Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:54

Rüşvətin dollar məzənnəsi...


Korrupsiya.
Korrupsiya.

-

Məntiq bizə nə deyir-desin, böhran dövründə Rusiyadakı korrupsiya azalmaq yerinə daha da artıb. Bu yeni durumda korrupsiya təkcə Rusiya iqtisadiyyatını ayaqda tutmaqla qalmır,hətta həmin iqtisadiyyatın çiçəklənən və rublun dəyər sürüşməsinə uyğunlaşan ayrıca sahəsinə çevrilib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2015-ci ilin ilk yarısında rüşvətin orta həcmi iki dəfə artaraq 109 min rubldan (təxminən 1725 ABŞ dolları) 208 min rubla (3 min 291 ABŞ dollarına yaxın) qalxıb. Dollarla verilən rüşvətin həcmində isə artım o qədər də gözə çarpmır. Bu rəqəm 3 min 50-dən 3 min 315 dollara yüksəlib.

Bunun həyatda nə demək olduğunu Moskva universitetlərindən birinin müəllimi Yevgeny-nin timsalında görmək olar. O, universitetə girən bəzi tələbələrin rüşvət verdiyini bilirdi. Yaxşı qiymət almaq və ya daha çox imtahanda kəsilməmək üçün onun özünə də vaxtaşırı rüşvət təklif edirdilər. Bu məbləğ, adətən, 10 min rubladək (158 dollar) olurdu: «Tələbənin, sadəcə, bəxti gətirmədiyini, onun daha yaxşı qiymətə layiq olduğunu hiss edəndə, pulu götürürdüm. Artıq pulun ziyanı olmaz».

«KOMİSSİYA HAQQI»

Ancaq bu il universitet rəhbərliyinin nümayəndəsi gözlənilməz şəkildə Yevgeny-dən «komissiya haqqı» istəyib: «Elə bilirdi ki, mən tələbələrdən semestr boyunca yüz minlərcə rubl alıram və bu məbləğdən də əlli min ona verməliydim. Dedim ki, heç o əlli mini də «qazanmıram». Cavabında Yevgeny-yə deyilib ki, yaxşısı budur, o bu pulları «qazansın», çünki istənilən halda həmin məbləği ödəməlidir. Yevgeny-nin sözlərinə görə, «əslində, qadın bu sözləri üzr istəyirmişcəsinə deyir və anladırdı ki, özünün bossu ondan yüz mindən çox ödəməsini tələb edib. Səbəbini soruşanda, mənə elə baxdı ki, sanki səfeh bir sual vermişdim: «Onun (bossun) oğlu Amerikada oxuyur, bu isə puldur... Rublun məzənnəsi dollara nisbətdə nə qədər aşağı düşürsə, müdir də işçilərindən o qədər çox «qoparmağa» məcburdur...»».

Başqa deyimlə, iqtisadi böhran istər dövlətin, istərsə vətəndaşın büdcəsini eyni dərəcədə «gəmirir» və köhnə, yırtıcı, həm də qəliz korrupsiya növü yenidən qayıdır.

Hər şey sanki mədəni don geyinmişdi. Korrupsiya vardı, amma nizamlanmış və qəbulolunan idi; amma indi hər şey dəyişir, yırtıcılaşır.

Oleg adlı xırda ticarətçinin təbirincə desək, «hər şey sanki mədəni don geyinmişdi. Korrupsiya vardı, amma nizamlanmış və qəbulolunan idi; amma indi hər şey dəyişir, yırtıcılaşır».

«MƏDƏNİ KORRUPSİYA»NIN SONU

Moskvada bir neçə xırda paltar dükanı işlədən Margarita deyir ki, bu il onun yanına «haqlarını» almağa yerli polis və federal miqrasiya xidmətinin yaxşı silahlanmış zabitləri gəliblər. Sonuncular ona başa salıblar ki, onun dükanlarında qanunsuz miqrantlar «aşkar edə» bilərlər. Bu payız yanğın inspeksiyası sertifikatının müddəti bitdiyindən, indi Margarita qorxur ki, onun da uzadılması yığımsız ötüşməyəcək.

Fövqəladə Hallar Nazirliyi ən kiçik biznes üçün yoxlamalararası intervalı bir ildən beş ilədək artırmaq qərarına gəlib. Bəs bu qərarın Margarita-ya nə təsiri var? «Bu yay yanğın müfəttişi gələndə bizi xəbərdar etdi ki, bu dəfə məndən beş dəfə çox haqq almağa məcburdur – «quraqlıq» çağında özünü dolandırmalıdır, axı».

Amma biznesi ətrafında dolaşan bu xırda yırtıcılara pul verməmək variantı da var: Margarita onun hesabına dolanmaq istəyənlərdən qorunmaqdan ötrü özünə «hami» tapmaq barədə düşünür. Variantlardan biri şəhər administrasiyasında «bərkgedən» bir adam tapıb ayda ona himayə müqabilində 200 min rubl verməkdir. Bir başqa yol da əvvəllər xüsusi xidmət orqanlarında çalışmış, yaxşı əlaqələri olan yerli biznesmenlə iş görməkdir. Həmin biznesmen «hamilik» müqabilində Margarita-nın biznesinə şərik olmaq istəyir.

Danışıqlar uzandıqca, Margarita biznesini saxlaya bilməyəcəyindən rahatsızlanır. Deyir ki, satış onsuz da aşağı düşür və hamıya haqq ödəməli olsa, o zaman 3 dükan saxlamağın bir anlamı olmayacaq.

Bu yay yanğın müfəttişi gələndə bizi xəbərdar etdi ki, bu dəfə məndən beş dəfə çox haqq almağa məcburdur – «quraqlıq» çağında özünü dolandırmalıdır, axı.

NAZİRLİYİN ÖZÜ DƏ ETİRAF EDİR Kİ...

İqtisadi İnkişaf Nazirliyi kiçik və orta biznesə dəstək strategiyası hazırlayır. Məqsəd - 2030-cu ilədək həmin biznesin iqtisadiyyatdakı payını iki dəfədən çox artırmaqdır. 2013-14-cü illərdə hökumət bu proqrama 135 milyard rubl (təxminən 2 milyard 150 milyon dollar) xərcləyib. Amma nazirliyin özü də etiraf edir ki, görülən işin elə bir səmərəsi olmayıb və əslində, bu dövrdə kiçik və orta biznes sektoru daralıb. Üstəlik, bu daralma prosesi ümumi iqtisadiyyata nisbətən daha sürətlə baş verib. Kiçik və orta biznes sektoru bürokratlaşmanın və onunla qoşa gedən korrupsiyanın qurbanına çevrilib.

Geniş yayılmış fikrə görə, yaxın vaxtlaradək korrupsiya tədricən nəzarətə alınırdı. Sistemi zəiflətsə də, tənzimlənən və təxmin edilən idi: sahibkarlar kimə nə qədər verəcəklərini bilir və beləcə, öz biznes planlarında rüşvət xərclərini nəzərə alırdılar. Son 15 ayda isə hər şey dəyişib – tələb olunan məbləğlərin artması bir yana, onları ödəməkdən yayınmaq imkanları da azalır.Əvvəllərrüşvətlə əlavə kağız-kuğuz işindən canınızı qurtara bilirdinizsə, indi rüşvət verməsəniz, həyatınızı cəhənnəmə çevirən biri mütləq tapılacaq.

FRANSIZ ŞƏRABI VƏ İNGİLİS PEÇENYESİ...

Rüşvətin orta həcminin dolların məzənnəsindən asılılığı adamı mat qoyur. Burada əsas rolu adi ruslar yox, beynəlxalq yaşam tərzinə öyrəşmiş elita oynayır. Həmin insanlar iki yerdə yaşayırlar - həm Rusiyada, həm də xaricdə evləri var. Onların istehlak zənbilinə fransız şərabı və ingilis peçenyesi də daxildir, evləri ağzınadək xarici elektrik avadanlığı ilə doludur. Rublun ucuzlaşmasını və bu üzdən rüşvət həcminin 91 faiz artmasını da, ilk növbədə, onlar hiss edirlər.Onlar öz iştahlarından kəsməkdənsə, çar Rusiyasındakı kimi, hakimiyyətdə olanları «yemləmə» üsuluna əl atırlar.

Prezident administrasiyasının rəhbəri, prezidentin dostu və müttəfiqi Sergei Ivanov korrupsiyanı «Rusiyanın təhlükəsizliyinə və milli suverenliyinə birbaşa təhlükə» adlandırır. Bu, onun diliylə, böhran dönəmində Kremlin səsləndirdiyi mövqedir. Korrupsiya qalmaqallarının sədası hakimiyyət sisteminin ən yuxarılarından gəlir. Hesablama Palatasının sədri Rusiyanın kosmik agentliyi olan «Roskosmos»u 2014-cü ildə 92 milyard rublun (o vaxtın kursu ilə 1.68 milyard dollar) «itirilməsində» suçlayıb. «Rosnano» və «Spetsstroy» kimi nəhəng dövlət qurumlarında yeyintilər barədə də ittihamlar səslənib. Di gəl, nədənsə bütün bu ifşalar korrupsiya konveyerini işlədənləri qorxutmur.

Hökumət sənin pullarını yaxınlıqda saxlamağını istəyəndə, əslində, öz əllərinə yaxınlığı nəzərdə tutur. Bu isə o deməkdir ki, pullarını həmin əllərdən mümkün qədər uzağa aparmaq üçün əlindən gələni eləməyin vaxtı çatıb.

CƏRİMƏLƏNMİŞLƏRİN 4 FAİZİ...

Niyə? 2015-ci ilin yanvarında prezident administrasiyasının rəhbəri bəyan etmişdi ki, 2014-cü ildə 120 min antikorrupsiya təhqiqatı başlayıb. Nəticədə 5 min məmuru «məsuliyyətə cəlb ediblər». Reallıqda isə, demək olar, hər bir halda iş cərimə, yaxud adi qınaqla başa çatıb. S.Ivanov-un özünün etirafına görə, yalnız 200 məmur işdən qovulub. Bu, cərimələnmişlərin 4-cə faizi deməkdir. Üstəlik, ittiham irəli sürmək hələ cəza demək deyil. Müdafiə Nazirliyinin əmlak münasibətləri departamentinin keçmiş rəisi Evgenia Vasilyeva nazirlik əmlakının satışı zamanı üç milyard rublu (60 milyon dollar) oğurlamaqda suçlanaraq beş il həbs cəzası alsa da, bu müddətin cəmi dörd ayını həbsxanada keçirəndən sonra şərti azadlığa buraxılıb.

Bundan başqa, ittihamlar daha çox hansısa məmurun gözdən düşməsini əks etdirir. Məsələn, Vasilyeva-nın həbsi onun rəisi, müdafiə naziri Anatoly Serdyukov-un istefasından sonra baş vermişdi.

SƏLAHİYYƏT SÖVDƏLƏŞMƏSİ

Bütün bunlar başlıca ziddiyyəti vurğulayır: indiki Rusiya hökuməti sözdə rüşvətxorluğa nifrinlər yağdırsa da, reallıqda korrupsiya elitanı birləşdirib-rahatlaşdırır.

Vətənsevərlik çağırışları divara dəymiş kimi görünür. «Ofşorsuzlaşma» səyləri isə rusları öz kapitallarını Rusiyaya qaytarmağa həvəsləndirməli olduğu halda, bəzi sahibkarları pullarını fəal şəkildə ölkədən çıxarmağa vadar edib. Ötən il Rusiyadan kapital axını iki dəfədən çox artaraq, 151 milyard 500 milyon dollara çatıb. Bir rusiyalı biznesmenin təbirincə desək, «hökumət sənin pullarını yaxınlıqda saxlamağını istəyəndə, əslində, öz əllərinə yaxınlığı nəzərdə tutur. Bu isə o deməkdir ki, pullarını həmin əllərdən mümkün qədər uzağa aparmaq üçün əlindən gələni eləməyin vaxtı çatıb».

Levada Mərkəzinin ötənilki sorğusuna görə, respondentlərin 40 faizi korrupsiyada şəxsən Vladimir Putin-in əli olduğunu düşünür və ya mümkün sayır. Rəyi soruşulanların yalnız 18 faizi bunun belə olmadığına inanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG