Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

James Joyce "Bacılar" (Hekayə)


James Joyce
James Joyce
-

James Joyce


BACILAR


"Dublinlilər" kitabından hekayə
(Rus dilindən Nadir Qocabəyli çevirib)



Yaşayacağına ümid yox idi, bu onun keçirdiyi üçüncü insult idi.

Mən hər axşam o evin yanından keçir (tətil vaxtı idi) və kvadrat pəncərədəki işığa diqqət edirdim: fasiləsiz yanan həmənki ölgün işıqdı.

Əgər o ölsəydi, - mən düşünürdim, - onda tünd rəngli pərdələrə şam işığı düşərdi, çünki ölən adamın baş tərəfində iki şam yandırıldığını bilirdim.

Tez-tez mənə deyərdi: «Mənim ömrümə çox qalmayıb», ancaq onun bu dediklərini boş söhbət sayardım. İndisə bunun həqiqət olduğunu başa düşürdüm.

Hər axşam pəncərəyə baxanda öz-özümə sakitcə «iflic» sözünü təkrarlayırdım.

Bu söz qulaqlarımda həmişə qəribə səslənirdi, lap Evklidin «qnomon» (Günorta vaxtını dəqiq təyin etmək üçün şaquli sütuncuqdan ibarət qədim astronomik alət - N.Q.) və katexizisdəki «simoniya» (Orta əsrlərdə Roma papasının icazəsi ilə ruhani vəzifələrinin, müqəddəs adların satılması və alınması, günahların pulla yuyulması - N.Q.) sözləri kimi.

Amma bu söz indi mənə hansısa pozğun və zalım varlığın adını xatırladırdı. O varlıq məni həm dəhşətə gətirir, həm də cəlb edirdi; vurduğu ölümcül zərbənin nəticəsini yaxınlaşıb öz gözlərimlə görmək istəyirdim.

Mən şam eləməyə düşəndə qoca Kotter buxarının qarşısında oturub çubuq çəkirdi. Xalam boşqabıma yarma çəkəndə o, sanki yarımçıq qalmış söhbətə qayıdrmış kimi qəfildən dedi:

- Yox, əşi, mən deməzdim ki, o, necə deyərlər… Ancaq ona nəsə olmuşdu… Qəribədir ki, o… Mən sizə öz fikrimi sonra deyərəm…

O, sanki fikrini toplamağa çalışaraq çubuğunu sümürməyə başladı. Zəhlətökən qoca kaftar!

Onunla təzə tanış olanda bizə araq çəkməyin müxtəlif üsullarından danışdığından maraqlı adam təsiri bağışlayırdı. Ancaq sonradan uzunçuluq edib məni bezdirdi.

- Bilirsiniz, mənim öz nəzəriyyəm var, - o dedi. - Məncə, bu, müstəsna hallardan biridir… Ancaq deyə bilmərəm…

O öz nəzəriyyəsi barədə heç bir söz demədən yenə çubuğunu sümürməyə başladı. Bu zaman dayım mənim heyrətdən bərəlmiş gözlərimi gördü.

- Kədərli xəbərdir, - o dedi, - sənin köhnə dostun öldü.

- Kim? - mən soruşdum.

- Flin ata.

- Öldü?

- Hə, cənab Kotter elə indicə xəbər verdi. O, evimizin yanından keçirdi.

Mənə göz qoyduqlarını bildiyimdən yeməyimə davam etdim, sanki bu xəbər məni qətiyyən maraqlandırmırdı. Dayım Kotterə izahat verdi:

- Bizim oğlanla möhkəm dost idilər, qoca ona çox şey öyrətmişdi; deyilənə görə, ona çox bağlanıbmış.

- Ruhu şad olsun, - xalam mömincəsinə dedi.

Qoca Kotter bir müddət mənə baxdı. Muncuğa bənzəyən qara gözlərinin mənə zilləndiyini hiss etsəm də, qocanın marağını təmin etməməyə qərar verdim və baxışlarımı boşqabdan ayırmadım. O yenidən çubuğuyla əlləşərək, nəhayət, qətiyyətlə buxarıya tüpürdü.

- Mən öz uşaqlarıma belə bir adamla əlaqə saxlamağa qətiyyən icazə verməzdim, - o dedi.

- Bununla nə demək istəyirsiniz, cənab Kotter? - xalam soruşdu.

- Demək istəyirəm ki, bu, uşaqlara ziyandır, - Kotter cavab verdi. - Oğlan uşağı öz yaşıdı olan oğlanlarla oynasa, daha yaxşı olar, yoxsa… Doğru demirəm, Cek?

- Mən də belə düşünürəm, - dayım dedi. - Bu avaraya daim deyirəm, idman elə, hərəkətdə ol, ancaq kimə deyirsən! Bunun yaşında olanda mən yay-qış yuxudan duran kimi soyuq suyla… Ona görə də, indi, maşallah, yaxşıyam. Təhsil almaq çox yaxşı və faydalıdır, amma… Bəlkə Cənab Kotter də bu qoyun budunun dadına baxmaq istəyir? - o, xalama dedi.

- Yox, yox, narahat olmayın, - Kotter dedi. Xalam dolabdan boşqab gətirib masanın üstünə qoydu.

- Niyə bunun uşaqlar üçün yaxşı olmadığını düşünürsünüz, cənab Kotter? - xalam soruşdu.

- Bu, uşaqara ziyandır, - Kotter cavab verdi. - Ona görə ki, uşaq ağlı çox həssasdır. Uşaqların belə şeyləri görməsi, sizcə, onlara təsir etmir?

Mən ehtiyatsızlıq edərək hiddətimi büruzə verəcəyimdən qorxub ağzımı yulaf yarmasıyla doldurdum. Zəhlətökən qoca, qırmızıburun axmaq!

O gecə çox gec yuxuya getdim. Məni uşaq adlandırdığı üçün Kotterə qəzəblənsəm də, onun rabitəsiz cümlələrinin mənasını anlamağa çalışdım. Otağın qaranlığında mənə elə gəldi ki, yenə iflic olmuş adamın hərəkətsiz boz üzünü görürəm. Yorğanı başıma çəkib, milad bayramı barədə düşünməyə cəhd etdim. Lakin boz sifət məndən əl çəkmirdi. O, nəsə pıçıldayırdı və mən başa düşdüm ki, nəyisə etiraf etmək istəyir. Hiss edirdim ki, şirin, günaha batmış bir aləmə qərq oluram. Amma bir də gördüm ki, məni izləyən sifət də ordadır. məni gözləyir. O, sakit pıçıltıyla tövbə etməyə başladı, onun niyə durmadan gülümsədiyini və dodaqlarının tüpürcəklənərək yaşlandığını da anlaya bilmədim. Sonra onun iflicdən öldüyünü xatırladım və hiss etdim ki, mən də qorxa-qorxa, sanki onun dəhşətli günahından keçərək gülümsəyirəm.

Ertəsi gün səhər yeməyindən sonra Qreyt Britn Stritdəki balaca evə baş çəkməyə getdim. Üzərindəki «Qalantereya» lövhəsi gözə girən görkəmsiz dükanda əsasən müxtəlif çətirlər və uşaq ayaqqabıları satılırdı. Pəncərədə çox vaxt «Çətirlərin təmiri» elanı olurdu. Bu gün elan yox idi və pəncərələr də bağlıydı. Qapı çəkicinə qara parça bağlanmışdı.

Kasıb geyimli iki qadın və bir kuryer qara parçaya sancaqlanmış lövhəni oxuyurdular. Mən də yaxınlaşıb oxudum:

1 iyul, 1885-ci il.
Pak Ceyms Flin
(Mit Stritdəki müqəddəs Yekaterina kilsəsinin sabiq keşişi)
65 yaşında.
R. İ. R. (lat: Ruhu şad olsun).


Lövhəni oxuyandan sonra onun öldüyünə qəti əmin oldum və baş vermiş hadisəni dərk edərək özümü itirdim. Əgər o, ölməsəydi, mən dükanın arxasındakı balaca otağa keçər və onun buxarının qarşısındakı kresloda paltosuna bürünüb oturduğunu görərdim. Bəlkə də, xalam mənimlə ona bir qutu əla tütün göndərər və bu hədiyyə onu yuxudan oyadardı. Tütünü onun tütünqabısına adətən mən tökərdim, çünki əlləri bərk əsdiyindən tütünün yarısını döşəməyə dağıdardı. Hətta titrəyən iri əlini burnuna aparanda da tütün qırıntıları barmaqlarının arasından paltarına tökülərdü. Buna görə də, onun nimdaş keşiş cübbəsi daim yaşıla çalır, üst-başını təmizlədiyi qırmızı rəngli burun dəsmalı isə bir həftə keçməmiş kirlənib qaralırdı.

İçəri girib ona baxmaq istəsəm də, qapını döyməyə ürək etmədim. Mağazaların vitrinlərindəki bütün teatr afişalarını oxuya-oxuya yavaş-yavaş küçənin gün düşən tərəfinə keçdim. Mənə çox qəribə gəldi ki, nə mən, nə də bu günün özü yasa batmamışdıq, hətta özümü azad hiss eləyəndə narahat da oldum, elə bil, onun ölümü canımı nədənsə qurtarmışdı. Bu məni təəccübləndirdi, çünki doğrudan da, dünən axşam dayımın dediyi kimi, mən ondan çox şey öyrənmişdim. O, Romadakı İrlandiya kollecini bitirmiş və mənə latınca düzgün oxumağı öyrətmişdi. Mənə katakombalar və Napoleon Bonapart haqqında danışmış, müxtəlif messa ayinlərinin və müxtəlif cür keşiş libaslarının mənasını izah etmişdi. O, çətin suallar verməkdən, bu və ya digər hallarda necə hərəkət etməyi soruşmaqdan, yaxud da insanların hansı günahları məqbul, hansılarını isə xəta saydıqlarını izah etməkdən zövq alırdı. Onun sualları kilsənin necə mürəkkəb və sirli qanunlarla idarə olunduğunu aydınlaşdırırdı, halbuki mən kilsənin ən sadə ayinlərlə idarə edildiyini düşünürdüm.

Keşişin yevxaristiya ilə bağlı vəzifələri və tövbənin sirləri mənə elə çətin gəlirdi ki, onları qəbul etməyə kiminsə cəsarətinin çatmasına heyrət edirdim. O mənə kilsə atalarının bu dolaşıq məsələləri izah etmək üçün poçt-məlumat kitabları qalınlığında əsərlər yazdığını danışanda qətiyyən təəccüblənmirdim. Özü də həmin kitablar qəzetlərdə məhkəmə prosesləri haqda elanların verildiyi xırda şriftlərlə çap edilərmiş.

Tez-tez onun suallarına cavab verə bilmir, dilim dolaşaraq səfeh şeylər söyləyirdim, amma o gülərək, başını bulayırdı. Bəzən o, messa zamanı mənə əzbərlətdirdiyi bilikləri yoxlayır, mən çaşanda yenə başını bulayır, arabir burnunun hər dəliyinə bir çimdik tütün dürtür və dalğın halda gülümsəyirdi. Gülümsəyərək iri sarı dişlərini göstərir və dilini alt dodağının üstünə qoyurdu; ilk vaxtlar, onu yaxından tanımayana qədər belə hallarda özümü narahat hiss edirdim.

Gün düşən tərəflə addımladıqca Kotterin sözlərini xatırladım və sonradan yuxuda gördüklərimi yada salmağa çalışdım. Mən məxmər pərdələri, qədimi asma çırağı xatırladım. Hardasa uzaqlarda, adət-ənənələri mənə yad olan bir ölkədə, bəlkə də, İranda idim… Ancaq yuxumun sonunu xatırlaya bilmədim.

Axşam xalam məni mərhumun evinə apardı. Artıq gün batsa da, evin qərb tərəfə baxan pəncərəsinin şüşələri uzun bulud qatarının qızılı rəngini əks etdirirdi. Nenni bizi dəhlizdə qarşıladı. Əslində o qışqırmalıydı, ancaq bu, yersiz olardı, ona görə də, xalam əlini sakitcə ona uzatdı. Qarı sual dolu nəzərlərlə bizə yuxarını göstərdi və xalam başını tərpətdikdən sonra bizi ensiz pilləkənlə yuxarı apardı. Onun aşağı dikilmiş başı pilləkənin məhəccəriylə bərabərləşdi. Qarı meydançada dayanıb, bizi əl hərəkətiylə mərhumun otağına dəvət etdi. Xalam içəri girdi, qarı mənim tərəddüd etdiyimi görüb, əliylə yenidən bir neçə dəfə işarə etdi.

Mən barmaqlarımın ucunda otağa daxil oldum. Otağa pərdələrin krujevalı kənarlarından dolan qürub günəşinin şüaları solğun alov dillərinə bənzəyirdilər. O, tabuta uzadılmışdı. Nenni mərhumun ayaq tərəfində diz çökdü, biz də onu yamsıladıq. Mən özümü dua edən kimi göstərsəm də, fikrimi cəmləyə bilmirdim: qarının mızıltısı fikrimi yayındırırdı.

Onun yubkasının arxadan əyri düymələndiyinə diqqət etdim, mahud başmaqlarının altının bir tərəfi isə tamamilə yeyilmişdi. Birdən mənə elə gəldi ki, qoca keşiş tabutda uzanıb gülümsəyir.

Amma yox. Biz qalxıb çarpayının baş tərəfinə keçəndə onun gülümsəmədiyini gördüm.

O, ibadət libasında ciddi və məğrur tərzdə uzanmış, iri və solğun baş barmaqları arasına qoyulmuş kasa əyri durmuşdu. Narın tüklü burun pərələri olan iri və boz sifəti çox qəzəbliydi. Otaqda güllərin ağır havası vardı.

Biz xaç çevirib çıxdıq. Aşağıdakı balaca otaqda Elayza özünü çəkərək mərhumun kreslosunda oturmuşdu. Mən küncdəki həmişəki yerimə keçdim, Nenni isə bufetə yaxınlaşıb şərab qrafinini və bir neçə qədəh götürdü. Onları masanın üzərinə qoyub, bizə içmək təklif etdi. Sonra bacısının işarəsiylə qədəhlərə şərab töküb bizə verdi. O mənə qaymaqlı suxarı da təklif etdi, ancaq imtina etdim, çünki xırtaxırt salmaq istəmirdim. O sanki bundan çox məyus oldu və divana tərəf gedib bacısının kreslosunun arxasında oturdu. Heç kəs heç nə danışmırdı: hamımız boş buxarıya baxırdıq.

Elayza dərindən ah çəkəndə xalam dedi:

- O indi haqq dünyasındadır! - Elayza bir daha ah çəkib onunla razıymış kimi başını yana əydi. Xalam şərabdan bir qurtum içməmişdən öncə qədəhi əlində hərlədi. - Necə oldu… rahat keçindi? - o soruşdu.

- Çox rahat, - Elayza cavab verdi. - Canını nə vaxt tapşırdığını demək çətindir. Amma ölümü gözəl idi, tanrıya şükür olsun.

- Yaxşı, bəs?..

- O’Rurk ata çərşənbə axşamı onun yanına gəlmişdi, yağ sürtüb (xristian dini ayinlərindən biri) onun cismini ölümə hazırladı.

- Deməli, o bilirmiş?..

- Hə, o, aqibəti ilə barışmışdı.

- Görkəmi də rahatdır, - xalam dedi.

- Onu yumağa gələn qadın da belə dedi. Dedi ki, elə bil, yatıb, üzü də çox sakit və rahatdır. Onun tabutda bu qədər gözəl görüncəyinə heç kəs inanmazdı.

- Doğrudan da, - xalam dedi.
Xalam qədəhindən bir qurtum da içib, dedi:

- Hə, miss Flin, onunçün əlinizdən gələni etməyiniz sizinçün böyük təsəlli olmalıdır. Hər ikiniz onun zəhmətini çox çəkmisiniz.

Elayza donunun ətəyini dizləri üzərində düzəltdi.

- Yazıq Ceyms, - o dedi, - tanrı şahiddir ki biz əlimizdən gələni etdik. Nə qədər çətin olsa da, onun ehtiyac çəkməsinə imkan vermədik.

Nenni başını divanın yastığına söykəmişdi, eli bil, indicə yuxuya gedəcəkdi.

- Hə, zavallı Nenni də axırda yaman yoruldu, - Elayza, nəhayət, ona baxaraq dedi. - Axı hər şeyi özümüz etdik; yumaq üçün qadın tapmağı, onu götürüb stolun üstünə qoymağı, kilsədə messa sifariş verməyi. Əgər O’Rurk ata olmasaydı, nə edəcəyimizi bilmirəm. Çiçək göndərdi, kilsədən də iki şamdan. «Frimen journal»da elan verdi, qəbiristanlıqda hər şeyi təşkil etməyi və bədbəxt Ceymsin sığortası məsələsini də öz üzərinə götürdü.

- Çox sağ olsun, - xalam dedi. Elayza gözlərini yumub, başını ağır-ağır yırğaladı.

- Hə, köhnə dostlar etibarlı olur, - o dedi, - ancaq doğrusunu desəm, hər dosta etibar yoxdur.

- Düz sözə nə deyəsən, - xalam dedi. - Bax, o indi haqq dünyasındadır və sizin etdiklərinizin hamısını minnətdarlıqla xatırlayır.

- Ah, zavallı Ceyms, - Elayza təkrar etdi. - O heç kəsə əziyyət vermirdi, evdə səsi indikindən çox çıxmırdı.

- Hə, indi hər şey bitəndən sonra onun yeri görünəcək, - xalam dedi.

- Bilirəm, - Elayza dedi. - Artıq heç vaxt ona bulyon gətirə bilməyəcəyəm, sizsə, mem, tütün göndərə bilməyəcəksiniz. Zavallı Ceyms!

O sanki keçmişə dalaraq bir müddət susdu, sonra ciddi tərzdə dedi:

- Son vaxtlar elə bil ona nəsə olmuşdu. Hər dəfə şorba gətirəndə dua kitabını döşəmədə görürdüm, özü isə ağzıaçıq vəziyyətdə kresloya sərilmiş olurdu.

O, burnunu ovuşdurub, üz-gözünü turşutdu, sonra davam etdi:

- Elə hey deyirdi ki, yay qurtarmamış bir gün Ayriş tauna (Dublin ətrafında və Dubln körfəzi sahilində yoxsul məhəllə) gedib, doğulduğumuz köhnə evə baş çəkmək pis olmazdı. Məni və Nennini də özüylə aparmaq istəyirdi. Kaş ki Conni Raşdan təzəçıxan səssiz arabalardan birini ucuz qiymətə götürüb - O’Rurk ona xüsusi revmatik təkərləri olan araba haqqında danışmışdı - bazar günü üçlükdə gedə biləydik… Yaman beyninə girmişdi… Yazıq Ceyms!

- Tanrı onun ruhunu şad eləsin, - xalam dedi.
Elayza dəsmal çıxarıb gözlərini sildi. Sonra onu cibinə qoyub, bir müddət boş buxarıya baxdı.

- Amma necə də vasvası idi, - o dedi. - Kilsədəki vəzifəsi ona görə deyildi, heç həyatda da onunku gətirmədi.

- Hə, - xalam dedi, - həyatdan əlini üzmüşdü. Ona baxanda hiss olunurdu.
Kiçik otağa sükut çökdü, mən bundan istifadə edərək stola yaxınlaşdım və qədəhimdən bir qurtum içdim, sonra küncdəki yerimə qayıtdım. Elayza, deyəsən, dərin huşa getmişdi. Biz ehtiramla onun sükutu pozmasını gözləyirdik: uzun pauzadan sonra o, ağır-ağır dedi:

- Hə, hər şey onda sındırdığı kasaya görə oldu… Hər şey, əlbəttə, ondan başladı, amma deyirdilər ki, bunda elə bir şey yoxdur. Ancaq nə fərqi var… deyirdilər ki, guya xidmətçi günahkardır. Zavallı Ceyms elə əsəbi olmuşdu ki, tanrı onun ruhunu rahat etsin!

- Məgər bundan oldu? - xalam soruşdu. - Mən eşitmişdim ki, guya…

Elayza başını tərpətdi.

- Buna görə onun ağlı da çaşmışdı, - o dedi. - Ondan sonra daim fikirli olur, heç kəslə danışmır, tək-tənha gəzirdi. Bir dəfə axşam onu dua oxumaq üçün çağırmağa gəlmişdilər, ancaq heç yerdə tapa bilmədilər. Hər yeri axtardılar, elə bil, yağlı əppək olub göyə çəkilmişdi. Açarları götürüb kilsəni açdılar. Klerk (Orta əsrlərdə Fransada və İngiltərədə ruhani titulu - N.Q.) də, O’Rurk ata da, başqa bir ruhani də onlarla birlikdəydi, hamısı əllərində məşəl onu axtarmağa getdilər. Sən demə, elə oradaymış, qaranlıqda tək-tənha tövbə hücrəsində oturub gözlərini bir nöqtəyə zilləyibmiş və sanki öz-özünə gülürmüş.

Elayza qəflətən dayanıb sanki nəyisə dinləməyə başladı. Mən də qulaq kəsildim: evdə heç bir səs yox idi. Mən qoca keşişin tabutda gördüyümüz kimi lal-dinməz, təmkinli və əsəbi görkəmdə, sinəsində boş kasa uzandığını bilirdim.

Elayza təkrar etdi:

- Gözlərini bir nöqtəyə zilləyibmiş və sanki öz-özünə gülürmüş… Əlbəttə, onlar onu görəndə başa düşüblər ki, nəsə qaydasında deyil…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG