Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12
-
Aprelin 17-də prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri 75 yaşını tamamlayan Ramiz Mehdiyevi «Şərəf» ordeni ilə təltif edib. Sərəncamda bildirilir ki, Ramiz Mehdiyev bu ordenə dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə layiq görülür.

Əvvəlki dönəmlərlə müqayisədə son zamanlar Ramiz Mehdiyevin adı mediada daha çox çəkilir. Ekspertlərin fikrincə, bunun 2 səbəbi var. Birincisi odur ki, bu il seçki ilidir. İkinci səbəb – Ramiz Mehdiyevin fəaliyyətinin pərdəarxası məqamları barədə vaxtaşırı tənqidi mediada işaran məlumatlardır.

«SIRF KABİNET MƏMURU»

Politoloq Zəfər Quliyevin fikrincə, «Ramiz Mehdiyev doğrudan da Azərbaycan iqtidarının ən nüfuzlu və hiss olunur ki, son illər əvəzedilməz fiqurudur».

O, bu 75 yaşlı yüksəkvəzifəli məmurun azı 20 il Heydər Əliyevlə, daha sonra da onun oğlu İlham Əliyevlə birgə çalışdığını xatırladır:

RAMİZ MEHDİYEV

1938-ci ildə doğulub. Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1957-ci ildə «Xəzərdənizneft» İdarəsində başlayıb. 1965-68-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin təlimatçısı, 1968-1969-cu illərdə respublika komsomolu Naxçıvan vilayət komitəsinin ikinci katibi olub.

1970-1971-ci illərdə Moskva Dövlət Universitetinin fəlsəfə Fakültəsinin aspirantı olub. 1972-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) elmi kommunizm kafedrasında dərs deyib.

1974-1978-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, elm və tədris şöbəsi müdirinin müavini olub. 1978-1980-ci illərdə 26 Bakı komissarı adına (indiki Səbail) rayon partiya komitəsində birinci katib vəzifəsində işləyib.

1980-1983-cü illərdə Azərbaycan KP MK-nın elm və tədris, təşkilat-partiya şöbələrinin müdiri, 1983-1988-ci illərdə KP MK-nın katibi olub.

1988-1994-cü illərdə Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri vəzifəsini tutub. 1994-1995-ci illərdə Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiri olub. 1995-ci ildən Prezidentin İcra Aparatının (2009-cu ildən Prezident Administrasiyasının) rəhbəridir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Həqiqi dövlət müşaviridir. Fəlsəfə elmləri doktoru, akademikdir.
«Heydər Əliyevin dövründə Ramiz Mehdiyev sırf kabinet məmuru idi. Onu «boz kardinal» da adlandırırdılar. Axı özü kölgədə qalır və Heydər Əliyev də onun çox görünməsinə imkan vermirdi. Həmin dövrdə o, çoxlu kitab və məqalə də yazmırdı. Birbaşa daxili aparat işi ilə məşğul idi və bu aparat işini çox məharətlə qururdu. Ramiz Mehdiyev İlham Əliyevin dövründə artıq yavaş-yavaş görünməyə başladı».

Zəfər Quliyev 2010-cu ildə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaranan vaxt Ramiz Mehdiyevin Türkiyəyə səfərini, ölkədaxili siyasi proseslərlə bağlı açıqlamalarını, bir çox komissiyalara və ölkədəki kadr siyasətinə rəhbərlik etməsini, seçki proseslərini necə yönəltməsini, müxalifətə qarşı olan kampaniyaların başında dayanmasını, mediaya nəzarətini də vurğulayır.

DİQQƏT VƏ QINAQ HƏDƏFİ

Keçmiş rektor Elşad Abdullayevin ötən ilin sentyabrından bəri yaydığı videomateriallarda Ramiz Mehdiyevin adı daha çox hallanır və qınaq obyektinə çevrilirdi. Gizli çəkilmiş videogörüntülərdə deputat Gülər Əhmədova olduğu iddia edilən qadın Elşad Abdullayevdən deputat seçilməsi üçün 1 milyon (videoda hansı valyutadan söhbət getdiyi məlum olmur) tələb edirdi. Keçmiş universitet rektoru bu pulun Ramiz Mehdiyevə çatıb-çatmadığını dəqiqləşdirməyə çalışırdı.

Ramiz Mehdiyev tezliklə reaksiya verdi və bildirdi ki, «bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır . Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək».

R.MEHDİYEVİN ƏVƏZEDİCİLƏRİ?

Prezidentin Ramiz Mehdiyevə fövqəladə durumda idarəetmə ixtiyarını üzərinə götürə biləcək yeni 4 müavin vəzifəsi təsis etməsi, bir çox müşahidəçiyə görə, «ölkədə 2-ci şəxs»ə xəbərdarlıq kimi də qavrana bilərdi. İsmayıllı olaylarından sonra prezidentin iştirakı ilə keçirilən müşavirəyə Ramiz Mehdiyevin qatılmaması da diqqətdən yayınmadı. Onun qısamüddətli məzuniyyətdə olduğu bildirilsə də, yerli media Ramiz Mehdiyevin vəzifəsindən kənarlaşdırılacağından yazırdı.

«ANCAQ HAKİMİYYƏT ONSUZ BACARMADI»
Zəfər Quliyev

Zəfər Quliyev


Zəfər Quliyev deyir ki, hakimiyyət onsuz bacarmadığını və onun hələ gərəkli olduğunu gördü:

«Hadisələrin gedişi göstərdi ki, hakimiyyət, hələlik, Ramiz Mehdiyevsiz bacarmır. Bəlkə də yanvarın axırında doğrudan da belə bir niyyət vardı. Gülər Əhmədovanın həbsi də sanki bundan xəbər verirdi. Amma fevralın axırı, martın əvvəlindən bəri Ramiz Mehdiyev yenidən siyasi səhnədə fəal rol oynamağa başladı. İdarəçiliyin həlledici və riskli dövründə, ola bilsin, dövlət başçısı da anladı ki, Ramiz Mehdiyevin bir balaca zəifləməsi, qısa bir müddətə kənarlaşdırılması da hakimiyyətə ciddi problemlər yarada bilər».

Daha sonra Ramiz Mehdiyev beynəlxalq QHT-ləri Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə inqilab etməyə cəhddə suçladı. Etiraz aksiyalarına qatılan gənc fəalları onların həbsindən sonra və heç məhkəmə qərarı olmadan cinayət əməlində ittiham etdi:

«Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən, satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar, sadəcə, çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki «Molotov kokteyli», narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir».

Əli Abbasov

Əli Abbasov

«MÜHAFİZƏKARLAR BELƏDİR: ONLARLA DANIŞMAQ ÇƏTİNDİR»

​Politoloq, professor Əli Abbasov Ramiz Mehdiyevi hakimiyyətin mühafizəkar qolunun rəhbəri kimi səciyyələndirir və ölkədəki idarəçiliyin onu adı ilə bağlı olduğunu düşünür:

«Respublikada ümumi idarəçilik, çox güman, onun adı ilə bağlıdır. Seçkilərlə məşğul olan xarici qruplar deyirlər ki, bu insanla danışmaq çətindir. Mühafizəkarlar belədir, çünki onlar sabitlik olmasına çalışırlar. R.Mehdiyevin yazılarından da bu nəticə çıxır ki, tələsmək lazım deyil, mərhələ-mərhələ getmək lazımdır, demokratiya qabaqdadır. Bu, onun sistem görüşüdür. Bu sistem görüşü təkcə əməllərində deyil, onun yazılarında da görünür».

Ekspertlərin bir fikri tam üst-üstə düşür: Ramiz Mehdiyev hakimiyyətə çox lazımdır. Demək, ən azı seçkiyədək 75 yaşlı administrasiya rəhbəri vəzifəsində qalacaq. Seçkidən sonra nə olacağını isə, təbii ki, zaman göstərəcək.

Şərhləri göstər

XS
SM
MD
LG