Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

Azərbaycan Riqa sammitinin Bəyannaməsini xüsusi şərtlə imzaladı


Elmar Məmmədyarov və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker - Riqa, 22 may 2015
Elmar Məmmədyarov və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker - Riqa, 22 may 2015

-

Azərbaycan Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

«Amma iclasda da qeyd olundu ki, Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var».

Bundan qabaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yekun bəyannaməyə dair müzakirələri yarımçıq tərk etdiyi bildirilirdi.

AzadlıqRadiosu müxbirinin məlumatına görə, Elmar Məmmədyarov sammitdəki çıxışında sənədin mətni, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə qəti narazılıq bildirib.

AZƏRBAYCANIN İRADLARI

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədov Azərbaycanın iradlarını belə açıqlayıb:

«Əsas iradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük».

O, Riqa sammitində Azərbaycan tərəfi ilə bağlı yaranan gərginliyi məhz bəyannamənin mətni ilə izah edib:

«Konkret hansı hissələrlə bağlı iradlarımız olduğunu indi açıqlamaq istəmirəm. Amma bildirmək istəyirəm ki, bəyannamənin Azərbaycanla bağlı müddəaları əməkdaşlığın ruhuna cavab vermir. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan da narazıyıq».

N.Məmmədov əlavə edib ki, bütün bu iradlar Avropa İttifaqı rəhbərliyinə, iştirakçı dövlətlərin başçılarına çatdırılıb:

«Bununla bağlı böyük gərginlik yarandı. Biz ümumi bəyannaməyə razılıq verdik. Amma xüsusi mövqeyimizi əlavə etməklə. Bu mövqeyimizi rəsmi şəkildə Aİ rəhbərliyinə göndərəcəyik».

AVROPA PARLAMENTİNİN PREZİDENTİ BAKININ İRADLARINI QƏBUL ETMİR

Avropa Parlamentinin prezidenti Martin Schulz Riqa sammitində Azərbaycanla bağlı yaranan gərginliyə münasibət bildirib. O deyib ki, Azərbaycanın əsas iradı odur ki, Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə Ukrayna böhranında olduğu qədər dəstək vermir:

Martin Schulz
Martin Schulz

«Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Ukraynada baş verənlərsə, yox. Ukraynada olanları izah etmək asandır. Rusiya Krımın ilhaqı ilə beynəlxalq qanunları pozub. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi hər birimizin problemidir və bizlər bu münaqişənin həllini istəyirik».

Martin Schulz qeyd edib ki, Avropa Birliyi ilə danışıqlarda Azərbaycanda demokratiya məsələləri də əsas mövzulardandır:

«Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Amma düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kimlər ki, bir-biri ilə danışır, müzakirələr aparır, onda nələrisə dəyişmək mümkündür».

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədov isə bildirib ki, Martin Schulz Azərbaycana sataşmaq üçün bəhanə axtarır:

«Görünür, onun beynində ancaq Azərbaycan var. Riqa sammiti tərəfdaş ölkələrin işbirliyinin indiki vəziyyəti və problemlərin müzakirəsi idi. Bizim də Avropa İttiffaqı ilə əməkdaşlıqda müəyyən sözümüz, mövqeyimiz var idi».

DONALD TUSK İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ

«Şübhəm yoxdur ki, əməkdaşlığımız davam edəcək və hətta Avropa Birliyi ilə Azərbaycan əməkdaşlığı gücləndirmək əzmindədirlər. Bu, ola bilsin ki, prezident İİlham Əliyevin ən aydın mesajı idi».

Donald Tusk
Donald Tusk

Avropa Birliyi Şurasının prezidenti Donald Tusk mayın 22-də Riqa sammitindən sonra keçirdiyi mətbuat konfransıda belə deyib. Cənab Tusk bu gün Azərbaycan prezidenti İlham Əliyevə zəng etdiyini bildirib.

«Biz həm Avropa Birliyi, həm də «Şərq Tərəfdaşlığı» Proqramı kimi yeni yanaşmalara ehtiyacımız olduğunu yaxşı başa düşürük. Bu, mənin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirəmin əsas mövzusu idi və faktiki olaraq söhbətimiz bəyannamə barədə deyildi... Şübhəm yoxdur ki, əməkdaşlığımız davam edəcək və hətta Avropa Birliyi ilə Azərbaycan əməkdaşlığı gücləndirmək əzmindədirlər. Bu, ola bilsin ki, prezident İİlham Əliyevin ən aydın mesajı idi» - deyə o vurğulayıb.

Mayın 21-22-də Riqada «Şərq Tərəfdaşlığı» (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirilib.

Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» layihəsi 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusa təqdim olunub. Layihə Avropa İttifaqının bu altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib.

XS
SM
MD
LG