Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

Hekayənin bir abzasını çıxarmamı xahiş etdi, mən də...


"Ulysses" qiraəti, James Joyce Qülləsinin yanı, Dublin

"Ulysses" qiraəti, James Joyce Qülləsinin yanı, Dublin

- Yazıçı James Joyce'un 1911-ci ildə qəzetlərə yazdığı məktub. Məktub o dövrdə qeyri-rəsmi senzura, yazıçının bu senzura qarşısında prinsipiallığı, məşhur "Dublinlilər" kitabının tarixçəsi və başqa cəhətlərinə görə maraqlıdır.

Hörmətli redaktor,

İngiltərə və İrlandiyada yazıçılığın bugünkü şərtlərini bir qədər göstərən bu məktubu yayınlamanızı xahiş edirəm.

Təxminən 6 il bundan qabaq Londondan “Bay Grand Richards” nəşriyyatı “Dublinlilər” adlı hekayə kitabımı yayınlamaq üçün mənimlə sözləşmə imzaladı.

Mən bir yazıçı olaraq (hüquqi, ictimai və ənənəvi) qaydalara protest edirəm ki, bütün bunları başıma gətirdi.

On aydan sonra naşir kitabımdan bir hekayəni və o biri hekayələrdən də bəzi hissələri çıxarmağımı xahiş edən məktub yazdı.

Dediyinə görə, mətbəə həmin hissələri nəşr etmək istəmir.

Mən bu xahişi rədd etdim və nəşriyyatla aramda üç aydan çox davam edən yazışma başladı.

Romada (orada yaşayırdım) bir beynəlxalq jüriyə müraciət etdim və müqaviləni pozmağımı məsləhət gördülər. Mən də pozdum və əlyazmalarım üstümə geri göndərildi.

Naşir yazılı öhdəliyini yerinə yetirmədi, hekayələrimi yaymadı və müqavilə məndə qaldı.

Altı aydan sonra Marseldən cənab Hone mənə məktub yazaraq, əlyazmalarımı Dublində "Messrs Maunsel" nəşriyyatına verməyimi istədi. Elə də etdim.

Təxminən bir il sonra, 1909-cu ilin iyun ayında “Messrs Maunsel” 1910-cu ilin səhv etmirəmsə, 9 sentyabrında kitabın nəşr olunması üçün mənimlə sözləşmə imzaladı.

1909-cu ilin dekabrında həmin bu nəşriyyatın meneceri tamam başqa bir hekayəmdə - “Komitə Kabinetində Sarmaşıq günü” hekayəsində bir abzası dəyişdirməyimi rica etdi.

İstəmədən qəbul etdim, kral VII Eduard’dan bəhs edən bir-iki ifadəni dəyişdirdim.

Bundan sonra “Messrs Maunsel” nəşriyyatı yayımı bir neçə dəfə təxirə saldı. Axırda həmin hissəni ya hekayədən çıxarmağımı, ya da dəyişdirməyimi istəyən məktub yazdı. Rədd etdim.

Necə olur ki, Londonda “Bay Grand Richards” nəşriyyatı kral VII Eduard sağ ola-ola həmin hissəyə heç bir etiraz etməmişdi, indi kral VII Eduard vəfat edəndən sonra irlandiyalı naşir etiraz edir, bunu anlamadığımı onlara yazdım.

Abzasın yalnız o şərtlə çıxarılmasına razı ola bilərdim ki, hekayə mənim ön sözümlə çıxsın. Amma nəşriyyat bunu qəbul etmədi. Cənab Hone bütün məsuliyyəti rədd etdi.

Sonra mənə o hissəni çıxarmağımı məsləhət görən dublinli bir vasitəçinin fikrinə uydum, Birləşmiş Krallıqda olmadığımdan 100 manat ödəmədikcə müqaviləni pozduğu üçün “Messrs Manusel”i məhkəməyə verə bilməyəcəyimi və 100 manat ödəsəm də, Dublində keçmiş krala sui-qəsd məsələsi olan bir abzasla lehimə bir qərar ala bilməyəcəyimi dedi.

Mən də kral V George'a məktub yazdım. Hekayənin həmin hissəsini işarələyərək, kraldan onun fikrincə, atasının xatirəsini təhqir edib-etmədiyimi bildirməsini xahiş etdim.

Kral həzrətlərinin şəxsi katibi mənə bu cavabı yolladı:

Bukinham Sarayından:

"Cənab James Joyce-un məktubuna şəxsən və dərhal cavab verməklə ona belə vəziyyətlərdə fikirlərini deməsinin Kral həzrətlərinin qaydalarına zidd olduğunu bildirməsi üçün özəl katibə göstəriş verilmişdir."

Hekayəmin mübahisəli hissəsi budur:

- Amma bura bax, John – cənab O’connor dedi. – İngiltərə kralını niyə qarşılamalıyam? Parnel özü hanı?

- Parnel – cənab Henchy dedi – öldü. İndi mənim fikrim belədir. Bu adam taxta çıxdı, yaşlı anası adam ağarana qədər onu uzaq saxlayandan sonra.

Məndən soruşsan, şən, xoş, nəzakətli bir gəncdir. Haqqında bir tərs söz danışmırlar. Sadəcə deyir ki, əvvəllər bu vəhşi irlandları görməyə heç getməzdi, Tanrı xatirinə, mən gedəcəyəm və necə olduqlarını görəcəyəm, dostyana baş çəkməyə gedib onu təhqirmi etməliyik? Doğru deyilmi, Crofton?

Crofton başını yellədi.

- Bütün bunlardan sonra – cənab Lyens mübahisə edər kimi dedi – Kral Eduardın həyatı o qədər də, bilirsiniz...

- Keçmişi keçmişdə qoyaq – cənab Heynchy dedi – adamı şəxsən bəyənirəm, sənin, mənim kimi adi adamdır. Bir stəkan qroqdan, bir az uzanmaqdan bəlkə məmnundur, bəlkə yaxşı idmançıdır. Tanrı lənət eləsin, biz irlandiyalılar yaxşı oynaya bilmərikmi?

***

Bu kitabı yeddi il əvvəl yazmışam və haqlarımı qorumaq mövzusunda heç bir şansım qalmadığına görə, nəyisə dəyişdirmək və ya xəbərdarlıq etmək onları məmnun edəcəksə, “Mesrs Maunsel”-ə bu hekayəni yayınlama icazəsi verirəm, düşüncələrimi və zamanımı xərclədiyim yazılarımın yayınlanacağına ümid edirəm.

Mən bir yazıçı olaraq (hüquqi, ictimai və ənənəvi) qaydalara protest edirəm ki, bütün bunları mənim başıma gətirdi. Diqqətinzə görə təşəkkür edirəm.

Sizin sadiq James Joyce

1 avqust, 1911

"Selected Letters of James Joyce" kitabından

Günün bütün mövzuları

XS
SM
MD
LG