Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Konqresmenlərin mübahisəli Bakı səfəri - hesabat açıqlandı


Azərbaycana səfər etmiş konqresmenlər.

Azərbaycana səfər etmiş konqresmenlər.

-

Vaşinqtondan alınan xəbərlərdə deyilir ki, ABŞ Nümayəndələr Palatasının etika məsələləri üzrə müstəqil təhqiqatçıları bir sıra millət vəkillərinin Azərbaycana etika qaydalarına zidd səfərinə dair hesabatı açıqlayıblar.

Bundan əvvəl Konqresin Etika Komitəsi təhqiqatların dayandırımasına çağırmış və hesabatı açıqlamaqdan imtina etmişdi.

Etikanın iki qurumu

Məsələ burasındadır ki, 2008-ci ildən bəri Amerika Konqresində Etika Komitəsindən başqa bir də Konqressin Etika Ofisi fəaliyyət göstərir. Əslində, ikincinin funksiyası Konqresdə etika məsələlərinə nəzarət edən komitənin özünə göz qoymaqdır.

USA Today qəzeti yazır ki, Etika Komitəsi ilə Etika Ofisi arasında ziddiyyətlər bundan əvvəllər də baş verib.

Əslində bu iki qurum arasında daimi gərginlik müşahidə olunur.

Konqresin keçmiş spikeri John Boehner

Konqresin keçmiş spikeri John Boehner

Bundan əvvəl həm Etika Komitəsi, həm də Etika Ofisi 2013-cü ildə Konqresin 10 üzvünün və 20-dək əməkdaşının Azərbaycana pulu xarici şirkətlər tərəfindən etika qaydalarına zidd şəkildə ödənmiş səfərə getdikləri barədə nəticəyə gəlmişdi. Bununla yanaşı, hər iki qurum belə bir qərar qəbul etmişdi ki, millət vəkilləri pozuntuya yol verməyiblər, beləki onlar səfər pulunun səfəri təşkil edən qeyri-mənfəət qrupları tərəfindən ödənmədiyini heç cür bilə bilməzdilər.

Bu da bildirilir ki, səfərin özünə əvvəlcədən elə həmin Etika Komitəsi tərəfindən xeyir-dua verilmişdi. Yəni Komitə səfərin maliyyələşdirilməsi ilə bağlı hər hansı problem aşkar etməmişdi.

Lakin USA Today qəzeti iddia edir ki, səfərə xeyir-dua verilərkən Etika Komitəsi öz qaydalarını lazımi prinsipiallıqla tətbiq etməyib və bununla da millət vəkillərinin bəyannamə qaydalarından yan keçmələrinə şərait yaranıb.

Komitə Azərbaycan üçün istisnanı niyə edib?

Mövcud qaydalara görə, müstəqil üzvlərdən ibarət Etika Ofisi araşdırmalarının nəticələrini Etika Komitəsinə təqdim etməlidir. Bundan sonra lazım olarsa, tənbeh və cəzaları konkret olaraq Komitə müəyyən etməlidir.

Lakin Azərbaycan məsələsində Etika Komitəsi Etika Ofisinə təhqiqatı dayandırmaq və ixtiyarında olan materialları ona vermək göstərişi verib.

Etika Ofisi bu göstərişi rədd edərək təhqiqatı davam etdirib və may ayında hazır hesabatı Konqress Komitəsinə təqdim edib. Bu, əslində hər bir səfər etmiş konqresmenə həsr olunmuş ayrı-ayrı doqquz hesabat idi. Təhqiqat başa çatanda 10-cu konqresmen artıq millət vəkili deyildi.

Bundan az sonra hesabtın bir versiyası “Washington Post” qəzetinə sızdırılmışdı.

Etika Ofisi: Konqresmenlər qanunu pozublar

Lakin rəsmi hesabat iyul ayında açıqlanarkən məlum olmuşdu ki, bura Etika Ofisinin hesabatları daxil edilməyib. Etika Komitəsi bildirirdi ki, o Etika Ofisinə təhqiqatı dayandırmaq göstərişi verdiyinə görə onun hesabatlarını qanunsuz hesab edir.

Konqresmenlər səfərin kim tərəfindən maliyyələşdirildiyini bilməsələr də, artıq səfər zamanı icazə verilməmiş hədiyyələri qəbul etməklə, Konqresin davranış qaydalarını və federal qanunu pozublar

Komitə iddia edirdi ki, Etika Ofisi öz hesabatını mətbuata sızdırmaqla öz təhqiqatını alt-üst edib və əsas şahidlərin 5-ci düzəlişdən yararlanaraq ifadə verməkdən boyun qaçırmalarına imkan yaradıb.

Guya buna görə də, Azərbaycana səfərin pulunun kim tərəfindən verildiyi rəsmi təsdiq olunmayıb.

Konqresin Etika Ofisinin 9 hesabatının hər birində ayrıca olaraq Konqres Komitəsinə Bakı səfərinin araşdırılmasının davam etdirilməsi tövsiyə edilib.

Tövsiyələrdə bildirilir ki, millət vəkilləri səfərin kim tərəfindən maliyyələşdirildiyini bilməsələr də, artıq səfər zamanı icazə verilməmiş hədiyyələri qəbul etməklə, Konqresin davranış qaydalarını və federal qanunu pozublar.

Əslində Azərbaycan səfəri ilə bağlı söz-söhbət uzun müddətdir ki, kəsilmək bilmir.

Konqresin spikeri John Boehner-in vəzifəsindən istefa verməsinin dərhal ardınca ABŞ Milli Hüquq və Siyasət Mərkəzinin (The National Legal and Policy Center) saytında dərc olunmuş məqalədə keçmiş spiker etika məsələlərində tutduğu mövqeyə görə sərt tənqid olunurdu.

Məqalədə bildirilirdi ki, bu istefanın ardınca nəhayət konqresmenlərin Azərbaycana səfəri məsələsinə tam və obyektiv aydınlıq gətirilməlidir.

Məqalə müəllifi Peter Flaherty iddia edirdi ki, Boehner-in müttəfiqi sayılan Charles Dent Etika Komitəsinin sədri kimi Azərbaycana səfərlə bağlı təhqiqatın ört-basdır edilməsinə çalışırdı.

Adı çəkilən konqresmenlər bu iddiaları rədd edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG