Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

İlham Əliyev: «Avropada faşizm baş qaldırır?!»


İlham Əliyev - 17 sentyabr 2015.
İlham Əliyev - 17 sentyabr 2015.

-

«Görün, bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır».

AzərTac xəbər verir ki, bunu prezident İlham Əliyev sentyabrın 17-də Ağsuya səfəri zamanı yerli sakinlərlə görüşündə deyib. Onun fikrincə, Avropada baş verənlər daha çox mənəvi böhrandır.

Dövlət başçısı Avropanın qaçqınlarla bağlı yaşadığı problemlərə toxunub: «Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?!».

«QOYMADIQ Kİ…»

İlham Əliyev deyir ki, dünyada yaşananlar həm ideoloji qarşıdurmadır, həm də təbii resurslar uğrunda gedən mübarizədir: «Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar».

Ölkə rəhbəri çıxışında vurğulayır ki, Azərbaycan çoxmillətli və çoxdinli ölkədir: «Mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin».

«SƏNİNKİ SƏNDƏ, MƏNİMKİ MƏNDƏ»

İlham Əliyev deyir ki, onlar heç bir təxribata getmirlər: «Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə».

İlham Əliyev Ağsuya içməli suyun verilməsi, şahmat məktəbinin, idman kompleksinin, Ağsu-Kürdəmir yolunun açılış mərasimlərində iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG