Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:35

İlham Əliyev: «Böhran, hələ ki, davam edir, sonu görünmür»


İlham Əliyev
İlham Əliyev

-

«Bu gün dünyada yaşanan iqtisadi böhran, hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq».

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində çıxış edərkən belə deyib.

İLHAM ƏLİYEV «YENİ MODEL»LƏ BAĞLI ALİMLƏRƏ ÇAĞIRIŞ ETDİ

«Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, biz neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir», - söyləyib prezident.

İlham Əliyev bildirib ki, hökumət iqtisadiyyatın «yeni modeli» haqqında düşünür. Bununla bağlı dövlət qurumlarına və hökumətə göstərişlər verildiyini deyən prezident alimlərin də bu işdə fəal iştirak etmələrini istədiyini söyləyib.

«İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşüb. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik», - bildirib İlham Əliyev.

«GƏLƏCƏK İNKİŞAFIMIZI SƏNAYE VƏ KƏND TƏSƏRRÜFATI MÜƏYYƏN EDƏCƏK»

İlham Əliyev deyib ki, Azərbaycan ixrac potensialını böyük dərəcədə artıra bilər: «Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır».

«AZƏRBAYCANIN İNKİŞAF ETMİŞ ÖLKƏ OLMASI ÜÇÜN İMKANLAR VAR»

Dövlət başçısı Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına daxil olmaq istəyindən və bunun üçün imkanların olmasından da danışıb: «Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun».

«ANA DİLİMİZƏ YAD KƏLMƏLƏR DAXİL OLMAMALIDIR»

Alimlər qarşısında çıxış edən İlham Əliyev Azərbaycan dilinin qorunmasının vacibliyinə də toxunub. O, dilə «xaricdən müdaxilələr» edilməsinə görə narahat olduğunu söyləyib: «Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük».

Prezident ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə kənar kəlmələrdən istifadə edilməsinə şahid olduğunu bildirib: «Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır».

«XANKƏNDİNİN HƏR HANSI ADI OLSAYDI, ERMƏNİLƏR ONU BƏRPA EDƏRDİLƏR»

Azərbaycan tarixindən danışan dövlət başçısı onun dünya miqyasında təqdimatının lazımlı olduğunu bildirib: «Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. «Erməni alimləri» xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb».

İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: ««Qarabağ», «Xankəndi» Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun «Stepanakert» adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulub. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa».

İlham Əliyev çıxışının sonunda deyib ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər yaradılmasının vaxtı çatıb. «Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər», - əlavə edib dövlət başçısı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG