Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Yenə söz verdilər: "2-3 günə istilik problemi həllini tapacaq"


İllüstrasiya
İllüstrasiya

"- Danışıqlar gedir. Hissə-hissə qaz təchizatı bərpa olunur.

- Yəni dekabra çəkəcək?

- Yox, yəqin 2-3 günə həllini tapacaq..."

Noyabr başa çatmaqda olsa da, paytaxtda hələ də mənzillərin çoxu istiliksiz qalıb. Noyabrın 19-da “Azəristiliktəchizat”ın abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev AzadlıqRadiosuna problemin demək olar ki, həll olunduğunu söyləmişdi.

Noyabrın 20-də paytaxtda bütün mənzillərə istilik veriləcəyini bildirmişdi. Noyabrın 23-ü də keçdi. Vəziyyət dəyişməz qalır. Küləkli, yağışlı Bakıda sakinlər mənzillərində soyuqdan titrəyirlər.

Bakının ən müxtəlif səmtlərində, istər mərkəzdə, istər ətraf qəsəbələrdə sakinlər həsrətlə, ümidlə istilik gözləməkdədirlər.

AzadlıqRadiosunun “Azəristiliktəchizat”ın nümayəndəsi Rafiq Əliyevlə müsahibəsini təqdim edirik.

- Rafiq müəllim, bir neçə gün öncə demişdiz ki, problem artıq həll olunub. Ancaq problem qalır. Bakıda bütün mənzillərə istilik verilməsi nə zaman başa çatacaq?

- Bakının bir hissəsi istiliklə təmin olunub. Növbəylə qazanxanalarımızı işə salırlar. Qalan hissələrdə də qazanxanalar yəqin bir-iki günə tam işə düşər.

- Konkret vaxt deyə bilərsinizmi?

- Konkret bilirsiz, necədir? Hər gün “Azəriqaz” qrafiklə bizim 60-a yaxın qazanxananın qazını açır. Konkret ünvan desəniz, vaxtını da deyərəm.

- Bakıda neçə qazanxana var? Yəni orta hesabla günə 60 qazanxanaya qaz verilərsə, görək paytaxt tam nə zaman istiliklə təmin ediləcək?

- O hesabla deyəndə ki... Mən 60 deyirəm, bəlkə sabah 100 qazanxananın qazını verdilər, birisigün bəlkə hamısını qoşdular. Bakıda 350 qazanxananın işləməsi nəzərdə tutulur. Regionlarla bir yerdə 540 qazanxanadan 290-nın da artıq qaz var.

Buna da bax: Bakıda saxta pul kəsən əcnəbilərə 10 il həbs

- “Azəristiliktəchizat” qazın alınmasına necə nail olur? Borcunu ödəyir, yoxsa?..

- Müəyyən qism borcları ödədik. Yerdə qalan borcun ödənməsi ilə bağlı da öhdəlik götürdük. Biz köhnə borclarla bağlı hökumətə müraciət etdik, hökumətdə buna baxılır. Yəqin bizə hansısa köməklik göstəriləcək.

- Bu borc nə qədərdir? Yəqin böyük məbləğdir ki, paytaxt buna görə titrədir?

- Bu gün borc var, biz onu danmırıq. O borc da mübahisə mövzusudur. Çünki köhnə “Bakıistilik”dən qalıb, onu biz ödəməli deyilik, miras qalan borclardır. Bu gün bizdən ödəməyi tələb edirlər, amma biz heç cari borclarımızı tam ödəyə bilmirik, o ki qaldı köhnə borc ödəyək. Hər gün müəyyən qədər borc ödəyirik, ona görə konkret rəqəm desəm, yanlışlıq olacaq.

Buna da bax: Dayə, repetitor, tərcüməçi... vergiyə cəlb olunacaq

“Azəristiliktəchizat” zərərlə işləyən təşkilatdır. Tariflərimiz bütün xərclərimizi tam qapamağa imkan vermir.

- Mütəxəssislər sizin qurumu tənqid edirlər ki, bu borc birdən-birə yaranmamışdı və “Azəristiliktəchizat” qış gəlməmiş bu problemi həll edə bilərdi. Razılaşırsınız?

- “Azəristiliktəchizat” zərərlə işləyən təşkilatdır. Tariflərimiz bütün xərclərimizi tam qapamağa imkan vermir. Maliyyə naziri də parlamentdə dedi ki, bizim qurum suyu 1 manata alıb, qızdırıb 40 qəpiyə satır. Bizim qurum zərərlə işləyir. Lazımi qurumlara da müraciət etmişik, elə “Azəriqaz”a da. Həmişə bu məsələ dövlət tərəfindən tənzimlənirdi. Birdən-birə tarifləri qaldırmaq mümkün olmadığından borclar yığıldı. Bizim mövsüm noyabrın 15-də başlayır, “Azəriqaz” da gəlib həmin tarixdə qazanxanaların qazını kəsib. Yayda qazanxanamız işləmirdi ki, tədbir görək.

- Tarif qaldırıla bilərmi?

- Tariflər lap iki dəfə qalxsa da, biz köhnə borcları ödəmək iqtidarında deyilik. İkincisi, bizim səlahiyyətimizdə deyil. Hökumətin bir neçə il əvvəl qoyduğu strategiya budur ki, bütün sistem modernləşdirilməlidir, xərclər aşağı salınmalıdır. Bütün qazanxanalarda məsrəflər eyniləşəndən sonra tariflərə baxılmalı idi.

Buna da bax: Suriya türkmanları: "Raketlər yağış kimi yağır"

- Bu günlərdə “Bizim yol”da bir araşdırma getdi ki, “Azəristiliktəchizat”a son 4-5 ildə 76 milyon manat pul ayrılıb.

- Əsası olmayan yazıdır, ağızdan eşidilən, götürülən rəqəmlər idi. Birincisi, “Azəristiliktəchizat”a dövlət proqramlarının icrası ilə bağlı investisiya ayrılanda yeni obyektlərin tikilməsi, köhnələrin modernləşməsi üçün nəzərdə tutulmuşdu. O pulu biz qaz borcunun ödənilməsinə yönəldə bilmərik. Onlar dotasiya, investisiya kimi ayrılan vəsaiti üst-üstə gəliblər. Yaxşı olardı, bizim də mövqeyimizi alsınlar.

- Qazanxanaların sərfiyyatını azaltmaq və onları modernləşdirmək üçün bu qədər vəsait ayrıldığı halda niyə nəticə yoxdur?

- Demək olar ki, 80 faizi modernləşdirilib. Bütün sistemin modernləşməsinə kifayət qədər zaman və vəsait tələb olunur.

- Onda belə çıxır ki, 80 faiz modernləşibsə, bu qədər borc da yığılmamalı idi.

- Niyə elə danışırsız? Gəlin götürək, “Azəristiliktəchizat” yarananda 1 gekakalori istilik enerjisinin istehsalına nə qədər vəsait sərf edilirdi, bu gün nə qədər sərf olunur. Məsrəflər iki dəfə azalıb. Ancaq o da var ki, istehsal etdiyimiz istilik enerjisinin miqdarı da artıb.

- Rafiq müəllim, Bakının Məzahir Rüstəmov, Əli Vəliyev küçələrində və ya Müşfiqabad qəsəbəsində soyuqdan titrədən sakini bu dedikləriniz maraqlandıırmır. O bircə suala cavab istəyir: “Evimə istilik nə vaxt gələcək?” Konkret cavabınız nədir?

- Danışıqlar gedir. Hissə-hissə qaz təchizatı bərpa olunur.

- Yəni dekabra çəkəcək?

- Yox, yəqin 2-3 günə həllini tapacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG