Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:27

Ramiz Mehdiyev: «Marionetka statusu istisna edilir»


Ramiz Mehdiyev.
Ramiz Mehdiyev.

-

«Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar. Onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar».

Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni məqaləsində yazır. (İri həcmli məqaləni buradan götürə bilərsiz)

«Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti» adlı məqaləni rəsmi dövlət informasiya agentliyi olan AzərTac yayıb.

Ramiz Mehdiyev yazır: «Artmaqda olan islamofobiya, Avropada multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili standartların xarakterik təzahürləri kimi tendensioz hadisələr çoxlu suallar doğurur. Təkcə Avropa İttifaqının deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təsisatların anti-Azərbaycan siyasətinin təhlili Azərbaycanın milli maraqları üçün praktiki əhəmiyyət kəsb edir. Bu strukturların suveren Azərbaycana münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsi rəsmi Bakı üçün vacibdir. Bu gün həmin Avropa təsisatlarının, ümumiyyətlə, müstəqil ölkələrə münasibətdə və xüsusən Azərbaycanla bağlı fəaliyyəti insanhüquqları məsələsindən suveren dövlətə siyasi təzyiq metodu kimi istifadə edilməsi ilə xarakterizə olunur. Süni şəkildə şişirdilən problemlərin və ənənəvi alətlərin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə edilir, mühüm qərarların qəbulu praktikasında ikili standartlar tətbiq olunur».

OBAMA-YA GİLEY

Ramiz Mehdiyev ABŞ prezidentindən də gileylənir:

«ABŞ prezidenti Barack Obama BMT Baş Assambleyasının bu qurumun yaradılmasının 70 illiyinə həsr edilmiş iclasındakı çıxışında bugünkü Ukrayna probleminə toxunaraq deyib: «Ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulduğu bir vaxtda biz kənarda qala bilmərik». Bu hadisələr cənab Barack Obama-nı hiddətləndirir. Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ prezidentini özündən çıxarmır. Bu cür münasibət nə dərəcədə ədalətlidir?».

«ŞƏRQ TƏRƏFDAŞLIĞI» MƏYUS EDİB

Ramiz Mehdiyev Azərbaycanın Avropa İttifaqı ilə gələcək münasibətlərinə də toxunur:

«Azərbaycan Aİ-nin tərəfdaşı kimi, onun bütün sahələrdə ardıcıl inkişaf etməsində maraqlıdır. Lakin bizim fikrimizcə, bu inkişaf çox cəhətdən Brüsselin Avropa inteqrasiyasının əsasını təşkil edən baza prinsiplərinə və ideyalarına nə dərəcədə riayət etməsindən, onun istər İttifaq daxilində, istərsə də İttifaq hüdudlarından kənarda ikili standartlar siyasətini aradan qaldırmağı bacarmasından asılı olacaq. Şübhəsiz ki, bunsuz Aİ 1990-cı illərin əvvəlində öz qonşularının nəzərində qazandığı cəlbedici imici bərpa edə bilməyəcək».

Prezident Administrasiyası rəhbəri «Şərq tərəfdaşlığı» layihəsi ilə bağlı yazır ki, «Şərq tərəfdaşlığı»nın sonuncu, 2015-ci ildə keçirilmiş Riqa sammitinin yekunlarına, orada qəbul edilmiş bəyannamənin xarakterinə diqqət yetirilməlidir: «Əvvələn, bu bəyannamə «Şərq tərəfdaşlığı»nın iştirakçıları olan ölkələrin əksəriyyətini məyus etdi. Çünki onun mətni əvvəlki sənədlə müqayisədə daha zəif və yayğın oldu. Sənəddə «altılıq» ölkələrinin Avropa İttifaqında tamhüquqlu üzvlüyünə dair müddəaların olmaması üzə çıxdı, hərçənd, assosiasiya haqqında müqaviləni imzalamış dövlətlərə vəd edilmişdi ki, onlar avrozonanın genişlənməsi strategiyası çərçivəsində Aİ-yə daxil ediləcək. Gürcüstan və Ukrayna kimi ölkələrə vizasız rejim təqdim olunması məsələsi də sammitdə konkret həll edilmədi.

Lakin hətta bu cür uğursuz və «dişsiz» sammitdə də Aİ rəsmiləri Azərbaycanı guya birgə bəyannamənin mətnini imzalamaqdan imtina etmiş qeyri-konstruktiv iştirakçı kimi təqdim etməyə çalışdılar».

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Riqa sammitinə getmədi. Xarici işlər naziri Elmar Məmmədyarovun tədbiri yarımçıq tərk etdiyi bildirilsə də, sonradan bu xəbər Azərbaycan tərəfdən təkzib olundu. Azərbaycan Riqa Bəyannaməsini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair xüsusi şərtlə imzaladı.

YALNIZ BƏRABƏRHÜQUQLU DİALOQ

Ramiz Mehdiyev yazır: «Biz artıq bildirmişik ki, Azərbaycan bütün tərəfdaşları, o cümlədən Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu dialoqu qəbul edir. Lakin bizim fikrimizcə, «Şərq tərəfdaşlığı» problemi təkcə fərdi yanaşmanın olmamasından ibarət deyil. Müxtəlif siyasi və sosiomədəni ənənələri olan ölkələrdə Avropa inteqrasiyasının baza normalarının, ideya və prinsiplərinin səmərəsiz və səhv implementasiyası bu layihənin zəif bəndidir. Bu xüsusiyyəti anlamadan qonşuluq siyasəti çərçivəsində Aİ-nin yeni təşəbbüslərinin səmərəli və uğurlu olacağını gözləməyin mənası yoxdur».

DEMOKRATİYA, MARİONETKA STATUSU

Ramiz Mehdiyev Azərbaycanda demokratiya məsələsinə də nəzər yetirir: «Azərbaycan ölkədə demokratiya qurmağa yalnız 25 il bundan əvvəl başlayıb. Ölkəmizin müstəqillik, demokratikləşmə və hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə əsr lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik.

Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG