. Nə qədər?

A r ç i. On bir. Səkkiz qırmızı və üç ağ. Amma biri indi xəstədi. Yox, xəstə yox. Yıxılıb.

R i ç a r d. İnəklər?

A r ç i. (Jestlə.) Eh! Öküzlər yox ki. Çünki öküzlər süd vermir. On bir inək. Onlar yəqin çoxlu süd verir. İnək niyə süd verir ki?

R i ç a r d. (Onun əlini əlinə alır.) Kim bilir? Sən bir şey verməyin nə olduğunu anlayırsan?

A r ç i. Vermək? Hə.

R i ç a r d. Bir şey səndə olduğu müddətdə, o, səndən alına bilər.

A r ç i. Quldurlar tərəfindən? Yox?

R i ç a r d. Amma verəndə, o, əlindən çıxır və artıq heç bir quldur onu səndən ala bilməz. (Başını əyir və oğlunun əlini öz yanağına sıxır.) Vermisənsə, onda o, sonsuza qədər sənindir; həmişə sənin olacaq. Vermək budur.

A r ç i. Bəs, pappie?

R i ç a r d. Bəli?

A r ç i. Quldur inəyi necə oğurlaya bilər? Hamı onu görər. Bəlkə də gecələr.

R i ç a r d. Gecələr, bəli.

A r ç i. Romadakı kimi burada da quldurlar var?

R i ç a r d. Yoxsul adamlar hər yerdə var.

A r ç i. Onların tapançaları var?

R i ç a r d. Yox.

A r ç i. Bıcaqlar? Onların bıcaqları var?

R i ç a r d. (Zəhmlə.) Hə, hə. Bıcaqlar və tapançalar.

A r ç i. (Ondan aralanır.) Mammaya indi de. Gəlir.

R i ç a r d. (Ayağa qalxmaq üçün tərpənir.) Yaxşı.

A r ç i. Yox, otur orda, pappie. Sən gözlə və o qayıdanda de. Mən burda olmayacağam. Bağçada olacağam.

R i ç a r d. (Yenidən divana çökür.) Hə. Get.

A r ç i. (Onu tezbazar öpür.) Sağ ol.

(O, bağçaya açılan arxadakı qapıdan cəld qaçaraq çıxır. Berta soldakı qapıdan içəri daxil olur. Masaya yaxınlaşıb yanında dayanır, qızılgüllərin ləçəklərini barmaqlayaraq Riçarda baxır.)

R i ç a r d. (Onu seyr edərək.) Hə.

B e r t a. (Dalğınlıqla.) Hə. Deyir, məndən xoşu gəlir.

R i ç a r d. (Çənəsini əlinin içinə dayayır.) Ona kağızını göstərdin?

B e r t a. Hə. Onun nə məna verdiyini soruşdum.

R i ç a r d. O nə dedi?

B e r t a. Dedi, mən bilməliydim. Dedim, ağlıma gəlmişdi. Sonra söylədi ki, onun çox xoşuna gəlirdim. Ki, gözəl idim - və belə-belə şeylər.

R i ç a r d. Haçandan!

B e r t a. (Yenə dalğınlıqla.) Haçandan - nə?

R i ç a r d. Haçandan xoşuna gəldiyini dedi?

B e r t a. Həmişə, dedi. Amma daha çox biz bura qayıdandan sonra. Dedi, mən bu yasəməni paltarda ay kimi idim. (Ona baxaraq.) Onunla - mənim haqqımda - nəsə danışdınız?

R i ç a r d. (Məsumanə.) Həmişəki söhbətlər. Sənin haqqında yox.

B e r t a. O, çox gərgin idi. Gördün?

R i ç a r d. Hə. Gördüm. Sonra nə oldu?

B e r t a. Əlimi ona verməyimi rica etdi.

R i ç a r d. (Gülümsəyərək.) Evlənməkçün?

B e r t a. (Gülümsəyərək.) Yox, təkcə tutmağa.

R i ç a r d. Verdin?

B e r t a. Hə. (Bir neçə ləçək qopardır.) Sonra əlimi oxşadı və soruşdu, onu öpməyə icazə verərəmmi. Verdim.

R i ç a r d. Hə?

B e r t a. Sonra soruşdu, məni - heç olmasa bir dəfə - qucaqlaya bilərmi?.. sonrasa...

R i ç a r d. Sonrasa?

B e r t a. Qolunu belimə doladı.

R i ç a r d. (Gözünü bir anlıq döşəməyə dikir, sonra yenə ona baxır.) Bəs sonra?

B e r t a. Dedi, gözəl gözlərim var. Və soruşdu ki, onları öpə bilərmi. (Jestlə.) Dedim: öp.

R i ç a r d. O da öpdü?

B e r t a. Hə. Birini, sonra da o birini. (Birdən dayanır.) De görüm, Dik, bütün bunlar sənə toxunur? Sənə demişdim axı bunu istəmirəm. Məncə sən yalnız özünü elə göstərirsən ki, narahat olmursan. Mən narahat olmuram.

R i ç a r d. (Sakitcə.) Bilirəm, əzizim. Amma mən, elə sənin kimi, onun nə fikirdə olduğunu və nə hiss etdiyini öyrənmək istəyirəm.

B e r t a. (Barmağını ona tuşlayır.) Yadında saxla, mənə davam etməyə icazəni sən verdin. Mən sənə bunun hamısını başlanğıcından danışdım.

R i ç a r d. (Əvvəlki kimi.) Bilirəm, əzizim... Bəs sonra?

B e r t a. O, öpüş istədi. Dedim: götür.

R i ç a r d. Bəs sonra?

B e r t a. (Ləçəkləri ovucunda əzərək.) Öpdü məni.

R i ç a r d. Dodaqlarını?

B e r t a. Bir, ya iki dəfə.

R i ç a r d. Uzunsürən öpüşlər?

B e r t a. Yetərincə. (Fikrə dalır.) Hə, axırıncıda.

R i ç a r d. (Asta-asta əllərini ovuşdurur; sonra:) Dodaqları ilə? Yoxsa... o biri cür?

B e r t a. Hə, axırıncıda.

R i ç a r d. Səndən onu öpməyini istədi?

B e r t a. İstədi.

R i ç a r d. Öpdün?

B e r t a. (Tərəddüd edir, sonra düz ona baxaraq.) Hə. Onu öpdüm.

R i ç a r d. Necə?

B e r t a. (Çiynini çəkərək.) Ah, adicə.

R i ç a r d. Ehtiraslanmışdın?

B e r t a. Təsəvvür edə bilərsən. (Birdən üz-gözünü turşudaraq.) Elə də yox. Dodaqları qəşəng deyil... Yenə də, ehtiraslanmışdım, əlbəttə. Amma səninlə olduğum kimi yox, Dik.

R i ç a r d. Bəs o?

B e r t a. Ehtiraslanmışdımı? Hə, məncə, hə. O, köks ötürdü. Dəhşətli dərəcədə gərgin idi.

R i ç a r d. (Alnını əlinə dayayır.) Aydındır.

B e r t a. (Divanın qarşısına keçir və onun yanında dayanır.) Qısqanırsan?

R i ç a r d. (Əvvəlki kimi.) Yox.

B e r t a. (Sakitcə.) Hə, Dik.

R i ç a r d. Yox. Nəyə görə qısqanım?

B e r t a. Onun məni öpdüyünə görə.

R i ç a r d. (Yuxarı baxır.) Hamısı budur?

B e r t a. Hə, budur. Məndən görüş istəməyini nəzərə almasaq.

R i ç a r d. Haradasa şəhərdə?

B e r t a. Yox. Evində.

R i ç a r d. (Təəccüblənib.) Anası ilə yaşadığı yerdə?

B e r t a. Yox, öz evində. Mənimçün ünvanı yazıb.

(O, davenporta tərəf gedir, güldandan açarı götürür, siyirməni açır və kağız parçası ilə geri dönür.)

R i ç a r d. (Yarı öz-özünə.) Bizim kottec.

B e r t a. (Kağızı ona uzadır.) Budur.

R i ç a r d. (Oxuyur.) Hə. Bizim kottec.

B e r t a. Sizin..?

R i ç a r d. Yox, onun. Mən ona bizimki deyirəm. (Ona baxaraq.) Barəsində sənə tez-tez danışdığım kottec - bizdə iki açarı olan, hərəmizdə biri. Ev indi onundur. Çılğın gecələrimizi keçirdiyimiz, söhbət etdiyimiz, içdiyimiz, plan cızdığımız yer. O çağlarda. Çılğın gecələr; bəli. O və mən - birlikdə. (Kağızı divanın üstünə atır və birdən qalxır.) Bəzən də mən, tək. (Gözlərini ona dikir.) Amma lap yalqız yox. Sənə demişdım. Yadındadır?

B e r t a. (Sarsılıb.) O yer?

R i ç a r d. (Ondan bir neçə addım uzaqlaşır və əli çənəsində, düşünə-düşünə yerində dayanıb qalır.) Hə.

B e r t a. (Kağızı yenidən götürür.) Ora haradadır?

R i ç a r d. Bilmirsən?

B e r t a. Dedi, Lensdeun Rouda tramvaya minim və məni orda düşürtmələrini rica edim. Ora... ora pis yerdi?

R i ç a r d. Ah, yox, kotteclərdir. (Divana qayıdır və oturur.) Sən nə cavab verdin? B e r t a. Heç nə. Dedi gözləyəcək.

R i ç a r d. Bu axşam? B e r t a. Hər axşam, dedi. Səkkiz-doqquz arası.

R i ç a r d. Mən də bu axşam professorla müsahibəyə gedəsiyəm. Ağız açacağım təyinata görə. (Ona baxaraq.) Müsahibə bu axşama onun tərəfindən təşkil edilib - səkkizdoqquz arası. Maraqlıdır, deyilmi? Eyni saatda.

B e r t a. Çox.

R i ç a r d. Mənim hər hansı şübhələrim barədə soruşdumu?

B e r t a. Yox.

R i ç a r d. Mənim adımı çəkdi?

B e r t a. Yox.

R i ç a r d. Bir dəfə də?

B e r t a. Xatırladığım qədəriylə, yox.

R i ç a r d. (Ayağa sıçrayaraq.) Hə! Hər şey aydındır!

B e r t a. Nə?

R i ç a r d. (Qətiyyətlə irəli-geri addımlayır.) Yalançı, oğru və axmaq! Hər şey aydındır. Adi bir oğru! Başqa nə olasıdır? (Qaba gülüşlə.) Mənim böyük dostum! Həmçinin vətənpərvər! Oğru - başqa heç nə! (Əllərini ciblərinə soxaraq, dayanır.) Amma həm də axmaq!

B e r t a. (Ona baxaraq.) Nə etməyə hazırlaşırsan?

R i ç a r d. (Qısaca.) Dalınca getməyə. Onu tapmağa və deməyə. (Rahatca.) Bir neçə söz bəsdir. Oğru və axmaq.

B e r t a. (Kağızı divana tullayır.) Hər şey aydındır!

R i ç a r d. (Dönərək.) Eh!

B e r t a. (Qızğınlıqla.) Şeytan əməli.

R i ç a r d. O?

B e r t a. (Ona doğru dönərək.) Yox, sən! Onu mənə qarşı çevirmək şeytan əməlidir, necə ki, öz övladımı mənə qarşı çevirməyə çalışmışdın. Ancaq uğur qazanmamışdın.

R i ç a r d. Necə? Sən Allah, necə?

B e r t a. (Həyəcan içində.) Hə hə. Dediyim kimi. Bunu hamı görürdü. Nə vaxt mən onda ən kiçik bir şeyi düzəltməyə çalışsam, sən öz səfehliyinlə davam edib - yazıq uşağı məhv edərək, ya da buna çalışaraq - onunla elə danışırdın, elə bil o, yekə kişidir. Onda, əlbəttə, mən olurdum qəddar ana - bircə sən onu sevirdin. (Artan həyəcanla.) Amma sən onu mənə qarşı - onun öz anasına qarşı çevirmədin. Bilirsən niyə? Çünki uşağın içində hədsiz çox təbiilik var.

R i ç a r d. Mən heç vaxt belə şey etməyə çalışmamışam, Berta. Sən bilirsən, uşaqla sərt ola bilmirəm.

B e r t a. Çünki sən heç vaxt öz ananı sevməmisən. Ana həmişə anadır, nə olur olsun. Onu dünyaya gətirmiş anasını sevməyən hansısa insan övladı haqqında heç vaxt eşitməmişəm. Səndən başqa.

R i ç a r d. (Sakitcə ona yaxınlaşaraq.) Berta, sonradan təəssüflənəcəyin sözlər demə. Oğlumun mənə düşkün olması səni sevindirmir?

B e r t a. Ona bunu kim öyrədib? Səni qarşılamaq üçün qaçmağı ona kim öyrədib? Sən gedib - onu da, məni də unudub - yağış altında başmaq seyrinə çıxanda, oyuncaqlar gətirəcəyini ona kim deyirdi? Mən. Səni sevməyi ona mən öyrətmişəm.

R i ç a r d. Hə, əzizim. Bilirəm, sən eləmisən.

B e r t a. (Az qala fəryad qoparır.) Sonra da hamını mənə qarşı çevirməyə çalışırsan. Hər şey sənin üçün olmalıdır. Mənsə səndən başqa hamıya saxta və qəddar görsənməliyəm. Çünki sən sadəliyimdən istifadə edirsən… ilk dəfəkində elədiyin kimi.

R i ç a r d. (Azğın-azğın.) Bunu mənə deməyə cəsarətin də var?

B e r t a. (Onun üzünə baxaraq.) Hə, var! Onda da, indi də. Çünki, sadəyəm deyə mənimlə istədiyini edə biləcəyini fikirləşirsən. (Əl-qolunu oynadaraq.) Get indi onun dalınca. Qoşduğun adları de ona. Onu öz qarşında zəlil elə, mənə də nifrət elətdir. Get dalınca!

R i ç a r d. (Özünü cilovlayaraq.) Sən unutmusan ki, mən sənə tam sərbəstlik vermişəm - hələ də verməkdəyəm.

B e r t a. (Nifrətlə.) Sərbəstlik!

R i ç a r d. Hə, tamamilə. Amma o, mənim bilməyimi bilməlidir. (Daha arxayın.) Onunla sakit danışacağam. (Yalvarantəhər.) Berta, inan mənə, əzizim! Bu, qısqanclıq deyil. Sənin arzuladığını etmək üçün tam sərbəstliyin var. Sənin də, onun da. Amma bu cür yox. O, sənə nifrət etməyəcək. Sən məni aldatmaq, ya da - onunla - aldadırmışsan kimi göstərmək istəmirsən, elə deyil?

B e r t a. Yox, istəmirəm. (Onu nəzərdən keçirərək.) Yalançı - bizim ikimizdən hansımızıq?

R i ç a r d. Bizim ikimizdən? Sənlə mənim?

B e r t a. (Rahat qərarlı tonla.) Tam sərbəstlik dediyin şeyi mənə niyə verdiyini bilirəm.

R i ç a r d. Niyə?

B e r t a. Özün tam sərbəst olmaq üçün… o qızla.

R i ç a r d. (Acıqlanır.) Allah sən saxla, axı sən bütün bu uzun zaman ərzində o barədə bilmisən. Bunu heç vaxt gizlətməmişəm.

B e r t a. Gizlətmisən. Bunun sizin aranızda birnöv dostluq olduğunu fikirləşirdim, ta qayıtdığımıza, sonra da gördüyümə qədər.

R i ç a r d. Elə elədir, Berta.

B e r t a. (Başını bulayır.) Yox yox. Bu, daha artığındandır; mənə tam sərbəstlik verməyinin də səbəbi budur. Gecə (kabineti göstərir) orada, barəsində yazmaq üçün yuxudan qalxdığın bütün o şeylər - onun haqqındadır. Buna dostluq deyirsən?

R i ç a r d. Mənə inan, Berta, əzizim. Mən sənə inandığım kimi inan.

B e r t a. (Çılğın jestlə) Tanrım, bunu hiss edirəm! Bilirəm! Aranızda olan sevgi deyil bəs nədir?

R i ç a r d. (Aramla.) Sən o fikri mənim başıma yeritməyə çalışırsan, amma xəbərdar edirəm, mən fikirlərimi başqa adamlardan götürmürəm.

B e r t a. (Qızğınlıqla.) Elədir, elədir! Robertə davam etməyə imkan verməyinin də səbəbi budur. Əlbəttə! Bu sənə təsir etmir. Sən onu sevirsən.

R i ç a r d. Sevgi! (Köks ötürüb, əllərini yana atır və ondan uzaqlaşır.) Səninlə höcətləşə bilmirəm.

B e r t a. Çünki haqlıyam. (Onun ardınca bir neçə addım ataraq.) Camaat nə deyər?

R i ç a r d. (Ona sarı dönür.) Səncə vecimədir?

B e r t a. Amma mənim vecimədir. O bilsə nə deyər? Sən, mənə bəslədiyin o yüksək hisslərdən elə çox danışan sən, indi eyni üsulla özünü başqa qadına izhar edirsən. Əgər bunu o, ya da başqa kişi etsəydi başa düşə bilərdim, çünki onlar hamısı saxta ikiüzlülərdir. Amma sən, Dik! Bəs onda niyə Robertə demirsən?

R i ç a r d. İstəyirsənsə özün deyə bilərsən.

B e r t a. Deyəcəyəm. Dəqiq deyəcəyəm.

R i ç a r d. (Soyuqqanlı.) O, bunu sənə başa salar.

B e r t a. O, bir şeyi deyib, başqasını eləmir. Özünə görə dürüstdür.

R i ç a r d. (Qızılgüllərdən birini qoparıb onun ayağına tullayır.) Doğrudan da! Ləyaqət mücəssiməsi!

B e r t a. Ona istədiyin qədər lağ eləyə bilərsən. O məsələdə mən sənin fikirləşdiyindən daha çox başa düşürəm. Robert də belə başa düşəcək. Qıza illərlə o uzun məktubları yazmağın… qızın da sənə. İllərlə. Amma qayıdandan bəri mən bunu başa düşürəm. Hə.

R i ç a r d. Başa düşmürsən. O da düşməyəcək.

B e r t a. (Nifrətlə gülür.) Əlbəttə. Nə Robert, nə də mən bunu başa düşə bilmərik. Təkcə o bilər. Axı bu elə ülvi məsələdir!

R i ç a r d. (Hirslə.) Nə Robert, nə sən - nə də o! Sizin heç biriniz!

B e r t a. (Həşəmətli kinlə.) O bilər! O bunu başa düşər! Xəstə qadın!

(O, arxaya dönür və sağdakı kiçik masaya doğru addımlayır. Riçard ani jestlə özünü cilovlayır. Qısa sükut.)

R i ç a r d. (Ciddiyyətlə.) Berta, ağzından belə sözlər çıxaranda diqqətli ol!

B e r t a. (Dönərək, həyəcanla.) Pis mənada demirəm! Mən ona sənin bacaracağından daha çox yanıram, çünki mən qadınam. Səmimi qəlbdən yanıram. Amma dediyim də həqiqətdir.

R i ç a r d. Bu, alicənablıqdır? Düşün.

B e r t a. (Bağça tərəfə işarə edir.) Alicənab olmayan odur. İndi dediyimi yadında saxla.

R i ç a r d. Nəyi?

B e r t a. (Yaxın gəlir; daha soyuq tonla.) Sən o qadına çox şey verdin, Dik. Ola bilsin, buna layiqdir. O isə bütün bunları başa düşməyi bacarar. Onun o qəbildən insan olduğunu bilirəm.

R i ç a r d. İnanırsan ki, elədir?

B e r t a. Hə. Həm də inanıram ki, əvəzində sən ondan – ya da onun klanından olan hər kimdənsə - çox az şey alacaqsan. Sözlərimi yadında saxla, Dik. Çünki o da, onlar da alicənab deyillər. Dediklərimin hamısı yanlışdırmı? Hə?

R i ç a r d. (Tutqun-tutqun.) Yox. Hamısı yox.

(Berta əyilir və döşəmədən qızılgülü götürüb yenidən güldana qoyur. Riçard ona tamaşa edir. Bricid sağdakı qatlama qapılarda görünür.)

B r i c i d. Çay masanın üstündədir, mem.

B e r t a. Lap yaxşı.

B r i c i d. Master Arçi bağçadadır?

B e r t a. Hə. Onu içəri çağırın.

(Bricid otaqdan keçir və bağçaya çıxır. Berta sağdakı qapılara doğru gedir. Divanın yanında dayanır və kağızı götürüb qaldırır.)

B r i c i d. (Bağçada.) Master Arçi! Gəlin içəri - çayınızı içməyə.

B e r t a. Ora getməyim necə olsun?

R i ç a r d. Getmək istəyirsən?

B e r t a. Onun fikrini aşkarlamaq istəyirəm. Gedimmi?

R i ç a r d. Məndən niyə soruşursan? Özün qərar ver.

B e r t a. Deyirsən gedim?

R i ç a r d. Yox.

B e r t a. Getməyi mənə qadağan edirsən?

R i ç a r d. Yox.

B r i c i d. (Bağçadan.) Cəld olun, master Arçi! Çayınız sizi gözləyir.

(Bricid otaqdan keçir və qatlama qapılardan çıxır. Berta kağızı büküb paltarının belbağısına keçirir və yavaşca sağ tərəfə gedir. Qapının yanında dönür və dayanır.)

B e r t a. Getmə de, getməyim.

R i ç a r d. (Ona baxmadan.) Özün qərar ver.

B e r t a. Sonra məni qınayacaqsanmı?

R i ç a r d. (Həyəcanla.) Yox yox! Qınamayacağam. Sən azadsan. Qınaya bilmərəm.

(Arçi bağça qapısında görünür.)

B e r t a. Mən səni aldatmamışam. (Qatlama qapılardan çıxır. Riçard masanın yanında dayanıb qalır. Arçi, anası çıxıb gedəndən sonra, Riçardın üstünə qaçır.)

A r ç i. (Cəld.) Hə, ona dedin?

R i ç a r d. (Vəziyyətə alışaraq.) Nəyi?

A r ç i. Gedə bilərəmmi?

R i ç a r d. Hə.

A r ç i. Səhər? O “hə” dedi?

R i ç a r d. Hə. Səhər.

(O, qolunu oğlunun çiyinlərinə dolayır və yuxarıdan ona şəfqətlə baxır.)

Birinci pərdənin sonu

(ardı var)

Günün bütün mövzuları

XS
SM
MD
LG